Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-51/2023 16.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:50 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1985-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri M.Mürsəlov küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -0.846 qram çəkidə ağ rəngli kristal formada olan psixotrop maddə - metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 24 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüdə həmin psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir ilə yaxındır ki, psixotrop maddə metamfetamin istifadə edir. 23 dekabr 2022-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri M.Hüseyn küçəsində Cəlilabad rayon Mərkəzi Xəstəxanasının yaxınlığında piyada gəzdiyi zaman yerdə bir ədəd sellofan bükülü görmüş, həmin bükülü onun diqqətini cəlb etmiş, bükülünü yerdən götürmüş, açıb içərisinə baxıqda içərisində metamfetamin olduğunu bilmiş və daha sonra istifadə etmək üçün cibinə qoyub üzərində saxlamışdır. 24 dekabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri M.Hüseyn küçəsində piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuşlar. O, isə polis əməkdaşlarına üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının dəvətinə etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Cəlilabad RPŞ-də ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur kı, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və həmin bükülüdən başqa üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bır ədəd sellofan bükülüdə olan psixotrop maddə - metamfetaminə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. O, üzərindən aşkar olunaraq götürülmüş həmin metamfetamini gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirmiş, həmin metamfetamindən istifadə etməmiş, həmin metamfetaminin onun üzərində olmasından heç kimin məlumatı olmamış və əvvəllər istifadə etdiyi metamfetamini tanımadığı şəxslərdən əldə etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində 3 azyaşlı uşağı var, böyrək xəstəsidir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli təqsirləndirilən şəxs Vilayət Həsən ovun özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 24 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Sərastan oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 24 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri M.Hüseyn küçəsi ilə piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra Cəlilabad şəhəri M.Hüseyn küçəsində piyada hərəkətdə olduğu zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hərhansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra isə həmin bükülüyə baxış keçirilmiş, bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin metamfetamini Cəlilabad rayon Mərkəzi Xəstəxanasının yaxınlığında tapdığını və gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nın polis nəfəri Şahid3 Sərastan oğlu da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra isə həmin bükülüyə baxış keçirilmiş, bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 25 dekabr 2022-ci il tarixli 19/1297 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,846 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,796 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli 1318 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanada qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli 64/32 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları vardır. İş materiallarında olan, “Akademik M.Cavadzadə” adına Respublika Klinik Uroloji Xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikaya sağtərəfli çanaq distopiyalı böyrəyin 4-cü dərəcə hidronefrozu böyrək fəaliyyətinin itməsi diaqnozu ilə daxil olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, ailəsinin yeganə qazanc gətirəni olması, böyrək xəstəsi olması və ilk dəfə az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 24 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 dekabr 2022-ci il tarixdə saat 13:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 26 dekabr 2022-ci il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 dekabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 11:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitnə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji xəstəxanada qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,796 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 24 dekabr 2022-ci il tarixdən 26 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri Babək küçəsi ev 01-i tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,796 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-51/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-51/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver