Məhkəmə qərarları › İş №1(073)-30/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-30/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-30/2023 02.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 11 avqust 1998-ci ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Biləsuvar Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri H.Aslanov küçəsi ev 07-də qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 16 noyabr 2022-ci ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 16 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Alar kəndində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,359 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə il bundan öncə narkotik vasitədən istifadə etməyə başlamışdır. Hər gün istifadə etməsə də həftədə azı bir dəfə istifadə etmişdir. Həmin narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. Bədənində ağrılar olduğundan narkotik vasitə istifadə etmək qərarına gəlmişdir. Tutulmamışdan bir neçə müddət öncə hazırda xatırlaya bilmədiyi tanışlarından biri Cəlilabad rayonu Alar kəndində narkotik vasitə tapa biləcəyini demişdir. 16 noyabr 2022-ci il tarixdə saat 17 radələrində Cəlilabad rayonu Alar kəndinə gəlmişdir. Orada tanımadığı bir neçə şəxsdən maraqlansa da narkotik vasitə tapa bilməmişdir. Kənd ərazisində dəqiq tanımadığı yerdə piyada gəzən zaman yerdə bir ədəd sellofan paketin büküm halında yerdə olduğunu görmüşdür. Həmin paketi yerdən götürdükdən sonra açmışdır. Bu zaman sellofan paketin içərisində narkotik vasitə kimi tanıdığı heroin olmasını görmüşdür. Özü heroin istifadəçisi olduğu üçün həmin narkotik vasitəni dərhal tanımışdır. Ətrafa baxıb heç kimin görmədiyini bildikdən sonra yerdən tapdığı heroini əynində olan cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra gəzməyə davam etmişdir. Həmin gün saat 18 radələrində mülki formada olan 2 nəfər şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini təqdim etmişlər. Onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməyini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri ona izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Axtarış aparılmasına başlanılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etsin. O da əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan paketdə olan heroini təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim etdiyi bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 1,61 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 noyabr 2022-ci il tarixdə Biləsuvar şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmiş və əməliyyat-təhqiqat qrupu yaradılmışdır. 16 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Cəlilabad rayonu Alar kəndində saxlayaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad rayon polis şöbəsinə dəvət etdikdən sonra birlikdə xidməti otağa gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra müdafiəçi ilə təmin olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükümdə heroin olduğunu, həmin maddəni Cəlilabad rayonu Alar kəndi ərazisində piyada gəzən zaman yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmişdir. Lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd şəffaf sellofan bükülü açıdlıqdan sonra baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə şəffaf sellofanda elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad CAB-nin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü təqdim edərək, həmin bükümün narkotik vasitə heroin olduğunu, həmin maddəni Cəlilabad rayonu Alar kəndi ərazisində piyada gəzən zaman yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli 19/1178 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,359 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 1,309 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli 1222 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadı. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Biləsuvar Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 1(022)-48/2022 nömrəli hökmünün surətindən görünür ki, Bayramov X1 Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Biləsuvar rayon İcra və Probasiya şöbəsinin 19 dekabr 2022ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Bayramov X1 Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) gün cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 16 noyabr 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə saat 18:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad rayon məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 4(073)-199/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsə alınmanın əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,309 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Biləsuvar Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) il 11 (on bir) ay 20 (iyirmi) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 16 noyabr 2022-ci ildən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,309 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar