Məhkəmə qərarları › İş №1(073)-52/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-52/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-52/2023 28.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1973-cü ildə Cəlilabad rayonu, Ocaqlı kəndinə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon məhkəməsinin 26.0.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Ocaqlı kəndində yaşayan, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Cəlilabad rayonu, Ocağlı kəndi ərazisində idarə etdiyi avtomobilin salonunda həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yumruq ilə sonuncunun sifət nahiyyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona sol gözyuvası ətrafında qançır və əzilmiş səthi yara, üst dodağın selikli qışasında əzilmiş yara xəsarətləri ilə nəticələnən sağlamlığına YÜNGÜL zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi və qohumudur. Zərərçəkmiş şəxs bacısı qızı X3 ilə 2014-cü ildə ailə həyatı qurmuş, lakin onların övladı olmadığı üçün 2020-ci ilin mart ayında Afaq ilə boşanmışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs onunla ədavət aparır. xx.xx.2023-cü il tarixdə saat 10:15 radələrində Zərərçəkmiş şəxs ona zəng edib onu nalayiq sözlərlə təhqir edib, gəl Ocaqlı kəndində olan poçtun qarşısına, səni gözləyirəm sözünü demiş, bundan sonra o özünə məxsus avtomobili idarə edərək, Ocağlı kəndində olan poçtun qarşısına getmiş, həmin vaxtı Zərərçəkmiş şəxs onun avtomobilinin qabaq oturacağında əyləşmiş, o isə avtomobili bir qədər hərəkət etdirib yaşadıqları kənddə, yolun kənarında saxlamışdır. Həmin vaxt o Rəşidə onu nə üçün təhqir etdiyini demiş, Rəşid isə ona bir söz deməmiş, buna görə də əsəbləşib Rəşidin sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Rəşid isə onun barəsində polisə şikayət edəcəyini deyib avtomobildən düşərək başqa avtomobilə əyləşib oradan kənarlaşmışdır. Hadisə Cəlilabad rayonu, Ocağlı kəndində idarə etdiyi avtomobilin salonunda baş vermişdir, həmin vaxt orada başqa şəxs olmamış, hadisə qısa müddət baş vermiş, hadisə vaxtı Zərərçəkmiş şəxs onu vurmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs qohumudur, onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, həmkəndlisi və qohumu olan Təqsirləndirilən şəxs ilə heç bir ədavəti yoxdur və onunla münasibəti normal olmuşdur. xx.xx.2023-cü il tarixdə Nicatın qardaşı Ceyhun Türkiyə Respublikasında yol nəqliyyat hadisəsi törətdiyi üçün ona pul lazım olduğunu bəzi tanışlarına bildirmiş, onun bu hərəkəti isə Nicatın xoşuna gəlmədiyi üçün onun telefonuna zəng edərək onunla görüşmək istədiyini demiş, bundan sonra o Ocaqlı kəndində Nicatla görüşmüş, həmin vaxtı Nicat onunla mübahisə etmiş və əli ilə onun sol gözünün alt hissəsinə vuraraq xəsarət yetirmişdir. O da bundan sonra yoldan keçən avtomobilə əyləşərək Cəlilabad RPŞ-nə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Hadisə vaxtı isə orada başqa şəxs olmamış və hadisə qısa bir müddətdə baş vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoiya ETT Birliyinin PHŞ-nin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 49 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs sol gözyuvası ətrafında qançır və əzilmiş səthi yara, üst dodağın selikli qışasında əzilmiş yara müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər bərk küt əşyanın /əşyaların/ təsirindən törədilmişdir, törənmə müddəti qərarda qeyd edilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əsədov X2 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, tələb və şikayətinin olmadığını, hadisə zamanı ona dəymiş ziyanın tam ödənildiyini göstərərək, Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, hadisə zamanı ona dəymiş ziyanın ödənildiyini göstərərək işin icraatına xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmişşəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda” məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə... qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 73-cü maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar