Məhkəmə qərarları › İş №1(073)-40/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-40/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-40/2025 03.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 10:55 X1 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1998-ci il tarixdə Lerik rayonunun Orand kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdə saat 02 radələrində satıcı-kassir vəzifəsində işlədiyi Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “OBA MARKET" MMC-yə məxsus olan “Oba Cəlilabad 1” marketində işdə olduğu zaman tamah niyyəti ilə, özgə əmlakını gizli olaraq talamaq məqsədilə marketdə yerləşən administrator otağının kilidlənməmiş qapısını açaraq otağa qanunsuz daxil olub, həmin otaqdakı saxlanc yeri olan seyfin açarını masanın üzərindən götürərək seyfin qapısını açmış və oradan 4.500 (dörd min beş yüz) manat nağd pul vəsaitini saxlanc yerinə qanunsuz daxil olaraq gizli talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Oba Cəlilabad 1” marketində satıcı-kassir vəzifəsində təxminən 5 ay olar ki, gecə növbəsində işləmişdir. Hər gün saat 23.00-da işə gəmiş və növbəti gün saat 08.00da iş vaxtı bitmişdir. Təxminən 3 ay olar ki, mobil telefonu ilə “Mostbet” və “Pinup” saytlarında onlayn kazino ilə mərc oyunları oynamışdır. Həmin vaxtdan etibarən qeyd olunan mərc oyunlarında təxminən 2000 manat pul uduzmuşdur. 20 oktyabr 2024-cü il tarixdə, saat 23.00-da işə gəlmiş və marketdə işləri ilə məşğul olmağa başlamışdır. 21 oktyabr 2024-cü il tarixdə, təxminən saat 02:00 radələrində kassada olduğu zaman qərara gəlmişdir ki, marketin anbarında yerləşən «admin otağı» na daxil olub orada olan seyfdən pul götürsün, daha sonra həmin pulları onlayn kazinoda mərc oyununa yatırıb uduş əldə etsin və əldə etdiyi uduşdan seyfdən götürəcəyi pulu yerinə geri qaytarsın. Anbara daxil olub admin otağına tərəf getmiş, qapının açıq olub-olmamasını yoxlamaq üçün qapının dəstəyini çəkmiş və qapı açılmışdır. Otağa daxil olmuş və görmüşdür ki, otaqdakı stolun üzərində seyf açarı var. Həmin açarı oradan götürüb seyfin kilidinə daxil edib seyfin qapısını açmışdır. Seyfdə yuxarı hissədə olan pulları götürüb seyfi bağlamış və açarı stolun üzərinə qoymuşdur. Seyfdən götürdüyü pulları saymış və 4500 manat olduğunu görmüşdür. Daha sonra admin otağından çıxıb qapını bağlamışdır. Anbardan çıxıb qapını bağlamış və marketdən də çıxmışdır. Oradan piyada Cəlilabad rayonunda yerləşən “Kapital Bank” fillialına getmişdir. Bankın qarşısında olan “Million” terminalından 4300 manat nağd pulu 5239-1517-9630-9642 saylı “Kapital Banka” aid kartına yükləmişdir. Qalan 200 manat pulu isə üzərində saxlamışdır. Oradan piyada işlədiyi marketə gəlmişdir. Marketdə işdə olduğu vaxt kartına köçürdüyü 4300 manat pulu “Mostbet” və “Pinup” saytlarına yükləmişdir. Qeyd olunan saytlarda onlayn mərc oyunları oynamağa başlamış və həmin pulların hamsını mərc oyunlarında uduzmuşdur. Pulları uduzduğuna görə də götürdüyü pulları yerinə qaytara bilməmişdir. Həmin gün səhər saatlarında marketin admini Şahid marketə gəlmiş, onu admin otağına çağırıb pulların yerində olmadığını demişdir. Şahid seyfdən 4500 manat pul götürdüyünü və gün ərzində həmin pulu qaytaracağını demişdir. Həmin gün oradan götürdüyü 4500 pulu qaytara bilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, səhvini etiraf edir və bir daha oğurluq etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxslə barışmış, dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur. Həmçinin özü «44 günlük Vətən müharibəsi» iştirakçısıdır. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxs “OBA MARKET" MMC Cəlilabad Rayon Məhkəməsinə ərizə göndərərək təqsirləndirilən şəxs tərəfindən şirkətə vurulmuş maddi ziyanın əvəzinin tam şəkildə ödənildiyini, həmin şəxslə barışıq əldə olunduğunu, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələblərinin olmadığını, qeyd olunanların nəzərə alınmasını, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxs “OBA MARKET" MMC nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-də hüquqşünas vəzifəsində işləyir. Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Oba Cəlilabad 1” marketinin administratoru Şahid 21 oktyabr 2024-cü il tarixdə onunla telefon vasitəsilə əlaqə saxlayaraq həmin marketdə satıcı işləyən Təqsirləndirilən şəxs 21 oktyabr 2024-cü il tarixdə, gecə saatlarında işdə olduğu zaman marketin administrator otağına daxil olub otaqdakı seyfdən 4500 manat nağd pul vəsaitini oğurlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əməli nəticəsində nümayədəsi qismində çıxış etdiyi Zərərçəkmiş şəxs MMC-nə 4500 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs MMC-nin vəzifə təlimatlarına əsasə satıcı-kassir vəzifəsində işləyən şəxsin marketdə yerləşən administrator otağına və otaqda olan seyfə daxil olmaq icazəsi yoxdur. Şahid – Şahid Mirdamət oğlu məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Oba Cəlilabad 1” marketində administrator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs marketdə satıcı-kassir işləmişdir. 20 oktyabr 2024-cü il tarixdə, saat təxminən 23 radələrində marketin anbarında yerləşən admin otağındakı seyfə 6000 manat pul qoymuşdur. Həmin pul şənbə və bazar günlərinin satışının pulu olmuşdur. Admin otağı və anbarın qapısı həmişə açıq olmişdur. Seyfin açarını da admin otağındakı stolun üzərinə qoymuşdur. Ondan başqa heç kimin admin otağına daxil olmaq səlahiyyəti yoxdur. 21 oktyabr 2024-cü il tarixdə, təxminən saat 07 radələrində marketə gəlmişdir. Marketin anbarında yerləşən administrator otağına getmiş, otağa daxil olub otaqda olan seyfi açmış, seyfdəki pulları götürüb saymış və 1500 manat pul olduğunu müəyyən etmişdir. Pullar yerində olmadığına görə satıcı-kassir işləyən Təqsirləndirilən şəxs yanına çağırıb seyfə qoyduğu 6000 manat puldan 4500 manatının seyfdə olmadığını demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, axşam həmin puldan 4500 manatını seyfi açıb götürüb onlayn mərc oyunlarına xərcləyib. Taleh götürdüyü pulu bir neçə saata gətirib qaytaracağını demişdir. Onu işdən çıxarmasınlar deyə Təqsirləndirilən şəxs götürdüyü pulu qaytarmasını gözləmişdir. Təxminən saat 18 radələrinə qədər gözləmiş, Taleh götürdüyü pulları qaytarmamışdır. Buna görə DİN-in 102 Xidməti Zəng Mərkəzinə və Cəlilabad rayon polis şöbəsinə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Cinayət işinə əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, qeyd edilən cinayət hadisəsi Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Oba Cəlilabad 1” marketində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Şahid Mirdamət oğlu hadisə yerini təqdim etmişdir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmişlə barışması, dəymiş ziyanı könüllü olaraq tam ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, ilk dəfə az ağır cinayət törətməsi, “Vətən müharibəsi iştirakçısı” olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 22 oktyabr 2024-cü il tarixdən 24 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu, Uzuntəpə kəndindəki fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar