Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-45/2023 15.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Cəlilabad rayonunun Prişib qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəl məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə saat 11 radələrində arvadı Zərərçəkmiş şəxs ilə sonuncunun işlədiyi təndirxananın yerləşdiyi Göytəpə şəhər sakini Şahid1 məxsus Göytəpə şəhəri Qurtuluş küçəsi 122 ünvanında yerləşən evin həyətində aralarında ailə məişət münasibətləri zəmnində baş vermiş mübahisə zamanı sillə və yumruqla Zərərçəkmiş şəxs baş və üz nahiyəsinə qəsdən vurmuş, sonuncu almış olduğu zərbənin təsirindən yerə yıxılması nəticəsində sağ-mil bilək oynaq nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu, sol əlin üçüncü barmağında sıyrıq olmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, arvadı Zərərçəkmiş şəxs ilə 2007-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 3 azyaşlı övladları vardır. 12 yanvar 2023-cü il tarixdə arvadı Xəyalə işlədiyi təndirxanada ona pul vermişdir ki, gedib uşaq üçün ayaqqabı alsın. O, da uşaqla birlikdə dükana gedib 23 manata bir ayaqqabı almışdır. Lakin baldızı Mehriban ayaqqabını bəyənməmiş və aparıb qaytarmasını ona bildirmişlər. Odur ki, gedib ayaqqabını qaytararaq yenidən təndirxanaya gəlmişlər. Arvadı Xəyalə ondan pulu istəmiş və bildirmişdir ki, bacısı Qəşəngül Cəlilabad şəhərinə gedəcək, uşaq da onunla gedib, oradan baxıb alarlar. O, da Xəyaləyə cavab vermişdir ki, uşağın atası odur, heç kim ağsaqqallıq etməsin. Özü aparıb ona ayaqqabı alacaq. Sonra da uşaqla birlikdə evə gəlmişdir. Evdə olarkən Xəyalə ona zəng edib bildirmişdir ki, Qəşəngül Cəlilabad şəhərinə gedir, uşağı gətirsin, onunla ayaqqabı almağa getsin.Yenə də Xəyaləyə etiraz etdikdə Xəyalə onu polislə hədələmişdir. Evə gəlməsini bildirsə də Xəyalə axşam gələcəyini söyləmiş, odur ki, özü təndirxanaya getmiş və aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı Xəyalə onun sağ sifət nahiyəsinə sillə vurmuş, o da Xəyalənin baş nahiyəsinə sillə yumruqla bir iki zərbə vurmuşdur. Xəyalə yerə yıxılaraq qışqırmış, səsə Xəyalənin təndirxanada işləyən bacısı Mehriban əlində çalovla gəlmişdir. Hadisə 12 yanvar 2023-cü il tarixdə saat 11 radələrində arvadı Xəyalənin işlədiyi təndirxananın həyətində baş vermişdir. Hazırda törətdiyi əməldən peşmandır və arvadı Zərərçəkmiş şəxs ilə barışmışdır və bir yerdə yaşayırlar. Ona görə də bunları nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2007-ci il tarixdə ailə həyatı qurmuş və birgə nikahdan üç azyaşlı övladları vardır. 12 yanvar 2023-cü il tarixdə saat təxminən 10 radələrində əri Təqsirləndirilən şəxs azyaşlı oğlu Məhəmmədlə birlikdə onun çörək bişirdiyi təndirxanaya gəlmiş və uşağa ayaqqabı almaq üçün ondan pul istəmişdir. O, əri Təqsirləndirilən şəxs 23 manat pul vermiş və Abbas oğlu Məhəmmədlə birlikdə ayaqqabı almaq üçün Göytəpə şəhərinin mərkəzində yerləşən dükana getmişlər. Az sonra Abbas oğlu Məhəmmədlə birlikdə onun yanına qayıtmışdır. O, Abbasın aldığı ayaqqabını alıb baxdıqda üstünün qopuq olduğunu və süni dəridən hazırlandığını görmüş, əlavə 5 manat pul da verərək gedib ayaqqabını qaytarıb yaxşısını almasını Abbasa bildirmişdir. Abbas ayaqqabını qaytarmaq istəməmiş, tikdirəcəyini söyləmişdir. Lakin o, təkid etdiyi üçün Məhəmməd ayaqqabını aparıb dükana qaytarmışdır. Bu zəmində əri ilə aralarında narazlıq yaranmış, Abbas onu hədələyərək oğlu Məhəmmədlə birlikdə evə getmişdir. Abbas ona zəng edib evə gəlməsini tələb etmiş o, isə işdən axşam gələcəyini söyləmişdir. Bu söhbətdən sonra saat 11 radələrində əri Təqsirləndirilən şəxs onun işlədiyi təndirxanaya gəlmiş, təndirxanadan bir az kənara çəkilmişlər. Əri Abbas onu hədələyib valideynlərinin ünvanına söyməyə başlamışdır. O, əli ilə Abbası itələdikdə isə Abbas sillə yumruqla onun baş və bədən nahiyələrinə vurmağa başlamışdır. Bu zaman yerə yıxılmış və səsinə bacısı Mehriban gəlmiş, özündə olmadığından sonra nə baş verdiyini bilməmişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Hazırda həyat yoldaşı ilə barışmışdır və bir yerdə yaşayırlar. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, barışmalarının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs ilə birlikdə Göytəpə şəhər sakini Məhəmməd adlı şəxsin Göytəpə şəhər Qurtuluş küçəsində yerləşən evinin həyətində təndirxanada işləyirlər. 12 yanvar 2023-cü il tarixdə saat 11 radələrində o, bacısı Xəyalə və digər çörəkbişirənlər Şövkət, Dürdanə və Cəmilə ilə birlikdə təndirxanada olarkən Xəyalənin əri Təqsirləndirilən şəxs oraya gəlmiş və Xəyaləni çağırıb təndrixanadan kənarlaşaraq həyətə tərəf getmişlər. Bu zaman görmüşlər ki, Abbas sillə və yumruqla Xəyalənin baş nahiyəsinə vurmuş, Xəyalə yerə yıxılmışdır. Həmin vaxt həyətdə olan ev sahibi Məhəmməd Abbası həyətindən çıxarmşdır. O, qızlarla bilikdə Xəyaləni yıxıldığı yerdən qaldırmışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 da verdiyi ifadəsində Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 16 yanvar 2023-cü tarixli 24 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ mil bilək oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu, sol əlin 3-cü barmağında sıyrıq müəyyən olunmuş, muəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan 12 yanvar 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda əri Təqsirləndirilən şəxs ilə barışdığını, ona hər hansı bir zərər dəymədiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və barışmalarının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, arvadı Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbinin olmadığını göstərərək cinayət məsuliyyərindən azad olunub barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmış, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.5ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci madddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-45/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-45/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver