Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-47/2025 05.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Cəlilabad rayonunun Xanəgah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonunun Xanəgah kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 20 noyabr 2024-cü il tarixdə, saat 03 radələrində Cəlilabad rayonu, Türkelli kəndində yerləşən məscidin yanına gəlib həmin məscidin həyətində yerləşən saxlanc yeri hesab edilən anbar kimi istifadə edilən tikiliyə giriş qapısına zor tətbiq edib açdıqdan sonra qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus ümumi dəyəri 1000 (bir min) manat olan 40 (qırx) litr həcmli, mis materialından olan bir ədəd samovarı gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 dekabr 2024-ci il tarixdə, saat 22 radələrində X2 məxsus Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən yaşayış olmayan evin yaxınlığına gəlib həmin evin sol yan tərəfində yerləşən plastik pəncərəni zor tətbiq edib açmaqla qanunsuz olaraq evə daxil olub oradan həmin evdə təmir işləri aparan usta Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 275 manat olmaqla ümumi dəyəri 550 manat olan iki ədəd perforatorları, dəyəri 60 manat olan təmir və tikinti işlərində istifadə edilən qaynaq ütüsünü, dəyəri 60 manat olan bir ədəd ovuc daşlayıcını (laqonda), dəyəri 60 manat olan bir ədəd elektrik test cihazını, dəyəri 150 manat olan bir ədəd 05 litr həcmli samovarı gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq ciyanəti törətdiyinə görə məhkum olunmuşdur. 05 oktyabr 2024-cü il tarixinə kimi doğulduğu Türkelli kəndində ailəsilə birlikdə yaşamışdır. Qeyd etdiyi vaxtdan isə arvadı X3 və oğlu Məhəmməd Hüseynovla birlikdə Cəlilabad şəhəri, Cavadxan küçəsində kirayə yaşamağa başlamışdır. Bir müddət Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşadıqdan sonra yaşadığı evin şəraiti yaxşı olmadığından Cəlilabad şəhəri, M.Hüseyn küçəsində iki mərtəli yaşayış binasından kirayə ev tutmuş və ailəsilə birlikdə oraya köçmüş və həmin vaxtdan həmin ünvanda yaşamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, maddi sıxıntıları olduğu üçün 19 noyabr 2024-cü il tarixdə, axşam saatlarında yaşadığı evdə olan zaman qərara gəlmişdir ki, doğulduğu Türkelli kəndində yerləşən məsciddən oğurluq etsin. Bu məqsədlə o, həmin gün axşam yaşadığı evdən çıxıb, taksi sifariş vermiş və mağazadan içki və yeyecək alıb Türkelli kəndində yerləşən ona məxsus yaşayış olmayan evə getmişdir. Kəndə getdikdən sonra ona məxsus olan evdə spirtli içki qəbul etmiş və gecə saatlarında qərara gəlmişdir ki, kənddə yerləşən məscidə gedib orada olan samovarı oğurlasın. Bildirmişdir ki, həmin samovarın orada olması ona əvvəlcədən məlum imiş. O, təxminən saat 03 radələrində evdən çıxıb məscidin yanına getmişdir. Məscidin həyətinə daxil olduqdan sonra məscidin həyətində yerləşən saxlanc yerinə yaxınlaşmış və qapısına zor tətbiq edib açaraq içəri daxil olmuşdur. O, həmin vaxt oradan bir ədəd böyük ölçülü samovarı götürüb kənddə yerləşən ona məxsus evə gətirmişdir. Bundan sonra o, Cəlilabad şəhərində fəaliyyəti göstərən “*5515” taksi şirkətinə zəng vurub taksi sifariş vermişdir. Həmin vaxt o, evdən bir-iki digər əşya da götürmüşdür ki, taksi sürücüsü ondan şübhələnməsin. Təxminən 40 dəqiqə sonra taksi gəlmiş və o, oğurladığı samovarı və evdən götürdüyü bəzi əşyaları taksinin yük yerinə qoymuşdur. 20 noyabr 2024-cü il tarixdə, saat təxminən 05 radələrində o, Cəlilabad şəhərində yerləşən yaşadığı evə çatmış və taksinin pulu verdikdən sonra evə daxil olmuşdur. Həmin vaxt o, samovarı yaşadığı binanın həyətində yerləşən yarımtikilidə gizlətdim. Sabah açıldıqdan sonra mən, Cəlilabad şəhərində yaşayan qohumluq əlaqəsi olan Şahid1 zəng edərək kirayə pulunu verə bilmədiyini, bu səbəbdən də ona məxsus olan bir ədəd samovarı satmaq istədiyini bildirmişdir. Həmin vaxt o, Orxana demişdir ki, həmin samovarı Cəlilabad rayonunda sata bilmir və Orxandan xahiş etmişdir ki, həmin samovarı Masallı rayonuna aparıb satmaq üçün ona köməklik etsin. Orxan həmin vaxt ona şəxsi işləri olduğu bildirmiş, lakin o, israrla ondan xahiş etmişdir ki, Masallı rayonuna getmək üçün yol pulu yoxdur və Orxandan xahiş etmişdir ki, həmin samovarı Masallı rayonuna aparmağı üçün ona kömək etsin. Bundan sonra Orxan onunla razılaşmışdır. Həmin vaxt Orxan ona demişdir ki, onun Elmin adlı tanışı vardır və ondan xahiş edəcək ki, onu Masallı rayonuna aparsın. Bundan sonra o, Orxandan xahiş etmişdir ki, onunla birlikdə Masallı rayonuna getsin. Orxan da onunla razılaşmışdır. O, Orxana demişdir ki, onu Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən evdə gözləyir. Təxminən yarım saat sonra Orxan tanışı olan Elmin adlı şəxsin idarə etdiyi avtomobillə onun yaşadığı evə gəlmişlər. O, həmin samovarı avtomobilin baqajına qoymuş və onlar Masallı rayonuna yola düşmüşlər. Bildirmşdir ki o, Masallı rayonunda metal qəbul edilən yeri əvvəlcədən tanıyırmış. Onlar həmin yerə çatdıqdan sonra o, avtomobildən düşmüş, Orxan və avtomobilin sürücüsü isə avtomobildən düşməmişlər. O, həmin obyektdə olan şəxsə yaxınlaşaraq bir ədəd mis materialından olan samovar olduğunu bldirmiş və bundan sonra həmin samovarı avtomobilin baqajından çıxartmışdır. Həmin şəxs samovara baxmış və 250 manat pul qarşılığında ala biləcəyini demişdir. O da həmin şəxslə razılaşmışdır. Bundan sonra həmin şəxs ona 250 manat pul vermiş və o, avtomobilə əyləşmişdir. Daha sonra onlar Cəlilabad şəhərinə gəlmşlər. Cəlilabad şəhərinə çatdıqdan sonra o, avtomobilin sürücüsünə 20 manat yol pulu vermişdir. Daha sonra onu yaşadığı evin yaxınlığında qoyub çıxıb getmişlər. Bildirmişdir ki, samovarın satılması nəticəsində əldə etdiyi 250 manat pulu o, şəxsi ehtiyaclarına və borclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, oğurluq etmək məqsədi ilə 09 dekabr 2024-cü il tarixdə, saat təxminən 22 radələrində o, yaşadığı evdən çıxıb piyada olaraq Cəlilabad şəhəri, Cavadxan küçəsinə getmişdir. Yola çıxdıqdan sonra yolda yanında bir avtomobil saxlamış və o, mən həmin avtomobilə minib biraz qabaqda düşəcəyini demişdir. Həmin avtomobilin sürücüsü onu Cavadxan küçəsinin axırında atmışdır. O, avtomobildən düşərək piyada olaraq ara küçələrin birinə girmişdir. Bildirmişdir ki o, Cəlilabad şəhərinə köçdükdən sonra bir müddət Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşamışdır. Həmin vaxtdan ona məlum olmuşdur ki, orada yaşayış olmayan evlər vardır. Bu səbəbdən də qərara gəlmişdir ki, həmin evlərin birindən oğurluq etsin. Bildirmişdir ki, qeyd etdiyi kimi ara küçələrin birinə girmiş və piyada küçənin sonuna kimi getmişdir. Orada olan evlərin birinin həyətinə daxil olmuşdur. Həmin ev bir mərtəbəli ev olmuş və həyətdə su çəni var olmuşdur. O, yaşadığı evdən özü ilə götürdüyü alətlə evin sol tərəfində yerləşən plastik pəncərəni açmışdır. O, evə daxil olduqdan sonra evdə olan usta alətlərini, bir ədəd 5 litrlik samovarı götürüb oradan çıxmışdır. O, həmin əşyaları oradan götürdüyü kisəyə yığmışdır. Bundan sonra o, evin arxa tərəfinə keçib oradan əkin yeri ilə hərəkət etməyə başlamışdır. Daha sonra piyada hərəkət edərək Yardımlı rayonuna gedən asfalt yolunda yerləşən “qır zavodu” adlanan yerə çatmışdır. Daha sonra həmin əşyaları həmin zavodun yaxınlığında yerləşən gübrə anbarının arxasında gizlətmişdir. Səhəri gün, yəni 10 dekabr 2024-cü il tarixdə, həmin əşyaları tanımadığı səyyar metal yığan avtomobilinin sürücüsünə 120 manat pul qarşılığında satmışdır. Əlavə olaraq bildirmişşdir ki, qohumluq əlaqəm olan Şahid1 və tanışı Elmin adlı şəxsə satmış olduğu samovarın özünə məxsus olduğunu demişdir. Bu barədə onlarla aralarında heç bir razılaşma olmamışdır. Bildirmişdir ki, Şahid1 və avtomobilin sürücüsü Elmin adlı şəxsin onun həmin samovarı oğurlamağı barədə məlumatları olmamışdır. Bundan başqa bildirmişdir ki, hər iki cinayət əməlini törədən zaman yanında heç kim olmamış, onu kimsə görməmiş və bu barədə heç kimə məlumat verməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərlə barışmışdır və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Türkelli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı Türkelli kəndində fərdi təsərrüfatla məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Bildirmişdir ki, yaşadığı Türkelli kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında kənd məscidi yerləşir. Həmin məscid yaşadığı evin yaxınlığında yerləşdiyi üçün məscidə nəzarəti o, həyata keçirir. Bildirmişdir ki, həmin məscidin həyətyanı sahəsində məscidə məxsus əşyaların olduğu saxlanc yeri kimi istifadə edilən köməkçi tikili vardır. Həmin köməkçi tikilidə məscidə məxsus əşyalar saxlanılır. Qeyd etmişdir ki, o, özünə məxsus olan 40 litr həcmli, mis materialından olan bir ədəd samovarı da məscidin həyətində yerləşən qeyd etdiyi köməkçi tikilidə saxlayırmış. Bildirmişdir ki, ona məxsus olan həmin samovardan lazım olduqda məscidə gələn kənd sakinləri də istifadə edirmişlər. Mahiyyəti üzrə bildirmişdir ki, 11 dekabr 2024-cü il tarixdə, səhər saatlarında məscidə getmişdir. Məscidin həyətində yerləşən köməkçi tikiliyə baxış keçirən zaman ona məxsus olan qeyd etdiyi samovarın orada olmadığı görmüşdür. Daha sonra o, qonşuluqda yaşayan bir neçə şəxsdən bu barədə soruşsa da samovarın kim tərəfindən götürülməsini müəyyən edə bilməmişdir. Bundan sonra başa düşmüşdür ki, ona məxsus olan samovar məscidin həyətində yerləşən köməkçi tikilidən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin gün, yəni 11 dekabr 2024-cü il tarixdə Cəlilabad rayon polis şöbəsinə gələrək bu barədə ərizə yazmışdır. Daha sonra təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Hazırda ona dəymiş ziyan ibtidai istintaq vaxtı qaytarılmışdır. Təqsirləndirilən şəxs bağışlamış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmşdir ki, Cəlilabad rayonu, Uzuntəpə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul oluram. Belə ki o, Cəlilabad rayon ərazisində şəhid və qazi ailələri üçün dövlət sifarişli mənzillərin təmiri və tikintisi ilə məşğul olur. Bununla bağlı bildirmişdir ki, Cəlilabad şəhəri, Cavadxan küçəsində İİ Qarabağ müharibəsi qazisi Cəlilabad şəhər sakini X4 üçün tikilməkdə olan mənzildə usta kimi işləyirmiş. Təmir üçün lazım olan özünə məxsus alətləri həmin evdə saxlayırmış. Sonuncu dəfə 09 dekabr 2024-cü il tarixdə, təxminən saat 19 radələrində o, həmin evdən çıxmış və yaşadığı evə getmişdir. Ona məxsus usta alətləri isə hər gün olduğu kimi həmin evdə qalmışdır. 10 dekabr 2024-cü il tarixdə, səhər saatlarında o, həmin evə gəldikdən sonra görmüşdür ki, ona məxsus olan usta alətləri evdə yoxdur. Bundan sonra o, evin digər otaqlarını axtarmış, lakin alətlərin evdə olmadığı müəyyən etmişdir. Bundan sonra başa düşmüşdür ki, ona məxsus olan alətlər naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirtmişlər. Həmin vaxt o, bu barədə Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, qeyd etdiyi həmin evdən ona məxsus olan üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan orta ölçülü 2 ədəd perforator, üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan 1 ədəd qaynaq ütüsü, üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan 1 ədəd ovuc daşlayıcı(laqonda), üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan 1 ədəd elektrik testeri və 05 litr həcmli, mis materialdan hazırlanmış 1 ədəd od samovarı oğurlanmışdır. Oğurluq nəticəsində mənə təxminən 850-900 manat civarında maddi ziyan dəymişdir. Bundan əlavə bildirmişdir ki, həmin vaxt həyəcanlı olduğu üçün 1 ədəd samovarın X2 məxsus olmasını göstərmişdir. Lakin qeyd etmişdir ki, həmin samovar ona məxsusdur. Bundan başqa bildirmişdir ki, həmin vaxt o, evdə olan elektrik naqillərini tapa bilmədiyi üçün elə düşünmüşdür ki, elektrik naqilləri də oğurlanmışdır. Lakin sonradan evə təkrar baxan zaman elektrik naqillərinin evdə olduğunu və oğurlanmadığını müəyyən etmişdir. Qeyd etmişdir ki, ilkin ərizə və izahatında qeyd etdiyim 100 manat dəyərində olan digər elektrik malları, yəni elektrik naqilləri oğurlanmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməsə də, Təqsirləndirilən şəxs bağışlamış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində yaşayır və hazırda heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə qohumluq münasibəti vardır. Belə ki, Təqsirləndirilən şəxs atası Fizuli Ağayevin bibisinin nəvəsidir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlllər Cəlilabad rayonu, Türkelli kəndində yaşayırmış. Təqsirləndirilən şəxs əvvəllər cinayət törətdiyinə görə məhkum olunmasından məlumatım olmuşdur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tez-tez onun yaşadığı evə gəlib gedirmiş. Lakin təxminən 10 ilə yaxın müddətdir ki, o, Təqsirləndirilən şəxs görməmişdir. Belə ki, 2024-cü ilin noyabr ayının əvvələrində Cəlilabad şəhərində olan zaman təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, hazırda ailə üzvləri ilə birlikdə Cəlilabad şəhərində kirayə evdə yaşayır. Əmirxanla söhbət zamanı Əmirxan ona demişdir ki, hazırda Cəlilabad şəhərində yerləşən gübrə zavodunda fəhlə işləyir. Həmin vaxt Əmirxan ona demişdir ki, əlavə iş düşərsə ona məlumat versin. Bundan sonra o, istifadə etdiyi mobil telefon nömrəsini Əmirxana vermişdir. Bundan sonra o, Əmirxanla sağollaşıb yaşadığı evə getmişdir. Həmin gün o, Əmirxana zəng edərək yaşadığı evin həyətində yerləşən tövləni təmizləmək lazım olduğunu bildirmişdir. Təxminən bir saat sonra Əmirxan onun yaşadığı evə gəlmiş və tövləni təmizləməyə başlamışdır. Əmirxan işi bitirdikdən sonra o, Əmirxana gördüyü işin müqabilində 15 manat pul vermiş və Əmirxan pulu alıb çıxıb getmişdir. Təxminən bir neçə gün sonra Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan yerdə olan zaman Təqsirləndirilən şəxs mobil telefonla ona zəng etmişdir. Həmin vaxt Əmirxan kirayə pulunu ödəmək üçün ona pul lazım olduğunu, kənddə ona məxsus olan samovarı Cəlilabad şəhərinə gətirdiyini və pul lazım olduğu üçün hazırda satmaq istədiyini bildirmişdir. Həmin vaxt o, həmin samovara görə Əmirxana 50 manat pul təklif etmiş, Əmirxan isə ona demişdir, onda olan samovarın qiyməti bahadır. Bundan sonra Əmirxan mənə demişdir ki, Masallı rayonunda samovar alan yer tanıyır və ondan xahiş etdi ki, həmin samovarı oraya aparsınlar. Bundan sonra o, dostu Şahid2 zəng edərək Masallı rayonuna getmək istədiyini bildirmişdir. Elmin ona demişdir ki, onu Masallıya apara bilər. O, işini bitirdikdən sonra yaşadığı evə getmişdir. Həmin gün axşamüstü saatlarında Təqsirləndirilən şəxs ona bir daha zəng etmiş və bildirmişdir ki, samovarı Masallı rayonuna aparıb satsınlar. O, yenidən Elminə zəng etmişdir. Elmin onu yaşadığı evdən götürüb birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs bir ədəd böyük həcmli samovarı gətirib Elminə məxsus “Mercedes” markalı avtomobilin yük yerinə qoymuşdur. Daha sonra onlar, Masallı rayonuna yola düşmüşlər. Onlar Masallı rayonunda yerləşən metal qəbul edilən yerə çatmışlar. Bildirmişdir ki, həmin yeri o və dostu Elmin tanımırmışlar. Təqsirləndirilən şəxs isə tanıyırmış. Daha sonra Təqsirləndirilən şəxs özü samovarı həmin yerdə satmışdır. Bundan sonra onlar Cəlilabad şəhərinə qayıtmışlar. Həmin vaxt Əmirxan dostu Elminə yol xərci kimi 20 manat pul ödəmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə düşürtmüşlər və özləri də yaşadıqları evə getmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Masallı rayonuna satmış olduğu bir ədəd samovarın özünə məxsus olduğunu bildirmiş, həmin samovarın oğurluq olması barədə heç bir məlumatı olmamış və Təqsirləndirilən şəxs bu barədə ona heç bir məlumat verməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. Bildirirmişdir ki, o, 8 ilə yaxın müddət Rusiya Federasiyasında yaşamışdır. Təxminən bir ilə yaxın müddətdir ki, Rusiya Federasiyasından qayıtmışdır. Bildirmişdir ki, qayıtdıqdan sonra heç bir yerdə işləmir. Ona məxsus olmuş “Mercedes” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs Cəlilabad şəhər sakini dostu Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, bildiyinə görə Təqsirləndirilən şəxs dostu Şahid1 qohumudur. O, Təqsirləndirilən şəxs ilk dəfə Şahid1 yaşadığı evdə görmüş və orada tanımışdır. Təxminən 20 noyabr 2024-cü il tarixdə dostu Şahid1 ona zəng edərək Masallı rayonuna getmək istəyən müştəri olduğunu bildirmişdir. O da Orxana demişdir ki, apara bilərəm. Bundan sonra o, Orxanı götürərək Təqsirləndirilən şəxs yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən evə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bir ədəd böyük həcmli samovarı gətirib idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Həmin vaxt Əmirxan ona və Orxana demişdir ki, samovar onun özünə məxsusdur və kirayə pulunu vermək üçün satmaq istəyir. Onlar da Əmirxanın dediklərinə inanıb Masallı rayonuna yola düşmüşlər. Onlar Masallı rayonuna çatanda Təqsirləndirilən şəxs onlara hara getmək lazım olduğunu demişdir. Həmin yerə çatdıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşmüş və orada olan şəxslə söhbət etməyə başlamışdır. Bir neçə dəqiqə sonra Əmirxan həmin adamla razılaşmış və həmin samovarı metal qəbul edilən yerə satmışdır. Bundan sonra onlar Cəlilabad şəhərinə qayıtmışlar. Cəlilabad şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən “Dostluq” şadlıq sarayının yanında avtomobildən düşmüş və düşərkən ona 20 manat yol pulu vermişdir. Bundan sonra o və Orxan yaşadıqları evə getmişdir. Bildirmişdir ki, həmin vaxtdan sonra Təqsirləndirilən şəxs görməmişdir. Bundan başqa bildirmişdir ki, həmin vaxtdan bir neçə gün sonra ailə vəziyyəti ilə yaranmış problemlərlə bağlı idarə etdiyim “Mercedes” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili satmışmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Masallı rayonuna satmış olduğu bir ədəd samovarın özünə məxsus olduğunu bildirmiş, həmin samovarın oğurluq olması barədə heç bir məlumatım olmamış və Təqsirləndirilən şəxs bu barədə ona heç bir məlumat verməmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 4(073)-103/2024 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 03 ay müddətində azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə cəzadan azad edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasından hazırki vaxta qədər heç bir ödəniş etməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş və şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs və ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 11 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-47/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-47/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver