Məhkəmə qərarları › İş №1(073)-50/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-50/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-50/2025 01.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:50 X2 Adil oğlunun sədrliyi, Fərəcov Ehtiram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə

1. xx xxxxxx 1998-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Cəlilabad şəhəri 28 may küçəsi ev 92-də qeydiyyatda olan və Cəlilabad şəhəri Cavadxan küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 23 yanvar 2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə,

2. xx xxxxxx 2003-cü ildə Cəlilabad rayonunun Məmmədcanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Məmmədcanlı kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri Cavadxan küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq,

MÜƏYYƏN ETDİ:

Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 03 dekabr 2024-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsi “Yeni Massiv”də yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış olmayan evin yaxınlığına gəlib aralarında olan razılaşmaya uyğun olaraq evin ön tərəfində yerləşən plastik materialdan olan pəncərəni açdıqdan sonra birlikdə yaşayış sahəsi hesab edilən həmin evə qanunsuz daxil olaraq oradan 01 (bir) metrinin qiyməti 1 manat 50 qəpik olmaqla ümumi dəyəri 120 manat olan 80 (səksən) metr uzunluğunda elektrik naqillərini oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 yanvar 2025-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Cəlilabad şəhəri Çələbixan küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq, həmin ünvanda yerləşən saxlanc yeri hesab edilən toyuq hininin qapısını əli ilə zor tətbiq edib açdıqdan sonra içəri daxil olaraq həmin hindən bir ədədinin dəyəri 10 (on) manat olmaqla ümumi dəyəri 150 (bir yüz əlli) manat olan 15 (on beş) ədəd toyuqları gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 yanvar 2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Cəlilabad şəhəri Cavadxan küçəsi “Yeni Massiv”də yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həmin ünvanda yerləşən saxlanc yeri hesab edilən toyuq hininin qapısını əli ilə zor tətbiq edib açdıqdan sonra içəri daxil olaraq həmin hindən bir ədədinin dəyəri 16 (on altı) manat olmaqla ümumi dəyəri 112 (bir yüz on iki) manat olan 07 (yeddi) ədəd toyuqları gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 03 dekabr 2024-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsi “Yeni Massiv”də yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış olmayan evin yaxınlığına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs2 evin ön tərəfində yerləşən plastik materialdan olan pəncərəni zor tətbiq edib açmasından sonra birlikdə yaşayış sahəsi hesab edilən həmin evə qanunsuz daxil olaraq oradan 01 (bir) metrinin qiyməti 1 (bir) manat 50 (əlli) qəpik olmaqla ümumi dəyəri 120 (bir yüz iyirmi) manat olan 80 (səksən) metr uzunluğunda elektrik naqillərini oğurlamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, 03 dekabr 2024-cü il tarixdə saat 20 radələrində qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs1 yaşadığı ünvana getmişdir. Sonuncunun yaşadığı ünvanın qarşısında onunla söhbət edərkən o, maddi vəziyyəti ilə əlaqədar olaraq oğurluq etmək istədiyini Təqsirləndirilən şəxs1 bildirmişdir. Bundan sonra o, Əlimərdana qonşuluqda yerləşən, yaşayış olmayan mənzildən birlikdə oğurluq etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs1 da onunla razılaşmışdır. Onlar həmin tarixdə saat 21 radələrində Cəlilabad rayonu Cavadxan küçəsinə yollanmışlar. Oğurluq edəcəkləri evin qarşısında dayanıb ətrafda heç kimin onları görmədiyini dəqiqləşdirdikdən sonra evin ətrafına çəkilmiş hasarın üzərindən həmin evin həyətinə daxil olmuşlar. Bundan sonra o, evin ön tərəfində yerləşən plastik pəncərəni əli ilə vuraraq açmış və Əlimərdanla birlikdə evə daxil olmuşlar. Həmin evdə təmir işləri getdiyindən evdə yerləşən otaqların birində divarda elektrik naqili görmüş və onu oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs1la birlikdə həmin elektrik naqillərini divardan sökərək götürmüşlər. Əlimərdan naqilləri divardan sökən zaman əl nahiyəsini kəsərək qanatmışdır. Onlar daxil olduqları pəncərədən evdən çıxaraq oranı tərk etmişlər. Daha sonra onlar Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən kanalın yaxınlığına gəlmişlər. Orada o, həmin elektrik naqillərində olan metalı əldə etmək üçün həmin naqilləri yandırmış və metalını çıxartmışdır. Daha sonra o, oğurladıqları elektrik naqillərini əritdikdən sonra əldə etdiyi mis metalını götürüb yaşadığı evə getmişdir. Səhəri gün, yəni 04 dekabr 2024-cü il tarixdə həmin elektrik naqillərindən çıxartmış olduğu həmin mis metalını Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən metal qəbul edilən dükana 17 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi 17 manatı Təqsirləndirilən şəxs1la bölmüşdür. Oğurluq etdikləri evin kimə məxsus olması barədə məlumatı olmamış, oradan oğurluq edən zaman onları heç kim görməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Bundan başqa, o, 05 yanvar 2025-cü il tarixdə gecə saatlarında yaşadığı evdə olarkən qərara gəlmişdir ki, oğurluq etsin. Bu məqsədlə təxminən gecə saat 01 radələrində yaşadığı evdən çıxmışdır. O, evdən çıxdıqdan sonra qərara gəlmişdir ki, yaxın küçələrdə yerləşən evlərin birindən toyuq oğurlasın. Bundan sonra, yaşadığı küçədən bir küçə aralıda yerləşən küçəyə gəlmişdir. Daha sonra əvvəllər tanıdığı Tofiq adlı şəxsin yaşadığı evin həyətinə daxil olmuşdur. Evin həyətində yerləşən hinə daxil olaraq oradan 15 ədəd toyuq tutmuş və həmin toyuqları özü ilə əvvəlcədən götürdüyü kisəyə yığmışdır. Bundan sonra, həyətdən çıxmış və oradan uzaqlaşmışdır. Səhər tezdən təxminən saat 07 radələrində Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan bazarda tanımadığı şəxsə həmin toyuqları hər birini 8 manata satmışdır. Tofiq adlı şəxsin həyətində yerləşən hindən oğurluq edən zaman onu heç kim görməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Bundan başqa, o, 05 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində yerləşən hindən oğurluq etdikdən sonra həmin küçənin yaxınlığında yerləşən digər küçədə yaşayan, əvvəllər tanıdığı Yaşar adlı şəxsin həyətindən də oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə o, 05 yanvar 2025-ci il tarixdə saat 02 radələrində Yaşar adlı şəxsin yaşadığı evin yaxınlığına gələrək həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra həyətdə yerləşən hinə daxil olmuş və oradan da 07 ədəd toyuqları oğurlayaraq kisəyə yığmışdır. Bundan sonra, oradan uzaqlaşmışdır. Həmin toyuqları da səhər tezdən, yəni 06 yanvar 2025- ci il tarixdə saat 07 radələrində Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan bazarda tanımadığı şəxsə hər birini 8 manata satmışdır. Yaşar adlı şəxsin həyətində yerləşən hindən oğurluq edən zaman onu heç kim görməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Törətdiyi cinayət əməllərindən peşmandır. Oğurluq nəticəsində dəymiş zərəri tam ödəmişlər. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad şəhəri, Cavadxan küçəsində nömrəsiz fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs2 də Cəlilabad şəhəri Cavadxan küçəsində yaşayır. O, mütəmadi olaraq Təqsirləndirilən şəxs2lə görüşürmüşdür. 03 dekabr 2024-cü il tarixdə axşam təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmişdir. Onlar yaşadığı evin həyətində söhbət edən zaman Təqsirləndirilən şəxs2 ona demişdir ki, yaşadıqları küçənin yaxınlığında yerləşən digər küçədə yaşayış olmayan ev vardır və oradan oğurluq etmək barədə ona təklif etmişdir. O da Mirsahiblə razılaşmışdır. Həmin gün təxminən saat 21 radələrində onlar həmin evin yaxınlığına gəlmişlər. Ətrafda heç kimin olmadığını və kimsənin onları görmədiyini dəqiqləşdirdikdən sonra mişar daşlarından düzəldilmiş hasarın üzərinə çıxıb oradan evin həyətinə daxil olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs2 evin ön tərəfində yerləşən plastik materialdan olan pəncərəyə əli ilə zərbə vurub pəncərəni açmış və onlar evə daxil olmuşlar. Evə daxil olduqdan sonra onlar evi axtarmağa başlamışlar. Lakin evdə təmir işləri getdiyi üçün evdə oğurlamaq üçün əşya tapmamışlar. Bundan sonra qərara gəlmişlər ki, evin divarlarında olan elektrik naqillərini oğurlasınlar. Daha sonra Təqsirləndirilən şəxs2lə birlikdə evin divarlarında olan elektrik naqillərini divardan sökmüşlər və bundan sonra həmin evdən çıxmışlar. O, elektrik naqillərini kəsən zaman sağ əli kəsilərək qanamış və onlar naqilləri götürüb evdən çıxan zaman əlinin qanı pəncərəyə yaxılmışdır. Oradan uzaqlaşandan sonra Mirsahib ona demişdir ki, həmin naqilləri yandırıb içərisində olan mis metalını çıxaracaq. O da yaşadığı evə getmiş, səhəri gün, yəni 04 dekabr 2024-cü il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs2lə yaşadığı küçədə görüşmüşlər. Həmin vaxt Mirsahib ona bildirmişdir ki, birlikdə oğurladıqları elektrik naqillərindən çıxardığı mis metalını satıb və bundan sonra, oğurluq nəticəsində əldə etdiklər həmin pulu aralarında bölmüşlər. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə getmiş, o da yaşadığı evə getmişdir. O, qeyd etdiyi oğurluq cinayətindən başqa oğurluq hadisəsi törətməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Cinyət nəticəsində vurulmuş ziyanı tam ödəmişlər, zərərçəkmişlərin ondan heç bir şikayəti və tələbi yoxdur. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad şəhəri, Çələbixan küçəsində ailəsilə birlikdə yaşayır. Yaşadığı evin həyətyanı sahəsində toyuq saxlayır. 05 yanvar 2025-cü il tarixə kimi 15 ədəd toyuğu olmuşdur. Həmin toyuqları yaşadığı evin həyətində yerləşən hində saxlamışdır. Hər gün axşam saatlarında o, həmin toyuqları hinə sayaraq salırmış və səhər tezdən isə həyətə buraxmışdır. 04 yanvar 2025-ci il tarixdə saat 19 radələrində o, toyuqları sayaraq hinə salmışdır. 05 yanvar 2025-ci il tarixdə səhər saatlarında o, hinin qapısını açarkən toyuqların hində olmadığını görmüşdür. Başa düşmüşdür ki, ona məxsus olan 15 ədəd toyuqları oğurlayıblar. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Onun oğurlanmış toyuqlarının hər biri 10 manat olmuş və oğurluq nəticəsində ona ümumilikdə 150 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun hinindən toyuqlarını oğurlayan şəxs Təqsirləndirilən şəxs2 olmuşdur. Hal-hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, Cəlilabad şəhəri, Cavadxan küçəsində ailəsilə birlikdə yaşayır. O, yaşadığı evin həyətyanı sahəsində toyuq saxlayır. 2024-cü ilin dekabr ayına kimi 40 ədəd toyuğu olmuşdur. 2024-cü ilin dekabr ayının ortalarında xəstləlik olduğu üçün təsərrüfatında olan həmin toyuqların 33 ədədi ölmüş və cəmi 07 ədəd toyuğu qalmışdır. Həmin toyuqları yaşadığı evin həyətində yerləşən hində saxlamışdır. Hər gün axşam saatlarında o, həmin toyuqları sayıb hinə salmış və səhər tezdən isə həyətə buraxmışdır. Ona məxsus olan toyuqların hamısı yumurtlamış və hamısı kök olmuşdur. 04 dekabr 2025-ci il tarixdə, saat 19 radələrində o, toyuqları sayaraq hinə salmışdır. 05 yanvar 2025-ci il tarixdə səhər saatlarında o, hinin qapısını açarkən toyuqların hində olmadığını görmüş və başa düşmüşdür ki, ona məxsus olan 07 ədəd toyuqları oğurlayıblar. Bundan sonra o, bu barədə Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onun oğurlanmış toyuqlarının hər biri 16 manat olmuş və oğurluq nəticəsində ümumilikdə ona 112 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun hinindən toyuqlarını oğurlayan şəxs Təqsirləndirilən şəxs2 olmuşdur. Hal-hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsələrə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad şəhəri, Ş.İ.Xətai küçəsində ailəsilə birlikdə yaşayır. Uzun müddətdir ki, Cəlilabad şəhəri, Cavadxan küçəsi, “Yeni Massiv”də ona məxsus olan torpaq sahəsində ev tikmişdir. Hazırda həmin evdə təmir işləri gördürmüşdür. Belə ki o, həmin evə elektrik naqilləri quraşdırmışdır. 04 dekabr 2024-cü il tarixdə o, həmin evə getmişdir. Evə daxil olan zaman görmüşdür ki, evdə olan elektrik naqilləri yoxdur. Bundan əlavə, evin ön tərəfindən yerləşən plastik pəncərənin də açıq olduğunu görmüşdür. Başa düşmüşdür ki, ona məxsus olan evdən elektrik naqilləri oğurlanmışdır. Bir neçə gün bu barədə hüquqmühafizə orqanlarına məlumat vermək istəməsə də 06 dekabr 2024-cü il tarixdə Cəlilabad rayon polis şöbəsinə gələrək bu barədə ərizə yazmışdır. Daha sonra polis əməkdaşları tərəfindən ona məxsus olan həmin evə baxış keçirilmiş və müəyyən yerlərdən əl-barmaq və qan izləri götürülmüşdür. Ona məxsus evdən 80 metr elektrik naqillərinin oğurlanması nəticəsində ümumilikdə ona 120 manat maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, onun evindən oğurluq edən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Nartiq oğlu olmuşdur. Hal-hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən cəza təyin edərkən bunu nəzərə almağı xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 dekabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus evdən 80 metr elektrik naqili Cəlilabad şəhəri, Cavadxan küçəsi, “Yeni Massiv”də yerləşən ona məxsus olan evdən oğurlanmışdır. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 elektrik naqillərinin oğurlandığı yeri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 yanvar 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 15 ədəd toyuqlar Cəlilabad şəhəri, Çələbixan küçəsində yerləşən ona məxsus evin həyətyanı sahəsində olan hindən oğurlanmışdır. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 15 ədəd toyuqların oğurlandığı yeri göstərmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 05 yanvar 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus 7 ədəd toyuqlar Cəlilabad şəhəri, Cavadxan küçəsi, “Yeni Massiv”də yerləşən ona məxsus evin həyətyanı sahəsində olan hindən oğurlanmışdır. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 07 ədəd toyuqların oğurlandığı yeri göstərmişdir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri bu cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, özlərinin etiraf ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmişlərin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 11 yanvar 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 yanvar 2025-ci il tarixdə saat 14:35-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 4(073)-2/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olunmuş, 13 yanvar 2025-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 13 yanvar 2025-ci il tarixdə saat 14:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 23 yanvar 2025ci il tarixli, 4(106)-9/2025 nömrəli qərarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 4(073)-2/2025 saylı, 13 yanvar 2025-ci il tarixli qərarı apelyasiya protestinə əsasən ləğv edilmiş, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilmiş və həbsdə saxlanılmasının əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmişlərin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 11 yanvar 2025-ci il tarixdən 13 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və 23 yanvar 2025-ci il tarixdən 01 may 2025ci il tarixədək həbsdə olduğu 3 (ay) ay 9 (doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 6 (altı) ay 22 (iyirmi iki) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri, Cavadxan küçəsindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar.

Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar