Məhkəmə qərarları › İş №1(073)-32/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-32/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-32/2024 31.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə xx xxxx 1987-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, 23 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, Səfa Axundov küçəsi, ev 92-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 10 oktyabr 2023-cü ildən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 oktyabr 2023-cü il tarixdə saat 17:15-də Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd şəffaf sellofana bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,918 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. 10 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada hərəkət edən zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gedərkən onun üzərində psixotrop maddə olan metamfetamin olmamış və o, polis əməkdaşlarının fiziki təzyiqi altında üzərinə qoyulan metamfetaminin ona məxsus olduğunu deməyə məcbur olmuşdur. Halbuki onun üzərində həmin vaxt metamfetamin olmamışdır. Ona görə də istintaqda ifadəsində güya ki, 10 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində “ Bağ ” adlanan ərazidə piyada gəzərkən yerdə 1 ədəd şəffaf sellofana bükülmüş bükülü görmüş və ətrafda da heç kimin olmadığını görüb həmin şəffaf sellofanda olan bükülü ona şübhəli gəldiyi üçün yerdən götürüb içərisinə baxmış və bu zaman bükülünün içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra psixotrop maddəni əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Lakin istifadə etməmişdir. O, bu ifadəni ilkin olaraq təhqiqat zamanı video çəkilişdə bildirmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu xüsusatlara tənqidi yanaşır və belə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə məsuliyyətdən yayınmaq istəyir. Törədilmiş cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis şöbəsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 oktyabr 2023-cü il tarixdə Cəlilabad şəhəri, Səfa Axundov küçəsi ev 92-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə qrup üzvü kimi ondan və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 oktyabr 2023-cü il tarixdə saat 17:15-də Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlayaraq, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etdikdən sonra birlikdə təhqiqatçı Akif Abasovun xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkillər bürosunun vəkili Müdafiəçi dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardaraq, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirib təqdim etmişdir. Təhqiqatçı həmin bir ədəd bükülüdə aşkar olunan psixotrop maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükülüdə olan həmin maddənin şüşə olduğunu, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Cəlilabad şəhərində “Bağ” adlanan ərazidən yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükülüyə baxış keçirilən zaman psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 1,02 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. X7 Qurbanova qarşı nə özü, nə dəki digər bir polis əməkdaşı tərəfindən fiziki təzyiq və zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin Şahid2 oğlu da eyni məzmunlu ifadə verərək şahid X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər maddəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, həmin metamfetamini 10 oktyabr 2023-cü il tarixdə saat 10 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində “ Bağ ” adlanan ərazidən tapmışdır. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin X6 tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının 11 oktyabr 2023-cü il tarixli, 19/922 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində təmiz çəkisi 0,918 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 0,868 qram qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının 23 oktyabr 2023-cü il tarixli, 981 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 1(073)- 148/2021 nömrəli hökmünün, eləcə də Salyan rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 7(057)-17/2022 nömrəli qərarından görünür ki, Qurbanov X4 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, 23 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-cü il təvəllüdlü Süleyman, 2013-cü il təvəllüdlü Adəm və 2015-ci il təvəllüdlü İbrahim adlı üç azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4 (073)-137/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,868 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,868 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəyə minir, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar