Məhkəmə qərarları › İş №1(073)-32/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-32/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-32/2025 27.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsın, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihama görə, Təqsirləndirilən şəxs 12 sentyabr 2024-cü il tarixdə saat 13:30 radələrində Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən istiqamətində "xxxx"in qarşısında heç bir əsaslı səbəb olmadan əvvəlcədən tanıdığı, qeyri-rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs ilə həmin zəmində aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, ətrafdakı insanlara qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarını qərəzli surətdə pozub səs-küyə toplaşmış şəxslərin gözü qarşısında, onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoyub heç bir əsaslı səbəb olmadan orada olan sonuncunu nalayiq ifadələrlə ucadan təhqir edərək yumruqla alt çənə nahiyəsindən qəsdən bir dəfə zərbə vurmaqla, əli ilə sağ əl nahiyəsindən tutub dartmaqla və sağ əlinin 2-ci barmağının dırnağını sındırmaqla ona alt çənənin sağ yarısında qançır, sağ əlin arxa səthində sıyrıq, sağ əlin 2-ci barmağının dırnağının sınığı və dırnaq yatağı altında qansızma əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, təxminən 30-40 dəqiqə ərzində ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaratmış, bununla da ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla qeyri-rəsmi nikahda olmuşlar, hazırki münaqişə baş verən tarixdən təxminən iki ay əvvəldən münasibətləri yaranmışdır. O, Zərərçəkmiş şəxs ilə münasibətdə olduğu vaxtdan onun maddi ehtiyaclarını ödəmişdir. 11 sentyabr 2024-cü il tarixdə axşam vaxtı Şahid ilə Cəlilabad şəhərinə getmək qərarına gəlmişlər, Zərərçəkmiş şəxs da onunla getmək istəməsini demiş, o da buna etiraz etməmişdir. Həmin tarixdə axşamçağı o və Zərərçəkmiş şəxs Şahid idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə Cəlilabad rayonuna yollanmışlar. Cəlilabad şəhərində gecələməyə yer tapmadıqları üçün Masallı rayonuna “İstisu” deyilən əraziyə gedib orada oteldə qalmışlar, növbəti gün, 12 sentyabr 2024-cü il tarixdə yenidən Cəlilabad şəhərinə qayıtmışlar, orada metal əşyalar alacaqları obyektin qarşısında olarkən Zərərçəkmiş şəxs ilə onun arasında sözlü mübahisə baş vermişdir. Belə ki, Zərərçəkmiş şəxs ondan sonuncunun digər şəxslərə olan borclarını ödəməsini tələb etmiş, o, da, maddi imkanının aşağı olmasını dəfələrlə bildirmiş, lakin Fidan Ağsiyeva təkidlə ondan pul tələb etdiyi üçün aralarında mübahisə baş vermiş, o, Zərərçəkmiş şəxs təhqir etmiş, daha sonra onlar avtomobildən çölə çıxaraq mübahisəni davam etdirmişlər. Mübahisə zamanı Zərərçəkmiş şəxs çöldə səs-küy salmış, o, da, Zərərçəkmiş şəxs qolundan tutub avtomobilə əyləşdirmişdir ki, səs-küy salmasın. Buna baxmayaraq Zərərçəkmiş şəxs xatırlamadığı taksiyə əyləşərək getmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Cəlilabad RPŞ-nə şikayət etmişdir. Hadisə vaxtı ətrafda insanlar olmamışdır. O, Zərərçəkmiş şəxs bir çox borcunu ödəmiş, onunla ciddi münasibət, yəni nikah qurmaq istəmiş, hətta bununla bağlı ərizə ilə “Asan Xidmət”ə də ərizə ilə müraciət etmişlər. Münasibətləri başlamamışdan öncə zərərçəkmişin borclarının bu qədər yuxarı, yəni 30 min manat civarında olduğunu bilməmiş, sonuncu ona 5-6 min manat civarında borcu olduğunu bildirmişdir. Hadisə baş verən zaman xuliqanlıq etmədiyini, əksinə olaraq Zərərçəkmiş şəxs səs küy salmamasını xahiş edərək avtomobilə əyləşməsini tələb etmişdir. Bu səbəbdən məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında heç bir ədavət və şəxsi-qərəzçilik olmamışdır. O, Təqsirləndirilən şəxs 2 aydır ki, tanıyır, onunla qeyri-rəsmi nikahda olmuşdur. O, özü əvvəllər müxtəlif restoranlarda ofisiant olaraq işləmiş, özü də normal əmək haqqı almış, Təqsirləndirilən şəxsla tanışlıqdan sonra onun təkidi ilə o, işdən çıxmışdır. Hətta ona yalan vədlər verərək ailə quracaqlarını və borclarını bağlayacağına söz vermişdir. O da, Təqsirləndirilən şəxs inanmış, işlədiyi işdən çıxmışdır. Onun 5800 manat borcu olmuş, Təqsirləndirilən şəxs ona söz vermişdir ki, həmin borcu ödəyəcəkdir. Təqsirləndirilən şəxs 1 ay onun ehtiyaclarını qarşılamış, daha sonra onunla mübahisə etməyə başlamışdır. Təqsirləndirilən şəxs sadəcə olaraq evin bir aylıq kirayə haqqını ödəmiş, bundan sonra bildirmişdir ki, ödənişi etməyəcəkdir. Ona görə də, aralarında mübahisələr yaranmışdır. 11 sentyabr 2024-cü il tarixdə pul üstündə aralarında mübahisə baş vermiş, ona bildirmişdir ki, artıq pul ödəməyəcəkdir. Hətta onun “İPHONE” markalı mobil telefonunu götürüb evdən çıxaraq getmiş, o da arxasınca getmiş, səs-küy salmış, fikirləşmişdir ki, telefonu qaytarar. Təqsirləndirilən şəxs ona demişdir ki, həmin telefonu satıb ona çəkdiyi xərclərə çıxacaqdır. O, Təqsirləndirilən şəxs ilə avtomobilə əyləşmiş, onunla avtomobildə mübahisə etmiş, hətta ondan telefonunu istəmiş, lakin Təqsirləndirilən şəxs telefonu ona verməmiş, qəsdən onu Masallı rayonuna gətirmişdir. Onlar həmin gün Masallı rayonunda qalmışlar. Səhərisi gün, yəni 12 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində Masallı rayonundan çıxıb Cəlilabad rayonuna gəlmişlər, broylerdə işləri ilə məşğul olmuşdur. Sonra oradan uzaqlaşıb kafeyə gedib yemək yemişlər, həmin vaxt Hüseyn də yanlarında olmuşdur. Onlar yemək yeyib saat 12 radələrində oradan çıxmışlar. Hətta süfrədə oturan zaman borclu olduğu şəxs də ona zəng vurub pulunu istəmişdir. Sonra onlar Hüseynin idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə Cəlilabad rayonu ərazisində yerləşən "xxxx" istiqamətində hərəkət etmişlər, avtomobildə olan zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “Tiktok” hesabını silsin. O, Təqsirləndirilən şəxs “sən nə zaman mənimlə rəsmi nikaha girsən və borclarımı ödəsən onda mən də sənin dediklərini edərəm” sözlərini demiş, sonra aralarında mübahisə baş vermişdir. O, Təqsirləndirilən şəxs “sən pulu ödəməmək üçün bəhanələr axtarırsan” sözlərini demişdir. Sonra Təqsirləndirilən şəxs sillə ilə bir dəfə sifətinin sağ tərəfindən vurmuş, sonra Şahid demişdir ki, aparıb onu başqa yerdə atıb gəlsin. O, da, Təqsirləndirilən şəxs demişdir ki, bura sizinlə gəlmişəm, sizinlə qayıdacağam. Hüseyn onu avtomobilə əyləşdirib oradan kənarlaşdırmışdır. Hüseyn yolda ona demişdir ki, Təqsirləndirilən şəxs götürdüyü pul sənindir. Yolun yarısına çatanda Şahid ona demişdir ki, geri qayıtsın. O da geri qayıtmış, Təqsirləndirilən şəxs broylerin qarşısında olmuşdur. Onu görən zaman şok olmuş, Yusif bildirmişdir ki, niyə geri qayıdıbsınız. O, səs-küy salmağa başlamış, bu zaman Təqsirləndirilən şəxs boyun nahiyəsindən tutaraq sıxmış, yumruqla boyun nahiyəsindən vurub onu avtomobilə əyləşdirmiş, hətta ünvanına nalayiq sözlər işlətmiş, onun bu səs-küyünü və onu təhqir edib vurmasını broylerin işçiləri və yoldan keçən şəxslər görmüşdür. Yusifin səs-küyü və təhqirləri ətrafı bürümüşdür. Avtomobilin içərisində də, öz əməllərini davam etdirmiş, yumruqla bir dəfə çənə nahiyəsindən vurmuş, əli ilə sağ əl nahiyəsindən tutaraq dartmış, hətta sağ əlinin 2-ci barmağının dırnağını sındırmışdır. O, avtomobildə qışqırmış, səsi ətrafı bürümüş, hətta işçilər qıraqdan baxmışlar, lakin onlar dava-dalaşa müdaxilə etməmişlər. Hüseyn avtomobildə qabaqda əyləşib onun döyülməyini seyr etmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, sən məni biyabır elədin, getməlisən. O da getməyəciyini demişdir. Yusif ona demişdir ki, hətta sənə görə mənim işim də alınmadı. Daha sonra avtomobildə qabaq oturacaqda əyləşmişdir, Təqsirləndirilən şəxs yenə onunla nalayiq formada danışmışdır. O, avtomobildən düşərək yoldan keçən avtomobili saxlatdırıb polisə şöbəsinə gəlmişdir. Döyülməsi ilə bağlı RPŞ-nə ərizə yazmış, xəsarəti olmasına görə ekspert müayinəsindən keçmişdir. Qeyd olunan hadisə “Mərcan“ broylerin qarşısında baş vermiş, həmin hadisəni Hüseyn və adını bilmədiyi digər şəxslər görmüş, bu hadisə mübahisə ilə 30-40 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs sillə və yumruqla sifət, çənə və boyun nahiyələrindən vurmuş, əli ilə sağ əlini tutub dartmış, nəticədə sağ əlinin barmağının dırnağı sınmışdır. O, Təqsirləndirilən şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs onun mobil telefonunu geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, bir xanımın hissləri ilə oynadığına, ona yalan vədlər verib bütün həyatını alt-üst dediyinə, rəhmətə getmiş atasını söyüdüyünə görə ən ağır cəza verilməsini istəyir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşasa da, əvvəllər münasibətləri olmamış, 2024-cü ilin yay aylarında ortaq tanışları vasitəsilə münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs vasitəsilə Zərərçəkmiş şəxs da tanımışdır. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sevgi münasibətləri olmuşdur. 11 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə birlikdə Cəlilabad şəhərinə dəmir almaq məqsədilə getmək qərarına gəlmişlər, Zərərçəkmiş şəxs onlarla getmək istəməmiş, Yusifin təkidindən sonra onlarla getmişdir. Onlar birlikdə ona məxsus “Chevrolet Aveo” markalı, **-EJ-*** d.n.n avtomobil ilə Cəlilabad şəhərinə getmişlər, Cəlilabad şəhərində gecələməyə yer tapmadıları üçün Masallı rayonuna “İstisu” deyilən əraziyə gedib orada oteldə qalmışlar, həmin vaxt Yusif və Fidan arasında münasibət normal idi, növbəti gün, 12 sentyabr 2024cü il tarixdə yenidən Cəlilabad şəhərinə qayıtmışlar, orada metal əşyalar alacaqları obyektin qarşısında olarkən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sözlə mübahisə baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun borclarını ödəyəcəyini desə də, həmin vaxtı Zərərçəkmiş şəxs ondan pul tələb etdiyi zaman Təqsirləndirilən şəxs ona pul verməkdən imtina edərək mübahisə başlatmış, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs nalayiq ifadələri işlətdikdən sonra Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etmişdir. Mübahisə avtomobilin içərisində başlasa da, sonradan avtomobildən yerə düşmüşlər və mübahisəni davam etdirmişlər. Avtomobildə mübahisə yaranan zaman o (şahid), avtomobildən düşmüşdür. Yusif Fidanın qolundan tutub avtomobilə əyləşdirmək istəyirdi, ola bilər həmin vaxt hansısa xəsarət yetirmiş olsun. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birilərini təhqir etmişlər, daha sonra Zərərçəkmiş şəxs xatırlamadığı taksiyə əyləşərək getmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs Cəlilabad RPŞ-nə şikayət etmişdir. Hadisə vaxtı təxminən 50 metr məsafədə, mqəssisənin qapısı tərəfdən bir iki mühafizəçi olsa da, onlar Zərərçəkmiş şəxs yüksək səslə qışqıraraq pul tələb etdiyini gördükləri üçün müdaxilə etməmişdir, ümumiyyətlə olduqları yerdən onlar tərəfə yaxınlaşmamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı hadisənin Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən istiqamətində "xxxx"in qarşısında baş verdiyi müəyyən edilmiş, hadisə yerinə baxış vətəndaş Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2024-cü il tarixli, 780 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş alt çənənin sağ yarısında qançır, sağ əlin arxa səthində sıyrıq, sağ əlin 2-ci barmağının dırnağının sınığı və dırnaq yatağı altında qansızma müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 12 sentyabr 2024-cü il tarixə uyğun gəlir. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 12 sentyabr 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonrakı davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 12 sentyabr 2024-cü il tarixdə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən istiqamətində "xxxx"in qarşısında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs və zərərçəkmiş faktiki nikah münasibətlərində olmuş, münaqişə də bu münasibətlərdən irəli gəlmişdir – zərərçəkmiş borclarını ödəməyi təqsirləndirilən şəxsdən tələb etmiş, təqsirləndirilən şəxs zərərçəkmişdən “Tik Tok” sosial şəbəkəsindəki hesabını silməyi tələb etmiş, beləcə aralarında münaqişə yaranmış, tərəflər bir-birinin ünvanına nalayiq və təhqiredici xarakterli ifadələr işlətmişdir, təqsirləndirilən şəxs zərərçəkmişə şəxsə yumruq və sillə zərbələri vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək, yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsiqərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəldiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Məhkəmə istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların qiymətləndirilməsini zəruri hesab edərək belə qənaətə gəlmişdir ki, bu zaman yeganə sübut zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadə olmuşdur ki, bu da iş üzrə yeganə şahidin ifadəsi və iş materiallarında yer alan, "xxxx" əmtəə nişanının sahibi olan MMC tərəfindən ibtidai istintaqı aparan müstəntiqə göndərilmiş məktubda göstərilənlərlə təkzib edilmişdir. İş materiallarında olan, "xxxx" (APC) MMC-nin sahə briqadiri Cavidan Abdinli tərəfindən ibtidai istintaqı aparan müstəntiqə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, APC-nin Cəlilabad rayonu ərazisində yerləşən yetişdirmə sahəsində müşahidə və mühafizə kameraları quraşdırılmayıb və həmçinin fəaliyyət göstərmir. Bundan başqa, sorğuda qeyd olunan 12 sentyabr 2024-cü il tarix 12:00 – 15:00 arası müddət ərzində baş vermiş hadisə ərazidən kənarda olduğu üçün personaldan heç bir əməkdaş hadisəyə şahid olmamışdır. Halbuki, AR CM-nin 221.1-ci maddəsinin dispozisiyası qanunverici tərəfindən dəqiq müəyyən olunmuş və əməlin xuliqanlıq kimi tövsif olunması üçün nə başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunmadan ayrılıqda ictimai qaydanın pozulması, nə də ictimai qaydanın pozulması müəyyən edilmədən ayrılıqda başqa şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi kifayət etməməklə hər iki halın-həm ictimai qaydanın pozulmasının, həm də təqsirləndirilən şəxsin yuxarıda sadalanan qərəzli hərəkətlərinin birgə mövcud olması birmənalı şəkildə müəyyən edilməmişdir ki, bu da müstəntiqin hazırki iş üzrə gəldiyi qənaətlə cinayət qanunu normasına şəxsi mülahizələri əsasında şərh verərək şəxsin əməlinə düzgün hüquqi qiymət verməməsinə dəlalət edir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlini AR CM-nin 221.1-ci maddəsi ilə tövsif edərkən istinad etdiyi sübutlarla müyyən etdiyi hallar məhkəmə istintaqı zamanı sübuta yetirilməməklə təkzib edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş və öz ehtimalları əsasında şəxsə ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən zərərçəkən şəxsi vurması və davam edən mübahisənin müəssisənin qarşısında olmasına əsaslanaraq əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Lakin müstəntiq hadisə yerində kənar şəxslərin toplanmış olduğunu qeyd etsə də, həmin şəxsləri müəyyən edərək ifadələrini almamış və yaranmış mübahisənin isə hansı səbəbdən baş verdiyini və əvvəllər arasında münaqişəli vəziyyətin olmasını araşdırmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar, habelə 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirici hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah olunması onu cəmiyyətdən təcrid etmədən və ya azadlığı məhdudlaşdırılmadan mümkün olduğuna görə ona islah işləri növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs 12 sentyabr 2024cü il tarixdə saat 13:30 radələrində Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən istiqamətində "xxxx"in qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qeyri-rəsmi nikahda olduğu Zərərçəkmiş şəxs yumruqla alt çənə nahiyəsindən qəsdən bir dəfə zərbə vurmaqla, həmçinin əli ilə sağ əl nahiyəsindən tutub dartmaqla və sağ əlinin 2-ci barmağının dırnağını sındırmaqla ona alt çənənin sağ yarısında qançır, sağ əlin arxa səthində sıyrıq, sağ əlin 2-ci barmağının dırnağının sınığı və dırnaq yatağı altında qansızma əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzasının əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar