Məhkəmə qərarları › İş №1(073)-49/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-49/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-49/2024 22.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Lerik rayonunun Məhləband kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Lerik rayonunun Məhləband kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkisi 61,304 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 22 oktyabr 2023-cü il tarixdə saat 21:00-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli pencəyin sağ iç cibində bir ədəd ağ rəngli sellofan torbanın içərisində satış məqsədilə saxladığı 25 ədəd kibrit qutularında ayrıayrılıqda təmiz çəkiləri 2,767 qram, 6,467 qram, 2,530 qram, 2,349 qram, 2,186 qram, 1,806 qram, 2,483 qram, 2,603 qram, 2,778 qram, 1,938 qram, 1,585 qram, 2,458 qram, 2,254 qram, 2,867 qram, 2,085 qram, 1,312 qram, 2,294 qram, 2,330 qram, 2,260 qram, 2,641 qram, 2,699 qram, 2,166 qram, 1,985 qram, 2,400 qram və 2,061 qram olmaqla ümumi təmiz çəkisi 61,304 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, Lerik rayonu, Məhləband kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. 2010-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra bir müddət narkotik vasitə qəbul etməmişdir. Lakin təxminən iki ilə yaxın müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməyə başlamışdır. Mütəmadi olaraq hər gün “nəyşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Həmin narkotik vasitələri əvvəllər tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. O, məhkumluq həyatı yaşamış və onunla eyni cəzaçəkmə müəssisəsində Astara rayon sakini Zakir adlı şəxs də cəza çəkmişdir. Zakir adlı şəxslə münasibəti yaxşı olmuşdur. 2023-cü ilin oktyabr ayının əvvəllərində o, Astara rayonu, Ərçivan qəsəbəsinə yas yerinə getmişdir. Həmin vaxt təsadüfən orada həmin Zakir adlı şəxslə qarşılaşmışdır. Onlar yaxınlıqda olan çayxanada oturub söhbət etmişlər. Söhbət zamanı o, Zakirə ağrıları olduğu üçün narkotik vasitə marixuana istifadə etdiyini bildirmişdir. Söhbət əsnasında Zakir onun üçün narkotik vasitə marixuana təşkil etməsini xahiş etmişdir. Söhbət zamanı Zakirə mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün ona bir müddət istifadə etmək məqsədi ilə narkotik vasitə lazım olduğunu bildirmiş və bundan sonra Zakir ona 1500 manat dəyərində narkotik vasitə marixuana verəcəyini demişdir. Daha sonra Zakir ona 18 oktyabr 2023-cü il tarixdə Ərçivan qəsəbəsində görüşüb ona narkotik vasitə qurudulmuş marixuananı verəcəyini bildirmişdir. Bundan sonra Zakirlə sağollaşıb yaşadığı Lerik rayonuna getmişdir. 18 oktyabr 2023-cü il tarixdə, saat təxminən 16 radələrində o, Astara rayonu, Ərçivan qəsəbəsinə gedib Zakirlə görüşmüşdür. Həmin vaxt Zakir ona gözləməsini demiş, o həmin yerdə qalmış, Zakir isə çıxıb getmiş və təxminən 15 dəqiqə sonra geri qayıtmışdır. Zakir ona bir ədəd sellofan torbada ümumilikdə 30 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana vermiş, o isə həmin narkotik vasitə marixuananın əvəzində Zakirə 1500 manat pul vermişdir. Bundan sonra Zakirlə sağollaşıb yaşadığı Lerik rayonu, Məhləband kəndinə qayıtmışdır. Həmin narkotik vasitə marixuanadan 5 ədəd kibrit qutusunu istifadə etmişdir. 22 oktyabr 2023-cü il tarixdə o, işləmək məqsədilə Bakı şəhərinə getmək qərarına gəlmişdir. Bundan sonra həmin gün təxminən saat 16 radələrində o, hazırlaşıb yaşadığı evdən çıxaraq Ləkəran şəhərinə “Ləvəngi” dairəsi deyilən yerə gəlmişdir. Yaşadığı evdən çıxanda Zakir adlı şəxsdən aldığı narkotik vasitə qurudulmuş marixuananı da Bakı şəhərində olan zaman istifadə etmək üçün özü ilə götürmüşdür. Lənkəran şəhərində “Ləvəngi” dairəsi deyilən yerdə o, Bakı şəhəri istiqamətində hərəkət edən avtomobillərə əl ilə işarə etməyə başlamışdır. Bu zaman qara rəngli “Mercedes Vito” markalı avtomobil onun yanında dayanmışdır. O həmin avtomobilin sürücüsünə Bakı şəhərinə getmək istədiyini və ona 10 manat pul verəcəyini bildirmişdir. Avtomobilin sürücüsü onunla razılaşıb onu Bakı şəhərinə aparacağını bildirmişdir. Təxminən saat 20 radələrində onlar Lənkəran şəhərindən Bakı şəhərinə yola düşmüşlər. Onlar köhnə Bakı- Astara avtomobil yolu ilə Bakı şəhərin istiqamətində hərəkətə başlamışlar və təxminən saat 21 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərinə daxil olmuşlar. Göytəpə şəhərinin mərkəzində o, avtomobilin sürücüsündən həm siqaret çəkmək üçün və həm də mağazadan su almaq məqsədi ilə avtomobili saxlamasını xahiş etmişdir. Bundan sonra avtomobilin sürücüsü Göytəpə şəhəri ərazisində yolun kənarında avtomobili saxlamış və o avtomobildən düşmüşdür. O bir siqaret yandırmış və təxminən 25-30 metr kənarda olan ərzaq mağazasına tərəf getməyə başlamışdır. Siqareti çəkib qurtardıqdan sonra mağazaya daxil olmuş və su alaraq bayıra çıxmışdır. Mağazadan çıxdıqdan sonra üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini ona təqdim etmişlər. Həmin şəxslər onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuşlar. O da həmin şəxslərə üzərində narkotik maddə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə polis şöbəsinə gəlməyini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otaqların birinə gətirmişlər. Polis geyimində olan və özünü Cəlilabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Samir Musayev kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyii deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə ona yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Cəlilabad rayon Vəkil Bürosunun vəkili X8 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O əynində olan qara rəngli pencəyin sağ iç cibində şəxsi istifadəsi üçün gəzdirdiyi bir ədəd ağ rəngli sellofan paketin içərisində olan 25 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. X6 tərəfindən onun təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan 25 ədəd kibrit qutuları elektron tərəzidə çəkilmiş və çəkiləri müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş və iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütlələrin nə olması və nə məqsədlə üzərində gəzdirməyi barədə ona şifahi sual vermişdir. O həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitə qurudulmuş marixuananı Zakir adlı şəxsdən 1500 manat pul müqabilində aldığını, şəxsi istifadə üçün üzəridə saxladığını və narkotik vasitə qurudulmuş marixuananın üzərində olmasından heç kimin məlumatının olmamasını bildirmişdir. Bundan sonra üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra üzərində axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Hazırda özünü olan sürülmüş ittihamda təqsirli bilmir. Narkotik vasitəni tez-tez ağrıları olduğu üçün almış və satmaq niyyəti heç vaxt olmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Lerik rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 22 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 22 oktyabr 2023-cü il tarixdə, saat 21 radələrində Hüseynov X5 rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsində qara rəngli “Mercedes Vito” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb yaxınlıqda olan mağazaya girməsini müşahidə etmişlər. Bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs mağazadan çıxaraq həmin avtomobilə tərəf hərəkət etməyə başlamışdır. Bundan sonra onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğu bildirmişlər və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və əyləşmək istədiyi “Mercedes Vito” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü və həmin avtomobildə əyləşmiş bir nəfər qadın sərnişini Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də onların dəvətinə etiraz etməyərək rayon polis şöbəsinə gəlməyə razılıq vermişlər. Sonra onlar rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində Hüseynov X5 RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Samir Musayev tərəfindən şübhəli şəxs qismində tutularaq onlara hüquqlarını müdafiə etməsi üçün Cəlilabad rayon Vəkil Bürosunun vəkili təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış polis əməkdaşları, Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə Cəlilabad rayon polis şöbəsinin KTQ-nin inspektor kriminalisti Valeh Abdullayev tərəfindən videoçəkiliş aparılmaqla keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilən əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddə marixuana olduğunu bildirərək əynindəki qara rəngli pencəyin sağ iç cibindən ağ rəngli sellofan bağlamanı çıxarıb təqdim edərək həmin sellofanın içərisində olan kibrit qutularında narkotik maddə marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlamanın içərisində olan 25 ədəd kibrit qutularının içərisinə baxış keçirilərkən həmin kibrit qutularının içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik maddəni bir neçə gün öncə əvvəllər tanıdığı Astara rayon sakini Zakir adlı şəxsdən 1500 manat pul müqabilində əldə etdiyini, özünün narkotik vasitə marixuana istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, üzərində narkotik vasitə olmasından heç kimin məlumatının olmadığını, onunla birikdə Cəlilabad rayon polis şöbəsinə gətirilmiş sərnişin kimi əyləşdiyi “Mercedes Vito” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü və həmin avtomobildə əyləşmiş bir nəfər qadın sərnişini əvvəllər tanımadığını, həmin şəxslərin onun üzərində olan narkotik vasitə olmasından heç bir məlumatlarının olmamasını bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 22 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli pencəyin sağ iç cibindən bir ədəd ağ rəngli sellofan paketin içəsinində 25 ədəd kibrit qutularının içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 19/950 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 25 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 61,304 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər (tədqiqata sərf olundu 0,75 qr (hər ob. 0.03 qr istifadə edildi), qalıq 60,554 qr). İşdə olan 19/995 nömrəli ekspert rəyində aşkar edilmiş texniki səhv barədə ekspert tərəfindən Cəlilabad rayon Polis Şöbəsinə verilmiş məlumatdan görünür ki, Cəlilabd RPŞnin icraatında olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə təyin edilmiş narkotik vasitələrin məhkəmə ekspertizasının aparılması barədə qərar və maddi sübut xx.xx.2023-cü il tarixdi Məhkəmə Ekspertiza X2 Bölməsinə daxil olmuşdur. Qərarda həmçinin xx.xx.2023-cü il tarixli, 19/950 nömrəli rəydəki narkotik vasitə ilə eynilik sualı verilmiş və həmin işin maddi sübutu da təqdim edilmişdir. Təqdim edilmiş qərara və maddi sübutlara əsasən 19/995 ekspert rəyi tərtib edilmiş və xx.xx.2023-cü il tarixdə Cəlilabad rayon Polis Şöbəsinə göndərilmişdir. Sonradan aşkar edilmişdir ki, həmin rəyin qeyd hissəsində eynilik üçün təqdim edilən narkotik vasitənin tədqiqata sərf edilən və qalıq kütləsi yazılmamışdır. Beləliklə, 19/995 nömrəli rəyin qeyd hissəsinə əlavə olunmalı olan məlumat aşağıdakı kimidir: Marixuananın təmiz çəkisi 60,554 qr., tədqiqita sərf edildi: 0.1 qr., qalıq 60,454 qr. təşkil edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 987 saylı rəydən görünür ki, müayinə zamanı X4 KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 3018 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. A.Ə.Hüsyenovun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterini məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 22 oktyabr 2023-cü ildən hesablanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndinin ikinci hissəsində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini məhkəmə özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs və ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və ona, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur. İşdə olan tələbnamədən və Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2, 234.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 9 (doqquz) il 6 (altı) aya endirilmiş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. İşdə olan Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsdirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 1 (bir) il müddətə azadlığın məhdudulaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Lerik rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2023-cü il tarixdə tam çəkib bitirmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 60,454 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 22 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 60,454 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar