Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-32/2023 08.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs Sam oğlunun və onun müdafiəçisi (vəkil) X2 iştirakları ilə, xx.xx.1978-ci ildə İran İslam Respublikasının Tehran şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının vətəndaşı, İran İslam Respublikasının Tehran şəhəri Sərvəri küçəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Sam oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Sam oğlu istintaqa dəqiq məlum olmayan səbəbdən, qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək məqsədi ilə 08 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissənin Cəlilabad rayonu ərazisində yerləşən «N» saylı sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən qanunsuz olaraq keçmişdir. Təqsirləndirilən şəxs Sam oğlu məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, İran islam Respublikasında yaşadığı müddətdə orada keçmiş iqtisadiyyat nazirinin qeyri-qanuni pullarını digər xarici ölkələrə göndərməklə məşğul olmuşdur. Bir neçə il bu işlə məşğul olduqdan sonra təxminən bir il bundan öncə Məsud Kərbasyanın adamları evinə gələrək ona yenə pul göndərməsini bildirmişlər, o, həmin şəxslərə sənəd gətirmələrini bildirdikdə həmin şəxslər ona sənəd gətirəcəklərini demişlər və bundan sonra həmin şəxslər onun evinin əşylarını aparmaq istəmişlər. Bir il ərzində o, həmin şəxslərlə mübarizə apardıqdan sonra bu barədə məhkəmələrə müraciət etmiş, daha sonra Məsud Kərbasyanın adamları qeyd olunan şəxsə aid onda fleşkart olduğunu bilmişlər və həmin şəxslər ona hədə qorxu gələrək 10 gün ərzində özünü öldürməsini bildirmişlər. 08 noyabr 2022-ci il tarixdə o, qızı ilə birlikdə yaşamaq üçün Azərbaycan Respublikasına keçmək qərarına gəlmişdir. 08 noyabr 2022-ci il tarixdə 11 yaşlı qızı Saina ilə birlikdə təxminən saat 15 radələrində İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə keçən zaman İran İslam Respublikasının mülki geyimdə olan hərbçiləri arxalarınca gələrək, onları təqib etmişlər. O və qızı dövlət sərhədini keçdikdən sonra hərbçilər onların arxasınca keçərək onun qızını yaxalayaraq geri İran İslam Respublikasına qaytarmışlar, onun özünü isə Azərbaycan Respublikası hərbçiləri saxlayaraq sərhəd zastavasına gətirmişlər. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Sam oğlunun ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin “N” saylı hərbi hissəsinin «N» saylı zastavasının əsgəri Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 08 noyabr 2022-ci il tarixdə saat 13:45-dən saat 17:45-dək sərhəd naryadının üzvü əsgər Şahid1la birlikdə «N» saylı zastavanın 2-ci sahəsinə “müşahidə məntəqəsi” xidmətinə təyin olunmuşlar. Xidmətin təşkili zamanı təxminən saat 15:14-də 3-cü sahə istiqamətində iki nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə doğru dövlət sərhədini pozaraq keçməsini müşahidə etmişlər. Onlar dövlət sərhədini pozaraq keçən şəxsləri saxlamaq üçün həmin şəxslərin olduqları istiqamətdə hərəkət etməyə başlamışlar. Bu zaman onların arxasınca əlavə iki nəfər mülki geyimdə şəxslərin də qaçdıqlarını görmüş və arxalarınca gələn həmin iki nəfər şəxs öndə gələn şəxslərdən balaca olanına çataraq onu kürəyinə götürüb geriyə İran İslam Respublikası ərazisinə keçmişlər. Həmin aparılan şəxs təxminən 10-11 yaşlarında qız uşağı olmuşdur. Onlar öndə gələn şəxsi saxlayaraq bu barədə sərhəd zastavasına məlumat vermişlər. Bir müddət keçdikdən sonra sərhəd zastavasında “silaha” komandasına qalxan heyət sərhəd pozucusunun saxlanıldığı əraziyə gələrək saxlanılan şəxsi sərhəd zastavasına aparmışlar. İlkin sorğu zamanı saxlanılan şəxs onunla birlikdə gələn, arxalarınca gələn iki nəfər şəxs tərəfindən yaxalanaraq geriyə İran İslam Respublikasına aparılan şəxsin onun 11 yaşlı qızının olduğunu söyləmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisində yerləşən «N» saylı hərbi hissənin «N» saylı zastavasının 3-cü sahəsidir. Ərazi təpəlik və düzənlik relyefə malik olmaqla əkin sahələrindən ibarətdir. Həmin sərhəd zastavasının arxa tərəfində Azərbaycan Respublikası istiqamətində Cəlilabad rayonunun Zəhmətabad kəndi yerləşir, sərhəd zastavasından Zəhmətabad kəndinə qədər olan məsafə 3000 metrdir. Müqabil ölkə istiqamətində İran İslam Respublikası Germi rayonunun Bağırlı kəndi yerləşir, həmin kəndə qədər olan məsafə 1500 metrdir. Həmin zastavanın dislokasiya yerindən 3-cü sahəyə qədər olan məsafə 3000 metrdir. 3-cü sahədə Azərbaycan Respublikası istiqamətində Cəlilabad rayonunun Kövüzbulaq kəndi yerləşir, həmin kəndə qədər olan məsafə 8000 metr, İran İslam Respublikası istiqamətində Germi rayonunun Təpəbaşı kəndi yerləşir, oraya qədər olan məsafə 300 metrdir. 3-cü sahə istiqamətində əraziyə baxış zamanı dövlət sərhəd xəttində bir neçə nəfərə məxsus qarışıq ayaq izlərinin, sərhədboyu zolaqda 300 metr Azərbaycan Respublikası istiqamətinə və geri hərəkət edən bir neçə nəfərə məxsus ayaq izlərinin olması müşahidə olunmuşdur. İşdə olan «N» saylı hərbi hissənin komandirinin xx.xx.2022-ci il tarixli, 16/3848 nömrəli məktubundan görünür ki, 08 noyabr 2022-ci il tarixdə saat 13:45-dən saat 17:45dək hərbi hissənin «N» saylı sərhəd zastavasının 3-cü sahəsinə “Müşahidə məntəqəsi” sərhəd naryadı xidmətinə təyin olunmuş sərhəd naryadları saat 15:14-də 2-ci sahə istiqamətində iki nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə keçməsini müşahidə etmiş, sərhəd naryadı həmin şəxslərə “Dayan” çağırışı verərək onlara yaxınlaşan zaman şəxslərin arxasınca iki nəfərin gəlməsini, öndə olan şəxslərdən birini (10-11 yaşlı qız uşağını) geriyə, İran İslam Respublikasına aparmasını müşahidə etmiş və dövlət sərhədini pozan şəxslərdən biri isə saxlanılmışdır. İlkin sorğu zamanı saxlanılan şəxs özünü 1977-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Sam kimi təqdim etmiş və yaşamaq üçün Azərbaycan Respublikası ərazisinə keçdiyini bildirmişdir. İş materiallarından olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistika və İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sam oğlu əvvəllər məhkum olunmamışdır. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sam oğlunun törətmiş olduğu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, özünün etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə də tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Sam oğlunun həmin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Sam oğlunun törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Sam oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(009)- 493/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Sam oğlunun barəsində 2 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 noyabr 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sam oğlunun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Sam oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Sam oğlu ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-32/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-32/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver