Məhkəmə qərarları › İş №1(073)-40/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-40/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-40/2024 14.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 10:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Yardımlı rayonu Zevin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Yardımlı rayonu Zevin kəndində qeydiyyatda olan və Cəlilabad rayonu Fərzili kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, o, tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cəlilabad rayonu Şatırlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus 17.500 (on yeddi min beş yüz) manat dəyərində 12 baş iri buynuzlu heyvanlarını alıb pulunu qaytaracağı barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2022-ci ilin fevral ayının 5-də sonuncunun yaşadığı evin həyətindən diri çəkisi 450 kiloqram, xalis çəkisi 225 kiloqram ağ rəngli 5 illik qiyməti 2450 manat, diri çəkisi 270 kiloqram, xalis çəkisi 120 kiloqram olan qırmızı rəngli 3 il 6 aylıq yerli cins, qiyməti 1350 manat diri çəkisi 400 kiloqram, xalis çəkisi 200 kiloqram olan qara-ala rəngli 5 illik yerli cins, qiyməti 1650 manat diri çəkisi 300 kiloqram, xalis çəkisi 150 kiloqram olan qırmızı rəngli 4 illik yerli cins, qiyməti 1650 manat diri çəkisi 450 kiloqram xalis çəkisi 225 kiloqram olan qara rəngli 4 illik, qiyməti 2450 manat diri çəkisi 400 kiloqram xalis çəkisi 200 kiloqram olan qara rəngli 2 il 6 aylıq düyə cinsli, qiyməti 2200 manat diri çəkisi 350 kiloqram xalis çəkisi 170 kiloqram olan boz rəngli 2 il 6 aylıq düyə cinsli, qiyməti 1850 manat 7 (yeddi) baş inəkləri, diri çəkisi 120 kiloqram, xalis çəkisi 60 kiloqram olan, qırmızı rəngli, 1 illik, dişi, qiyməti 750 manat, diri çəkisi 100 kiloqram, xalis çəkisi 50 kiloqram olan, qırmızı rəngli, 1 illik, erkək, qiyməti 650 manat, diri çəkisi 100 kiloqram, xalisi çəkisi 50 kiloqram olan, qaramtıl rəngli, 1 illik, erkək, qiyməti 650 manat, diri çəkisi 100 kiloqram, xalis çəkisi 50 kiloqram olan, ala rəngli, 1 illik, dişi, qiyməti 650 manat, diri çəkisi 100 kiloqram, xalisi çəkisi 50 kiloqram olan, qırmızı-sarımtıl rəngli, 1 illik, dişi, qiyməti 650 manat olan 5 baş danaları “Qazel” markalı avtomobilə yüklətdirib 08 fevral 2022-ci il tarixdə 8 baş iri buynuzlu heyvanı Salyan rayonunun mal-qara bazarında, təxminən 2 (iki) həftə sonra 4 baş iri buynuzlu heyvanı Cəlilabad rayonunun mal-qara bazarında ümumilikdə 6400 (altı min dörd yüz) manat pula sataraq həmin pulları şəxsi ehtiyaclarına xərcləməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 17.500 (on yeddi min beş yüz) manat dəyərində mal-qaranı ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid əvvəlcədən tanıyır, onlarla hər hansı bir ədavət və ya düşmənçilikləri olmamışdır. Belə ki, o, 20 il müddətdir ki, heyvan alqı-satqısı ilə məşğul olur. 4 il öncə Şahid də iribuynuzlu heyvan satmışdır. Ondan sonra Rahib ilə arasında tanışlıq yaranmışdır. 2022-ci il fevral ayının əvvəllərində Şahid ona zəng edərək özünə məxsus olan 12 baş iribuynuzlu heyvanları satmaq istədiyini söyləmişdir. O da Rahibə heyvanların fotoşəkillərini çəkib göndərməsini söyləmişdir. Şahid də “Vhatsapp" mobil tətbiqi vasitəsilə heyvanların fotoşəkillərini çəkib ona göndərmişdir. Həmin heyvanlar 4 baş inək, 4 baş həmin inəklərin balaları və 4 baş danalardan ibarət olmuşdur. Rahib həmin heyvanları 10.000 (on min) manata satmaq istədiyini söyləmişdir. O isə Rahib ilə həmin heyvanları 9.000 (doqqquz min) manata alacağı ilə bağlı razılaşmışdır. Sonradan 03 fevral 2022-ci il tarixdə Şatırlı kəndinin örüş sahəsinə gedərək Şahid ilə görüşüb həmin heyvanlara baxmışdır. Orada razılaşmışlar ki, heyvanları nisyə olaraq alıb 2022-ci ilin may ayının sonlarında pulunu tam şəkildə ödəsin. 05 fevral 2022-ci il tarixdə özünə məxsus olan “Qazel” markalı avtomobillə Şatırlı kəndinə Rahibgilin yaşadığı evin həyətyanı sahəsinə gələrək həmin heyvanları avtomobilə yükləyib aparmışdır. Həmin vaxt Rahibin atası Zərərçəkmiş şəxs da orada olmuşdur. Heyvanları apardıqdan 3 gün sonra, 08 fevral 2022-ci il tarixdə həmin heyvanları satmaq üçün bazara aparmış, bazarda heyvanları ucuz istədiklərini görüb, mobil telefonla Şahid zəng edərək heyvanların ucuz olduğunu, qaytarmaq istədiyini bildirmiş, lakin Rahib onunla razılaşmamış, pulunu istədiyini demişdir. O, həmin gün heyvanların 8 başını Salyan rayonunda yerləşən heyvan alqı-satqısı bazarında satmışdır. 2 həftə sonra isə qalan 4 baş dananı Cəlilabad rayonu ərazisində yerləşən heyvan alqı-satqısı bazarında satmışdır. Həmin heyvanların satışından ümumilikdə 6.400 (altı min dörd yüz) manat pul əldə etmişdir. Həmin pula sonradan başqa heyvanlar almışdır. Şahid aldığı heyvanların satışından qazanc əldə edə bilmədiyindən maddi vəziyyəti onların pulunu ödəməyə imkan verməmişdir. Gəliri yalnız heyvan alqısatqısından əldə etdiyi qazancdan ibarətdir, əlavə gəlir sahəsi yoxdur. Hazırda onunla birlikdə yaşayan anası Növrəstə Balaşovanın səhhətində ciddi nasazlıqlar vardır və onun müalicə xərclərini də o, qarşılayır. İttiham aktında onun Zərərçəkmiş şəxs güya 17.500 manat ziyan vurması göstərilmişdir. O, ekspert rəyi ilə razı deyil, ekspert rəyində qiymət şişirdilmişdir. Onun zərərçəkmişlə razılaşması 10.000 (on min) manat olmuş və o, zərərçəkmişə 10.000 (on min) manat ziyan vurmuşdur. Bunu Zərərçəkmiş şəxs əvvəldən təhqiqat və istintaq zamanı ərizələrində və ifadələrində də qeyd etmişdir. O, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş 10.000 (on min) manat ziyanı tam ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Həmçinin qanunun tələbinə əsasən vurulmuş zərərin 25 faizini də dövlət büdcəsinə ödəmişdir. Odur ki, bu halları nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, kənd ərazisində yaşadığından təsərrüfatla məşğul olur, ailə üzvlərinin köməkliyi ilə iribuynuzlu heyvanlar saxlayır. 2022-ci ilin fevral ayının əvvəllərində şəxsi təssərrüfatında olan 12 baş iribuynuzlu heyvanları satmaq qərarına gəlmişdir. Oğlu Şahid də Yardımlı rayonu Zevin kəndində yaşayan heyvan alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs bu barədə söyləmişdir. Həmin vaxta qədər o, Maisi tanımamışdır. Oğlu Şahid həmin heyvanların fotoşəkillərini də çəkib Maisə göndərmişdir. 03 fevral 2022-ci il tarixdə Mais yaşadıqları evin həyətyanı sahəsinə gəlib həmin heyvanlara baxmışdır. 05 fevral 2022-ci il tarixdə isə Mais yaşadıqları evə özünə məxsus olan “Qazel” markalı avtomobillə iki oğlu ilə birlikdə gələrək həmin heyvanları avtomobilinə yükləyib aparmışdır. Onlar Təqsirləndirilən şəxs həmin heyvanları satarkən razılaşmışlar ki, Mais heyvanlar üçün 10.000 (on min) manat pul verəcək və həmin pulu 2022-ci ilin may ayında ödəyəcək. Sonradan 2022-ci ilin may ayında o və oğlu Şahid Təqsirləndirilən şəxsla mobil telefonla əlaqə saxlayaraq pulu istədikdə Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının sonunda pulu ödəyəcəyini demişdir. Lakin Mais vədinə əməl etməyərək pulu yenə ödəməmişdir. O və oğlu Rahib yenə də Təqsirləndirilən şəxsla mobil telefonla əlaqə saxlayan zaman Mais hər dəfə ödəyəcəyi iə bağlı vədlər versə də pulu ödəməmişdir. Sonradan 28 avqust 2022-ci il tarixdə Cəlilabad şəhəri ərazisində yerləşən “Mal bazarı” adlanan yerdə Təqsirləndirilən şəxsla görüşüb bu barədə söhbət etmişdir. Təqsirləndirilən şəxs yenə də pulu 2022-ci ilin sentyabr ayının sonlarında ödəyəcəyini demişdir. Lakin, yenə də Mais dediyi vaxtda pulu ödəməmişdir. O, Maisə heyvanlarını 10.000 (on min) manata satmışdır. Ekspet rəyində heyvanların qiymətinin 17.500 manat göstərilməsinə baxmayaraq, o, Təqsirləndirilən şəxs 10.000 (on min) manat pulunu tələb etmişdir. O, Polis Şöbəsinə yazdığı ilkin ərizəsində, izahatlarında və ibtidai istintaqda verdiyi ifadələrində də Təqsirləndirilən şəxs ona 10.000 (on min) manat borclu olduğunu və onu aldadaraq 10.000 (on min) manat pulunu ələ keçirtdiyini bildirmişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxs barışmışdır, ona dəymiş 10.000 (on min) manat maddi ziyan tam ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs ilə isə təxminən 2 il öncə özünə məxsus olan heyvanları satarkən tanış olmuşdur. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxsla arasında səmimi münasibət yaranmışdır. Təqsirləndirilən şəxs məxsus olan “Qazel” markalı avtomobil ilə bir neçə dəfə heyvan daşımışdır. Bu səbəbdən Maisə qarşı etibarı yaranmışdır. 2022-ci ilin fevral ayının əvvəllərində şəxsi təsərrüfatlarında olan 12 baş iribuynuzlu heyvanları satmaq qərarına gəlmişlər. Həmin vaxt atasına Təqsirləndirilən şəxs heyvanları satmaq istəməsi barədə deyəcəyini, Maisin onlara köməklik edə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxsla mobil telefon ilə əlaqə saxlayıb həmin heyvanları 10.000 (on min) manata satmaq istəməsi barədə məlumat vermişdir. Həmin vaxta qədər atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tanımamışdır. Həmin heyvanların fotoşəkillərini də çəkib Təqsirləndirilən şəxs göndərmişdir. 03 fevral 2022-ci il tarixdə heyvanları Şatırlı kəndi ərazisində yerləşən örüş sahəsində otararkən Təqsirləndirilən şəxs oraya gələrək heyvanlara baxmış və həmin heyvanları bəyənərək özünün almaq istədiyini demişdir. Təqsirləndirilən şəxs heyvanları nisyə alaraq pulunu 2022-ci ilin may ayında sonuncu bazar günündə verəcəyini demişdir. O da Maisi tanıdığından və ona etibar etdiyindən onunla razılaşmışdır. Evə gəldikdən sonra atası Zərərçəkmiş şəxsla da bu barədə danışmışdır. Atası razı olmayaraq Təqsirləndirilən şəxs həmin heyvanları nisyə satmaqdan imtina etmişdir. Lakin o, atasına Təqsirləndirilən şəxs tanıdığını, ona etibar edə biləcəklərini deyərək, atasını da bu işə razı salmışdır. Daha sonra 05 fevral 2022-ci il tarixdə Mais onların yaşadığı evə özünə məxsus olan “Qazel” markalı avtomobil ilə iki oğlu ilə birlikdə gələrək həmin heyvanları avtomobilinə yükləyib aparmışdır. Onlar Maisə həmin heyvanları satarkən razılaşmışdır ki, heyvanlar üçün 10.000 (on min) manat pul verməlidir və həmin pulun 2022-ci ilin may ayında verəcək. Sonradan 2022-ci ilin may ayının ortalarında o və atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla mobil telefonla əlaqə saxlayaraq pulu istədikdə Mais 2022-ci ilin may ayının sonunda pulu ödəyəcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməyərək pulu yenə ödəməmişdir. Onlar sonradan yenə də Təqsirləndirilən şəxsla mobil telefonla əlaqə saxlayan zaman Mais hər dəfə ödəyəcəyi ilə bağlı vədlər versə də pulu ödəməmişdir. 28 avqust 2022-ci il tarixdə Cəlilabad şəhəri ərazisində yerləşən “Mal bazarı” adlanan yerdə atası Təqsirləndirilən şəxsla görüşüb bu barədə söhbət etmişdir. Mais yenə də pulu 2022-ci ilin sentyabr ayının sonlarında ödəyəcəyini vəd etmişdir. Lakin, yenə də Mais dediyi vaxtda pulu ödəməmişdir. İş materiallarında olan, məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli 19/979 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iri buynuzlu heyvanların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 17.500 manat müəyyən edilir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onlara qanunun tələbinə əsasən obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsi və şahidin ifadəsi, həmçinin cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilsə də, iş üzrə maddi ziyanın məbləğinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 03 mart 2023-cü il tarixli 19/979 nömrəli rəyinə əsasən 17.500 (on yeddi min beş yüz) manat kimi qiymətləndirilməsi əsassız olmuşdur. Belə ki, zərərçəkmiş Məmmədov X1 rayon Polis Şöbəsinə yazdığı ilkin ərizəsində, iş üzrə təhqiqat zamanı verdiyi izahatlarında, ibtidai istintaqda verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində ona 10.000 (on min) manat məbləğində maddi ziyan vurulduğunu və Təqsirləndirilən şəxs onu aldadaraq 10.000 (on min) manat məbləğində pulunu ələ keçirdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 127.3-cü maddəsində göstərilmişdir ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi nəticəsində Zərərçəkmiş şəxs 10.000 (on min) manat maddi ziyan vurulduğundan, cinayət işi üzrə də dəymiş ziyanın məbləği 10.000 (on min) manat kimi qiymətləndirilməlidir. Cinayət işinə əlavə edilmiş cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən və məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət nəticəsində ona 10.000 (on min) manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda həmin ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam ödənilmişdir. Onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Nəzərə alınmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə baxışı iclası zamanı verdiyi ərizədən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilir, törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 73-1.2ci maddəsinə əsasən zərərçəkmişlə barışmasını və dövlət büdcəsinə pul ödəməsini nəzərə alıb onu cinayət məsuliyyətindən azad edib, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş 06 mart 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə dəymiş 10.000 (on min) manat maddi ziyanın 25 faizini, yəni 2.500 (iki min beş yüz) manat dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, cinayət məsuliyyətindən azad edilıməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Qərar 20 gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar