Məhkəmə qərarları › İş №1(073)-3/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-3/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-3/2024 29.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1986-cı ildə Cəlilabad rayonunun Qarazəncir kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad rayonunun Qarazəncir kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 2002-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad rayonunun Qarazəncir kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə aralarında olan cinayətkar niyyətə uyğun olaraq 20 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində qohumu Zərərçəkmiş şəxs məxsus Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisinə nəfəsliyə müdaxilə edib açmaqla daxil olaraq vahid niyyətlə oradan ümumilikdə 600 manat dəyərində, hər biri 50 kiloqramlıq olmaqla 4 ədəd kisədə mərci məhsulunu gizli olaraq talamaq məqsədilə həmin kisələri daşıyıb evin həyət darvazasının çöl hissəsində yerləşən ağacın yanına yığdıqdan sonra 2 kisə mərci məhsulunu Təqsirləndirilən şəxs1lə özünə məxsus avtomobilə yükləyib darvazanın qarşısında qalan 2 kisə mərci məhsulunu da həmin avtomobilə yükləmək istəyərkən həmin küçəyə daxil olan “Qazel” markalı avtomobilin sürücüsünün onları görüb törətdikləri cinayət əməlindən xəbər tutacağından qorxaraq öz iradələrindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib Təqsirləndirilən şəxs1lə birlikdə özünə məxsus avtomobillə oradan uzaqlaşaraq ümumilikdə 300 manat dəyərində 100 kiloqram çəkidə mərci məhsulunu - özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamış, 200 kiloqram çəkidə, ümumilikdə 600 manat dəyərində özgənin əmlakını isə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə aralarında olan cinayətkar niyyətə uyğun olaraq 20 noyabr 2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən fərdi yaşayış evinin zirzəmisinə nəfəsliyə müdaxilə edib açmaqla daxil olaraq vahid niyyətlə oradan ümumilikdə 600 manat dəyərində, hər biri 50 kiloqramlıq olmaqla 4 ədəd kisədə mərci məhsulunu gizli olaraq talamaq məqsədilə həmin kisələri daşıyıb evin həyət darvazasının çöl hissəsində olan ağacın yanına yığdıqdan sonra 2 kisə mərci məhsulunu Təqsirləndirilən şəxs2la sonuncuya məxsus avtomobilə yükləyib darvazanın qarşısında qalan 2 kisə mərci məhsulunu da həmin avtomobilə yükləmək istəyərkən həmin küçəyə daxil olan “Qazel” markalı avtomobilin sürücüsünün onları görüb törətdikləri cinayət əməlindən xəbər tutacağından qorxaraq öz iradələrindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus avtomobillə oradan uzaqlaşaraq ümumilikdə 300 manat dəyərində 100 kiloqram çəkidə mərci məhsulunu – özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talamış, 200 kq çəkidə, ümumilikdə 600 manat dəyərində özgənin əmlakını isə saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildə soyğunçuluq cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2021-ci il tarixdə cəzasını çəkib başa çatdırmışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Qarazəncir kəndi ərazisində yerləşən “Lion” adlı kafeyə getmişdir. Həmin vaxt Mətləb də orada olmuşdur. Mətləb ilə orada alkoqollu içki olan pivə qəbul etmişdir. Saat təxminən 01 radələrində onlar Mətləb ilə həmin kafeni tərk etmişlər. Mətləb ilə birlikdə ona məxsus olan «VAZ 2106» markalı avtomobil ilə Sabirabad kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar Sabirabad kəndi ərazisində qohumu Zərərçəkmiş şəxs yaşadığı evin qarşısından keçərkən xatırlamışdır ki, Seymurun Masallı rayonu ərazisində yaşayan dayısı oğlu vəfat etmiş və Seymurgil həmin dəfn mərasimində iştirak etməkdən ötrü oraya getmişlər. O, Seymurun yaşadığı evin zirzəmisində mərci saxladığından məlumatı olmuşdur. Həmin mərcilərin bir hissəsini oğurlayaraq satıb qazanc əldə etmək qərarına gəlmişdir. Bu barədə Mətləbə dedikdə sonuncu da onunla razılaşıb oradan oğurluq etmələrini söyləmişdir. O, avtomobilini həmin evdən arxada yerləşən küçədə saxlamışdır. Mətləb ilə birlikdə avtomobildən düşmüşlər. O, avtomobilindən təxminən 40 sm. uzunluğunda bolt açmaq üçün istifadə olunan açar götürmüşdür. Onlar əvvəlcə həmin evin darvazasını açmaq istəmişlər, lakin darvaza bağlı olduğundan evin daş hasarından tullanaraq həmin evin həyətyanı sahəsinə daxil olmuşlar. Onlar evin zirzəmisinin qarşısına yaxınlaşmışlır, əvvəlcə o həmin zirzəminin dəmir materialından olan qapısını özü ilə gətirdiyi açar vasitəsilə açmaq istəmiş, lakin bunu bacarmamışdır. Buna görə zirzəminin plastik materialdan olan nəfəsliyini əli ilə itələyərək açmış, həmin nəfəslikdən zirzəmiyə daxil olmuş, Mətləb isə çöldə gözləmişdir. O, zirzəmidən hissə-hissə 4 kisə mərcini çıxarıb Mətləbə vermiş, Mətləb də kisələri yerə yığmışdır. Daha sonra zirzəmidən çıxaraq darvazanı açaraq kisələri avtomobilinin yanına daşımağa başlamışlar. Onlar əvvəlcə kisələri həmin darvazanın çölündə yerləşən ağacın yanına daşıyıb yığmışlar. Daha sonra o bir kisə, Mətləb də bir kisə mərci götürüb avtomobilə doğru hərəkət etmişlər. Onlar həmin kisələri avtomobilin salonunda arxa oturacaqların üzərinə qoyub qalan 2 kisəni gətirmək üçün getmək istədikdə küçəyə “Qazel” markalı avtomobil daxil olmuşdur. Həmin avtomobilin sürücüsü və yanında əyləşmiş sərnişin onların yanından ötüb keçmiş və onları görməmişdir. Onlar darvazanın yanında qoyduqları iki kisənin yanında avtomobili saxlamışlar. O, bunu görüb Mətləblə birlikdə avtomobili hərəkətə gətirərək oradan uzaqlaşmağa başlamışdır. Artıq onlar oradan uzaqlaşdıqda həmin “Qazel” markalı avtomobilin sürücüsü və sərnişini onları görüb arxalarınca avtomobil ilə gəlməyə başlamışdır. O, avtomobili sürətlə hərəkət etdirib həmin “Qazel” markalı avtomobildən uzaqlaşmış və yaşadığı evə gəlmişdir. Avtomobili öz həyətlərinə sürüb saxlamışdır. O, şalvarı çirkləndiyindən şalvarını dəyişərək avtomobilə qayıtmışdır. Onlar avtomobil ilə həmin mərciləri satmaqdan ötrü birlikdə “İran bazarı” adlanan yerə gəlmişdir. Bazarda həmin vaxt heç kim olmamış və dükanlar bağlı olmuşdur. Təxminən 3 saat gözlədikdən sonra dükanlar açılmışdır. O, mərcini həmkəndlisi olan Tamaraya aparıb satmaq qərarına gəlmişdir. Mətləbə gözləməsini söyləyib mərciləri avtomobili ilə Tamaranın mağzasının yerləşdiyi yerə aparmışdır. Tamaraya həmin mərcilərin özünə məxsus olmasını deyib onları satmaq istədiyini demişdir. Tamara da onları almağa razılaşmışdır. Tamara həmin mərciləri çəkdikdən sonra 105 manat pul verə biləcəyini demişdir. O da onunla razılaşıb 105 manatı alıb Mətləbin yanına qayıtmışdır. Mətləb ilə birlikdə bazardan özü üçün və Mətləb üçün geyim almışdır. Orada təxminən 40 manat pul xərcləmişdir. O, avtomobilini “Cəlilabad rayon idman kompleksi” ilə üzbəüz yerləşən avtomobil təmiri sexində işləyən qaynı Kamil adlı şəxsin yanına qoyub Bakı şəhərinə getmək qərarına gəlmişdir. Mətləb də onunla birlikdə Bakı şəhərinə getmək istədiyini söyləmişdir. O da Mətləblə razılaşmışdır. Onlar Mətləb ilə birlikdə həmin sexin qarşısına gəlmişlər. Qaynı Kamil həmin vaxt orada olmamışdır. O, orada olan tanımadığı kişiyə Kamilə avtomobili evlərinə aparmasını deməyini söyləyib avtomobili orada saxlamışdır. Taksi ilə oradan Cəlilabad şəhər dairəsinə gəlmişlər və oradan da taksilərdən biri ilə Bakı şəhərinə getmişlər. Həmin gün Mətləb ilə Bakı şəhəri ərazisində gəzib dolanmışlar. Saat təxminən 19 radələrində Mətləb evlərinə getmək istədiyini demişdir. O, “İnşaatçılar” metrostansiyasının yaxınlığında Mətləbə 10 manat gediş haqqı verib ondan ayrılmışdır. Sonradan növbəti gün məlumatı olmuşdur ki, Seymur onun yaşadığı evdən oğurluq etməsi ilə bağlı polis şöbəsinə müraciət etmişdir. O, məsuliyyətə cəlb olunmaqdan qorxaraq bir müddət Bakı şəhəri ərazisində qalaraq polis şöbəsinə gəlməmişdir. Sonradan isə 24 dekabr 2022-ci il tarixdə polis şöbəsinə gələrək təslim olmuşdur. Oğurlamış olduğu həmin iki kisə mərcinin çəkisini dəqiq olaraq bilməmişdir. Tamara adlı şəxsin həmin iki kisə mərcinin oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olmamışdır. Belə ki, ona həmin mərcinin özünə məxsus olduğunu söyləmişdir. Zərərçəkmiş şəxs məxsus həmin evin həyətyanı sahəsinə daxil olarkən onları hər hansı bir şəxs görməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Himayəsində üç azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və Cəlilabad rayon məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Qarazəncir kəndi ərazisində yerləşən “Lion” adlı kafeyə getmişdir. Orada alkoqollu içki olan pivə qəbul edərkən həmkəndlisi Təqsirləndirilən şəxs2 oraya gələrək onunla eyni masada əyləşmişdir. Zahid də onunla birlikdə pivə içmişdir. Saat təxminən 01 radələrində onlar həmin kafeni tərk edərək Zahidə məxsus olan «VAZ 2106» markalı avtomobil ilə Sabirabad kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Onlar Sabirabad kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin qarşısından keçərkən Zahid həmin evdən arxada yerləşən küçəyə avtomobilini sürərək orada saxlamışdır. Zahid ona Seymurun dayısı oğlunun vəfat etməsini, bu səbəbdən evdə olmadıqlarını, onların evində kisələrlə mərci olduğunu, həmin mərcini oğurlayaraq aparıb hər kiloqramını 5 manatdan sata biləcəklərini demişdir. O da Zahidlə razılaşaraq həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Onlar birlikdə avtomobildən düşmüşlər. Zahid avtomobilindən təxminən 40 sm. uzunluğunda bolt açmaq üçün istifadə olunan açar götürmüşdür. Onlar əvvəlcə Seymurgilin evinin darvazasını açmaq istəmişlər, lakin darvaza bağlı olduğundan evin daş hasarından tullanaraq həmin evin həyətyanı sahəsinə daxil olmuşlar. Evin zirzəmisinin qarşısına doğru yaxınlaşdıqdan sonra Zahid əvvəlcə həmin zirzəminin dəmir materialından olan qapısını özü ilə gətirdiyi açar vasitəsilə açmaq istəmiş, lakin bunu bacarmamışdır. Zahid zirzəminin plastik materialdan olan nəfəsliyinə həmin dəmir açar ilə təzyiq göstərməklə açmışdır. Zahid həmin nəfəslikdən zirzəmiyə daxil olmuş və ona çöldə gözləməsini demişdir. Zahid zirzəmidən hissə-hissə 4 kisə mərcini çıxarıb ona verirmiş və o da kisələri yerə yığmışdır. Daha sonra Zahid zirzəmidən çıxaraq darvazanı açaraq kisələri avtomobilin yanına daşımasını söyləmişdir. Onlar əvvəlcə kisələri həmin darvazanın çölündə yerləşən ağacın yanına daşıyıb yığmışdır. Daha sonra o bir kisə, Zahid də bir kisə mərci götürüb avtomobilə doğru hərəkət etmişlər. Onlar həmin kisələri avtomobilin salonunda arxa oturacaqların üzərinə qoyub qalan 2 kisəni gətirməkdən ötrü getmək istədikdə küçəyə “Qazel” markalı avtomobil daxil olmuşdur. Həmin avtomobilin sürücüsü və yanında əyləşmiş sərnişin onların yanından ötüb keçmiş və onları görməmişdir. Onlar darvazanın yanında qoyduqları iki kisənin yanında avtomobili saxlamışlar. Zahid bunu görüb avtomobilin ön və arxa qeydiyyat nömrələrini əli ilə dartıb açaraq avtomobilin salonuna atmış və avtomobili hərəkət etdirməklə onları oradan uzaqlaşdırmışdır. Artıq onlar oradan uzaqlaşdıqda həmin “Qazel” markalı avtomobilin sürücüsü və sərnişini onları görüb arxalarınca avtomobil ilə gəlməyə başlamışdır. Zahid avtomobilini sürətlə hərəkət etdirib həmin “Qazel” markalı avtomobildən uzaqlaşmış və onlar Zahidgilin yaşadığı evə gəlmişlər. Zahid avtomoblini öz həyətlərinə sürüb saxlamışdır. Zahid şalvarı çirkləndiyindən şalvarını dəyişərək avtomobilə geri qayıtmışdır. Onlar avtomobil ilə həmin mərciləri satmaqdan ötrü birlikdə “İran bazarı” adlanan yerə gəlmişlər. Bazarda həmin vaxt heç kim olmamış və dükanlar bağlı olmuşdur. Təxminən 3 saat gözlədikdən sonra dükanlar açılmışdır. Zahid mərcini həmkəndliləri olan Zahidin qohumu Tamaraya aparıb satacağını demişdir. O isə Zahidi bazarda ev quşları satılan yerdə gözləmişdir. Zahid isə avtomobil ilə aralanıb getmişdir. Təxminən 20 dəqiqə sonra Zahid yanına qayıdaraq həmin mərcini Tamaraya 105 (bir yüz beş) manata satdığını demişdir. Zahid ilə birlikdə bazardan geyim almaq qərarına gəlmişlər. Zahid bazardan özü üçün həmin pul ilə bir ədəd jilet, bir cüt ayaqqabı almışdır. Zahid avtomobili Cəlilabad rayon idman kompleksi ilə üzbəüz yerləşən avtomobil təmiri sexində işləyən qaynı Kamil adlı şəxsin yanına qoyub Bakı şəhərinə getmələrini söyləmiş, o da razılaşmışdır. Onlar həmin sexin qarşısına gəlmişlər, lakin həmin vaxt Kamil adlı şəxs orada olmamışdır. Zahid orada olan tanımadığı kişi cinsli şəxsə Kamilə avtomobili evlərinə aparmasını deməsini söyləyib avtomobili orada saxlamışdır. Onlar taksi ilə oradan Cəlilabad şəhər dairəsinə gəlmişlər və oradan taksilərdən biri ilə Bakı şəhərinə getmişlər. Gediş haqqını Zahid özü vermişdir. Həmin gün saat təxminən 19 radələrində Zahidin anası ona zəng edərək oğurluq etmələrindən polisin məlumatı olduğunu demişdir. Zahid təslim olmayacağını, gizlənəcəyini demiş, o isə gedib polisə təslim olacağını demişdir. O, taksi ilə Bakı şəhərindən Biləsuvar rayonunun Bağbanlı kəndində yaşayan xalası Lətafətgilə gəlmişdir. Gediş haqqını da xalası ödəmişdir. Həmin gecə orada qaldıqdan sonra səhəri gün atası Rahim xalasıgilə gələrək onu Cəlilabad rayon polis şöbəsinə gətirmişdir. Zahid ona həmin mərcini “İran bazarı” adlanan yerdə dükanı olan həmkəndlisi Tamara adlı şəxsə satdığını demişdir. Həmin vaxt o, “İran bazarı” adlanan yerdə kənarda gözləmiş və onların alqı-satqısının şahidi olmamışdır. Tamara adlı şəxsin həmin iki kisə mərcinin oğurluq yolu ilə əldə edilməsi barədə məlumatı olub-olmamasını bilməmişdir. Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsinə daxil olarkən onları hər hansı bir şəxs görməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Sabirabad kəndində özünə məxsus olan bir mərtəbədən ibarət fərdi yaşayış evində yaşayır. Həmin evin zirzəmisinə isə kartof, noxud, mərci və s. məhsulları yığır. 19 noyabr 2022-ci il tarixdə günorta saatlarında arvadı Sevda Eyvazova və övladları ilə birlikdə dayısı oğlu X1 hüzn mərasimində iştirak etməkdən ötrü Masallı rayonunun Yiyənkənd kəndinə getmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində qayını X5 onun mobil telefonuna zəng edərək yaşadığı evin həyətinə naməlum şəxslərin daxil olmasını və evin zirzəmisinin pəncərəsinə müdaxilə edilməsini söyləmişdir. Bu səbəbdən arvadı Sevda ilə birlikdə yaşadığı evə geri qayıtmışdır. O, əvvəlcə evə daxil olub oradan oğurluq edilibedilməməsinə nəzər yetirmişdir. Evdən hər hansı əşyanın oğurlanmadığını müəyyənləşdirmişdir. Lakin evin zirzəmisinə naməlum şəxslərin zirzəminin kiçik ölçülü pəncərəsindən daxil olaraq oradan iki kisə 100 (bir yüz) kiloqram çəkidə mərcini oğurladıqlarını müəyyən etmişdir. Həmin mərcinin xeyli hissəsi həyətə və küçə yoluna tökülmüş vəziyyətdə olmuşdur. İki kisə mərci də evin sol tərəfində yerləşən tut ağacının dibinə qoyulmuşdur. O, bununla bağlı ərizə ilə Cəlilabad rayon polis şöbəsinə müraciət edərək məlumat vermişdir. Polis əməkdaşları da hadisə yerinə gələrək baxış keçirtmişdir. Həmin mərcinin bir kiloqramının qiyməti 3 (üç) manat təşkil etmişdir. Həmin oğurluq əməlinin törədilməsi nəticəsində ona ümumilikdə 300 (üç yüz) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsləri bağışlamış, onlardan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri ərazisində yerləşən “İran bazarı” adlanan yerdə icarəyə mağaza götürərək orada taxıl məhsullarının satışını həyata keçirir. Hər gün saat 07 radələrində mağazanı açaraq, saat təxminən 14-15 radələrində bağlayıb yaşadığı evə qayıdır. 20 noyabr 2022-ci il tarixdə saat təxminən 07 radələrində mağazanı açmışdır. Təxminən 20 dəqiqə sonra baldızı oğlu Təqsirləndirilən şəxs2 oraya idarə etdiyi «VAZ 2106» markalı avtomobil ilə gələrək, ondan kimə mərci sata biləcəyini soruşmuşdur. Həmin vaxt üzünü yaylıq ilə örtdüyündən Zahid əvvəlcə onu tanımamışdır. Daha sonra üzünü açaraq Zahiddən nə istədiyini soruşmuşdur. Zahid də Biləsuvar rayonu ərazisində valideynlərinin mərci əkdiyini, həmin sahədən yığdıqları məhsulu satmaq istədiyini bildirmişdir. O da həmin məhsulu göstərməsini söyləmişdir. O, iki kisədə olan mərciyə baxaraq onun təmizlənməmiş halda olmasını görüb almaq istəmədiyini söyləmişdir. Zahid isə pula ehtiyacı olduğunu bildirib, nə qədər pul versə də razı olacağını söyləmişdir. O, həmin kisələri çəkərək orada 65 kiloqram mərci olduğunu görmüşdür. Həmin mərcinin müqabilində Zahidə 105 manat pul verə biləcəyini söyləmiş, Zahid də razılaşmışdır. O, 105 (bir yüz beş) manat pulu Zahidə verərək həmin iki kisə mərcini almışdır. Zahid bundan sonra avtomobili ilə oradan uzaqlaşıb getmişdir. Zahid uzaqlaşıb getdikdən sonra Zahidin həmin mərcini oğurluq yolu ilə əldə edə biləcəyindən şübhələnmişdir. Bu səbəbdən Zahidin anası Fəxriyyənin mobil nömrəsinə zəng edərək, ondan Biləsuvar rayonu ərazisində mərci əkib-əkmədiklərini soruşmuşdur. Fəxriyyə də mərci əkmədiklərini söyləmişdir. O, Fəxriyyəyə başına gələn hadisəni danışaraq Zahidin ona iki kisə mərci satdığını və 105 (bir yüz beş) manat pul alıb getdiyini demişdir. Fəxriyyəyə pulunu gətirib geri qaytarmaqla həmin mərcini aparmalarını söyləmişdir. Bir neçə saat sonra ona məlum olmuşdur ki, Zahid həmin mərcini digər qohumu Zərərçəkmiş şəxs yaşadığı evdən oğurlamışdır. Həmin gün təxminən saat 17 radələrində Fəxriyyə ilə Bəyoğlan onun yaşadığı evə gələrək 105 (bir yüz beş) manat pulu verməklə həmin mərcini götürüb aparmışdır. Zahidin həmin mərcini oğurluq yolu ilə əldə etməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan tələbnamədən və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 7 (yeddi) ay 12 (on iki) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2007-ci il təvəllüdlü Xəyyam, xx.xx.2009-cu il təvəllüdlü Pərviz və xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları vardır. İşdə olan Cəlilabad RİHB-nın Qarazəncir kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri 8 nəfərdən ibarətdir və ailənin yeganə gəlir mənbəyi Təqsirləndirilən şəxs2dur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(073)-103/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7 (073)-93/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(073)-103/2022 saylı hökmü ilə ona təyin edilmiş azadlağın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 10 (on) gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 8 (səkkiz) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəza çəkmə müddətinin əvvəli 23 dekabr 2022-ci il tarixdən hesablanmış, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış və məhkumuluğu ödənilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vuruduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində azyaşıl uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vuruduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini, həmçinin əvvəlki hökm üzrə təyin edilmiş daha yüngül cəza olan azadlığın məhdudlaşdarılması cəzasından nəticə çıxarmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-yə təhvil verilmişdirlər. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 11 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə ibtidai istintaq zamanı 22 noyabr 2022-ci ildən 24 noyabr 2022-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 11 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar