Məhkəmə qərarları › İş №1(073)-5/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-5/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-5/2024 28.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 oğlunun iştirakları ilə xx xxxxxx 1997-ci ildə Cəlilabad rayonu, Mirzəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ev 41-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə xx xxxxxx 1999-cu ildə Cəlilabad rayonu, Mirzəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyyatda olan və həbs olunana kimi Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ev 41də yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 15 mart 2023-cü il tarixdə saat 00:10 radələrində, yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmtsizlik ifadə edən qərəzli hərəkətlər edərək, qardaşı Təqsirləndirilən şəxs2 ilə əlbir olub qrup təşkil edərək, Zərərçəkmiş şəxs ilə mübahisə edib onu nalayiq söyüşlərlə söyərək yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona başın təpə nahiyəsində əzilmiş yara və əzilmiş səthi yaralar, başın sağ gicgah-təpə nahiyəsində və sol gözyuvası ətrafında qançır, alın, sağ qaş və hər iki diz oynağı nahiyəsində, döş qəfəsinin ön səthində sıyrıqlar əmələ gəlməsinə səbəb olan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və başın təpə nahiyəsində bir ədəd əzilmiş yara əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 15 mart 2023-cü il tarixdə saat 00:10 radələrində, yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, qardaşı Təqsirləndirilən şəxs1 ilə əlbir olub qrup təşkil edərək, Zərərçəkmiş şəxs ilə mübahisə edib onu nalayiq söyüşlərlə söyərək yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq ona başın təpə nahiyəsində əzilmiş səthi yara və əzilmiş səthi yaralar, başın sağ gicgah-təpə nahiyəsində və sol gözyuvası ətrafında qançır, alın, sağ qaş və hər iki diz oynağı nahiyəsində, döş qəfəsinin ön səthində sıyrıqlar əmələ gəlməsi, bundan sonra isə silah qismində istifadə etdiyi bıçaqın dəstəyi ilə başına bir dəfə zərbə vuraraq başın ənsə nahiyəsində kəsilmiş səthi yara əmələ gəlməsinə səbəb olan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və başın təpə nahiyəsində bir ədəd əzilmiş yara əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, şəxslər üzərində zor tətbiq olunması və silah qismində istifadə edilən əşya tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi sübuta yetirilmiş, Təqsirləndirilən şəxs1 hərəkətlərində isə həmin Məcəllənin 221.3-cü maddəsinin deyil, 221.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onlarla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxslə və onun ailə üzvləri ilə aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 13 mart 2023-cü il tarixdə o, babasının il dönümü məclisində iştirak etmək üçün Bakı şəhərindən Cəlilabad şəhərinə gəlmişdir. 14 mart 2023-cü il tarixdə o, atası Vəli və ailə üzvləri birlikdə babasının il dönümü ilə əlaqədar Cəlilabad rayonunun Mirzəli kəndinə getmişlər. Onlar kənddə babasının il dönümü məclisində iştirak edəndən sonra 15 mart 2023-cü il tarixə keçən gecə Cəlilabad şəhərində olan evlərinə onun idarə etdiyi “Mercedes” markalı, ** OV *** dövlət nömrə nişanlı avtomobillə gəlmək üçün yola düşmüşlər. Onlar gəlib saat 00:10 radələrində yaşadıqları evin küçəsinə çatarkən qonşuları Valeh, Nurlan, Vilayət və Həbibin onların evinin qarşı tərəfində yolun kənarında çərşənbə bayramı ilə əlaqədar tonqal yandırdıqlarını və tonqalın kənarında ucadan danışdıqlarını görmüşdür. O, idarə etdiyi avtomobillə həyətlərinə keçib avtomobilini saxlayaraq düşmüş, həyətdə olarkən tonqalın ətrafında Valehgilin nalayiq söyüşlə ucadan danışdığını eşitmişdir. Valehgilin söyüşlə danışığını eşidəndən sonra avtomobilinə əyləşib avtomobilini idarə edərək küçəyə çıxmış, avtomobili saxlamış və Valehgilin yanına yaxınlaşmışdır. Sonra onlara niyə görə orada ucadan söyüşlə danışdıqlarını və oradan çıxıb öz qapılarının qarşısına getmələrini demişdir. Onun bu sözündən sonra Zərərçəkmiş şəxs ona cavab verərək yaxşı etdiklərini demişdir. Zərərçəkmiş şəxs bu sözündən sonra o, avtomobilindən yerə düşərək ona yaxınlaşmış, həmin vaxt Valeh onun ünvanına nalayiq ifadə işlətmiş və buna görə aralarında sözlü mübahisə yaranmışdır. Zərərçəkmiş şəxs gözlənilmədən onu vurmuş, buna görə Valehlə əlbəyaxa olmuşlar və dalaşarkən ayağı ilişərək yıxılmışdır. Valeh də özünü saxlaya bilməyərək onun üstünə yıxılmışdır. Valeh yıxılandan sonra o, yumruqla vurmağa başlamış, elə bu zaman qardaşı Emin gələrək Valehdən yapışıb onu kənara çəkmişdir. Sonra isə yerdən qalxaraq əsəbi olduğu üçün yenə Valehə yaxınlaşıb onu yumruq və təpiklə vurarkən atası Vəli və bibisi oğlu Şahid3 da səsə ora gəlmişlər. Atası Vəli və orada olan qonşu uşaqlar yaxınlaşıb onu kənara çəkmişlər. Bundan sonra qonşu uşaqlar Valehi evlərinə aparmış, atasıgildə onu öz evlərinə aparmışdır. Hadisə zamanı qardaşı Təqsirləndirilən şəxs2 əlində bıçaq olmamış və Zərərçəkmiş şəxs bıçaqla vurmamışdır. Hal-hazırda baş vermiş hadisəyə görə əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmaq istəsə də, zərərçəkmiş şəxs onunla barışmaq istəməmişdir. Odur ki, bu halları nəzərə alaraq məhkəmədən ona həbslə əlaqəli olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək və CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir, o, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. 14 mart 2023-cü il tarixdə babası Məmmədhüseynin il dönümü ilə əlaqədar o, atası Vəli, qardaşı İman Cəlilabad rayonunun Mirzəli kəndinə getmişlər. Onlar gecə saat 24 radələrində İmanın idarə etdiyi “Mercedes” markalı avtomobillə gəlib küçə qapılarına çatarkən, küçə qapılarının yanında çərşənbə bayramı ilə əlaqədar tonqal yandırılaraq qonşuları Zərərçəkmiş şəxs, Nurlan, Vilayət və Həbibin tonqalın kənarında dayandıqlarını görmüşlər. Onlar Valehgilə heç bir əhəmiyyət vermədən yaşadıqları evin həyətinə keçmiş, həyətlərinə keçəndən bir neçə dəqiqə sonra tonqalın yanında fişəng partlaması səsini eşitmişlər. Elə bu zaman o, qardaşı İmanla birlkdə avtomobilə əyləşərək şəxsi işləri ilə əlaqədar Bakı şəhərinə getmək istəmişlər. İman avtomobilini idarə edərək küçəyə çıxmış, sonra avtomobili saxlayıb düşüb küçə darvazalarını bağlayarkən Valehgilin tonqalın kənarında bir-birləri ilə söyüşlə danışdıqlarını eşitmişlər. Ona görə də İman Valehgilə öz iradını bildirərək orada söyüş söyməmələrini demişdir. Elə bu səbəbdən İmanla Valeh arasında mübahisə yaranaraq əlbəyaxa olub dalaşmağa başlamışlar. O, qardaşı İmanın Zərərçəkmiş şəxslə dalaşdığını görüb avtomobildən düşərək onlara yaxınlaşarkən İman və Valeh hər ikisi yerə yıxılmışdır. Qardaşının Valehin altına qaldığını görüb Valehi kənara çəkmək istəmiş, lakin onu kənara çəkə bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs başına yumruqla vurmaq məcburiyyətində qalmışdır. Sonra Nurlan, Vilayət və Həbib onları aralaşdırmağa çalışarkən səsə ataları Vəli və bibisi oğlu Zahid onların yanınla gələrək köməkləşib Vilayətgillə birlikdə onları aralaşdırmışlar. Sonra Zərərçəkmiş şəxs Nurlangil evlərinə aparmış, bundan sonra onlar da çıxıb evlərinə getmişlər. Elə həmin gecə də Zərərçəkmiş şəxs onların barəsində şikayət etdiyini, ona görə də polis tərəfindən axtarıldığını bilmişdir. Hadisə vaxtı onun əlində bıçaq olmamış, Zərərçəkmiş şəxs başına bıçaqla xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxslə qardaşı Təqsirləndirilən şəxs1 dalaşan zaman yerə yıxılmışlar. Hesab edir ki, Valeh yerə yıxılan zaman xəsarət almışdır. Valehin başına yumruqla vuran zaman onun əlində heç bir əşya olmamış, lakin barmağında üzük olmuşdur. Hal-hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmişlə barışmaq istəsə də, zərərçəkmiş onunla barışmaq istəməmişdir. Odur ki, bu halları nəzərə alaraq məhkəmədən ona həbslə əlaqəli olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 44 günlük Qarabağ müharibəsinin iştirakçısı olaraq “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun qonşularıdır. 14 mart 2023-cü il tarixdə çərşənbə axşamı olduğu üçün qonşuları Şahid1 ona zəng edib küçədə çərşənbə axşamı ilə əlaqədar tonqal yandırdıqlarını və ona da ora gəlməsini demişdir. Ona görə də o, küçəyə çıxaraq Həbibin, digər qonşuları Nurlan və Vilayətlə tonqal yandıraraq ətrafında oturub söhbət etdiklərini görmüşdür. O da onlarla salasmlaşıb görüşərək onlarla söhbət etməyə başlamışdır. Həmin vaxt Nurlan Vilayətə gedib marketdən pivə alıb qayıtmalarını demişdir. Ona görə də Nurlanla Vilayət marketə getmiş, onunla Həbib isə tonqalın yanında qalmışlar. Nurlan və Vilayət marketdən 3 ədəd “Kuller” markalı pivə alaraq onların yanına qayıtmışlar. Vilayət marketdən aldığı pivənin birini ona vermiş və o, həmin pivədən 3-4 qurtum içmişdir. Təxminən saat 00:10 radələrində onlar tonqalın kənarında olarkən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı avtomobillə gəlib yanlarında dayanaraq şüşəni aşağı endirib onlara orada səs-küy salmamalarını demiş, Təqsirləndirilən şəxs1 bu sözü deyərkən onlara qarşı nalayiq sözlər də işlətmişdir. Halbuki, həmin vaxt onlar öz arasında sakitcə söhbət edərək heç bir səsküy salmamışlar. İman onlara qarşı nalayiq söyüşlər işlətdiyinə görə Vilayət ona öz iradını bildirərək onlarla niyə elə danışdığını demişdir. Sonra İmanın atası Vəlinin həyətlərindən çıxıb gəldiyini görərək atasının gəldiyini və niyə oturduqları yerdən ayağa qalxmadıqlarını demişdir. İman bu sözü də onlara deyərkən onlara qarşı yenə də nalayiq söyüşlər işlətmişdir. Təqsirləndirilən şəxs1 söyüşündən sonra o, oturduğu yerdən qalxıb ona iradını bildirərək niyə görə onlara qarşı nalayiq söyüşlər işlətdiyini demişdir. Onun bu sözündən sonra Təqsirləndirilən şəxs1 avtomobilinin qapısını açaraq yerə düşüb onun üstünə gələrək ona nə demək istədiyini demişdir. Elə bu səbəbdən Təqsirləndirilən şəxs1la onun arasında mübahisə yaranmışdır. İmanın atası Vəli onların mübahisəsini görüb onu yanına çağırmışdır. Vəlinin onu çağırmaqda İmanla aralarında dava-dalaş baş verməməsini istəməsini başa düşmüşdür. Sonra Vəli qolunu onun boynuna keçirdib ona nəsə demək istəyərkən arxadan İman qolunu onun boğazına keçirərək təpiklə qıçına vurmuş, o, zərbədən yerə yıxılarkən İman özü də yerə yıxılmışdır. Onlar yerdə yıxılı vəziyyətdə olduqları halda İman yerdə onu yumruqla vurmağa başlamışdır. Elə bu zaman İmanın qardaşı Təqsirləndirilən şəxs2 avtomobilindən yerə düşdüyünü görmüş, yerdə yıxılı vəziyyətdə olduğu zaman Emin yaxınlaşaraq o da bir tərəfdən onu yumruq və təpiklə vurmağa başlamışdır. Onların hərəkətlərini görən Vilayət və Həbib onları ondan kənarlaşdırmağa çalışmış, elə bu zaman Eminin dartınıb Vilayətin əlindən çıxaraq avtomobilə tərəf qaçdığını görmüşdür. Emin gedib avtomobilin salonundan qara dəstəkli bıçaq götürüb qayıdaraq onlara yaxınlaşmış, həmin vaxt o, yerdə onu vurmaması üçün İmanı tutub qucaqlamış, Emin bıçaqla gələndən sonra bıçağın dəstəyi ilə onun başına güclü zərbə vurmuşdur. Təqsirləndirilən şəxs2 onu bıçağın dəstəyi ilə vurandan sonra ağrının təsirindən özündən getmişdir. Bir neçə dəqiqədən sonra özünə gəlib gözünü açarkən Emin və İmanın hərəsi bir tərəfdən təpiklə onu vurduğunu, Vəli də qışqıraraq öldürün qanını bağlayacağını dediyini eşitmişdir. Elə həmin zaman qonşuları Kənan ora gəlmiş, Kənan yaxınlaşıb onu İman və Təqsirləndirilən şəxs2ların əlindən alaraq yerdən qaldırıb evlərinə aparmışdır. O, təqsirləndirilən şəxslərlə barışmamışdır. Məhkəmədən onlara ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid4 verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Lakin bacısı Cahan Əliyevanın uşağı olmadığı üçün Valehi uşaq vaxtından qeyri rəsmi olaraq övladlığa verərək Valehi bacısı saxlayaraq böyütmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bacısı Cahangillə qonşuluqda yaşayır. 14 mart 2023-cü il tarixdə o, öz yaşadığı evdə olarkən təxminən saat 24 radələrində bacısı Cahanın əri Fərmail onun mobil telefonuna zəng edib İman və Eminin Valehi döyüb xəsarət yetirdiklərini, ona görə də onlara gəlməsini ona demişdir. Bundan sonra o, avtomobilinə minərək bacısı evinə yola düşmüşdür. O, bacısıgilin küçəsinə çatanda küçə sakinlərinin cəm şəkildə küçəyə toplaşdıqlarını görmüşdür. Həmin vaxt Vəli də orada olmaqla onun avtomobilini görüb avtomobilini saxlaması üçün ona işarə etmişdir. Ona görə də avtomobilini saxlamış, sonra Vəli ona oğlu Valehin içkili vəziyyətdə gəlib evlərinin qarşısında tonqal qalayaraq səs küy saldığını demişdir. O da Vəliyə Valehgilə getdiyini və nə məsələ olduğunu öyrənib xəbər edəcəyini demişdir. Sonra o, oradan getmək istəyəndə İman aqressiv halda ona tərəf gələrək ona oğlu Valeh qurban olsun atasına yoxsa onu bıçaqla vurub pis günə qoyacağını demişdir. O, İmanın bu sözünə fikir verməyərək çıxıb bacısı evinə getmişdir. Onların həyətinə çatanda həyətdə polis əməkdaşları olduğunu görmüş, evə daxil olaraq Valehdən nə baş verdiyini soruşmuş, Valeh də ona İmanın onu döyərkən qardaşı Eminin də gəlib birlikdə onu döydüklərini, sonra isə Emin İmanın avtomobilindən bıçaq götürərək bıçağın dəstəyi ilə onun başına vurub xəsarət yetirdiyini demişdir. Həmin vaxt Valehin başının arxa hissəsindən qan axdığını görərək onu təcili tibbi yardım məntəqəsinə aparıb tibbi yardım aldıqdan sonra polis şöbəsinə gəlmişlər. Məhkəmə istintaqında Şahid1 verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad şəhərində yaşayır. Zərərçəkmiş şəxs, eləcə də İman və Təqsirləndirilən şəxs2lar onun qonşularıdır. Bir qonşu kimi onlarla və onların ailə üzvləri ilə münasibətləri yaxşıdır. 14 mart 2023-cü il tarixdə çərşənbə axşamı olduğu üçün küçədə o, digər qonşuları Nurlan Əmirli və Şahid2 tonqal yandırmışlar. Onlar tonqalın ətrafında olarkən Zərərçəkmiş şəxs zəng edib çoxdandı onu görmədiyini və küçədə çərşənbə axşamı ilə əlaqədar tonqal yandırdıqlarını ona da söhbət etmək üçün ora gəlməsini demişdir. Ona görə də bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs onların yanına gəlmiş, onlarla salamlaşıb görüşərək söhbət etməyə başlamışlar. X7 gedib marketdən pivə alıb qayıtmalarını demiş, ona görə də Nurlanla Vilayət marketə getmiş, Valehlə o isə tonqalın kənarında qalmışlar. Nurlan və Vilayət marketdən 3 ədəd «Kuller» markalı pivə alaraq onların yanına qayıtmışlar. Vilayət marketdən aldığı pivənin birini Valehə vermişdir. Elə həmin gecə saat təxminən 00:10 radələrində onlar tonqalın kənarında olarkən qonşuları Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı avtomobillə gəlib yanlarında dayanaraq, şüşəni aşağı endirib orda səs-küy salmamalarını demişdir. Bu sözü onlara deyərkən də onlara qarşı nalayiq sözlər də işlətmişdir. Həmin vaxt onlar öz aralarında sakitcə söhbət etmiş və heç bir səs küy olmamışdır. Ona görə də Vilayət Təqsirləndirilən şəxs1 öz iradını bildirərək bu nə danışıqdı onlarla danışdığını demişdir. Sonra İmanın atası Vəlinin həyətlərindən çıxıb yanlarına gəldiyini görmüşlər. İman atası Vəlini görəndən sonra atası gəldiyi üçün onlara niyə görə ayağa qalxmadıqların demişdir. İman bu sözü də onlara deyərkən onlara qarşı yenə də nalayiq söyüşlər işlətmiş, İmanın bu sözündən sonra Valeh oturduğu yerdən qalxıb ona iradını bildirərək, niyə görə onlara qarşı nalayiq söyüşlər işlətdiyini demişdir. Valehin bu sözündən sonra İman avtomobilinin qapısını açaraq yerə düşüb onun üstünə gələrək Valehə nə demək istədiyini bildirmiş, elə bu səbəbdən Valehlə İman arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Vəli Valehi yanına çağıraraq sakitçilik yaratmaq istəmişdir. Elə bu zaman İman qolunu Valehin boğazına keçirərək təpiklə onun qıçına vuraraq onu yerə yıxmışdır. Valeh yıxılarkən İman da yerə yıxılmış, yerə yıxılandan sonra İman Valehi yumruqla vurmuşdur. Elə həmin vaxt Emin Təqsirləndirilən şəxs1 avtomobilindən yerə düşərək o da gəlib Valehi yumruq və təpiklə vurmağa başlamışdır. O, Nurlan və Vilayət onları Valehdən kənarlaşdırmağa çalışsalar da kənarlaşdıra bilməmişlər. Həmin vaxt Emin dartınıb Vilayətin əlindən çıxaraq qaçıb avtomobilin salonundan qara dəstəkli bıçaq götürüb qayıdaraq bıçağıın dəstəyi ilə Valehin başından vurmuşdur. Həmin vaxt bıçağın tiyə hissəsini, yəni dəmir hissəsini görməmiş, baçığın tutacaq hissəsi isə Eminin əlinin içində olmuşdur. Həmin bıçağı tam şəkildə görməmişdir. Ola bilsin ki, həmin bıçaq qatlanan bıçaq olmuşdur və bu səbəbdən də ancaq bıçğın tutacaq hissəsini görmüşdür. Bundan sonra səsə qonşuları Kənan da gəlib ora çıxmış, Kənan da onlara köməklik edərək Valehi onların əlindən almışlar. Sonra onlar Valehi aparıb həyətlərinə keçirdərək evlərinə getmişlər. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun dayısı oğludur. 14 mart 2023-cü il tarixdə mərhum babası Məmmədhüseyinin il dönümü ilə əlaqədar Bakı şəhərindən Cəlilabad rayonunun Mirzəli kəndinə gələrək məclisdə iştirak etmişdir. Emin, İman və dayısı Vəli də babasının il dönümündə iştirak etmişlər. Həmin gecə o, İman, Emin və dayısı Vəli birlikdə İmanın idarə etdiyi avtomobillə onlara gələrkən, saat 24 radələrindən sonra dayısı Vəlinin küçə qapısına çatarkən onların qonşuları Valeh, Nurlan və digər tanımadığı 2 nəfər çərşənbə bayramı ilə əlaqədar yolun kənarında tonqal yandıraraq özləri də tonqalın kənarında dayandıqlarını görmüşlər. İman avtomobilini küçə qapılarının qarşısında saxlayaraq düşüb dayısı Vəligilin həyətinə keçmişlər. Onlar həyətə keçəndən bir neçə dəqiqə sonra küçədə bərk səs gəldiyini eşitmişlər. Sonra o, küçəyə çıxarkən İmanla Zərərçəkmiş şəxs dalaşdığını, Eminin də onların yanında olmaqla dayısı Vəlinin və orada olan digər şəxslər onları aralaşdırmağa çalışdığını görmüşdür. Orada olanlar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 aralaşdırandan sonra dayısı Vəli Valehi evləri istiqamətinə aparmış, bundan sonra onlar isə qayıdıb İmangilin həyətinə getmişlər. Hadisə vaxtı o, Eminin əlində bıçaq görməmişdir. Məhkəmə istintaqında Şahid5 Məmmədhüsyen oğlu ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Mirzəli kəndində qeydiyyatda olsa da ailə üzvləri ilə birlikdə Cəlilabad şəhərində yaşayır. Atası Məmmədhüseyin rəhmətə getdiyi və onun ili çıxmadığı üçün cərşənbə bayramı ilə əlaqədar 14 mart 2023-cü il tarixdə ata evlərinə yığışmışlar. Oğlu Emin, İman və bacısı oğlu Zahid də orda olmuş, həmin gecə saat 24 radələrindən sonra onlar İmanın idarə etdiyi “Mercedes” markalı avtomobillə evlərinə gələrkən küçə qapılarına çatanda qonşuluqlarında yaşayan Zərərçəkmiş şəxs, Nurlan, Vilayət və Həbibin küçədə yolun kənarında tonqal yandıraraq tonqalın kənarında dayandıqlarını görmüşlər. Tonqal onların küçə qapılarına yaxın olduğu üçün İmanın avtomobili həyətlərinə girməyə çətinlik çəkmiş, lakin buna baxmayaraq İman avtomobilini idarə edib həyətlərinə salmışdır. Onlar həyətə keçəndən sonra küçədə nalayiq sözlər danışıldığını eşitmişlər. Ona görə də küçə darvazalarının yanına gəlib Valeh və orada olan digər qonşu uşaqlara yavaş danışmalarını, gecə keçib çıxıb evlərinə getmələrini demişdir. Həmin vaxt Zahid Bakı şəhərinə getmək istədiyi üçün İman onu avtomobillə aparıb yola salmaq istəmiş, İman avtomobilini həyətlərindən çıxartmaq istəyərkən yenə də tonqalın yaxında yanmasına görə avtomobili küçəyə çıxartmağa çətinlik çəkmişdir. İman avtomobilini küçəyə çıxardaraq saxlamış, Valeh və orada olan qonşu uşaqlara orada nalayiq sözlər danışmamalarını və çıxıb evlərinə getmələrini demişdir. İmanın bu sözündən sonra Valeh ona cavab verərək öz istədiyi kimi danışa biləcəyini və sən kimsən demişdir. Elə bu sbəbdən İmanla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı İmanla Valeh əlbəyaxa olub dalaşmağa başlamışlar. O, yaxınlaşıb İmanı Valehdən kənarlaşdırıb gətirib küçə qapılarından həyətlərinə keçirtmişdir. Bundan sonra Valeh əsəbləşərək gəlib onların küçə qapılarından içəri keçərək yenə də orada İmanla əlbə-yaxa olub dalaşmağa başlamışlar. Elə bu zaman onunla oğlu Emin Valehi itələyərək küçəyə çıxartmışlar. Sonra o, Valehi qucaqlayıb ona yalvararaq oradan uzaqlaşdırmağa çalışmışdır ki, İman və Emin onunla savaşmasın. O, Zərərçəkmiş şəxs oradan bir qədər kənarlaşdırandan sonra qayıdıb İmana və Eminə də acıqlanaraq onları həyətlərinə keçirtmişdir. Hadisə vaxtı oğlu Eminin əlində bıçaq olmamış və bıçaqla Zərərçəkmiş şəxs vurmamışdır. Məhkəmə istintaqında şahid X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun qonşuları olmaqla heç bir ilə qohumluq əlaqəsi yoxdur. Bir qonşu kimi də münasibətləri həmişə yaxşı olmuşdur. 14 mart 2023-cü il tarixdə o, qonşuları Həbib və Vilayətlə çərşənbə axşamı olduğu üçün axşam küçədə tonqal yandıraq və tonqalın ətrafında oturub söhbət etmişlər. Bir qədər sonra Həbib zəng edərək Valehi də yanlarına çağırmış, ona görə də Valeh də onların yanına gəlmişdir. Sonra o, Vilayətə marketə getmələrini və oradan pivə alıb qayıtmalarını demişdir. Ona görə də Vilayət onunla yaxınlıqda olan “GREEN STORE” mağazasına getmiş, Həbiblə Valeh isə tonqalın yanında qalmışdır. Onlar marketdən 3 ədəd “Kuller” markalı pivə və 50 qramlıq “Viski” alaraq Valehgilin yanına qayıtmışlar. Vilayət marketdən aldığı pivənin birini Valehə vermiş, Valeh də pivənin qapağını açaraq içməyə başlamışdır. Təxminən saat 00:10 radələrində İman öz “Mercedes” markalı avtomobili ilə küçə qapılarının qarşısına gələrək avtomobilindən düşüb həyətlərinə getmişdir. Bundan bir qədər sonra İmanın atası Vəli həyətlərindən çıxıb gələrək onlara salam vermiş, o Vəli ilə əllə görüşmüş, digər uşaqlar isə qalxıb Vəli ilə görüşməmişlər. Bundan sonra Vəli qayıdıb həyətlərinə getmişdir. Vəli gedəndən təxminən 10-15 dəqiqə sonra İman həyətlərindən küçə qapılarının qarşısına çıxaraq onlara salam verərək həyətlərinə qayıtmışdır. Bundan təxminən 10 dəqiqə sonra isə İman idarə etdiyi avtomobillə həyətlərindən küçəyə çıxaraq gəlib onların yanında dayanmışdır. Elə həmin vaxt Vəli yenidən onların yanına gəlmiş, Vəli gələrkən o, oturduğu yerdən ayağa qalxmış, lakin Valeh, Həbib və Vilayət oturduqları yerdən ayağa qalxmamışlar. Ona görə də İman onlara iradını bildirərək niyə görə atası gələrkən oturduqları yerdən ayağa qalxmamalarını demişdir. Elə bu səbəbdən Valehlə İman arasında mübahisə yaranmış, mübahisə zamanı İman Valehlə əlbə-yaxa olaraq dalaşmağa başlamışlar. Onlar İman və Valehi aralaşdırmağa çalışmış, elə bu zaman Emin də yanlarına gələrək o da Valehlə dalaşmağa başlamışdır. Onlar dalaşarkən İmanın bibisi oğlu Zahid də yanlarına gələrək Zahid də onlara köməklik edərək İmanı və Emini Valehdən kənarlaşdırmışlar. İmanı və Emini atası Vəli həyətlərinə apararkən onlar yenə də Valehlə əlbə-yaxa olub yenidən dalaşmış, onlar yenə də İmanı və Emini Valehdən kənarlaşdırmış, sonra X5 götürüb evlərinə aparmışlar. O, hadisə vaxtı Eminin əlində bıçaq olmasını və bıçaqla Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid X2 ifadəsinə uyğun ifadə vermiş və göstərmişdir ki, hadisə vaxtı o da orada olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxslə mübahisə edib əlbə-yaxa dalaşarkən Təqsirləndirilən şəxs2 əlində bıçaq olmamış və görməmişdir. Məhkəmə istintaq zamanı ekspert qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis şöbəsinin təhqiqatçısı Samir Musayevin 15 mart 2023-cü il tarixli qərarı əsasında həmin gün vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasını keçirmişdir. Zərərçəkmiş şəxs deməsinə görə 15 mart 2023-cü il tarixdə saat 00 radələrində qonşuları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən yumruq, təpik və bıçaqla bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. Bundan sonra ona Cəlilabad rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs başın təpə nahiyəsində əzilmiş yara, əzilmiş bir neçə səthi yaralar, başın ənsə nahiyəsində kəsilmiş səthi yara, sağ gicgah təpə nahiyəsində, sol göz yuvası ətrafında qançır, alın sağ qaş, hər iki diz oynağı nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Həmin xəsarətlər tərəfindən ölçülmüşdür. Başın təpə nahiyəsindəki xəsarətlər yüngül zərər vurma kimi, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcləri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilmişdir. Başın ənsə nahiyəsində kəsilmiş yara kəsici əşyanın, digər xəsarətlər isə bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 mart 2023-cü il tarixli, 143 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı başın təpə nahiyəsində əzilmiş yara və əzilmiş səthi yaralar, başın ənsə nahiyəsində kəsilmiş səthi yara, başın sağ gicgah-təpə nahiyəsində və sol gözyuvası ətrafında qançır, alın, sağ qaş və hər iki diz oynağı nahiyəsində, döş qəfəsinin ön səthində sıyrıqlar müəyyən olunmuş, müəyyən olunan xəsarətlərdən başın ənsə nahiyəsindəki kəsilmiş səthi yara kəsici əşyanın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri 15 mart 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə başın təpə nahiyəsindəki bir ədəd əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 mart 2023-cü il tarixli, 147 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol kürək nahiyəsində əzilmiş səthi yara və qançır, sol əlin arxa səthində şişkinliklə müşayət olunan sıyrıq və qançır, sol bazu nahiyəsində və sol baldır nahiyəsində qançır və sıyrıqlıqlar, sağ dirsək oynağı nahiyəsində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 15 mart 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 65 nömrəli protokoldan görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Əməlin tövsifi Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə üz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalıqlara gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar) Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, qüvvədə olan cinayət qanunvericiliyinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun hüquqi mövqelərinə əsaslanaraq xuliqanlığın anlayışına, əlamətlərinə və mahiyyətinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsvir edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıqla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin əməli düzgün olaraq xuliqanlıqla tövsif olunmuşdur. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs2 münasibətdə onun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, iş materillarında olan Cəlilabd RPŞ-nin NH-nin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:01-də ARDİN-in 102 xidməti zəng mərkəzinə Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayan Zərərçəkmiş şəxs ********** nömrəli telefonla zəng vuraraq münaqişə olduğunu bildirmişdir. İş materiallarında olan Cəlilabd RPŞ-nin NH-nin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:10-da Cəlilabad RMX-nın həkimi Bayramov telefonla Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayan xx.xx.2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol gicgah və təpə nahiyyəsinin sıyrılmış yarası, başın küt travması və hər iki dizin sıyrılmış yarası diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İşdə olan Zərərçəkmiş şəxs Cəlilabad Rayon Polis Şöbəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Zərərçəkmiş şəxs izahatında Təqsirləndirilən şəxs2 əlində olan küt əşya ilə başından vurduğunu göstərmişdir. Həmin izahatdan görünür ki, Zərərçəkmiş şəxs hava qaranlıq olluğundan Emin və İmanın əlində kəsici və deşici alət görmədiyini, lakin Eminin əlində küt əşyanın olduğunu bildiyini göstərmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı istər zərərçəkmiş şəxs, istərsə də şahidlər hadisə zamanı Təqsirləndirilən şəxs2 əlində bıçaq olmadığını göstərmişlər. Məhkəmə istintaqı zamanı da, zərərçəkmiş şəxs və şahidlərdən Şahid1 istisna olamqla iş üzrə dindirilmiş digər şahidlər də Təqsirləndirilən şəxs2 əlində hadisə zamanı bıçaq və ya başqa alət görmədiklərini bildirmişlər. Şahid1 isə zərərçəkmiş şəxsin bədənində olan xəsarətlərin xarakterinə görə Təqsirləndirilən şəxs2 əlində bıçaq olduğunu ehtimal etdiyini bildirmişdir. Göründüyü kimi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla hadisə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirməsi, hadisə zamanı əlində bıçaq olması öz təsdiqini tapmamışdır. Qeyd edilən bütün şübhəli məqamlar isə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalı hallardır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 da əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirlənləndirilən şəxslərin özlərini xuliqanlıq cinayəti törətməmələri ilə bağlı verdikləri ifadələrini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəlləsinin 139-cu maddəsinə müvafiq olaraq cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 baş vermiş hadisəyə görə peşman olmalarını, zərərçəkmiş şəxslə barışmağa cəhd etmələrini, gənc olmalarını onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlasdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İşdə olan şübhali şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 13 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalından azad edilmişdir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 13 may 2023-cü il tarixdən 15 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir ) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən 41 saylı fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 11 may 2023-cü il tarixdən 24 noyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 6 (altı) ay 13 (on üç) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 1 (bir) il 26 (iyirmi altı) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən 41 saylı fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar