Məhkəmə qərarları › İş №1(073)-51/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-51/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-51/2024 04.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs X1, onun nümayəndəsi və vəkili X5, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı Laçın rayonu Nağdalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-157/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 16 saylı cəza çəkmə müəssisəsində cəza çəkməklə, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmiş, Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olmaqla Masallı şəhəri H.Əliyev prospekti bina 32 mənzil 13-də yaşamış Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cəlilabad rayonu Uzuntəpə kəndində sahibkarlıq fəaliyyəti ilə məşğul olan tanışı X1 ona olan inam və etibarından sui-istifadə edərək 2022-ci ilin iyun ayının əvvəllərində danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, işğaldan azad edilmiş ərazilərdə tender udması və ferma quracağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq, tarixi istintaqa dəqiq məlum olmayan vaxtlarda 4 (dörd) dəfə olmaqla 2022-ci ilin iyun ayının əvvəllərindən həmin ayın sonlarınadək olan müddətdə, Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yerləşən sonuncuya məxsus daş sexindən ümumi dəyəri 3354 (üç min üç yüz əlli dörd) manat 40 (qırx) qəpik olan, ayrı-ayrılıqda 1 (bir) kvadrat metrinin qiyməti 6 (altı) manat 50 (əlli) qəpik olan 55 (əlli beş) kvadrat metr “Romaşka” formalı, 72 (yetmiş iki) kvadrat metr “Xaç ulduz” formalı, 8 (səkkiz) kvadrat metr “8 güşə” formalı, 28 (iyirmi səkkiz) kvadrat metr “Xaçtop” formalı, 58 (əlli səkkiz) kvadrat metr “zamoş” formalı, 167 (bir yüz altmış yeddi) kvadrat metr “banan” formalı ümumilikdə 388 (üç yüz səksən səkkiz) kvadrat metr həcmdə daş plitələri, 1 ədədinin qiyməti 1 (bir) manat 40 (qırx) qəpik olan 366 (üç yüz altmış altı) ədəd daş bardyoru, 1 (bir) vahidinin qiyməti 70 (yetmiş) manat olan 2 (iki) ədəd 5x4 ölçüdə olan dəmir metaldan hazırlanmış qapıları, 1(bir) vahidinin qiyməti 45 (qırx beş) manat olan 4 (dörd) ədəd 150-lik həcmdə, 3-4 metr uzunluqda dəmir turbaları və Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən sonuncuya məxsus fermadan ümumi dəyəri 7774 (yeddi min yetmiş dörd) manat olan, ayrı-ayrılıqda 1 kiloqramının qiyməti 6 (altı) manat 50 (əlli) qəpik olan diri çəkiləri 25-26 kiloqram olan 08 aylıq yaşda olan 45 baş xırda buynuzlu heyvanları (quzu) və diri çəkisi 25-26 kiloqram olan 1 baş xırda buynuzlu heyvanı (keçi) etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək, zərər çəkmiş şəxs X2 xeyli miqdarda, yəni ümumilikdə 11.128 (on bir min yüz iyirmi səkkiz) manat 40 (qırx) qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Laçın rayonu Nağdalı kəndində anadan olmuş, həbs olunduğu tarixədək Masallı şəhəri H.Əliyev prospekti nömrəsiz ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. 4 övladı var, Masallı şəhərində yerləşən “İnşaat bazarı” adlanan mağazada inşaat materiallarının satışı ilə məşğul olaraq ailəsini dolandırır. X3 10 ildən çox müddətdir tanıyır. Səyyar Tağıyev ilə arasında nifaq və münaqişə olmamışdır. Səyyar ilə birlikdə ticarətlə məşğul olduqlarını, həmişə Səyyarın ondan nisyə olaraq sement kisələri aldığını, pulunu bir müddət sonra ödədiyini bildirmişdir. 2022-ci ilin yay aylarında işğaldan azad olunmuş Şuşa şəhərində və digər ərazilərdə abadlıq işlərinin aparılması ilə bağlı tender qalibi olmuşdur. Bu səbəbdən orada istifadə olunması üçün meterial lazım olacağından həmin ilin iyun ayının əvvəllərində tanışı Səyyar Tağıyevlə əlaqə saxlamış və onun Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermasına getmişdir. Orada söhbət zamanı tikinti işləri ilə əlaqədar ona daş plitə lazım olacağını bildirmiş, ödənişin isə hissə hissə ediləcəyini demişdir. Aralarında razılıq əldə olunmuş, həmçinin doğulduğu Laçın rayonunda da, at və xırda buynuzlu heyvan ferması tikiləcəyini, orada da saxlanılması üçün heyvan lazım olacağını bildirmiş və bununla bağlı da, aralarında razılıq əldə olunmuşdur. Bu işlərin görülməsində qohumu Şahid1 ona köməklik etmiş, materialların ona məxsus tikinti materialları satılan mağazasına, heyvanların isə daşınaraq evinə gətirilməsində köməklik etmiş və bununla bağlı daşınmaya və çəkdiyi əziyyətə görə ona pul vermişdir. Lakin Şahid1 Şuşa və Laçında görəcəyi işlərdə hər-hansı şərikliyi və ya məlumatı olmamışdır. Həmçinin bildirmişdir ki, Səyyar Tağıyevi aldatmaq fikri olmamış, həqiqətən Şuşa və Laçın şəhərlərində abadlıq və heyvandarlıq işləri ilə məşğul olacaqdı, lakin yaranmış problemlər səbəbindən görəcəyi işlər alınmamış, S.Tağıyevdən nisyə aldığı daş plitələrin satmışdır. Bundan başqa aldığı heyvanları da, Laçına apara bilmədiyi üçün rayon ərazisində satmışdır. Əməlindən peşmandır, yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri öz ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu Çanaxbulaq kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Uzuntəpə kəndində ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 3 övladı var. O, ailəsini fərdi əməklə məşğul olaraq dolandırır. Belə ki, o, 2013-cü ildən heyvandarlıqla, 2015-ci il tarixdən isə daş plitə sexi ilə məşğul olur. Təqsirləndirilən şəxs 2018-ci il tarixdə Masallı rayonundan tanıdığı Qadir adlı tanışının vasitəsilə tanımışdır. Anar ilə arasında münaqişə və nifaq olmamışdır. Şahid1 2022-ci ilin may-iyun aylarından Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Səfər ilə də əvvəllər münaqişəsi və nifaqı olmamışdır. Belə ki, Anar həmin dövrlərdə Qadirin “Holcim” firmasına məxsus sement kisələrini cənub zonasında yerləşən rayonlara paylamışdır. Təxminən 3 il Anarın əli ilə o, sement kisələrini nisyə götürüb, satıldıqdan sonra pulunu vermişdir. Bütün bu məsələlərə görə onda Təqsirləndirilən şəxs qarşı inam yaranmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində ona məxsus Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermada 340 baş xırda buynuzlu heyvanları var idi. O, həmin heyvanları böyütdükdən sonra satıb qazanc əldə edirmiş, dəqiq xatırlamadığı tarixdə 2022-ci ilin iyun ayının əvvəllərində saat 17 radələrində o, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermada olarkən Təqsirləndirilən şəxs Şahid1 ilə birlikdə yanına gəlmiş, Anar ona özünü şirkət sahibi kimi göstərərək, işğaldan azad olunmuş Şuşa şəhərində abadlıq işləri aparmaq məqsədilə tender udduğunu, bunun üçün 5000-6000 kvadrat plitə lazım olacağını bildirib, plitənin 1 kvadrat metrinin qiymətini soruşmuşdur. O, plitənin 1 kvadrat metrini 7 manata verə biləcəyini demişdir. Anar onunla razılaşdıqdan sonra “bizim hesabımıza 15 gündən bir pul vəsaiti köçürülür, 15 gündən sonra plitənin pullarını göndərəcəm, sonra yenidən səndən plitə götürəcəm” ona demişdir. Təqsirləndirilən şəxs həmçinin işğaldan azad olunmuş Laçın rayonu ərazisində at ferması quracaqlarını, həmin fermaya həmçinin damazlıq xırda buynuzlu heyvan almaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxs ilə əvvəllər də sement alveri ilə məşğul olduğu üçün Anara inanmış və Anarın təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs həm də özünün işğaldan azad olunmuş ərazilərdə olacağını, özünə məxsus mobil telefona zəng çatmayacağını, plitələri və xırda buynuzlu heyvanları müharibədə iştirak etməyərək, özünü “qazı” adlandıran qayını Şahid1 gəlib götürəcəyini demişdir. Təxminən 2 gün sonra Şahid1 ona məxsus Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermasına gəlmiş və ona “telefonuna bax Anar “whatsapp” tətbiqi vasitəsilə səs atıb sənə qulaq as”-demişdir. O, özünə məxsus mobil telefona quraşdırılmış “whatsapp” tətbiqinə daxil olmuş, lakin Təqsirləndirilən şəxs səs atmadığını görüb bu barədə Səfərə “Anar nə səs atıb”-deyə soruşmuşdur. Səfər ona “Anar mənə zəng etmişdi ki, Səyyara “whatsapp” tətbiqi vasitəsilə səs atmışam, burda set tutmur səs getməyib hələ, get Səyyardan 400 kvadrat daş plitə götür, 15 gün ərzində pulunu verərik”-demişdir. O, Təqsirləndirilən şəxs ilə razılaşdığı üçün 400 kvadrat müxtəlif ölçülü və formalı daş plitələri Şahid1 vermişdir. Bundan başqa Şahid1 sexin həyətində olan 2 ədəd 5x4 ölçüdə dəmir qapıları və 4 ədəd 150-lik 3-4 metr uzunluğunda dəmir turbaları görüb istəmiş, Şahid1 sexə qoşqusu olan “Kamaz” markalı yük avtomobili ilə gəlmişdir. Həmin daş plitələri, 2 ədəd 5x4 ölçüdə dəmir qapıları və 4 ədəd 150-lik 3-4 metr uzunluğunda dəmir turbaları onun seximdə fəhlə kimi çalışan Şahid4 və X9 yük avtomobilinə yükləmişlər. Həmin gündən 2-3 gün sonra Şahid1 ona zəng edərək, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermasında olan xırda buynuzlu heyvanları da aparmaq istədiyini demişdir. O, qardaşı Əfqan Tağıyevin nömrəsini Şahid1 verib ona zəng etməsini bildirmişdir. Daha sonra qardaşı Əfqana zəng edib, Səfər adlı şəxsin ona məxsus fermaya gələcəyini, nə istəsə verməsini bildirmiş, qardaşı Əfqan onunla razılaşıb, Səfərə nə istəsə verəcəyini demişdir. Sonradan qardaşı Əfqan ona 5 gün ərzində 3 dəfə hərəsində 15 xırda buynuzlu heyvan olmaqla, ümumilikdə 45 baş xırda buynuzlu heyvanları Səfərə verdiyini bildirmişdir. Səfər həmçinin ona məxsus fermadan 45 baş quzulardan əlavə, 1 baş keçini də aparmışdır. Təqsirləndirilən şəxs söz verdiyi 15 gün keçdikdən sonra, 28 iyul 2022-ci il tarixdən sonrakı müddətlərdə Təqsirləndirilən şəxs və Şahid1 istifadəsində olan mobil nömrələr ilə əlaqə saxlayanda onlar onu müxtəlif bəhanələrlə aldatmağa başlamışlar. 28 iyul 2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, lakin Anarın anası ona Anarın evdə olmadığını demişdir. O, yenidən Masallı şəhəri H.Əliyev prospektinə qayıtmış, “Embavvood” şirkətinin bazasının yaxınlığında Təqsirləndirilən şəxs ilə təsadüfən rastlaşmış, Anar onu görən kimi özünü itirmiş və əlində mobil telefonu yerə düşürmüşdür. O, Təqsirləndirilən şəxs ona vurduğu 10600 manat maddi ziyanı nə səbəbə qaytarmadığını soruşduqda, Anar səs küy salaraq onunla yüksək tonla danışmağa başlamış, daha sonra Anar Səfərə zəng edərək, yanlarına çağırmış, təxminən 5 dəqiqə sonra Şahid1 ora gəlmiş və həmin vaxt ona “sənin pulunu mən 3 gün müddətinə öz maşınımı satıb verəcəm”-demişdir. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs onun mobil zənglərimə cavab verməmişdir. O, dəfələrnən Şahid1 ilə əlaqə yaratmış, Şahid1 onu dəfələrlə Masallı şəhərinə çağırsa da Səfər onunla görüşməmiş, onunla görüşdən qaçırmış. Dəqiq xatırlamadığı tarixdə Şahid1 ona zəng edərək, onu Cəlilabad rayonu Göytəpə şəhərinə dəvət eləmiş, o, Şahid1 ilə Göytəpə şəhər avtovağzalında görüşmüş, Səfər həmin vaxt ona “özümə məxsus avtomobili Bakı sakininə satmışam, lakin alqı satqı üçün və benzin üçün 60 manat pul lazımdı”-demişdir. O, Səfərə 60 manatı vermiş və Səfər ona “mən gedirəm Bakıya avtomobilimi satıb alqı-satqı edəm”-demişdir. O, səhərisi gün Bakı şəhərinə yola düşmüş, saat 12:00-dək şəxsi işlərini görüb, Səfərə zəng etmişdir. Səfər, müxtəlif bəhanələr edərək onu saat 18:00-dək yubatmışdır. Saat 18:00 dəqiqədə Səfər mobil telefonunu söndürmüş, saat 20:00 dəqiqə Səfər mobil telefonu açaraq ona “telefonumu batareyası sönüb, maşını satmışam, Sumqayıtdayam 1-2 işim var, Xırdalan şəhərində yerləşən Baş Dövlət Yol Polisinin inzibati binasında gözlə məni birlikdə gedək Cəlilabada”demişdir. Həmin gün o saat 23:50 dəqiqəyədək Səfəri gözləmişdir. Lakin Səfər telefonlarına cavab verməmiş, o, məcbur qalıb Cəlilabad şəhərinə qayıtmışdır. Həmin tarixdən sonra nə Təqsirləndirilən şəxs, nə də Şahid1 onun etibarından istifadə edərək dələduzluq yolu ələ keçirdikləri 4000 kv metr daş plitələr, 2 ədəd 5x4 ölçüdə dəmir qapıları və 150-lik 3-4 metr uzunluğunda dəmir turbaları və 46 baş xırda buynuzlu heyvanlara görə 10600 manat pulu geri qaytarmamışlar. X6 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, 2022-ci ilin iyun ayının əvvəllərində ona məxsus Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermasında Təqsirləndirilən şəxs ilə razılaşdıqdan sonra Şahid1 2022-ci ilin əvvəllərində təxminən 10-12 gün müddət ərzində əvvəlcə 4000 kv.m müxtəlif ölçülü daş plitələri, 2 ədəd 5x4 ölçüdə dəmir qapıları və 150-lik 3- 4 metr uzunluğunda dəmir turbaları Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən plitə seximdən, daha sonra 3 dəfəyə olmaqla 46 baş xırda buynuzlu heyvanları isə Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermadan götürərək ona maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 4000 kv.m müxtəlif ölçülü daş plitələri, 2 ədəd 5x4 ölçüdə dəmir qapıları və 150-lik 3-4 metr uzunluğunda dəmir turbalar və 46 baş xırda buynuzlu heyvanlara görə ümumilikdə 10600 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Masallı rayonu Təkdam kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Rəsmi olaraq Masallı rayonunda yerləşən “Masal mebel” mebel sexində usta işləyir. X3 yeznəsi Təqsirləndirilən şəxs vasitəsilə 2022-ci ilin tarixdən tanıyır. Səyyar ilə aralarında nifaq və münaqişə olmamışdır. Səyyar Tağıyev ilə yeznəsi Təqsirləndirilən şəxs 2018-ci il tarixdən “Holcim” firmasına məxsus sement kisələrini alıb satmışlar. 2022-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermada Səyyar adlı dostunun olduğunu deyərək, onunla görüşməyə getməyi təklif etmişdir. O və Anar 2022-ci ilin iyun ayının əvvəllərində Anara məxsus “Volsfagen” markalı avtomobil ilə Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermaya getmişlər. Orada yeznəsi Təqsirləndirilən şəxs özünü şirkət sahibi kimi təqdim edərək, işğaldan azad olunmuş Şuşa şəhərində abadlıq işləri aparmaq məqsədilə tender udduğunu, bunun üçün 5000-6000 kvadrat plitə lazım olacağını bildirib, plitənin 1 kvadrat metrinin qiymətini soruşmuşdur. Səyyar Tağıyev plitənin 1 kvadrat metrini 7 manata verə biləcəyini demişdir. Səyyar razılaşdıqdan sonra Anar ona: “bizim hesabımıza 15 gündən bir pul vəsaiti köçürülür, 15 gündən sonra plitənin pullarını göndərəcəm, sonra yenidən səndən plitə götürəcəm”-demişdir. Təqsirləndirilən şəxs həmçinin işğaldan azad olunmuş Laçın rayonu ərazisində at ferması quracağını, həmin fermaya həmçinin damazlıq xırda buynuzlu heyvan almaq istədiyini Səyyara demişdir. Təqsirləndirilən şəxs Səyyar Tağıyevə həm də özünün işğaldan azad olunmuş ərazilərdə olacağını, ona məxsus mobil telefona zəng çatmayacağını, plitələri və xırda buynuzlu heyvanları onun götürəcəyini demişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs ona Səyyar Tağıyevin fermasına gedərək xırda buynuzlu heyvanları götürəcəyini demiş, o, Təqsirləndirilən şəxs adı və soyadını unutduğu tanışı ilə onun idarə etdiyi yük yeri olan “VAZ 2107” markalı avtomobil ilə birlikdə Cəlilabad rayonu Uzuntəpə kəndinə getmişdir. Fermaya getməmişdən qabaq Səyyar Tağıyev ilə əlaqə saxlayıb xırda buynuzlu heyvan götürməyə gəldiyini bildirmişdir. O, fermaya çatanda Səyyarın qardaşı Əfqan orada olmuş, bir müddət sonra Səyyar özü də fermaya gəlmiş, birinci dəfə 18 baş xırda buynuzlu heyvanları avtomobilin yük yerinə yerləşdirmişlər. Həmin heyvanları Təqsirləndirilən şəxs yaşadığı Masallı şəhəri H.Əliyev prospektində yerləşən ünvanına gətirmiş və Anara təhvil vermişdir. Təqsirləndirilən şəxs heyvanları gətirməyinə görə ona əziyyət haqqı olaraq 50 manat vermişdir. Təxminən 10-15 gün ərzində daha iki dəfə o, X8 rayonu Uzuntəpə kəndində yerləşən fermasına gedərək, 12 baş və 16 baş olmaqla ümumilikdə 46 baş xırda buynuzlu heyvanları Səyyardan təhvil alaraq Təqsirləndirilən şəxs yaşadığı ünvana aparmışdır. Ümumilikdə o, 46 baş xırda buynuzlu heyvanları 3 dəfəyə hissə-hissə olmaqla aparmışdır. 2022-ci ilin iyun ayının ortalarında Təqsirləndirilən şəxs ona Səyyar Tağıyevə məxsus daş plitələrin istehsal edildiyi sexdən 400 kvadrat metr daş plitə götürəcəyini demişdir. O, Masallı şəhərinin mərkəzinə gedərək, orada dayanmış Kamaz markalı avtomobillərdən birini icarəyə götürmək istəmiş, həmin vaxt əvvəllər tanıdığı İbrahim adlı şəxslə qarşılaşmış və İbrahimə Cəlilabad şəhərindən 400 kv.m daş plitə gətirməyə yük avtomobili lazım olduğunu demiş, İbrahim ilə razılaşdıqdan sonra sonuncuya məxsus boz rəngli Kamaz markalı yük avtomobili ilə Cəlilabad şəhəri H.Əliyev prospektinə gəlmişdir. Orada 400 kvadrat metr müxtəlif ölçülü və formalı daş plitələr yük avtomobilinə yüklənmişdir. Bundan başqa sexin həyətində olan 2 ədəd 5x4 ölçüdə dəmir qapılar və 4 ədəd 150-lik 3-4 metr uzunluğunda dəmir turbaları da Səyyardan istəmiş, Səyyar da həmin 2 ədəd 5x4 ölçüdə dəmir qapılar və 4 ədəd 150-lik 3-4 metr uzunluğunda dəmir turbaları da sata biləcəyini demişdir. Ona görə də 2 ədəd 5x4 ölçüdə dəmir qapılar və 4 ədəd 150-lik 3-4 metr uzunluğunda dəmir turbaları da yük avtomobilinə yükləmişlər. 400 kv.m daş plitələri və 2 ədəd 5x4 ölçüdə dəmir qapılar və 4 ədəd 150-lik 3-4 metr uzunluğunda dəmir turbaları o, Masallı rayonu H.Əliyev prospektində yerləşən Təqsirləndirilən şəxs məxsus tikinti materiallarının satıldığı mağazanın qarşısına boşaltmışdır. Ümumilikdə yeznəsi Təqsirləndirilən şəxs ona 400 kvm daş plitələri və 46 baş xırda buynuzlu heyvanları Səyyardan götürüb gətirməyinə görə 150 manat əziyyət haqqı vermişdir. Sonradan görmüşdür ki, yeznəsi Təqsirləndirilən şəxs Səyyar Tağıyevi aldatmışdır. O, Anardan nə səbəbə Səyyarı aldatmasını soruşduqda Anar ona “sən öz işinlə məşğul ol”-demişdir. Səyyar Tağıyev haqlı olaraq Təqsirləndirilən şəxs zənglərinə cavab vermədiyi üçün ona məxsus mobil nömrəyə zəng etmişdir. O, da qohumu olduğu üçün Təqsirləndirilən şəxs kömək etmək niyyətində olmuşdur. Dəfələrlə o, Təqsirləndirilən şəxs maddi ziyanlarını özünə məxsus avtomobilləri sataraq ödəmişdir. Lakin, Təqsirləndirilən şəxs Səyyar Tağıyevin etibarından sui-istifadə edib onu aldada biləcəyini əvvəlcədən bilməmişdir. X17 aldadıb pulunu ələ keçirmək istəməsini bilsəydi heç vaxt Səyyar Tağıyevdən 400 kv.m daş plitə və 46 baş xırda buynuzlu heyvanlar götürməzmiş. O, Təqsirləndirilən şəxs ilə Səyyar Tağıyevin yaxın dost olduqlarını zənn etmişdir. 2022-ci ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək, Masallı şəhərində yerləşən “Embavvood” mağazasının qarşısına çağırmış, o, 5 dəqiqə sonra Anarın dediyi ünvana getmiş, Ora çatanda X21 Kərimovdan aldadıb ələ keçirdiyi 400 kvadrat metr daş plitə və 46 baş xırda buynuzlu heyvanlara görə olan 10600 manat pulunu tələb etdiyini görmüşdür. Orada Səyyarı sakitləşdirmək məqsədilə özünə məxsus “VAZ 2107” markalı avtomobili sataraq Təqsirləndirilən şəxs Səyyara olan borcun bir qismini qaytarmağa kömək etməyi təklif etmişdir. Lakin sonradan o, öz avtomobilini sənədlərində problem olduğu üçün sata bilməmişdir. Bir müddət sonra bacısının əri Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətinə görə Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 2 il 5 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda cəzasını 16 saylı cəzaçəkmə müəssisəsində çəkir. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən ona zəng edərək, “Polisə çağırsalar getmə, əgər gedəsi olsan Səyyarın üzünə dur, heçnə edə bilməzlər”-kimi sözlər demişdir. O, da Anar ilə danışığında heç bir günahının olmadığını, Səyyara maddi ziyan vurmadığını və istintaqa düzgün ifadə verəcəyini demişdir. Təqsirləndirilən şəxs həmçinin ona “mən onsuz içəridəyəm sən boynuna al, məhkəmə aylara böləcək, mən də çıxım türmədən bir təhər qaytararıq”-təklif etmişdir. Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Səyyar Tağıyevi aldadıb Səyyara məxsus 10600 manat dəyərində 400 kv.metr daş plitələr və 46 baş xırda buynuzlu heyvanları ələ keçirməmiş, yeznəsi Təqsirləndirilən şəxs Səyyar Tağıyevi aldadaraq, işğaldan azad olunmuş ərazilərdə tender udduğuna inandıraraq sonuncuya məxsus 10600 manat dəyərində 400 kv.m daş plitələr və 46 baş xırda buynuzlu heyvanları ələ keçirmişdir. Belə ki, o, Səyyar Tağıyevdən 10600 manat dəyərində 400 kv.m daş plitələr və 46 baş xırda buynuzlu heyvanları götürərək, yeznəsi Təqsirləndirilən şəxs gətirib Masallı rayonunda təhvil vermişdir. O, Səyyardan həmin daş plitələri və xırda buynuzlu heyvanları götürərkən Anarın Səyyarı etibarından sui-istifadə edib aldatmasını bilməmişdir. Həmçinin o, Səyyar Tağıyevdən 2 ədəd 5x4 ölçüdə dəmir qapılar və 4 ədəd 150-lik 3-4 metr uzunluğunda dəmir turbaları da Təqsirləndirilən şəxs zəng edib lazıb olub olmayacağını soruşduqdan sonra götürərək sonuncuya gətirmişdir. O, Səyyar Tağıyevi öldürməklə hədələməmişdir. Həmin vaxt o, Səyyara “sizin dostluğunuzu bura qədərdi?”-demişdir. Lakin Səyyara heç bir fiziki güc və real hədə göstərməmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs Səyyar Tağıyev ilə yaxın dost olmasını bildiyi üçün Anarın Səyyarı aldatmasından şübhələnməmişdir. Həm də Təqsirləndirilən şəxs onu işğaldan azad olunmuş ərazilərdə dostlarının işləməsinə inandırmışdır. Ona görə də o, Təqsirləndirilən şəxs inanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilən Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu Çanaxbulaq kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Uzuntəpə kəndində ailə üzvlərilə birlikdə yaşayır. Orta təhsillidir, heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Evlidir, 2 övladı var. X6 onun qardaşıdır. Səyyar ilə əvvəllər nifaqı və münaqişəsi olmamışdır. Təqsirləndirilən şəxs tanımır, əvvəllər arasında nifaq və münaqişə olmamışdır. O, uzun müddətdir heyvandarlıqla məşğuldur, əvvəllər yaşadığı ünvanın həyətində xırda buynuzlu heyvanları saxlayırmış, son 5-6 ildir ki, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən fermada qardaşı Səyyara məxsus xırda buynuzlu heyvanları saxlamışdır. Dəqiq xatırlamadığı tarixdə 2022-ci ilin iyun ayında qardaşı Səyyar Tağıyev ona zəng edərək, bir nəfər adını unutduğu şəxsin fermaya gələcəyini, istədiyi qədər xırda buynuzlu heyvanları ona verməyini bildirmişdir. Adının sonradan Şahid1 öyrəndiyi şəxs o, işlədiyi fermaya gəlmişdir. Şahid1 qohumu Təqsirləndirilən şəxs qardaşı Səyyar ilə razılaşdığını, xırda buynuzlu heyvanları Təqsirləndirilən şəxs aparacağını bildirmişdir. Təxminən 10 gün müddətində 3 dəfəyə hərəsində 15 baş xırda buynuzlu heyvanları yük yeri olan “VAZ 2105” markalı avtomobilə yükləyərək aparmışdır. Sonuncu dəfə o, 15 baş quzu və 1 baş keçini Şahid1 vermişdir ki, Təqsirləndirilən şəxs aparsın. Ümumilikdə o, 45 baş quzu və 1 baş keçini Şahid1 təhvil vermişdir. Onun Şahid1 verdiyi xırda buynuzlu heyvanlar təxminən 26 kiloqram çəkidə olmuşdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu Qarakazımlı kəndində anadan olmuş, hazırda Cəlilabad rayonu Uzuntəpə kəndində ailə üzvlərilə birlikdə yaşayır. Orta təhsillidir, “Türkün fəxri” ictimai-hüquq qəzetinin redaktoru vəzifəsində çalışır. Evlidir, 3 övladı var. X3 2013-cü il tarixdən tanıyır, Səyyar ilə əvvəllər nifaqı və münaqişəsi olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, dəqiq xatırlamadığı tarixdə 2022-ci ilin iyun ayının ortalarında Səyyar Tağıyev onun mobil nömrəsinə zəng edərək, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən daş plitələrin istehsal olunduğu və satıldığı sexə gedib nəzarət etməyi xahiş etmişdir. O, nə səbəbə gedəcəyini soruşduqda Səyyar ona Anar adlı şəxslə razılaşdığını, Anarın Səfər adlı qohumunun sexə gələrək daş plitələr götürəcəyini demişdir. Həmin tarixdə saat 11-12 radələrində o, daş plitə sexində gözləyərkən Səfər qoşqusu olan “Kamaz” markalı yük avtomobili ilə sexə gəlmişdir. Sexdə olan fəhlələr təxminən 400 kvadrat metrə yaxın müxtəlif formalı daş plitələri yük avtomobilinə yükləmişlər. Bundan başqa 366 ədəd daş bradyorlar da fəhlələr tərəfindən yük avtomobilinə yüklənmişdir. Bundan başqa Şahid1 sexin həyətində olan istifadə olunmayan 2 ədəd 5x4 ölçüdə dəmir qapıları və 4 ədəd 150-lik 3-4 metr uzunluğunda dəmir turbaları yük avtomobilinə yükləmişdir. Şahid1 daş plitələri və digər əşyaları yüklədikdən o, bu barədə Səyyar Tağıyevə məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Kərimov X13 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(050)-157/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 16 saylı cəza çəkmə müəssisəsində cəza çəkməklə, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada götürülməmişdir. İşdə olan 15 dekabr 2023-cü il tarixdə cinayət işi üzrə törədildiyi müəyyən edilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İşdə olan 15 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə Masallı rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 1(050)-157/2023 nömrəli hökmü ilə barəsində 2 il 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının seçilməsi və hazırda Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-ci il təvəllüdlü X15, xx.xx.2021-ci il təvəllüdlü X10, xx.xx.2019-cü il təvəllüdlü X11 və xx.xx.2019cü il təvəllüdlü X16 adlı dörd az yaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 4 az yaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdarın halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə zərərçəkmiş şəxslərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah ediməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Masallı rayon məhkəməsinin 24 iyul 2023-cü il tarixli hökm üzrə təyin edilmiş 2 (iki) il 5 (beş) ay azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaqla üzərində qəti olaraq 3 (üç) il, 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli 21 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Masallı rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar