Məhkəmə qərarları › İş №1(073)-48/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-48/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-48/2024 15.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Astara rayonu, Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl azad olunmuş, 05 yanvar 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 08 noyabr 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarmm dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkisi 11,884 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, əməliyyat-axtarış tədbirinin davamı olaraq 08 noyabr 2023-cü il tarixdə, saat 15:00-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Astara rayonu, Ərçivan qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd siqaret qutusunda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əsəb xəstəsi olduğu üçün arabir narkotik vasitə marixuana qəbul etmişdir. Əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuşdur. 08 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə tanımadığı şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğunu bildirib onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O da həmin şəxslərin dəvətinə etiraz etməyərək onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməyə razılıq vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə onlara məxsus avtomobil ilə Cəlilabad rayon polis şöbəsinə gəlmişdir. Cəlilabad rayon polis şöbəsində gəldikdən sonra ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim edilmişdir. Bundan sonra ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən şəxsi istifadəsi üçün gəzdirdiyi bir ədəd siqaret qutusunda olan narkotik vasitə olan marixuananı könüllü olaraq təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunan narkotik vasitə olan marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, üzərindən aşkar edilmiş həmin narkotik vasitə marixuanaya bənzər kütləni 08 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Astara şəhərində yerləşən “bazar” adlanan ərazidə piyada hərəkət edən zaman yerdən tapmış, özü arabir narkotik vasitə marixuana istifadəçisi olduğundan gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. O, X3 tanıyır, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, Asif Hüseynova heç bir vaxt narkotik vasitə satmamışdır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 28 oktyabr 2023-cü il tarixdə X4 narkotik vasitə qurudulmuş marixuana satmaqda şübhəli bilinən Astara rayon sakini Zakir adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək İstintaq bölməsinə təmin edilməsi məqsədi ilə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Murad Nəciyev tərəfindən əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zakir adlı şəxsin xx xxxxxx 1969-cu il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 08 noyabr 2023-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində piyada hərəkətdə olan zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra o və Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik-leytenantı Şahid1 ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs istintaqa təqdim etməkdən ötrü rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlara birlikdə raypn polis şöbəsinə gəlmişdir. Rayon polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələri izah edilmiş, ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla İB-nin müstəntiqi Murad Nəciyev tərəfindən Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçmin sol iç cibindən bir ədəd siqaret qutusunu təqdim edərək həmin qutunun içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə içərisində narkotik vasitə olan marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaret qutusunun içərisində olan narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsilə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərinə onlar da imza etmişlər. Şifahi sorğu zaman Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş həmin narkotik vasitə marixuanaya bənzər kütləni 08 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Astara şəhəri ərazisində “bazar” deyilən yerdə piyada hərəkət edən zaman yerdən tapdığını, özünün narkotik vasitə marixuana istifadəçisi olduğunu və həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, eyni zamanda X3 əvvəllər tanıdığını, aralarında heç bir ədavət və ya düşmənçilik olmadığını, sonuncuya heç bir vaxt narkotik vasitə satmadığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ifadəsində Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd siqaret qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 noyabr 2023-cü il tarixli, 19/995 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd siqaret qutusunda təmiz çəkisi 11,884 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf olunmuş, 11,784 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 30 noyabr 2023-cü il tarixli 1067 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Lənkəran Ağır Cinayət Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 1(099)- 367/2018 nömrəli hökmünün surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl azad olunmuş, 05 yanvar 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 08 noyabr 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 noyabr 2023-cü il tarixdə saat 16:40-da Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 10 noyabr 2023-cü il tarixli 4(073)-151/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 11,784 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 08 noyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 11,784 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar