Məhkəmə qərarları › İş №1(073)-35/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-35/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-35/2023 09.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1992-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1970-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəməyə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 11 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Cəlilabad şəhərində, “Bağ” adlanan ərazidə Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 1.172 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 30 manat pul müqabilində alıb daşımaqla üzərində saxlamış, 12 oktyabr 2022-ci il tarixdə, saat 19:30-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 3.245 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq 11 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Cəlilabad şəhərində “Bağ” adlanan ərazidə həmin narkotik vasitə heroinin 1.172 qram hissəsini Təqsirləndirilən şəxs1 30 manat müqabilində qanunsuz olaraq satmış, 12 oktyabr 2022-ci il tarixdə, saat 19:30-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd boz rəngli cins şalvarın sol arxa cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla yanaşı 12 oktyabr 2022-ci il tarixdə saat 22:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə həmin ümumi təmiz çəkisi 3.245 qram olan narkotik vasitə heroinin 2.073 qram çəkidə qalan hissəsi aşkar edilərək götürülmüşdür. Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında yazılı vəsatət verərək, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin Cəlilabad RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçi2 məhkəmənin hazırlıq iclasında yazılı vəsatət verərək, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs2 münasibətdə sübut kimi yolverilməz materialların sübutlar siyahısından çıxarılması, Təqsirləndirilən şəxs2 barəsində cinayət işi üzrə icraata xitam verilməsi və aradan qaldırılması mümkün olmayan qanun pozuntularına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 və müdafiəçisi-Müdafiəçi2 məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısının vəsatətinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə etiraz etdilər. Təqsirləndirilən şəxs1 və müdafiəçisi-Müdafiəçi1 məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısının vəsatətinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə təqdim etdilər. Məhkəmə ittiham və müdafiə tərəfi dinləyib, iş materiallarını araşdırıb, dövlət ittihamçısının vəsatətinin dəlilləri ilə razılaşır və hesab edir ki, vəsatət təmin edilməli, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1 və 303.3.6-cı maddələrinə görə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələbinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.1-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. Həmin Məcəllənin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən qəbul edilən 14 oktaybr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin həmin qərara diqqət yetirəndə görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2 -ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, qərar qanunvericiliyin tələbləri nəzərə alınmaqla əsaslandırılmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Eyni zamanda həmin Məcəllənin 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində qərarı qəbul etmək səlahiyyətində olan prosessual şəxs tərəfindən nələrin əks etdiriməli olması göstərilmişdir. Həmin məlumatların içərisində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi də nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 223.4 -cü maddəsinə əsasən qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilir. Cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar elə bir prosessual sənəddir ki, bu qərar yalnız cinayətin həmin şəxs tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutlar mövcud olduqda qəbul edilir və mütləq şəkildə bu qərarı qəbul edən şəxs tərəfindən əsaslandırılır. Çünki özü-özlüyündə bu qərarın qəbul edilməsi ilə təqsirləndirilən şəxsin bir sıra konstitusion hüquq və azadlıqları məhdudlaşdırlır (məs: sərbəst hərəkət etmək və s.) Odur ki, qanunverici bu qərarın qəbul edilməsini bir sıra şərtlərdən asılı edir. O cümlədən də nəzərdə tutulur ki, qəbul edilən bu qərarda Cinayət Prosessual Məcəllənin 223.3-cü maddəsində göstərilən digər məlumatlarla yanaşı cinayətin baş vermə mexanizmi (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) ətraflı şəkildə göstərilsin. Qanunvericinin sözügedən qərarda bu tələbləri nəzərdə tutmaqda məqsədi istintaq orqanına barəsində cinayət təqibi aparılan, həmçinin bu və ya başqa formada cinayət təqibinin aparılmasında iştirak edən istənilən şəxsin konstitusion hüquq və azadlıqlarının hər hansı formal əsaslara görə məhdudlaşdırılması üçün deyil, məhz konkret araşdırma aparılmaqla əsaslandırılmış formada irəli sürülmüş ittihamla bağlı məhdudlaşdırılması üçün qərar qəbul etmək səlahiyyətinin verilməsini göstərməkdr. Belə ki, bu barədə qərar qəbul edilməklə cinayət təqibində artıq həmin şəxsin təqsirləndirilən şəxs qismində prosessual statusu müəyyən edilir, ona cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən ittiham irəli sürülür. Bu hal isə artıq onun müəyyən hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Ona görə də sözügedən tələblərin qeyd edilən qərarda əks etdirilməsi yolu ilə qanunverici bir növ hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Belə ki, təqsirləndirilən şəxs Əli Abbasov 12 oktyabr 2022-ci il tarixdə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşıması və saxlanılmasında şübhəli şəxs qismində tutularkən üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,172 qram heroini həmin gün axşam saatlarında Cəlilabad şəhəri “Bağ” adlanan ərazidə əvvəldən Abdulla kimi tanıdığı Təqsirləndirilən şəxs2 30 manata aldığını bildirmişdir. Həmin gün Cəlilabad rayon PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Abdulla kimi bilinən Təqsirləndirilən şəxs2 saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və aparılmış şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı onun üzərindən ümumi təmiz çəkisi 2,073 qr. heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 ilkin dindirmə zamanı izahatında və ifadəsində göstərmişdir ki, Əli Abbasovu tanıyır və sonuncunun üzərindən aşkar edilmiş 1,172 qr. heroini ona satmamış, pay vermişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası ƏN-nin MEM-nin X3 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizanın 13 oktyabr 2022-ci il tarixli 19/1086 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1.172 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 2.073 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” və “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan iki ədəd zərfdəki, 2 büküm heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Onun külli miqdarı 2 qramdan başlanır. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyətinə səbəb olur. Toplanmış ilkin sübutların məcmusu ilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 aşağıdakı məzmunda ittiham verilmişdir: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda ümumi təmiz çəkisi 1.172 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitəni istintaqa məlum olmayan vaxtda Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 30 manat pul müqabilində satmış, 12 oktyabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan X4 narkotik vasitələrin qanunsuz olaraq əldə etməsində, saxlamasında, istifadəsində və daşımasında şübhəli olduğu üçün həmin tarixdə saat 19:30-da Cəlilabad şəhəri, H.Məmmədov küçəsində saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd bükümdə 1.172 qram çəkidə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs2 toplanmış sübutların məcmusu əsasında təqsirləndirilir ondan ötrü ki, o,istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq - 2.073 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroiniəldə edib daşımaqla üzərində saxlamış, 12 oktyabr 2022-ci il tarixdə, saat 22.00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs Abdulla Feyzullayə xx.xx.2022-ci il tarixdə verilmiş ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ümumi çəkisi 3,245 qr. heroinin 1,172 qramını Əli Abbasova satması hissəsində CM-nin 234.2, özünün üzərindən aşkar edilmiş 2,073 qramına münasibətdə isə CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. İstintaqın gəlmiş olduğu nəticə ilə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə verilmiş ittiham qanunvericiliyinin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularkən üzərindən aşkar edilərək götürülmüş və külli miqdar hesab edilən heroinin 2.073 qr. olmasını nəzərə alsaq ona həmin vaxt CM-nin 234.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə ittiham verilməli idi. Bununla da, ibtidai istintaq orqanı tərəfindən yanlışlığa yol verilmiş, təqsirləndirilən şəxsin əməli düzgün tövsif edilməmişdir. Bu isə bariz şəkildə təqsirləndirilən şəxsin müdafiə hüqunun pozulması ilə nəticələnmişdir ki, şəxs nədə ittiham olunduğunu dərk etməmiş, ittihamın mahiyyəti ona aydın olmamışdır. Həmçinin, müstəntiq tərəfindən yol verilən pozuntular bununla bitməmiş qanunvericiliyin tələblərinin nəzərə alınmaması ilə yanaşı, qərarda təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın məzmununa daxil olan əməllər üzrə verilmiş ittiham faktiki olaraq anlaşılmaz olmuşdur. Belə ki, iş üzrə xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərarın qərara aldım hissəsində hər iki təqsirləndirilən şəxsə xx.xx.2022-ci il tarixdə verilmiş ittihamın əsaslı və qanuni olduğu göstərilərək qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərarla Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə verilmiş ittihamın qüvvədə saxlanılması qərara alınsa da, xx.xx.2022-ci il tarixli tərtib edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində ilkin olaraq verilmiş ittiham aktının məzmunundan tamamilə fərqli ittiham verilmişdir. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3.245 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq 11 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Cəlilabad şəhərində “Bağ” adlanan ərazidə həmin narkotik vasitə heroinin 1.172 qram hissəsini Təqsirləndirilən şəxs1 30 manat müqabilində qanunsuz olaraq satmış, geri qalan 2.073 qr. isə 12 oktyabr 2022-ci il tarixdə saat 22:00da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə aşkar edilərək götürülmüşdür. İttiham aktında Təqsirləndirilən şəxs2 satış məqsədi ilə ümumi təmiz çəkisi 3.245 qram külli miqdar təşkil edən narkotik vasitə olan heroini əldə edib özündə qanunsuz saxlamışdısa, daha sonra həmin narkotik vasitədən 1.172 qramnı alıcı Təqsirləndirilən şəxs1 30 manat müqabilində qanunsuz olaraq satmışdısa, necə olar bilər ki, geri qalan yenə də külli miqdan təşkil edən 2.073 qram narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşımaqla saxlamışdır. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittiham aydın olmamaqla yanaşı, dəqiq və anlaşılan olmamışdır. Halbuki, elan edilən ittihamda bu kimi hallara xüsusi diqqət yetirilməli, hansı miqdarda narkotik vasitənin əldə olunduğu, onun hansı miqdarının satıldığı, hansı miqdarının isə üzərində saxlamasının məqsəd və motivi göstərilməli və təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham dəqiq və anlaşılan olmalı idi. İttihamın məzmunundan belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs2 külli miqdar təşkil edən narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Cinayət Məcəlləsinin 234.4-cü maddəsinə əsasən, “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər” külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. CPM-nin 225.1-ci maddəsinin tələblərinə əsasən, “ibtidai istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya ona əlavələr etmək zərurəti yarandıqda, müstəntiq bu Məcəllənin 223 və 224-cü maddələrində müəyyən edilmiş tələblərə riayət etməklə yenidən ittiham elan etməlidir”. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən “ibtidai istintaq zamanı elan edilmiş ittihamın bir hissəsi təsdiq edilmədikdə, müstəntiq öz qərarı ilə ittihamın həmin hissəsində cinayət işi üzrə icraata xitam verir, onu təqsirləndirilən şəxsə elan edir və qərarın surətini ona təqdim edir”. Nəzərə alınsa ki, müstəntiq tərəfindən istintaq zamanı elan edilmiş ittihamı dəyişdirmək və ya onun məzmununda əlavələr etmək zərurəti yaranmış, həmin hal müvafiq qərarla əsaslandırılmaqla edilməli idi. Lakin hazırkı halda cinayət prosessual qanunvericiliyin tələbləri baxımından bunlara kifayət qədər hərtərəfli diqqət yetirilməli olduğu halda, belə bir diqqət yetirilməmiş, nəticədə yarımçıq ittiham irəli sürülməklə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Odur ki, qeyd edilən bu pozuntular bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar bununla da bitməmiş, həmin yarımçıq ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ibtidai istintaq zamanı işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamış, nəticədə cinayətin tövsifedici əlamətləri ilə bağlı zəruri hallar göstərilməsi təmin edilməyərək ittihamın mahiyyəti dəqiqləşdirilməmişdir. CPM-in 223.3.2-ci maddəsinə əsasən, şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə görə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 289.4-cü maddəsinə görə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mattoçia İtaliyaya qarşı” işi üzrə 25 iyul 2000-ci il tarixli qərarının 59-cu paraqrafına əsasən, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları”, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir. Məlumatın “ətraflılıq” dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham kifayət qədər aydın olmamış, onun törətdiyi cinayət əməli əsaslandırılmamış, bununla da CPM-in 223.3.2-ci maddələrinin tələbləri və Təqsirləndirilən şəxs2 müdafiə hüququ pozulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı cinayət işinin öyrənilməsi zamanı isə iş üzrə ibtidai istintaq zamanı CPM-in sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinə dair tələblərinin pozulması müəyyən olunmuşdur ki, həmin pozuntular məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini mümkünsüz edir. Belə ki, CPM-in 85.2.1-ci maddəsinə əsasən, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, həmin Məcəllənin 85.2.14-cü maddəsinə əsasən isə bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək müstəntiqin vəzifəsidir. CPM-in 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını, toplanmış sübutların eyni qaydada yoxlanılmasını, birbiri ilə müqayisə edilib təhlil olunmasını və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün sübutların qanunu rəhbər tutub öz daxili inamına uyğun düzgün qiymətləndirilməsinin həyata keçirilməsini müstəntiqin vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifə törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxılması və cinayət işi üzrə ilkin araşdırmanın başlamasından iş üzrə yekun qərarın qəbul edilməsi, ittiham aktının tərtib edilib işin aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsinədək olan müddətdə müstəntiqin əsas tutmalı olduğu qanuni tələbdir. Lakin hazırkı cinayət işinin öyrənilməsi zamanı iş üzrə ibtidai istintaq aparan müstəntiq tərəfindən qeyd edilən tələblərə tam riayət olunmadığı müəyyən olunmuşdur. Bu isə CPM-in 303-cü maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edir. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə, hesab edir ki, Müdafiəçi2 tərəfindən verilmiş vəsatətdə göstərilən dəlillər əsaslı olmadığından vəsatətin təmin edilməsi rədd edilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 12 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 oktyabr 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş, 25 oktyabr 2022-ci il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 159.7-ci və 159.7.3-cü maddələrində göstərilmişdir ki, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının son müddəti bir qayda olaraq az ağır cinayətlər üzrə - 7 (yeddi) aydan artıq ola bilməz. Bundan başqa cinayət işi materiallarından görünür ki, iş üzrə digər təqsirləndirilən şəxs X4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, həmin əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həmçinin digər hallar nəzərə alınmalı və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti bir ay, yəni 12 mart 2023-cü il tarixə kimi uzadılmalıdır. Həmçinin, digər təqsirləndirilən şəxs X4 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 159.10, 299, 300, 300.1.5, 303, 303.3.1, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və qərarda qeyd olunan nöqsanların aradan qaldırılması və hüquqi qiymət verilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və ev dustaqlığında saxlama müddəti 12 mart 2023-cü il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar