Məhkəmə qərarları › İş №1(073)-29/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-29/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-29/2024 28.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Cəlilabad rayonu, Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Alar kəndində qeydiyyatda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdəm həbsdə olan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 230370163 nömrəli cinayət işi 04 oktyabr 2023-cü il tarixdə Cəlilabad rayon polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə başlanaraq istintaq aparılmışdır. Təqsirləndirilən şəxs 04 oktyabr 2023-cü il tarixdə CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs 06 oktyabr 2023-cü il tarixdə CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Cəlilabad rayon məhkəməsinin həmin tarixli qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, 18 noyabr 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CMnin 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-cü maddəxinə tövsif edilmiş, 01 dekabr 2023-cü il tarixdə iş üzrə ittiham aktı Cəlilabad rayon prokuroru Vahid Məmmədov tərəfindən təsdiq edilərək baxılması üçün Cəlilabad rayon məhkəməsinə göndərilmiş, 17 yanvar 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində, Cəlilabad şəhəri Qurtuluş prospektində sərxoş vəziyyətdə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, Zərərçəkmiş şəxs ilə mübahisə edib yumruqla bir dəfə onun burun nahiyəsindən vuraraq ona burun nahiyəsində şişkinlik, sol gözaltı-burun nahiyəsində qançır və burun sümüyünün yerini dəyişməyən qapalı sınığı əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Şahid4 və Şahid5 həmkəndliləridir. Şahid4 VAZ-2107 markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobili var. 03 oktyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrindən sonra o, Müqəddəs və Yadigar kəndlərində yeməkxanada oturub yemək yeyərkən üçünə bir şüşə 750 ml və bir şüşə 500 ml spirtli içki qəbul etmişlər. Onlar birlikdə yeyib içdikdən sonra birlikdə Cəlilabad şəhərinə gələrək mağazadan çörək, siqaret və su alıb sonra kəndə qaytmaları qərarına gəlmişlər. Gələrkən Müqəddəsin avtomobilini Yadigar idarə etmiş, Müqəddəs özü qarşı sağ oturacaqda, o isə arxa oturacaqda əyləşmişlər. Onlar saat 23 radələrində Cəlilabad şəhərinə çataraq “Qurtuluş” prospekti ilə hərəkətdə olarkən onlardan qarşıda PPXB-nün xidməti avtomobili eyni istiqamətə hərəkət etmiş, Yadigar sağ tərəfdən ötmə əməliyyatı apararaq PPXB-nün xidməti avtomobilini keçərək bir qədər qarşıya getdikdən sonra «Green Store» mağazasının qarşısında dayanaraq həmin mağazadan çörək, su və siqaret almaq istəmişlər. Yadigar avtomobili saxlayandan sonra sağ tərəfindən ötmə əməliyyatı apardığı PPXB-nün xidməti avtomobili də gəlib onların avtomobilin yanında dayanaraq 3 nəfər polis geyim formasında düşərək onların avtomobilinə yaxınlaşmışlar. O, özü bərk sərxoş olduğuna görə avtomobildə qalmışdır. Yadigar və Müqəddəs avtomobildən düşmüşdür. Polislər onlara yaxınlaşıb söhbət etməyə başlamış, bir az sonra o, özü də avtomobildən düşmüş və ona məlum olmuşdur ki, polis əməkdaşları Müqəddəsə irad bildirərək nəyə görə sağ tərəfdən ötmə əməliyyatı apardığını və qəza şəraiti yaratdığını demişdir. Polis əməkdaşları onların danışıqlarından sərxoş olduğlarını bilmiş, ona görə də onları polis şöbəsinə dəvət etmişlər. Lakin onlar etiraz emişlər. Bu əsnada adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs də onlara yaxınlaşmış və mübahisə əsnasında o, yumruqla Zərərçəkmiş şəxs sifətinə yumurq vurmuşdur. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən yumruqla vurduğu şəxsin Cəlilabad rayon polis şöbəsinin əməkdaşı Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Hadisəyə qədər o, Zərərçəkmiş şəxs polis əməkdaşı olduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 oktyabr 2023-cü tarixdə saat 19-da xidmətdən çıxmış, elə həmin günü saat 23 radələrində mülki formada Cəlilabad şəhəri, Qurtuluş prospekti ilə idarə etdiyi avtomobillə evlərinə gedərkən yolun kənarında RPŞ-nin PPXB-nün xidməti avtomobilinin dayandığını və orada dayanmış vəziyyətdə də ağ rəngli VAZ-2107 markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobil olmaqla avtomobillərin yanında 3 nəfər şəxs PPXB-nün taqım komandiri Şahid1, PPXB-nün manqa komandiri Şahid2 və PPXB-nün polis nəfəri Şahid3lə mübahisə etdiklərini görmüşdür. Həmin mübahisənin “Green Store” mağazasının qarşısında baş verdiyini və mübahisəyə çoxlu sayda insanların yaxınlaşdığını görmüşdür. Avtomobilini yolun kənarında saxlayaraq yerə düşüb onlara yaxınlaşmış, orada olan polis əməkdaşları onları nizam-intizama dəvət etdiyini, lakin həmin şəxslər sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələbinə əməl etmədiyini görmüşdür. O, həmin şəxslərə yaxınlaşmış və ilk öncə onları sakit olmalarını və nizam – intizama əməl etmələrini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs və digərləri nəinki sakit olmuş, daha da aqressib şəkildə davranmışlar. Bundan sonra o da, digər polis əməkdaşları kimi Təqsirləndirilən şəxs və digərlərini post patrul avtomobilinə mindirməyə çalışmış, bu əsnada Təqsirləndirilən şəxs yumruqla onun burun nahiyəsində vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra hadisə yerinə cəlb edilmiş digər polis əməkdaşlarının köməyi ilə Təqsirləndirilən şəxs və digərlərini polis şöbəsinə aparmışlar. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun polis əməkdaşı olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad RPŞ-nin PPXB-nün tağım komandiri vəzifəsində işləyir.03 oktyabr 2023-cü il tarixdə o, RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 və PPXB-nün manqa komandiri polis baş serjantı Şahid2la birlikdə xidmətdə olmuşlar. Saat 23 radələrində onlar xidməti avtomobillə Cəlilabad şəhəri Qurtuluş prospekti ilə dairə istiqamətinə hərəkətdə olarkən ağ rəngli VAZ-2107 markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobili arxadan yüksək surətlə gələrək onların avtomobilini sağ tərəfindən ötmə əməliyyatı apararaq bir qədər qarşıda «Green Store» mağazasının qarşısında dayanmışdır. Onlar ora çatıb avtomobili saxlamış, sonra o avtomobildən düşüb həmin avtomobilə yaxınlaşarkən həmin avtomobilin sürücüsü qapını açaraq yerə düşmüş, sürücü Cəlilabad rayonunun Alar kənd sakini Şahid5 olmaqla avtomobildə olan sərnişinlər də həmin kənddən olan Şahid4 və Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. O, sürücü Şahid5 iradını bildirərək nəyə görə yüksək sürətlə avtomobili idarə edib sağdan ötmə əməliyyatı apararaq qəza şəraiti yaratdığını soruşmuşdur. Həmin vaxt sərnişinlər Şahid4 və Təqsirləndirilən şəxs da avtomobildən düşmüş və söhbət əsnasında onların sərxoş olduqlarını bilmişlər. Həmin şəxslər avtomobildən düşdükdən sonra mağazanın qarşısında nalayiq ifadələr işlədərək etdikləri hərəkətə haqq qazandırmağa çalışmışlar. Həmin şəxslərlə mübahisələrin təxminən 30 dəqiqədən bir az çox davam etdiyini, bu səbəbdən hadisə yerinə əlavə qüvvə çağırılması barədə dəstək istəmişdir. Həmin vaxt onların yanına ilk dəfə mağazadan çıxan mülki geyimdə olan polis əməkdaşı Rəhman Abdullayev yaxınlaşmış, o da həmin şəxsləri sakitləşdirə bilməmişdir. Bu əsnada onların yanına polis əməkdaşı Zərərçəkmiş şəxs yaxınlaşmış, o da digər polislər kimi Təqsirləndirilən şəxs və digərlərini sakitləşdirməyə çalışmışdır. Lakin Ədalət və digərləri sakitləşməmişdir. Mübahisənin davam etdiyi müddətdə polis əməkdaşlarının Ədalət və digərlərini post patrul avtomobilinə mindirməyə çalışarkən Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs burnuna vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nün manqa komandiri vəzifəsində işləyən Şahid2 və Cəlilabad RPŞ-nin PPXB-nın sürücü polis nəfəri Şahid3 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunda ifadə vermişlər. Dövlət ittihamçısı vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ittihamın irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, CM-nin 221.2.2-ci maddəsində göstərilmişdir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərilməklə törədildikdə -cinayət məsuyyətinə səbəb olur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirərkən xuliqanlıq cinayət əməlini törətmişdir. Lakin müstəntiq Təqsirləndirilən şəxs əməlini CM-nin 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsüf edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirərkən sonuncunun mülki formada olmasını və polis əməkdaşı olduğunu həmin anda bilməməsini əsas götürmüşdür. Halbuki cinayət qanunverciliyi CM-nin 221.2.2-ci maddəsində zərərçəkmiş şəxs kimi məhz şəxsin hakimiyyət nümayəndəsi olmasını deyil, bu vəzifəni üzərinə götürən digər şəxsləri də nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı toplanmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirərkən xuliqanlıq cinayət əməlini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs dövlət ittihamçısının vəsatətinə münasibət bildirərək göstərdi ki, o, özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilir və bu səbəbdən dövlət ittihamçısının vəsatətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə ittiham və müdafiə tərəfi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ittihamın irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-in 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Azərbaycan Respublikası CPM-in 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Qeyd edilənlərə əsasən, vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və onun həbsdə saxlama müddəti 20 (iyirmi) gün müəyyən edilməklə xx.xx.2024-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 159.10, 318.2, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ittihamın irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilsin və həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və onun həbsdə saxlama müddəti 20 (iyirmi) gün müəyyən edilməklə xx.xx.2024-cü il tarixədək uzadılsın. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar