Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-4/2023 12.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi FeyzullazadəƏli Elşən oğlunun, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Cəlilabad rayonunun Privolnoye kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Cəlilabad rayonunun Privolnoye kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 2022-ci ilin yanvar ayının əvvəllərində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla oradan sonuncunun mülkiyyətində olan 150 manat dəyərində bir ədəd qara rəngli, 32 ekran ölçülü “Sony” markalı televizoru, 600 manat dəyərində bir ədəd 40 ekran ölçülü “LG” markalı televizoru və 50 manat dəyərində bir ədəd feni-özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,235 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 12 may 2022-ci il tarixdə, saat 19 radələrində Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb Polis Şöbəsinə gətirilərək orada onun üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə özünə iş tapa bilmədiyi üçün maddi çətinləkləri olmuşdur. 2022-ci ilin yanvar ayının 5-də saat təxminən 18 radələrində maddi imkanı zəif olduğu üçün dəmir tullantıları yığıb satmaq istəmişdir. Bu məqsədlə yaşadığı kənddə olan çaydan keçərək Göytəpə şəhəri, Həsənabad küçəsinə gəlib orada küçədə bir qədər piyada gəzərək az miqdarda tullantı dəmir parçaları toplamışdır. Daha sonra saat 22 radələrində evə qayıdan zaman bir evin işıqlarının yanmadığını görmüşdür. Bir qədər həmin evin yaxınlığında gəzdikdən sonra evdə heç kimin olmadığını müəyyən edib evin hasarından içəri həyətə tullanmışdır. Həmin vaxt hava qaranlıq olduğu üçün özü ilə gətirdiyi alışqanın işığı ilə orada gəzərək evdə heç kimin olmadığını dəqiqləşdirmişdir. Daha sonra həyətdən götürdüyü dəmir parçası ilə evin pəncərəsini aralayıb evə daxil olmuş və evin otaqlarını gəzməyə başlamışdır. Bu zaman orada olan olan otaqların birində bir ədəd televizor diqqətini çəkmiş və onu götürüb otaqdan çıxmışdır. Daha sonra digər otağa baxdıqda orada da bir ədəd televizor olduğunu görüb onu da özü ilə götürmüşdür. Daha sonra həmin əşyaları evə daxil olduğu pəncərənin yaxınlığına gətirmiş və onları növbə ilə həyətə yığmışdır. Sonra evin darvazasını açıb oradan çıxmışdır. Həmin televizorları yaşadığı evə gətirib evdən bir qədər aralıda yerləşən köməkçi tikiliyə gətirib yoxladıqda onlardan birinin işlək, birinin isə işləmədiyini müəyyən etdikdən sonra onları orada gizlətmişdir. Həmin günün səhəri işlək olmayan televizoru evin yaxınlığında olan çaya atmışdır. Daha sonra küçədə olan ağ rəngli “VAZ 2106” markalı avtomobildən 20 manat müqabilində onu Masallı rayonuna aparmasını istəmişdir. Həmin şəxs onunla razılaşmış və o, evdən televizoru götürüb həmin avtomobillə Masallı rayonuna gəlmiş və “Köhnə Bazar” adlanan yerin yaxınlığına gəlib orada olan televizor təmiri ilə məşğul olan şəxsə yaxınlaşıb televizor satdığını bildirdikdə həmin şəxsin yanında müştəri qismində olan bir şəxs ona televizoru almaq istədiyini bildirmişdir. Həmin şəxslə razılaşdıqdan sonra televizoru ona 150 manat satmış və pulu aldıqdan sonra yaşadığı kəndə gəlmişdir. 10 aprel 2022-ci il tarixdə təxminən saat 12 radələrində Cəlilabad rayonu Göytəpə şəhərində piyada hərəkətdə olan zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər və onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişdir. Orada o, şifahi sorğu zamanı törədiyi oğurluq əməlini etiraf etmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Cəlilabad rayonu Göytəpə şəhərində piyada hərəkətdə olan zaman iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə üzərində narkotik vasitənin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişdir. Cəlilabad RPŞ-də video çəkiliş aparılaraq dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı predmetin olub-olmadığını yenidən soruşmuşlar. O da üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan cins şalvarın sol yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükülünü çıxardıb təqdim etmişdir. Bundan sonra həmin bükülü qablaşdırılmış və ekspertizaya göndərilməsindən ötrü möhürlənmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən parkdan tapmış, istifadə etmək məqsədilə üzərində saxlamış, lakin ondan istifadə etməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Himayəsində xəstə və yaşlı valideynləri var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə 07 aprel 2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə və teleqram göndərərək, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərərək, işə onun iştirakı olmadan baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri, Həsənabad küçəsinda fərdi yaşayış evi vardır. Əri Rusiya Federasiyasında işlədiyi üçün orada yaşayır. O da evdə tənha yaşamamaq üçün Masallı rayonunda yaşayan qızı ilə birlikdə yaşayır. ünvan 1-də yerləşən evinə təxminən 2-3 aydan bir gələrək nəzarət edir. Təxminən 3 ay bundan əvvəl həmin evə gəlmiş və hər şeyin qaydasında oluğunu görüb qapı və pəncərələri bağlayıb evi tərk etmişdir. 07 mart 2022-ci il tarixdə evə gəlib yoxlayan zaman evin pəncərəsinin açıq vəziyyətdə olduğunu görüb dərhal otaqlara göz gəzdirdikdə evin mətbəxində olan 32 ekran, qara rəngli, nasaz vəziyyətdə olan “Sony” markalı televizorun yerində olmadığını müəyyən etmişdir. Sonra digər otaqlara nəzər saldıqda yataq otağında olan narıncı rəngli fenin də yerində olmadığını müəyyən etmişdir. Daha sonra Göytəpə polis bölməsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. 07 aprel 2022-ci il tarixdə yenidən evə gəlib qızının əşyaları olan otağa nəzər saldıqda orada olan qara rəngli, saz vəziyyətdə olan “LG” markalı televizorun yerində olmadığını müəyyən etmişdir. Daha sonra Göytəpə polis bölməsinə gələrək bu barədə ərizə ilə müraciət etmişdir. «Sony» markalı televizor 32 ekran ölçülü, qara rəngli plazma formalı olmuş, həmin televizoru 2004-cü ildə almış və hazırda işlək vəziyyətdə olmamışdır. “LG” markalı televizor isə qara rəngli 40 ekran ölçülü, plazma formalı və işlək vəziyyətdə olmuş və onu 2021-ci ildə 600 manata almışdır. Bir ədəd fen isə narıncı rəngdə olmuş və onu da təxminən 3 il bundan əvvəl almışdır. Həmin əşyaların oğurlanması nəticəsində ona 800 manat ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Privolnoye kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsi ilə əlaqədar olaraq Cəlilabad RPŞ-də şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək, Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş prospektinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş prospektində hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulub müdafiəçi ilə təmin olunduqdan sonra üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd sarı rəngli sellofana bükülmüş heroinə bənzər kütlə təqdim edərək, 12 may 2022-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən parkın yaxınlığından tapdığını və həmin kütlənin hansı növə aid olduğunu bilmədiyini bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, sonra isə həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılıb şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan “Rizvan Şirkəti” ticarət mərkəzi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli arayışdan görünür ki, bir ədəd işlənmiş 32 ekran ölçülü, qara rəngli, plazma formalı “Sony” markalı televizorun orta bazar qiyməti 150 manat, bir ədəd işlənməmiş 40 ekran ölçülü, qara rəngli, plazma formalı, “LG” markalı televizorun orta bazar qiyməti 600 manat və bir ədəd saç qurutmaq üçün fenin orta bazar qiyməti 50 manat dəyərində olmuşdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış video çəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 19/580 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,235 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 1,235 qr, tədqiqata sərf olundu 0,05 qram, qalıq 1,185 qr). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 182 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmur. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs və ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və ona, təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan 13 aprel 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2022-ci il tarixdə saat 19:10-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 15 aprel 2022-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 aprel 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 16:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 12 may 2022-ci ildən hesablanmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə zalından həbsdən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişşəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,185 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 aprel 2022-ci ildən 15 aprel 2022-ci ilədək müddətdə həbsdə olduğu 2 (iki) gün, 12 may 2022-ci ildən 29 dekabr 2022-ci ilədək həbsdə olduğu 7 (yeddi) ay 17 (on yeddi) gün müddət, cəmi 7 (yeddi) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılmasının 1 (bir) il 3 (üç) ay 8 (səkkiz) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək Cəlilabad rayonunun Privolnoye kəndində yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 1,185 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-4/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-4/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver