Məhkəmə qərarları › İş №1(073)-47/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-47/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-47/2024 14.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Cəlilabad rayon Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, ailəli, hal-hazırda Biləsuvar rayonu Ə.Şıxlinski küçəsi ev 1-də yaşayan yaşayan və barəsində - 18 dekabr 2023-cü ildə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 08 oktyabr 2023-cü ildə saat 18:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 2107” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə, köhnə Ələt-Astara–İran sərhədi yolunun Cəlilabad rayon ərazisindən keçən 116,9-cu km\də Astara rayon istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yol kənarında piyada dayanmış oğlu Şahid2 gördüyündən avtomobilin əyləcini basmış, həmin anda idarəetməni itirdiyindən avtomaşın yolun əks hərəkət zolağına çıxmış, bu zaman əks istiqamətdən sağ zolaqla hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncu avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs2 sol ayağın İV daraq sümüyünün proksimal ucunun sınığı və sol ayağın küt travması, alın, sol dirsək oynağı, hər iki diz oynağı və hər iki baldır nahiyyələrinin sıyrıqları, alın nahiyyəsinin kəsilmə xarakterli yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs1 onurğanın İİ boyun fəqərəsinin cisminin, köndələn çıxıntısının və ayaqcığının sınıqları ilə müşayiət olunan boyun nahiyyəsinin küt travması, başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki saidin və hər iki baldırın qançırları, alın, hər iki təpə və sol dirsək oynağı nahiyyələrinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, özünə məxsus “Vaz 2107” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 08 oktyabr 2023cü ildə saat 18:10 radələrində idarə etdiyi “Vaz 2107” minik markalı avtomaşınla Ələt- Astara yolu ilə üzü Astara rayon istiqamətdə saatda təxminən 80-90 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Cəlilabad rayon ərazisindən keçdikdə yolun sağ ehtiyyat hissəsində azyaşlı oğlu İlkinin piyada dayanmış vəziyyətdə olduğunu görmüş, bu zaman avtomaşının əyləcini basmışdır. Həmin vaxtda avtomaşının arxa hissəsi oynadığından idarəetməni itirməklə yolun əks hərəkət zolağına çıxmış, bu anda əks istiqamətdən hərəkətdə olan “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşında tək olmaqla ağır xəsarət almışdır. Əməlindən peşimandır, himayəsində az azyaşlı uşaqları vardır, ilk dəfədir ki, cinayət törədir, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 08 oktyabr 2023-cü ildə saat 18:10 radələrində tanışı Rövşənin idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda 80 km sürətlə sağ zolaqla hərəkətdə olmuşlar. Cəlilabad rayon ərazisindən keçdikdə əks istiqamətdən hərəkətdə olan tanımadığı Vaz 2107 minik markalı avtomaşının arxa hissəsinin oynamaqla üzərilərinə gəldiyini görmüşdür. Həmin vaxtda Rövşən avtomaşının sükanını sağa doğru istiqamətləndirmiş, lakin toqquşma baş vermişdir. Həmin vaxtda avtomaşında olanlarla birgə xəsarət almışdır. Hadisə ilə əlaqədar ona maddi ziyan ödənilməsə də, hazırda sürücü Təqsirləndirilən şəxs bağışlamış, şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 08 oktyabr 2023-cü ildə saat 18:10 radələrində Rövşənin idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə sağ zolaqla hərəkətdə olmuşlar. Həmin vaxtda arxada əyləşdiyindən hadisənin dəqiq necə baş verdiyini görməmişdir. Cəlilabad rayon ərazisindən keçdikdə olduqları avtomaşının əks istiqamətdən hərəkətdə olan tanımadığı Vaz 2107 minik markalı avtomaşınla çırpıldığını hiss etmişdir. Hadisə zamanı avtomaşında olanlarla birgə xəsarət almışdır. Hadisə ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs barəsində şikayətçidir. Belə ki, hadisənin baş verməsindən uzun müddət keçməsinə baxmayaraq sürücü Təqsirləndirilən şəxs onun səhhəti ilə maraqlanmamış,ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmamış Şahid2 qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs doğma atasıdır. 08 oktyabr 2023-cü ildə saat 18 radələrində Ələt-Astara yolunun Cəlilabad rayon ərazisindən keçən hissəsində yol kənarında piyada dayanmaqla atası Aqilin gəlməsini gözləmişdir. Həmin gün saat təxminən 18:10 radələrində atası Aqil idarə etdiyi Vaz 2107 minik markalı avtomaşınla yanına yaxınlaşdıqda əyləci basmış, bu zaman avtomaşının arxası oynamaqla yolun əks hərəkət zolağına çıxmışdır. Həmin anda əks istiqamətdən Mercedes Benz E220 CDİ minik markalı avtomaşın hərəkətdə olduğundan avtomaşınlar toqquşmuşlar. Hadisə zamanı Aqil atomaşında tək olmaqla, ağır xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Özünə məxsus “Mercedes Benz E220 CDİ” minik markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomaşını olmaqla, həmin avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 08 oktyabr 2023cü ildə saat 18:10 radələrində idarə etdiyi “Mercedes Benz E220 CDİ” minik markalı avtomaşınla Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə saatda 80 km sürətlə sağ zolaqla hərəkətdə olmuşdur. Cəlilabad rayon ərazisindən keçdikdə təxminən 15-20 metr məsafədən əks istiqamətdən hərəkətdə olan tanımadığı Vaz 2107 minik markalı avtomaşının arxa hissəsinin oynamaqla üzərinə gəldiyini görmüşdür. Həmin vaxtda avtomaşının əyləcini basmaqla sükanı sağa doğru istiqamətləndirmiş, lakin hərəkət zolağının sağ hissəsində toqquşma baş vermişdir. Həmin vaxtda avtomaşında iki sərnişini olmaqla xəsarət almışlar İş materiallarına əlavə edilmiş Biləsuvar rayon mərkəzi xəstəxanasının 08 oktyabr 2023-cü il tarixli 517 nömrəli aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinə əlavə olunmuş DİN BDYPİ QİS-in 16 oktyabr 2023-cü il tarixli 3-13- 16\2-141137\2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə BD 419417 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinə əlavə edilmiş, MTE və PA Birliyin MEŞ-nin 02 noyabr 2023-cü il tarixli 399 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sol ayağın İV daraq sümüyünün proksimal ucunun sınığı və sol ayağın küt travması, alın, sol dirsək oynağı, hər iki diz oynağı və hər iki baldır nahiyyələrinin sıyrıqları bərk küt əşyanın təsirindən, alın nahiyyəsinin kəsilmə xarakterli yarası iti kənara malik əşyanın təsirindən əmələ gəlmişdirlər. Onun tibbi yardım üçün Biləsuvar RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 08 oktyabr 2023-cü ildə əmələ gələ bilərdilər. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Cinayət işinə əlavə edilmiş, MTE və PA Birliyin MEŞ-nin 02 noyabr 2023-cü il tarixli 400 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - onurğanın İİ boyun fəqərəsinin cisminin, köndələn çıxıntısının və ayaqcığının sınıqları ilə müşayiət olunan boyun nahiyyəsinin küt travması, başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki saidin və hər iki baldırın qançırları, alın, hər iki təpə və sol dirsək oynağı nahiyyələrinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. Onun tibbi yardım üçün Biləsuvar RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 08 oktyabr 2023-cü ildə əmələ gələ bilərdilər. Dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Cinayət işinə əlavə edilmiş, Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli3-16-16\2-8\3028 nömrəli rəyindən görünür ki, “Vaz 2107” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uygunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan, “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-cı il təvəllüdlü Nəzrin Əhmədova və xx.xx.2007-ci il təvəllüdlü Şahid2 adlı iki övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, əməlindən səmimi peşman olması və ailəsinin yeganə qazanc gətirəni olması, hadisə nəticəsində özünün də xəsarət alması, himayəsində bir yetkinlik yaşına çatmamış və bir az yaşlı uşaqlarının olması, iş üzrə zərərçəkmiş şəxslərdən biri ilə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut olan “Vaz 2107” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz E220” minik markalı 99 SU 27 qeydiyyat nişanlı avtomaşınların sahiblərində saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 128 ( yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1 -ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “Vaz 2107” minik markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz E220” minik markalı 99 SU 27 qeydiyyat nişanlı avtomaşınların sahiblərində saxlanılması nəzərə alınsın. İş üzrə 128 ( yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar