Məhkəmə qərarları › İş №1(073)-34/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-34/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-34/2024 22.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Cəlilabad rayonunun Bayxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Bayxanlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Cəlilabad rayonu, Bayxanlı kəndinin mərkəzindən keçən asfalt örtüklü avtomobil yolunun kənarında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, ətrafda yaşayan qonşulara qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb və birgəyaşayış qaydalarını qərəzli surətdə pozub özünü ətrafdakıların fövqündə qoyaraq silah qismində istifadə etdiyi istintaqla müəyyən edilməyən predmetlə həmkəndlisi Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə iki dəfə zərbə vuraraq, onda sağ saidin yuxarı 1/3 hissəsini deşib-keçən deşilmiş-kəsilmiş yarası əmələ gəlməsi ilə nəticələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, təxminən 5 dəqiqə ərzində ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaratmış, bununla da, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 və Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Onlar onun həmkəndliləridir, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olmuş və evində yatmağa hazırlaşmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində həyətdən onu kiminsə çağırdığını eşitmiş, buna görə həyətə çıxmış və onu çağıranın Şahid1 olduğunu görmüşdür. Xəqanidən nə istədiyini soruşmuş, Xəqani də onunla 5 dəqiqəlik işi olduğunu demişdir. Xəqaniyə çöldə gözləməsini deyib evə keçmiş, paltarlarını geyinmiş və daha sonra evdən həyətə düşüb küçəyə doğru getmişdir. Küçədə Xəqani, Xəqanin qardaşı Kamal və öz qardaşı Türkanın söhbət etdiyini görmüşdür. Onlarla görüşüb Xəqani və Kamaldan onu nə üçün çağırdıqlarını soruşmuşdur. Xəqani və Kamal onun xx.xx.2023-cü tarixdə axşam saatlarında içkili vəziyyətdə onların evinin yaxınlığına gedib ailə üzvlərini narahat etdiyini bildirmişdir. Xəqani və Kamala bunun yalan olduğunu, onların evinin yaxınlığına getmədiyini və ailə üzvlərini narahat etmədiyini demişdir. Daha sonra Kamal ona demişdir ki, onların evinə getsinlər və ailə üzvləri onların evinin yaxınlığına gedib onları nahat etməyini onun üzünə desin. Onlarla razılaşmış, qardaşı Türkan, Xəqani və Xəqaninin qardaşı Kamal ilə onların evinə doğru təxminən 50 metr yol getmişlər. Lakin həimn vaxt Kamal ilə aralarında mübahisə yaranmış və Kamal ona yumruq atmışdır. Buna görə o da Kamala yumruq atmış və əlbəyaxa olmuşlar. Sonra Kamal və qardaşı Xəqani ondan uzaqlaşıb qaçaraq evlərinə doğru getmişdir. Evlən küçəyə çıxan zaman evdən bıçaq götürməmiş və onun üzərində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs bıçaqla vurmamış və xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxsla dalaşdıqları zaman yerdən şifer parçası götürüb Zərərçəkmiş şəxs vurmuş ola bilər. Zərərçəkmiş şəxs həmin vaxt divarda olan dəmir parçasına dəyərək xəsarət ala biləcəyini də düşünür. Özünü təqsirli bilmir. Bununla belə baş vermiş hadisəyə görə peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq, haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsə də onun ittiham olunduğu cinayəti törətməsi işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilir və məhkəmə hesab edir ki, onun təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərərək, işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, Rəşad onun həmkəndlisidir, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Şahid1 onun qardaşıdır, onunla xx.xx.2023-cü il tarixdə axşam saatlarında Cəlilabad rayonu, Şötüklü kəndində əkin sahəsində işlədikləri zaman Xəqani onun yanına gəlib demişdir ki, arvadı X3 ona zəng edib Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onların Cəlilabad rayonu, Bayxanlı kəndində yerləşən evlərinin yaxınlığına gələrək ucadan nalayiq söyüşlər söydüyünü və onları narahat etdiyini bildirir. Qardaşı Xəqani ilə qərara gəlmişdirlər ki, kəndə gedib məsələni aydınlaşdırsınlar. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində Cəlilabad rayonu, Bayxanlı kəndində yerləşən evlərinə getmişlər, orada qardaşı Xəqani arvadı Ruqiyyədən nə baş verdiyini maraqlanmışdır. Ruqiyyə demişdir ki, Rəşad sərxoş vəziyyətdə onların evinin yaxınlığına gəlib səs-küy salaraq ucadan nalayiq söyüşlər söymüş və onlar da Rəşadın bu hərəkətindən qorxmuşdur. Daha sonra qardaşı Xəqani ilə qərara gəlmişdirlər ki, Rəşadın evinə gedərək onu tapıb nə üçün belə etdiyini soruşsunlar. Xəqani ilə Rəşadın yaşadığı evə doğru getmişlər. O, küçədə gözləmiş, Xəqani isə Rəşadın yaşadığı evin həyətinə daxil olub onu çağırmışdır. Daha sonra qardaşı Xəqani küçəyə çıxıb onun yanına gəlmişdir. Xəqanidən sonra Rəşadın qardaşı Türkan küçəyə çıxmış və Rəşadın içkili olduğunu deyib onlardan getmələrini istəmişdir. O, isə Türkana demişdir ki, narahat olmasın. Bir müddət sonra Rəşad həyətdən çıxıb onların yanına gəlmiş, onlarla görüşüb nə istədiklərini soruşmuşdur. O, və qardaşı Xəqani Rəşaddan nə üçün sərxoş vəziyyətdə onların evinin yaxınlığına gedib orada söyüş söydüyünü və ailə üzvlərini narahat etməsini soruşmuşdur. Rəşad belə bir şey olmadığını deyib, onların dediklərini təkzib etmişdir. O, Rəşada demişdir ki, onların evinə getsinlər və orada ailə üzvləri onun üzünə desinlər ki, onları narahat edib. Rəşad razılaşmış və onlar, yəni o, qardaşı Xəqani, Rəşad və onun qardaşı Türkan oradan çıxıb onların evinə doğru getməyə başlamışdır. Cəlilabad rayonu, Bayxanlı kəndinin mərkəzindən keçən asfalt yol ilə təxminən 50 metr getdikdən sonra bir anda Rəşad dayanmış, əlini əynində olan şalvarın arxa cibinə aparıb oradan kiçik məişət bıçağı çıxardıb onun üzərinə gəlməyə başlamışdır. Bundan qorxub bıçağı Rəşadın əlindən almaq istəmiş, lakin ala bilməmişdir. Bu zaman Rəşad ona doğru bıçaqla bir neçə dəfə zərbə atmış və həmin zərbələrdən ikisi onun sağ qol nahiyəsinə dəymişdir. Onlar Rəşadın bu hərəkətlərindən qorxub evlərinə doğru qaçmağa başlamışdır. Evə gəldikdən sonra qardaşı Xəqani Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək bu barədə məlumat vermiş və daha sonra onunla birlikdə tibbi yardım almaqdan ötrü Cəlilabad RMX-na getmişlər. Orada ona tibbi yardım göstərmiş və daha sonra evə buraxmışlar. Əlavə suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Cəlilabad rayonu, Bayxanlı kəndinin mərkəzindən keçən asfalt yolun kənarında Təqsirləndirilən şəxs onun qol nahiyəsinə bıçaqla iki dəfə zərbə vurub ona xəsarət yetirmişdir. Hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisə baş verən zaman orada o, qardaşım Xəqani, Rəşad və onun qardaşı Türkandan başqa heç kim yox olmamış, qardaşı Xəqani onun yanında olduğundan o, hadisəni tam dəqiq görmüşdür. Rəşadın qardaşı Türkan isə onlardan bir az kənarda olduğuna görə onun hadisəsin görüb-görməməsini dəqiq bilmir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, adı şəxsiyyət vəsiqəsində Türkan kimi qeyd olunsa da onu kənddə Elsevər adı ilə tanıyırlar. Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs və Şahid1 əvvəllər tanımış, onun həmkəndliləridir, onlarla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 02 radələrində həyətlərində qardaşı Rəşadı kiminsə çağırdığını eşitmişdir. Rəşadı kimin çağırdığını bilmək üçün evdən həyətə çıxmış və Rəşadı çağıran şəxsin Şahid1 olduğunu görmüşdür. Daha sonra həyətə düşmüş və həyətdən çıxıb çöldə Xəqani və qardaşı Kamalı görmüşdür. Xəqanidən nə istədiyini soruşmuş, Xəqani isə Rəşad ilə işi olduğunu demişdir. Xəqaniyə Rəşadın sərxoş olduğunu və gecə vaxtlarında problem olacağını deyib evlərinə getməsini istəmişdir. Xəqani və Kamal ona heç bir problem olmayacağını demişdir. Bir müddət sonra qardaşı Rəşad evdən çıxıb onların yanına gəlib Xəqani və Kamaldan nə istədiklərini soruşmuşdur. Xəqani və Kamal demişdir ki, guya qardaşı Rəşad sərxoş vəziyyətdə oların evinin yaxınlığına gedib və onların ailə üzvlərini narahat edib. Qardaşı Rəşad belə bir hadisə baş vermədiyini demiş, bundan sonra isə Kamal Rəşada demişdir ki, onların evinə getsinlər və ailə üzvləri Rəşadın onların narahat etdiyi onun üzünə desin. Rəşad onlarla razılaşmış və onlar yola çıxıb Kamalın evinə doğru getməyə başlamışdır. Onlara gecə saatlarında problem yaranacağını desə də onlar heç biri onu dinləməmişdir. Bundan sonra onların arxası ilə getməyə başlamışdır. Bir az getdikdən sonra qardaşının onlarla mübahisə etdiyini görmüş, sonra isə Kamal və Xəqani oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra dərhal qardaşı Rəşadın yanına gedib nə baş verdiyini soruşmuşdur. Rəşad ona heç nə olmadığını bildirmişdir. Sonra isə ona getməsini bildirib bir azdan gələcəyini demişdir. Buna görə ona etiraz etməyib evə getmişdir. Qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirməsini görməmişdir. Nə də qardaşı ona Zərərçəkmiş şəxs bıçaqla vurduğunu deməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, Rəşad onun həmkəndlisidir, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs onun qardaşıdır, onunla xx.xx.2023-cü il tarixdə axşam saatlarında Cəlilabad rayonu, Şötüklü kəndində əkin sahəsində işlədikləri zaman arvadı X3 ona zəng edib Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onların Cəlilabad rayonu, Bayxanlı kəndində yerləşən evlərinin yaxınlığına gələrək ucadan nalayiq söyüşlər söydüyünü və onları narahat etdiyini bildirmişdir. Bu barədə qardaşı Kamala məlumat vermiş və onlar qərara gəlmişdir ki, kəndə gedib məsələni aydınlaşdırsınlar. xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu, Bayxanlı kəndində yerləşən evlərinə getmiş və orada bir daha arvadı Ruqiyyədən nə baş verdiyini maraqlanmışdır. Ruqiyyə ona demişdir ki, Rəşad sərxoş vəziyyətdə onların evinin yaxınlığına gəlib səs-küy salaraq ucadan nalayiq söyüşlər söymüş və onlar da Rəşadın bu hərəkətindən qorxmuşdur. Daha sonra qardaşı Kamal ilə qərara gəlmişdirlər ki, Rəşadın evinə gedib onu tapsınlar və nə üçün belə etdiyini soruşsunlar. Kamal ilə Rəşadın yaşadığı evə doğru getmişlər, Kamal küçədə gözləmiş, o, isə Rəşadın yaşadığı evin həyətinə daxil olub onu çağırmışdır. Bir müddət sonra Rəşad evdən çıxıb nə istədiyini soruşmuşdur. Rəşada 5 dəqiqəlik gəlməsini deyib onunla işi olduğunu bildirmişdir. Rəşad ona gözlə gəlirəm deyib evə daxil olmuşdur. Bu zaman Rəşadın qardaşı Türkan həyətə çıxıb nə istədiyini soruşmuşdur. Türkana Rəşad ilə işlərinin olduğunu demişdir. Türkan Rəşadın içkili olduğunu və gecə saatlarında problem olacağını demiş, o, isə Türkana heç bir problem olmayacağını bildirmişdir. Daha sonra Türkan, qardaşı Kamal və o, həyətdən çöldə dayanıb Rəşadın gəlməsini gözləmişlər. Bir müddət sonra Rəşad həyətdən çıxıb onların yanına gəlmiş və onlarla görüşüb nə istədiklərini soruşmuşdur. O, və qardaşı Kamal Rəşaddan nə üçün sərxoş vəziyyətdə onların evinin yaxınlığına gedib orada söyüş söydüyünü və ailə üzvlərini narahat etməsini soruşmuşdur. Rəşad belə bir şey olmadığını deyib, onun dediklərini təkzib etmişdir. X6 demişdir ki, onların evinə getsinlər və orada ailə üzvləri onun üzünə desinlər ki, onları narahat edib. Rəşad onlarla razılaşmış və onlar, yəni o, qardaşı Kamal, Rəşad və Rəşadın qardaşı Türkan oradan çıxıb onların evinə doğru getməyə başlamışdır. Cəlilabad rayonu, Bayxanlı kəndinin mərkəzindən keçən asfalt yol ilə təxminən 50 metr getdikdən sonra bir anda Rəşad dayanmış, əlini əynində olan şalvarın arxa cibinə aparıb oradan kiçik məişət bıçağı çıxardıb qardaşı Kamalın üzərinə gəlməyə başlamışdır. Qardaşı Kamal bundan qorxub bıçağı Rəşadın əlindən almaq istəmiş, lakin ala bilməmişdir. Bu zaman Rəşad qardaşı Kamala doğru bıçaqla bir neçə dəfə zərbə atmış və həmin zərbələrdən ikisi qardaşı Kamalın sağ qol nahiyəsinə dəymişdir. Onlar Rəşadın bu hərəkətindən qorxub evlərinə doğru qaçmağa başlamışdır. Evə gəldikdən sonra Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək bu barədə məlumat vermiş və daha sonra qardaşı Kamal ilə birlikdə tibbi yardım almaqdan ötrü Cəlilabad RMX-na getmişlər. Orada qardaşı Kamala tibbi yardım göstərilmiş və daha sonra evə buraxmışlar. Əlavə suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Cəlilabad rayonu, Bayxanlı kəndinin mərkəzindən keçən asfalt yolun kənarında Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs sağ qol nahiyəsinə bıçaqla iki dəfə zərbə vurub ona xəsarət yetirmiş, hadisə təxminən 5 dəqiqə davam etmiş, hadisə baş verən zaman orada o, qardaşı Kamal, Rəşad və Rəşadın qardaşı Türkandan başqa heç kim olmamış, özü hadisəni tam dəqiq görmüş və ola bilər ki, Rəşadın qardaşı Türkan da hadisəni görmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 Cəlilabad Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 595 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ saidin yuxarı 1/3 hissəsini deşib-keçən deşilmiş-kəsilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixdə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cəlilabad şəhərində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Rəşid və xx.xx.2017-ci il təvəllüdlü Səid adlı azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 20 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar