Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-29/2023 13.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Hacıməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(073)-231/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində 7 (yeddi ay) 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, Cəlilabad rayonunun Hacıməmmədli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 23 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyanı sahəsinə daş hasardan tullanmaqla qanunsuz olaraq daxil olmuş, orada yerləşən toyuq hininin qapısını cəftəni açmaqla daxil olub hindən hər biri 20 manat dəyərində 2 ədəd “Brahma” növlü toyuğu, hər biri 8 manat dəyərində 25 ədəd yerli növ toyuğu, ümumilikdə 27 ədəd toyuğu kisələrə yığaraq oğurlamaqla ümumilikdə 240 manat dəyərində - özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrar olaraq tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 30 oktyabr 2022-ci il tarixdə, saat 02 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətyanı sahəsinə həyətin əvvəlcədən açıq halda olan giriş qapısından qanunsuz olaraq daxil olub, həyətyanı sahədə yerləşən toyuq hinini əhatə edən məftil çəpərinbir hissəsini əlləri ilə sökərək həmin yerdən hinə daxil olub oradan hər biri 8 manat dəyərində 14 ədəd yerli növ toyuğu və hər biri 20 manat dəyərində 2 ədəd yerli növ xoruzu kisələrə yığıb oğurlamaqla ümumilikdə 152 manat dəyərində-özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımamışdır. Onlarla arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. O, 2021-ci ilin yay aylarında yaşadığı Hacıməmmədli kəndini tərk edərək işləməkdən ötrü Cəlilabad şəhəri, Cavadxan küçəsində qaynı Şahverənə məxsus olan yaşayış olmayan fərdi yaşayış evində tək yaşamağa başlamışdır. Təxminən 1 il həmin evdə yaşadıqdan sonra 2022-ci ilin yay aylarında Hacıməmmədli kəndinə geri qayıtmışdır. 22 oktyabr 2022-ci il tarixdə, saat təxminən 18 radələrində şəxsi işləri ilə bağlı Cəlilabad şəhərinə gəlmişdir. Cəlilabad şəhərində olarkən ərzaq mağazalarının birindən alkoqollu içki alaraq qəbul etmişdir. Gecə saatlarına qədər Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan yerdə vaxtını keçirtmişdir. Daha sonra pulu qurtardığından oğurluq edərək qazanc əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə 23 oktyabr 2022-ci il tarixdə gecə saat təxminən 02 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsinə gəlmişdir. Orada yerləşən evlərin həyətyanı sahələrinə nəzər yetirərək bir evin oğurluq etmək üçün əlverişli olduğu qənaətinə gəlmişdir. Həmin evdə heç kim olmamış və evin arxa hissəsindən alçaq hündürlükdə olan daş hasarından evin həyətyanı sahəsinə daxil olmuşdur. Həmin həyətyanı sahədə yerləşən kərpicdən hörülmüş hinə yaxınlaşaraq onun dəmir lövhədən kustar üsulla hazırlanmış qapısını açaraq hinə daxil olmuşdur. Əvvəlcədən özü ilə apardığı 3 ədəd kisəyə ümumilikdə 27 ədəd toyuğu yığmış və kisələri bir-bir həmin hasardan çölə qoymuşdur. Daha sonra hasardan tullanmaqla oranı tərk edib Cavadxan küçəsindən keçən avtomobil yolunun kənarına gəlib çatmışdır. Oradan keçən «VAZ 21011» markalı avtomobilə işarə edib saxlatdıraraq sürücüdən onu “İran bazarı” adlanan yerə aparmasını xahiş etmişdir. Həmin sürücü də razılaşaraq onu oğurladığı toyuqlarla birlikdə “İran bazarı” adlanan yerə gətirib düşürtmüşdür. Həmin toyuqların hamısını bazarda orta yaşlı kişi cinsli şəxsə 190 (bir yüz doxsan) manata sataraq oranı tərk edib Cəlilabad şəhəri ərazisində yerləşən ərzaq mağazalarından birindən ərzaq məhsulları və alkoqollu içki alaraq yaşadığı Hacıməmədli kəndinə geri dönmüşdür. Daha sonra isə 29 oktyabr 2022-ci il tarixdə günorta saatlarında yenidən oğurluq etmək üçün yaşadığı evi tərk edərək Cəlilabad şəhəri ərazisinə gəlmişdir. O, Cəlilabad şəhəri ərazisində gəzərək gecə olmasını gözləmişdir. Saat təxminən gecə 02 radələrində Cavadxan küçəsinə gedərək orada yerləşən evlərin həyətyanı sahələrinə nəzər yetirməyə başlamışdır. Bu zaman həyətində toyuq hini olan bir evin oğurluq etmək üçün əlverişli olduğunu görüb həmin hindən oğurluq etmək qərarına gəlmişdir. Həmin həyətə açıq halda olan dəmir lövhələrdən kustar üsulla düzəldilmiş qapısından daxil olmuşdur. Hinə yaxınlaşaraq onu əhatə edən məftil çəpərin əli ilə bir hissəsini açaraq hinə daxil olmuşdur. Hindən ümumilikdə 14 (on dörd) ədəd toyuq və 2(iki) ədəd xoruzu tutaraq qıçlarını sellofan ilə bağlayaraq həmin yerdən uzaqlaşmışdır. Hində başqa toyuqlar da qalmışdır. O, yolda həmin toyuq və xoruzları kisəyə yığaraq nəfəs almaları üçün kisədən deşiklər açmışdır. Həmin toyuq və xoruzları “İran bazarı” adlanan yerə gətirib orada tanımadığı 1 nəfər kişi, 2 nəfər də ayrı-ayrı qadın cinsli şəxslərə satmışdır. Həmin toyuqları hər birini 7 (yeddi) manatdan, xoruzu isə 11 (on bir) manatdan satmışdır. Bu yolla ümumilikdə 120 manat pul əldə etmişdir. Daha sonra yaxınlıqda yerləşən mağazadan ərzaq məhsulları və alkoqollu içki alaraq taksi ilə Hacıməmmədli kəndinə geri dönmüşdür. Hər iki oğurluq əməlinin törədilməsində ona hər hansı şəxs köməklik etməmişdir. Həmin oğurluq cinayətlərini törətməsi barədə heç bir şəxsə məlumat verməmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olan oğurladığı ev quşlarını satmış olduğu şəxslərin həmin heyvanların oğurluq yolu ilə əldə edilməsi barədə məlumatları olmamışdır. Zərərçəkmiş şəxs1 məxsus olan toyuqları oğurladıqdan sonra “İran bazarı” adlanan yerə apararkən onu həmin yerə aparmış «VAZ 21011» markalı avtomobilin sürücüsünün də həmin toyuqların oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Hər iki oğurluq cinayətini törədərkən onu hər hansı şəxs görməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Maddi imkanı olmadığından dəymiş ziyanı ödəyə bilməmişdir. Qeyd edilənlərin nəzara alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 6 ildir ki, Cəlilabad şəhəri, Cavadxan küçəsində özünə məxsus olan fərdi yaşayış evində yaşayır. Həyətində ev quşlarını saxlamaqdan ötrü hin tikmiş və həmin hində 30 ədəd toyuq saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Cəlilabad rayonu, Təklə kəndində baş tutacaq toy məclisində iştirak etməkdən ötrü toyuqların hamısını hinə yığaraq ailə üzvləri ilə birlikdə Təklə kəndinə getmişdir. Toy məclisində iştirak etdikdən sonra saat təxminən 00 radələrində isə yaşadıqları evə geri qayıtmışdır. Onlar evə gəldikdən sonra hinə baxmamışlar. Növbəti gün saat 09 radələrində hini açaraq toyuqları həyətə buraxmaq istədikdə toyuqlardan 3 ədədinin orada olduğunu, qalan 27 ədəd toyuğun oğurlandığını aşkar etmişdir. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra Cəlilabad RPŞ-yə bununla bağlı ərizə ilə müraciət etmişdir. Həmin oğurluq əməlinin törədilməsi nəticəsində ona 240 manat maddi ziyan dəymişdir. Həyətyanı sahəsində yerləşən hin kərpicdən hörülmüşdür. Qapısını isə taxta və dəmir lövhədən istifadə etməklə özü düzəltmişdir. Qapını kilidləmək üçün çöl hissədən dəmir keçirməli kilid də quraşdırmışdır. Oğurluq əməlini törətmiş şəxs həyətyanı sahəyə həmin hinin arxa hissəsində yerləşən alçaq hündürlüklü daş hasardan tullanaraq keçmiş və qapını açaraq hinə daxil olub oradan həmin toyuqları oğurlamış, həmin hasardan həyəti tərk edib getmişdir. Oğurlanmış olan həmin toyuqların bir ədədinə görə 8 manat, 2 ədəd “burama” sortlu toyuqlar üçün isə hər birinə 20 manat pul vermişdir. Həmin toyuqların çəkisi təxminən 2 kiloqram, “burama” sortlu toyuqların çəkisi isə 4 kiloqram təşkil etmişdir. Həmin toyuqların yumurtalarını satmaqla ailəsini dolandırmışdır. Başqa gəliri və qazanc yeri yoxdur. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətyanı sahəsində mişar daşlarından hörülməklə ön tərəfi məftil çəpər ilə örtülmüş, üzəri isə şiferlə örtülmüş hin vardır. Həmin hində 24 ədəd yerli toyuq və 2 ədəd xoruz saxlayır. Hər gün saat 20 radələrində toyuqları hinə yığaraq hinin taxta materialından olan qapısını örtür. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində yenə də toyuqları sayıb həmin hinə yığaraq hinin qapısını örtmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində hini açaraq toyuqları həyətə buraxmaq istədikdə toyuqların əskik olduğunu, 14 ədəd toyuq və 2 ədəd xoruzun oğurlandığını aşkar etmişdir. O, həmin gün bu barədə polisə məlumat verməmiş, lakin xx.xx.2022-ci il tarixdə Cəlilabad RPŞ-yə gələrək bununla bağlı ərizə ilə müraciət etmişdir. Oğurluq əməlini törətmiş şəxs həmin hinə hinin qarşı tərəfini qapayan məftil çəpərin bir hissəsini sökərək oradan daxil olub öz əməlini həyata keçirmişdir. Oğurlanmış toyuq və xoruzlar yerli sort ev quşları olmuşdur. Həmin oğurlanmış toyuqlar 2 kiloqram çəkidə, qiyməti 8 manat, xoruzların isə çəkisi 4 kiloqram, hər birinin qiyməti 20 manat olmuşdur. Həmin oğurluq əməlinin törədilməsi nəticəsində ona ümumilikdə 152 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə göndərərək, ona vurulmuş maddi ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, işə onun iştirakı olmadan baxılıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan «Rizvan Şirkəti» Ticarət mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə bazarda bir ədəd 2 kiloqram çəkidə toyuğun orta bazar qiyməti 8 (səkkiz) manat, bir ədəd 4 kiloqram çəkidə xoruzun orta bazar qiyməti 20 (iyirmi) manat, bir ədəd “Brama” sortlu toyuğun orta bazar qiyməti isə 20 (iyirmi) manat təşkil etmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 02 noyabr 2022-ci ildən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri və digər sübutlar biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs və ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və ona, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində 7 (yeddi ay) 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-29/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-29/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver