Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-43/2025 16.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, 16 aprel 2025-ci ildə Cəlilabad şəhərində xx.xx.1966-cı ildə Cəlilabad rayonunun Mollalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Fərzili kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 noyabr 2024-cü ildə saat 20:20 radələrində idarə etdiyi “Hyundaı İX-35” minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara– İran sərhədi avtomobil yolunun Cəlilabad rayon ərazisindən keçən 147-ci km-də, Ələt qəsəbəsi istiqamətdə saatda 60-70 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yolun əks hərəkət zolağına çıxmamalı, avtomobilin dayanıqlı hərəkətini təmin etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun əks hərəkət zolağına çıxmış, bu zaman Astara rayon istiqamətində sağ zolaqla hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21043” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncu avtomaşında olan sürücü Zərərçəkmiş şəxs sol qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin, sol bud sümüyünün diafizar, sol qamış və incik sümüyünün aşağı 1\3 hissəsinin qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus “Hyundaı ix-35” minik markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla, həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi var. 30 noyabr 2024-cü ildə saat 20:20 radələrində idarə etdiyi “Hyundaı İX-35” minik markalı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda 60-70 km sürətlə hərəkətdə olmuşdur. Cəlilabad rayon ərazisindən keçdikdə, ani olaraq diqqəti yayındığından yolun əks hərəkət zolağına çıxmış, bu zaman Astara rayon istiqamətdə hərəkətdə olan “Vaz 21043” minik markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşında tək olmuşdur. Hadisənin baş verməsinə səbəb onun hərəkətdə olduğu istiqamətdə yerləşən yanacaqdoldurma məntəqəsindən digər bir avtomobilin çıxması olmuşdur. Həmin avtomobili gördükdən sonra o, məcburən avtomobilini qismən yolun əks istiqamətinə çıxarmışdır, bu zaman zərərçəkmişin avtomobili ilə toqquşmuşdur. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə dəfələrlə barışmağa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin ondan tələb etdiyi yüksək məbləğdə pul ilə bağlı razılığa gələ bilməmişlər. Üç oğlu var, onlardan biri İkinci Qarabağ müharibəsində şəhid olmuşdur, digər iki oğlu da döyüşlərdə iştirak etmişdir. Həmçinin özü də Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, hadisə yerinə baxış protokolu, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Hadisədən sonra atası yataq vəziyyətindədir. Onlara ümumilikdə 12800 manat ziyan dəymişdir, həmin ziyanı tələb edir. Təkcə avtomobilə 5000-6000 manat aralığında xərc qoymuşdur. Atasının ayağının topuq hissədən amputasiya olunmaq ehtimalı da var. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 30 noyabr 2024-cü ildə saat 20:20-də idarə etdiyi “Vaz 21043” minik markalı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətində sağ zolaqla saatda 60-70 km sürətlə hərəkətdə olmuşdur. Cəlilabad rayon ərazisindən keçdikdə ani olaraq əks tərəfdən gələn sonradan adını bildiyi Əlövsətin idarə etdiyi avtomaşının əks yola çıxmaqla üzərinə gəldiyini görmüşdür. Həmin vaxtda avtomaşının sükanı sağa doğru istiqamətləndirmiş, lakin hərəkət zolağında avtomaşınlar toqquşmuşdur. Hadisə zamanı avtomaşında olan Pərvin ilə birgə xəsarət almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, 30 noyabr 2024-cü ildə saat 20:20 də zərərçəkmiş Qədirağanın idarə etdiyi “Vaz 21043” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətində sağ zolaqla hərəkətdə olmuşlar. Cəlilabad rayonu ərazisindən keçdikdə ani olaraq əks tərəfdən gələn, sonradan adını bildiyi Əlövsət adlı şəxsin idarə etdiyi “Hyundaı İX-35” minik markalı avtomaşının əks yola çıxmaqla üzərinə gəldiyini görmüşdür. Həmin vaxt Qədirağa idarə etdiyi “Vaz 21043” minik markalı avtomaşının sükanını sağa doğru istiqamətləndirmiş, lakin avtomaşınlar toqquşmuşlar. Təqsirləndirilən şəxsin avotmobili tamamilə onlara əks hərəkət edirdi, zərərçəkmiş şəxs isə nə qədər çalışsa da qəzanın qarşısını ala bilməmişdir. Qəza zamanı huşunu itirmişdir. Hadisə zamanı avtomaşında olan Qədirağa ilə birgə xəsarət almışdır. İşdə olan Lənkəran rayonlararası narkoloji xəstəxananın 30 noyabr 2024-cü il tarixli, 356 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan DİN-nin BDYPİ QİS-in 17 dekabr 2024-cü il tarixli, 3-13-16\2-217622\24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci ildə AF 123210 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İşdə olan Cəlilabad rayon “MTE və PA” şöbəsinin 20 dekabr 2024-cü il tarixli, 952 nömrəli tibbi rəyindən görünür ki, X1 bədəni üzərində - sol qasıq sümüyünün yuxarı və aşağı şaxələrinin, sol bud sümüyünün diafizar, sol qamış və incik sümüyünün aşağı 1\3 hissəsinin qapalı sınığı aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30 noyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşdə olan Cəlilabad rayon “MTE və PA” şöbəsinin 17 dekabr 2024-cü il tarixli, 965 nömrəli tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol dirsək oynağı nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Cəlilabad rayon “MTE və PA” şöbəsinin 07 dekabr 2024-cü il tarixli, 953 nömrəli tibbi rəyindən görünür ki,Şahid Adil oğlunda sol qaş nahiyəsində əzilmiş yara, sol gözyuvası ətrafında, bel-oma və sağ diz oynağı nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 07 yanvar 2025-ci il tarixli, 8/3435 nömrəli rəyindən görünür ki, “Hyundaı İX-35” minik markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 005544 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvüdür. İşdə olan, yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 1 ədəd DVD diskdəki videogörüntüdən görünür ki, zərərçəkmiş şəxs avtomobili ilə öz yolu ilə hərəkətdə olarkən təqsirləndirilən şəxsin idarə etdiyi avotomobil onun yoluna çıxır və qarşı-qarşıya toqquşmaqla qəza baş verir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə ekspert rəyləri arasında tam uyğunluq vardır və onlar arasında ziddiyyət müəyyən olunmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyin tələbələrinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, əməlindən səmimi peşman olmasını və şəhid ailəsi üzvü olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərəfindən zərərçəkmiş şəxsin nümayəndəsinə zərərçəkmiş şəxsin sağlamlığına və əmlakına dəyən zərərlə bağlı müvafiq təsdiqedici sənədləri də əlavə etməklə mülki icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzasının əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə sağlamlığına və əmlakına dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Təqsirləndirilən şəxsin və zərəçəkmişin avtomobillərinin onlara təhvil verildiyi nəzərə alınsın, maddi sübut olan yol-nəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk isə hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-43/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-43/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver