Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-31/2025 22.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Cəlilabad rayon Soyuqbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayında,saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad rayonu Soyubulaq kəndində olan evin yatağ otağında həyat yoldaşı Zərərçəkmiş şəxs həyət-bacada işləməsinə etiraz etdiyinə narazı qaldığına görə şəxsi ədavət zəminində aralarında yaranmış münaqişə nəticəsində sonuncunun sifət nahiyyəsindən bir dəfə yumruğla zərbə vuraraq ona qəsdən “burun sümüyünün yerinidəyişən sınığı”dan ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR vurmaya aid olan zərər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Cəlilabad rayonu Soyuqbulaq kəndində yaşayır, Zərərçəkmiş şəxs həyat yoldaşıdır, onun atası evi onlara qonşudur, 2016-cı ildə onlara gəlin gəlmiş, birgə ailə həyatından 3 övladları vardır, onlardan biri qız, ikisi oğlan uşaqlarıdır. Nahidə onların evinə gəlin köçəndən sonra anası Zəminə qızının ailə həyatına tez-tez müdaxilə etməyə başlamış, hərdəfə qızını öyrədirmiş ki, onlardan ayrılsın, ona ayrıca ev inşa etsinlər, onların isə yeni ev tikməyə imklanları olmadığı səbəbindən Nahidə ilə aralarında tez-tez mübahisə olurmuş. Sonuncu dəfə, 2024-cü ilin təxminən iyun ayında, axşam saatlarında sahədən evə gəlib görmüş ki, anası Bəsti həyətdə işləyir, evə qalxıb aynabənd hissədə həyat yoldaşı Zərərçəkmiş şəxs görüb anası Bəstiyə nəyə görə köməklik etmədiyini ondan soruşmuş, Nahidə anası Bəstinin ünvanına nəlayiq söyüş verərək ”canı çıxsın anan özü işləsin” deyəndən daha sonra yorğun olduğunu bildirib ona kobud cavab verdiyi üçün aralarında mübahisə yaranmış, səs-küyə atası Əhliman və anası Bəsti gəlib onu görüb sakitləşdirmiş, bu hadisənin üstündən təxminən 4-5 gün keçəndən sonra Nahidə azyaşlı uşağları evdə saxlayıb onlardan xəbərsiz atası evinə getmiş, elə həmin gündən etibarən, özü, anası və atası Əhliman dəfələrlə onun gətimək üçün atası evinə getmişlər, onun qayıtmasını xahiş etmişlər, lakin Nahidənin valideyinləri onlarla görüşməyə imkan verməyib onları evə buraxmamış, hətta qaynanası Zəminə atası Əhlimanı həyətdən qovmuşdur. Bundan başqa dayısı Səməd Musayev, qardaşı Xalid Əmirov, ailənin dostu İncilli kənd sakini X2 dəfələrlə Babəkin qapısına getmiş, azyaşlı uşaqların anasız qala bilmədiklərini bildirib həyat yoldaşı Nahidənin evə qayıtmasını xahiş etmişlər, lakin qaynatası Babək demişdir ki, onlara “küçük” lazım deyil, o vaxtdan bəri həyat yoldaşı Nahidə azyaşlı uşağları üstünə atıb atası evində yaşayır, onun qayıtmasına valideyinləri icazə vermirlər, Nahidə uşaqları ilə maraqlanmır, onlara anası Bəsti baxır. Nahidənin evdən yenicə getdiyi vaxt onların evinin yanından keçərkən həyətdə Nahidənin evə qayıtmaq istədiyini, lakin atası Babəkin onu buraxmamasının təsadüfən şahidi olmuşdur. Nahidə atası evində ola-ola hadisədən 5 ay sonra, xx.xx.2024-cü il tarixdə döyülməsi barədə 102-yə şikayət etdiyi üçün “arvadının 8 aydır ki, uşağları üstünə atıb getməsi” barədə özüdə həmin günü 102-yə şikayət etmişdir. Nahidə onlara gəlin köçən vaxtdan evdə ona hamı hörmətlə yanaşıb, onu atası və anası onların ailəsinə qarşı qərəzli şəkildə öyrədirlər. Kənd yerində yaşadıqları üçün təsərrüfatda mal-qara və sair görüləsi işlər vardır, həmin işləri özü, anası, atası Əhliman gündəlik görürlər, ehtiyac olanda Nahidə bu işlərdə onlara köməklik etmişdir. Nahidə evdə gəlin olduğu üçün inəkləri sağıb, tövləni təmizləyib, bu işlərdə həmişə ona köməklik etmişlər, azyaşlı uşaqlara isə ümumiyyətlə anası Bəsti baxmışdır. Onun ikinci dəfə evlənmək fikri olmayıb. Nahidə evdə yaşadığı müddət ərzində onun burnunda sınığ olduğunu bilməmiş, onun burnunda sınığ olmasını Nahidə şikayət etdikdən 5-6 ay sonra bilmişlər. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışığa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin onunla barışmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kəndində yaşayır, həmkəndlisi Təqsirləndirilən şəxs həyat yoldaşıdır, təxminən 9 il onunla evlənmiş, birgə ailə həyatından 3 övladları vardır, onlardan 1-i qız, 2-si oğlan uşaqlarıdır. Gəlin köçəndən sonra Ərzumanın atası evində yaşamışlar, qaynatası və qaynanası onlarla bir evdə yaşamışlar. Evliliyinin ilk günləri yaxşı olsa da, təxminən 1 həftədən sonra Ərzuman valideyinləri ilə birlikdə onu evdə, həyət bacada, təsərrüfatda “nökər kimi işlətmişlər, yəni səhər sübh namazı vaxtı onu yerindən oyadıb həyətə düşürüb mal-qara tövləsinə göndərib heyvanların təzəyini ona təmizlətdirib, daha sonra onu işlətmək məqsədi ilə başqa işlər tapırmışlar, səhərdən axşamadək onu işlədib, istirahat etməyə imkan verməmişlər. Bu ilin iyun ayında, dəqiq tarix yadında deyil, axşam saatlarında, təxminən saat 18-də təsərrüfatın işi çox olduğu üçün onu yerinə yetirə bilmədiyinə görə evin aynabənd hissəsində, Ərzuman onu görüb irad tutmuşdur ki, nəyə görə onun əvəzinə anası Bəsti həyətdə işləyir, o isə “uşaqları yedizdirmək vaxtıdır, canım yorulub işləyə bilmirəm, qoy anan Bəsti işləsin” sözlərini deyib aynabənddən yataq otağına keçmiş, Ərzuman onun ardınca yataq otağına gəlib, yay günlərində azyaşlı uşaqları həyətdə oynadıqları üçün onların evdə olmadıqlarını görüb yataq otağında ikisi olarkən, işləmək etirazına əsəbləşən Ərzuman onu nəlayiq söyüşlərlə söyüb təhqir etmiş, aralarında yaranmış mübahisə zamanı yumruqla sifət nahiyyəsindən bir dəfə zərbə vurmuş, onun yumruğu burun hissəni tutmuş, zərbədən sağ qabırğası üstə yerə yıxılıb əzilmiş, burnu isə qanayıb şişmişdir. Həmin vaxt qaynatası Şahid2 qaynanası Şahid4 ilə birlikdə həyətdə olmuş, səs-küyə qaynatası Əhliman, qaynanası Bəsti evə qalxıb burnunun şişməsi və qızarmasını görsələr də, onun tərəfini saxlayıb, ona haqq qazandırıb onu günahkar çıxarmışlar. Həyat yoldaşı Ərzuman onu döymüş olsa da ailəsi dağılmasın deyə heç yerə getməmiş, şikayət etməmiş, burnunun sınmasını “isti-isti” hiss etməmiş, evdə qalıb özü-özünü müalicə etmiş, ağrılara evdə dözmüş, lakin Ərzuman onu döydüyünə görə üzürxahlıq etmədiyi, onun valideyinlərinin ona qarşı münasibətləri dəyişmədiyi üçün orada yaşamamaq, atası evinə çıxıb getmək qərarına gəlmişdir. Bu hadisədən 4-5 gün sonra, günorta saatlarında, əri Ərzuman və qaynanası Bəsti evdə istirahat etdikləri, qaynatası Əhliman isə həyətdə “naves”in altında olduğu zaman azyaşlı uşağlarını evdə saxlayıb özü tək həyətə düşüb, tövlənin arxasından yola çıxıb qonşuluqda yaşayan atası Şahid1 evinə getmişdir. Atası Babək onun sifətinin şişkin və burnunun qızardığını görüb nə baş verdiyini soruşanda hadisəni olduğu kimi atasına danışıb onu evə qəbul etməyini ondan xahiş etmiş, bundan sonra atası onu evə qəbul etmişdir. Bir neçə dəqiqə sonra əri Ərzuman, daha sonra atası Əhliman və anası Bəsti atası Babəkin evinə gəlib onu aparmaq istəmişlər, lakin təkid edib onların evinə qayıtmamış, o vaxtdan bəri, 5-6 aydır ki, atası Babəkin evində yaşayır, ərin evinə bir daha qayıtmaq fikri yoxdur. Bu müddət ərzində gözləmişlər ki, qaynatası və qaynanası onlara gəlsinlər, Ərzumanın onu döydüyünə görə valideyinlərindən üzürxahlıq etsinlər, bu səbəbdən hadisə barədə polisə, yaxud digər orqana şikayət, müalicə olunmaq üçün isə xəstəxanaya müraciət etməmiş, ev şəraitində müalicə olunmuşdur. Lakin hadisədən 5 ay keçsə də, Ərzumanın 2-ci dəfə ailə qurmaq məqsədi ilə Hacıcavad kəndində elçiliyə getməsi xəbəri onlara çatdığı üçün onun əməlləri barədə şikayət etmək qərarına gəlib döyülməyi barədə gec də, olsa, 27 noyabr 2024-cü il tarixdə DİN-in 102 xidmətinə məlumat vermişdir. Onu evdə əsasən döyən əri Təqsirləndirilən şəxs olmuş, qaynatası və qaynanası isə ona mənəvi dəstək olduqları üçün onlardan narazı qalıb onu döydüklərini demiş, faktiki onu döyən şəxs əri Ərzuman olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kəndində yaşayır, Zərərçəkmiş şəxs 1-ci böyük övladıdır, təxminən 9 il əvvəl onlarla qonşuluqda yaşayan Şahid2 oğlu Ərzumana ərə gedərək həmin evə gəlin köçmüş, onların birgə ailə həyatından 1-i qız, 2-si oğlan övladları olmaqla 3 azyaşlı uşaqları vardır. Nahidə Təqsirləndirilən şəxs ərə gedəndən sonra onu qaynatası evində, həyət bacada, təsərrüfatda işlədiblər, yola verməyiblər, qaynatası, qaynanası və əri Ərzuman onu evdə həmişə alçaldıblar. Həyat yoldaşı Şahid5 ara-bir qızının evinə gedib ona baş çəkəndə qızı Nahidə qaynanası Şahid4 yanında ona heçnə deyə biməmiş, qaynanası həmişə onların yanında oturur, həyata yoldaşını pələtdən evinə ötürdüyü səbəbdən qızı Nahidə başına gələnləri arvadına danışa bilməmiş, bu səbəbdən qızı Nahidənin ər evində başına gələnlərdən xəbəri olmamışdır. Sonuncu dəfə, 2024-cü ilin təxminən iyun ayında, dəqiq tarix yadında deyil, qızı Nahidə ağlaya-ağlaya həyətə gəldiyi vaxt həyətdə işləmiş, Nahidənin ağzı-burnu şişkin və qızartılı olduğunu görüb ondan nə baş verdiyini soruşanda Nahidə bildirmişdir ki, onu evdə Ərzuman döyüb burnuna yumruğla xəsarət yetirmiş və xahiş etmişdir ki, onu evdə saxlasınlar, ərinin evinə buraxmasınlar, o, da, Nahidəni qəbul etmiş, o vaxtdan bəri Nahidə onların evində yaşayır, lakin azyaşlı uşaqları Ərzumanın evində qalmış, onları verməmişlər. Qızı Nahidə sakitləşdikdən sonra onlara evdə çoxlu işlədildiyini, daha sonra Ərzumanın onu döyüb burnundan xəsarət yetirdiyini bildirmişdir. Qızı Nahidə ata evinə qayıdandan sonra, qaynatası Əhliman, əri Ərzuman, qaynanası Bəsti, daha sonra yeznənin dayısı Səmədağa, onların ailə dostu Valeh adlı şəxs bir neçə dəfə onların evinə gəlmişlər, lakin onlar qızının döyülməsinə görə onlardan üzürxahlıq etmədikləri üçün, həmçinin qızı Nahidə geri qayıtmaq istəmədiyi üçün onların xahişini qəbul etməmişlər, çünkü qorxurmuşlar ki, qızı Nahidə həmin evə qayıtsa onun başına daha ağır hadisə gələ bilər, bu səbəbdən qızı Nahidə Abbasova hazırda onların evində yaşayır, azyaşlı uşaqları isə ərinin evində qalmışdır. Qızının döyülməsi haqqında nə özü, nə də həyat yoldaşı Zəminə heç bir yerə rəsmi, nədə şifahi şikayət etməmiş, çünkü qızının ailəsinin dağılmasını istəməmişlər. Burun xəsarəti ilə bağlı qızı Nahidə ev şəraitində müalicə olunmuş, onun müalicəsi üçün heç bir xəstəxanaya, yaxud tibb məntəqəsinə, nədəki kənddə başqa bir şəxsə müraciət etməmişlər. Çünki bu hadisənin üstünün açılmasını və ailənin dağılmasını istəməmişlər. Nahidə əri Ərzuman tərəfindən döyüldüyünü, burnuna yumruqla zərbə vurulduğunu, hadisə vaxtı qaynanası ilə qaynatasının həyətdə olduqlarını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş zərəçəkmişin Zərərçəkmiş şəxs anası Şahid5 anoloji ifadə verərək şahid həyat yoldaşı Şahid1 qeyd etdiklərini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Soyuqbulaq kəndində yaşayır, Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs həyat yoldaşı olmaqla, gəlinidir. Nahidə təxminən 9 il əvvəl onların evinə gəlin köçmüş, onların birgə ailə həyatından 1-i qız, 2-si oğlan olmaqla 3 azyaşlı uşaqları vardır. Nahidə evinə gəlin köçəndən sonra anası Zəminə qızının ailə həyatına tez-tez müdaxilə etməyə başlamış, hərdəfə qızını öyrədirmiş ki, onlardan ayrılsın, ona ayrıca ev inşa etsinlər, onlara ayrıca yeni ev tikməyə maddi imkanı olmadığı üçün bu səbəbdən Nahidənin özü və valideyinləri ilə aralarında narazılıqlar yaranmağa başlamışdır. Sonuncu dəfə, 2024-cü ilin təxminən iyun ayında Nahidə azyaşlı uşaqları evdə qoyub onlardan xəbərsiz atası evinə getmiş, həmin gündən etibarən, özü, həyat yoldaşı Bəsti və oğlu Ərzuman dəfələrlə onun dalınca atası evinə getmiş, xahiş etmişlər ki, uşaqlar anasız evdə qalmır, Nahidə evə qayıtsın, lakin Nahidənin valideyinləri onlarla görüşməyə imkan verməyib onları həyətdən qovmuşlar. Nahidə iyun ayında azyaşlı uşaqlarını evdə saxlayıb xəbərsiz atası evinə getmiş, onu özü, yaxud həyat yoldaşı Bəsti döyməmiş, oğlu Ərzuman tərəfindən döyülməsini görməmişdir. Kənd yerində yaşadıqları üçün təsərrüfat, mal-qara və sair görüləsi işlər vardır, həmin işləri özü, həyat yoldaşı Bəsti, oğlu Ərzumanda görüb, ehtiyac olanda Nahidə evin gəlini kimi onlara köməklik etmişdir. Nahidə evin gəlini olduğu üçün inəkləri sağıb, tövləni təmizləyib, bu işlərdə ona hərdəfə köməklik etmişlər, Nahidənin azyaşlı uşaqlarına isə, yəni nəvələrinə çox vaxt arvadı Bəsti baxıb, yəni sadaladığı işləri Nahidə tək görməmişdir. Nahidənin döyülməsini görməmiş, bu haqda nə oğlu, nə də ki Nahidə özü heçnə deməmiş, onun sifətinin şişməsi və qızarmasını xatırlamır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 anoloji ifadə verərək Şahid2 qeyd etdiklərini təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Soyuabulaq kəndində yaşayır, həmkəndlisi Zərərçəkmiş şəxs bacısı Şahid4 oğlu Təqsirləndirilən şəxs həyat yoldaşdır. Nahidə təxminən 9 il əvvəl bacısı evinə, Soyuqbulaq kəndinə gəlin gəlmiş, birgə ailə həyatından onların 3 övladları vardır, onlardan 1-i qız, 2-si oğlan uşaqlarıdır. Nahidənin ailəsi ilə əvəllər aralarında hər hansı bir qərəzçilik olmamışdır, 2 il əvvəl Rusiyaya işləməyə getmiş, 06 sentyabr 2024-cü il tarixdə Rusiyadan kəndə qayıdandan sonra bacısı Bəstinin evinə qonaq gələndə, gəlini Nahidəni evdə görməyib harada olduğunu bacısından soruşduğda bacısı Bəsti bildirmişdir ki, Nahidə onun evinə gəlin köçəndən sonra anası Zəminə qızının ailə həyatına dəfələrlə müdaxilə edərək onun üçün ayrıca ev tikdirmək istəmiş, bacısının isə buna maddi imkanı olmadığı və ər-arvad arasında evdə münaqişə yarandığı üçün gəlini Nahidə Abbasova bir-neçə ay əvvəl azyaşlı uşaqları evdə saxlayıb onlardan xəbərsiz atası Babəkin evinə acıq edib çıxıb getmişdir. Bu xəbəri eşidən kimi, həqiqətən pis olmuş, ona görədə onları barışdırmaq və gəlini evinə qaytarmaq üçün özü digər bacısı oğlu Xalid Əmirov və kürəkəni Əhlimanın dostu İncilli kənd sakini X2 ilə birlikdə Babəkin qapısına getmiş, Babəkdən xahiş etmişdir ki, ailəni dağıtmasın, azyaşlı uşaqlar anasız qala bilmirlər, qızı Nahidənin qaynatası evinə qayıtmasını israrla ondan xahiş etmişlər. Hətta Babəkə demişdir ki, əgər qızının qaynana və qaynatası ilə birlikdə yaşamaq istəmirsə onun üçün qonşu Privolnoye kəndində kirayə ev tutsunlar, lakin Babək onlara deyib ki, qızını heç yerə buraxmayacaq, evində saxlayacaq və söz verib ki, gələn 2025-cü ilin mart ayında qızını qaynatası evinə buraxacaq. 5 ay əvvəl burada olmamış, Rusiyada olmuş, sentyabr ayında oradan kəndə qayıtmış, lakin 2 il əvvəl Rusiyaya getməmişdən öncə bacı evinə hər dəfə qonaq gedərkən onun gəlini Nahidə ona xoş münasibət bəsləmiş, həmin müddətdə Nahidə heç bir narazılıq etməmiş, döyülüb incidilməsi barədə ona heç vaxtı gileylənməmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X1 Publik Hüquqi şəxsin Cəlilabad rayon şöbəsinin rəisi vəzifəsində işləyir. xx.xx.2024-ci il tarixdə Cəlilabad rayon X3 Bölməsinin qərarına əsasən Cəlilabad rayon Soyuqbulaq kənd sakini Zərərçəkmiş şəxs müayinə etmişdir. Müayinə nəticəsində Zərərçəkmiş şəxs burun sümüyünün yerinidəyişən sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 5-6 aya əvvələ uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddi olduğu müəyyən olunmuş və bu barədə 947 nömrəli əsaslandırılmış rəy vermişdir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad RİHB-nın Ağdaş kənd İƏD üzrə nümayəndəliyindən verilmiş, 05 dekabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü Nurlan, 2020-ci il təvəllüdlü Nuray və 2022-ci il təvəllüdlü İmran adlı yetkinlik yaşına çatmayan üç azyaşlı uşağı vardır və o, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olması, himayəsində üç azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 24:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonu Soyuqbulaq kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-31/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-31/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver