Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-38/2024 21.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran-Astara Regional Təhsil İdarəsində gözətçi işləyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-165/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 4 (dörd) il 06 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, cəzasını 10 iyul 2023-cü il tarixdə çəkib qurtarmış, Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Cəlilabad rayonu, Sabirabad kəndində yaşayan həmkəndlisi Zərərçəkmiş şəxs pensiya düzəltdirəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2022-ci ilin sentyabr ayının əvvəllərində Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində ilk dəfə 1500 (bir min beş yüz) manat, daha sonra 2022-ci ilin sentyabr ayı ərzində ayrı-ayrılıqda həmin yerdə 500 (beş yüz) manat və 300 (üç yüz) manat olmaqla, ümumilikdə sonuncuya məxsus 2300 (iki min üç yüz) manat pulu ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid əvvəllər tanımış, onlar onun həmkəndliləridir, onlarla ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs heç vaxt pensiya düzəltmək adı ilə bir manat belə olsun pul almamış, aralarında ona pensiya düzəltməyi ilə bağlı heç bir sövdələşmə və razılıq olmamışdır. Ümumiyyətlə Zərərçəkmiş şəxs pul almamışdır. Zərərçəkmiş şəxs və Şahid nə üçün bu barədə həqiqətə uyğun olmayan ifadə vermələri barədə heç bir fikri yoxdur. Hazırda özünü təqsirli bilmir. Himayəsində iki azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istinaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onun həmkəndlisidir, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Şəkər və qan çatışmazlığı xəstəliyindən əziyyət çəkir, lakin buna baxmayaraq pensiya almır. Şahid onun oğludur və onunla birlikdə yaşayır. 2022-ci ilin sentyabr ayının əvvəllərində oğlu Elçin İsmətlə birlikdə evə gəlmiş, Elçin ona İsmətlə danışıdıqlarını və İsmətin ona pensiya düzəldə biləcəyini dediyini bildirmişdir. İsmətdən ona necə pensiya düzəldəcəyini soruşmuş, İsmət isə ona pensiya düzəltmək üçün 1500 manat pul lazım olduğunu və ola bilsin ki, əlavə olaraq da 300-400 manat pul lazım olacağını demişdir. Bu barədə İsmətlə razılaşmış, evə gedib 1500 manat pul götürüb həyətə çıxmış və oğlu Elçinin yanında 1500 manat pulu sayıb İsmətə vermişdir. İsmət pulu aldıqdan sonra növbəti gün gəlib onu evdən götürəcəyini və birlikdə pensiya üçün sənəd toplamaq məqsədilə Cəlilabad rayonuna gedəcəklərini deyib onun həyətindən çıxaraq getmişdir. Növbəti gün İsmət onun evinə gəlmiş və o, İsmətlə birlikdə kənddə tanımadığı bir taksi avtomobilinə əyləşib Cəlilabad rayon mərkəzi xəstəxanasına getmişdir. O, xəstəxananın həyətində gözləmiş, İsmət isə xəstəxananın binasına daxil olmuşdur. Təxminən 15 dəqiqə sonra İsmət xəstəxanadan çıxıb onun yanına gəlmiş, işlərin həll olunduğunu və növbəti həftə Bakı şəhərinə getməli olduqlarını demişdir. Onunla kəndə qayıtmış və axşam saatlarında oğlu Elçin evə gəldikdən sonra Elçinə bu barədə məlumat vermişdir. Təxminən 5 gün sonra səhər saatlarında İsmət onun evinə gəlmiş, Bakı şəhərinə getməli olduqlarını və 500 manat da pul lazım olduğunu demişdir. Həmin zaman oğlu Elçin evdə olmuşdur. Evə keçib 500 manat pul götürmüş və həyətə çıxıb oğlu Elçinin yanında həmin 500 manat pulu sayaraq İsmətə vermişdir. İsmət pulu alıb ona Bakıya getmələrini demiş, İsmətlə tanımadığı bir taksi avtomobili ilə Cəlilabad rayonuna gəlmiş və oradan da tanımadığı bir taksi avtomobili ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində tanımadığı xəstəxanalardan birinə getmişlər, İsmət ona xəstəxananın həyətində gözləməsini deyib özü xəstəxanaya daxil olmuşdur. Təxminən yarım saat sonra İsmət gəlmiş və işlərin tam həll olunduğunu demişdir. Daha sonra İsmətlə birlikdə tanımadığı bir taksi avtomobili ilə Cəlilabad rayonuna gəlmişdir. Axşam saatlarında evinə çatmış və oğlu Elçinə bu gün olanlar barədə məlumat vermişdir. Təxminən 1 həftə sonra İsmət yenə də onun evinə gəlmiş, bütün işlərin həll olunduğunu və son dəfə Cəlilabad rayon mərkəzi xəstəxanasına getməli olduqlarını demişdir. İsmətlə razılaşmış və İsmət ona əlavə olaraq 300 manat da pul lazım olduğunu demişdir. İsmətlə razılaşıb evə gedərək 300 manat pul götürmüş və həyətə çıxıb həmin 300 manat pulu oğlu Elçinin yanında sayaraq İsmətə vermişdir. Daha sonra İsmətlə tanımadığı bir taksi avtomobilinə əyləşib Cəlilabad rayon mərkəzi xəstəxanasına getmişdir. İsmət ona xəstəxananın həyətində gözləməyini deyib özü xəstəxanaya daxil olmuşdur. İsmət təxminən 10 dəqiqə sonra xəstəxanadan çıxıb onun yanına gəlmiş, ona pensiya düzəltdiyini deyib bir ay sonra pensiyasını ala biləcəyini bildirmişdir. Daha sonra onunla birlikdə kəndə qayıtmışdır. Bir ay keçdikdən sonra İsmətdən pensiya işinin nə yerdə olduğunu soruşmuş, İsmət isə müxtəlif bəhanələr gətirərək işlərin bir az uzanacağını demişdir. Bundan sonra İsmətin onu aldatdığını başa düşmüş və ondan 2300 manat pulunu geri qaytarmasını istəmişdir. İsmət onun pulunu qaytarmamış və buna görə də oğlu Elçin onun barəsində polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, pensiya düzəldilməsi ilə bağlı İsmətlə birlikdə həmkəndliləri Baloğlan Əskərovun idarə etdiyi avtomobil ilə Masallı rayon mərkəzi xəstəxanasına getmişlər. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Ona vurulmuş ziyanı tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onun həmkəndlisidir, onunla hər hansı bir ədavət və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs onun anasıdır və onunla birlikdə yaşayır. 2022-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxsla kəndlərində kolxoz deyilən ərazidə görüşüb söhbət etmişdir. Söhbət əsnasında İsmətə anası Mehribanı xəstə olduğu üçün xətəxanaya aparacağını demişdir. İsmət ondan başqa nə problem olduğunu soruşmuşdur. İsmətə anasının ağır xəstə olmasına baxmayaraq ona pensiya vermədiklərini demişdir. İsmət ona anası üçün pensiya düzəltdirə biləcəyini, lakin müəyyən miqdarda pul lazım olacağını demişdir. İsmətdən nə qədər pul lazım olduğunu soruşmuş, İsmət isə 1500 manat pul lazım olacağını bildirmişdir. İsmətə anası Mehribandan gizli ona pul verə bilməyəcəyini deyərək, gedib anası ilə məsləhət etməli olduğunu bildirmişdir. İsmətlə evə getmiş, anasını həyətə çağırmış və həyətdə anasına İsmətin ona pensiya düzəldə biləcəyini və bunun üçün 1500 manat pul lazım olacağını demişdir. Bundan sonra anası İsmətlə razılaşmış, İsmət isə anasına 1500 manat pul müqabilində 1 aya ona pensiya düzəldəcəyini demişdir. Bundan başqa İsmət əlavə olaraq 300-400 manat pul lazım olacağını və bu barədə heç kimə heç nə deməməsini bildirmişdir. Bundan sonra anası İsmətlə razılaşmış, evə gedib 1500 manat pul gətirmiş və evlərinin həyətində həmin 1500 manat pulu sayıb İsmətə vermişdir. İsmət pulu aldıqdan sonra sabahı gün gəlib anasını evdən götürəcəyini və gedib pensiya üçün sənədləri toplayacağını bildirmişdir. Növbəti gün səhər saatlarında İsmət onların evinə gəlmiş və anası Cəlilabad rayonuna getdiklərini deyib onunla getmişdir. Axşam anası evə gəlib ona İsmətlə növbəti həftə Bakı şəhərinə xəstəxanaya getməli olduqlarını demişdir. Təxminən 5 gün sonra İsmət onların evinə gəlib anası Mehribana Bakıya şəhərinə getməli olduqlarını və əlavə olaraq da 500 manat pul lazım olacağını demişdir. Bundan sonra anası evə gedib 500 manat pul gətirmiş və evlərinin həyətində həmin 500 manat pulu sayıb İsmətə vermişdir. İsmət həmin 500 manat pulu anasından almış və daha sonra anası İsmətlə birlikdə Bakı şəhərinə getmişdir. Həmin gün axşam saatlarında anası evə gəlib ona artıq İsmətin bütün işləri həll etdiyini bildirmişdir. Təxminən 1 həftə sonra İsmət yenə də onların evinə gəlmiş, evlərinin həyətində onlara bütün işlərin həll olunduğunu və son dəfə anası Mehribanla Cəlilabad rayon mərkəzi xəstəxanasına getməli olduqlarını demişdir. Anası Mehriban onun razılaşmış və İsmət anasına əlavə olaraq 300 manat da pul lazım olduğunu demişdir. Anası İsmətə 300 manat pulu verəcəyini deyib, pulu gətirmək üçün evə getmiş, evdən çıxıb onların yanına gəlmiş və həmin 300 manat pulu onun yanında sayıb İsmətə vermişdir. Daha sonra İsmətlə anası evin həyətindən çıxaraq Cəlilabad rayonuna getmişdir. Təxminən 1 ay keçməsinə baxmayaraq İsmət anasının pensiya məsələsini həll edə bilməmiş və onlara aydın olmuşdur ki, İsmət onları aldadıb anasının 2300 manat pulunu almışdır. Daha sonra o və anası İsmətdən anasının ona verdiyi 2300 manat pulu istəsələr də İsmət müxtəlif bəhanələr gətirərək həmin pulu geri qaytarmamış, buna görə də o və anası polisə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə həmkəndlidirlər, onlarla hər hansı bir ədavət və düşmənçiliyi yoxdur. Özü bir neçə dəfə qəzaya düşdüyünə görə hadisələri tam xatırlamır. Xatırladığı qədər özünə məxsus «VAZ- 2106» markalı nəqliyyat vasitəsi ilə Zərərçəkmiş şəxs, onun oğlu Elçini və İsməti 1 dəfə dəqiq bilmədiyi tarixdə Zərərçəkmiş şəxs xahişi ilə Masallı rayon mərkəzi xəstəxanasına aparmışdır. Bunun müqabilində isə Zərərçəkmiş şəxs ona 15-20 manat pul vermişdir. Sonra isə həmin şəxslərlə birlikdə Cəlilabad rayonuna qayıtmışlar. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü Asim və xx.xx.2019-cu il təvəllüdlü Melisa adlı azyaşlı uşaqları vardır. İşdə olan xx.xx.2017-ci il tarixli, 058871 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, müharibə veteranı və 2-ci qrup əlil olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)- 165/2022 saylı hökmündən və Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 4 (dörd) il 06 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş və cəzasını 10 iyul 2023-cü il tarixdə çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin böyük ictimai təhlukə törətməyən cinayət olduğunu nəzərə alır və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(099)-165/2022 saylı hökmü ilə təyin edilmiş şərti məhkum etmənin ləğv edilməməsinin mümkünlüyü qənaətinə gəlir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə zərərçəkmiş şəxsə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinirək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon icra və probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-38/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-38/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver