Məhkəmə qərarları › İş №1(073)-33/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-33/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-33/2025 12.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 11:20 X6 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1985-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 06 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 23 avqust 2024-cü il tarixdə cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 16 oktyabr 2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 7,856 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 oktyabr 2024-cü il tarixdə saat 18:42 radələrində Cəlilabad şəhəri Qurtuluş prospektində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda üzərinə yoxlama və götürmə keçirilərkən həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana 1 (bir) ədəd bükülüdə olmaqla əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, ara-sıra narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. 14 oktyabr 2024-cü il tarixdə Bakı şəhərindən yaşadığı Cəlilabad şəhərinə gəlmiş və növbəti gün 15 oktyabr 2024-cü il tarixdə axşam saatlarında Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Bağ” deyilən parka çayxanaya getmişdir. O, küçə ilə piyada H.Əliyev prospektində yerləşən “Silsilə” adlanan məkanın arxa tərəfindən keçən zaman yerdə bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar etmiş və ara-sıra həmin narkotik vasitədən istifadə etdiyi üçün həmin bükülünü götürüb cibinə qoymuşdur. Daha sonra o, yoluna davam edib çayxanaya getmiş, çayxanada çay içdikdən sonra yaşadığı evə qayıtmışdır. Səhərisi gün, yəni 16 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində o, yaşadığı evdən çıxmış və tapdığı qurudulmuş marixuananı heç kimin olmadığı yerdə çəkmək üçün yer axtarmağa başlamışdır. Cəlilabad şəhəri Qurtuluş prospekti ilə piyada hərəkətdə olan zaman ona mülki geyimdə olan 4 nəfər şəxs yaxınlaşmış, özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını, onun narkotik vasitə istifadədə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. O, səmimi olaraq həmin şəxslərə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib, könüllü olaraq həmin bükümü əynində olan cins şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 8,09 qram olması müəyyən olunmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa narkotik vasitə və qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Üzərinə baxış keçirilməsi bitdikdən sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-nə dəvət etmişlər. Polis Şöbəsinin inzibati binasında ona hüquqları izah olunmuş, üzərindən aşkar olunaraq götürülmüş və zərfə qablaşdırılmış bir ədəd büküm yenidən açılaraq baxış keçirilmişdir. Həmçinin kompüter vasitəsilə DVD diskə baxış keçirilmiş, bundan sonra ona müdafiəçi X7 təyin edilmişdir. O, həmin kütləni gələcəkdə istifadə etmək üçün üzərində gəzdirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməmişdir. Üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasından heç kimin xəbəri olmamışdır. Saxlanılan və üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə həyata keçirilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, himayəsində azyaşlı uşaqları vardır. Odur ki, cəza təyin edərkən bu halları nəzərə almağı xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 16 oktyabr 2024-cü il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən ondan və Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 Rafael oğlu, Cəlilabad RPŞ-nin Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid5 və Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. 16 oktyabr 2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək, o, Cəlilabad şəhəri Qurtuluş prospektində piyada hərəkət edən zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılacağını bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofan bükülünü təqdim etmiş və həmin bükülüdə qurudulmuş marixuana olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni 15 oktyabr 2024-cü il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Silsilə” adlanan ərazidə yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Əsədov X1 RPŞ- nə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana və yoxlama və götürmə aparmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçı, polis mayoru Samir Musayevə təhvil verilmişdir. Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı Şahid4 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 tərəfindən videoçəkilişə baxış keçirilmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Yekunda təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 Rafael oğlu və Cəlilabad RPŞ-nin Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid5 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis leytenantı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyi yoxdur. 16 oktyabr 2024-cü il tarixdə RPŞ rəhbərliyi tərəfindən videoçəkiliş aparmağı ona bildirilmiş, o da videoçəkiliş aparmaq üçün təhqiqatçının xidməti otağına gəlmiş və çəkiliş aparmağa başlamışdır. Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmiş, bundan sonra təhqiqatçı Samir Musayev tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmiş, həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Baxış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, onlar da həmin protokola imza etmişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 17 oktyabr 2024-cü il tarixli 19/698 nömrəli rəydən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 7,856 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,05 qram, qalıq 7,806 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2024-cü il tarixli, 7336 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispenserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 06 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 27 dekabr 2024-cü il tarixli, 05/2024-30-11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən təyin olunmuş 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qurtardığından 23 avqust 2024-cü il tarixdə məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü X5 və 2009-cu il təvəllüdlü X3 adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan, Cəlilabad RİHB-nın Cəlilabad şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamadən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş 16 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdə saat 18:42-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli 4(073)-88/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 7,806 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 7,806 qram qalan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar