Məhkəmə qərarları › İş №1(073)-52/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-52/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-52/2025 03.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3, X1 iştirakı ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1998-ci il tarixdə İran İslam Respublikasının Germi şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, işləməyən, İran İslam Respublikasının Rəşt şəhəri, İmam Rza küçəsi, 35-ci Lalə döngəsi, ev 103, mərtəbə 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1 və 29, 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, daha sonra təkrarən, Azərbaycan Respubliksasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində zor tətbiq etmə hədəsi ilə keçməyə cəhd edərkən saxlanılmışdır. Belə ki, o, Azərbaycan Respublikasına gəlib, şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə görüşmək məqsədilə 10 noyabr 2024-cü il tarixdə, saat 20:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəlilabad rayonu, Zəhmətabad kəndi ərazisində yerləşən 13-cü sərhəd zastavasının 5-ci sahəsindən piyada hərəkət etməklə 86 nömrəli dövlət sərhəd nişanından 500 metr sağda, dövlət sərhəd xəttindən 900 metr məsafədə, köməkçi mühəndis-texniki çəpərinin 5 və 6-cı sahələrinin qovşağında, əsas mühəndis-texniki çəpərinin 50 və 51 nömrəli taxta dirəkləri ilə dəstəklənmiş tikanlı dəmir məftillərin altından sürünməklə, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Bundan başqa o, Azərbaycan Respublikasında şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə görüşdükdən sonra yenidən İran İslam Respublikasına qayıtmaq məqsədilə 11 noyabr 2024-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəlilabad rayonu, Kövüzbulaq kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının 16-cı sahəsindən piyada hərəkət edərək, təkrarən, qəsdən, qanunsuz olaraq Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək, “Dayan!” çağırış komandası verilmiş, tutulmaqdan və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə həmin çağırışdan dərhal sonra şalvarının sağ cibində olan bıçağı çıxarıb, “yaxınlaşmayın”, “aman verin, çıxıb gedim”, “pis olacaq” sözləri ilə müşayiət olunmaqla qışqıraraq, yəni zor tətbiq etmək hədəsi ilə çağırış komandasını verən hərbi qulluqçu – N nömrəli hərbi hissənin 12-ci sərhəd zastavasının rəisi Zərərçəkmiş şəxs üzərinə irəliləmiş, sonuncu xidməti silahının qundağı ilə onun bıçağı tutduğu sağ əlini itələyərək həmin bıçağı onun əlindən yerə salmağa nail olmuş və o, tərkisilah edilərək həmin gün, saat 02:48-də, Cəlilabad rayonu, Kövüzbulaq kəndi ərazisində, 85/1 nömrəli dövlət sərhəd nişanından 350 metr sağda, mühəndis-texniki çəpərindən 250 metr, dövlət sərhəd xəttindən 50 metr məsafədə saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, o, İran İslam Respublikasında yaşadığı müddətdə tikinti sahəsində fəhlə işləməklə dolanışığını təmin etmişdir. Toyu olacağı üçün spirtli içki almaq məqsədilə qanunsuz olaraq sərhədi keçərək Azərbaycan Respublikasının Cəlilabad rayonuna getmək qərarına gəlmişdir. Bu məqsədlə Azərbaycan sərhədinə yaxınlıqda yerləşən Böyük Ağalı kəndinə getmiş, 10 noyabr 2024-cü il tarixdə, saat 20:30 radələrində Azərbaycan Respublikasının dövlət sərhədi istiqamətində piyada hərəkət etməyə başlamış, bir xeyli müddət məsafə qət etdikdən sonra tikanlı məftillərlə qarşılaşmış və həmin məftillərin altından sürünərək irəliyə doğru hərəkət etmişdir. Təxminən 4-5 dəqiqə irəlilədikdən sonra yenidən tikanlı məftillərlə qarşılaşmış, həmin tikanlı məftilləri də eyni qaydada, onların altından sürünməklə keçib, Cəlilabad rayonu, Zəhmətabad kəndinə gəlmiş, daha sonra piyada hərəkət etməklə Edişə kəndi istiqamətində getməyə davam etmişdir. Edişə kəndinə çatıb, tanımadığı açıq mağazadan 3 böyük butulka spirtli içki almışdır. Daha sonra Cəlilabad rayonu, Kövüzbulaq kəndi ilə İran İslam Respublikası istiqamətində qayıdarkən piyada hərəkət edən zaman tikanlı məftillərlə qarşılaşmış, həmin məftilləri aralayıb, keçməyə müvəffəq olmuş, təxminən 5-6 dəqiqə hərəkət etdikdən sonra yenidən tikanlı məftillərin olduğunu görmüş, sözügedən məftillərə az bir məsafə qalmış hərbi qulluqçuların gəldiyini sezmiş və dərhal kolluq əraziyə girib orada gizlənmişdir. Lakin, gizləndiyi yeri hərbi qulluqçular müyyən edərək, 11 noyabr 2024-cü il tarixdə, saat 02:40 radələrində onlar tərəfindən “Dayan” komandası verilmişdir. Kolluq ərazidən çıxaraq, hərbi qulluqçulardan birinə yavaş-yavaş yaxınlaşmağa başlamış, tutulmaqdan qorxduğu üçün həmin hərbi qulluqçudan və digərlərindən yaxa qurtarmaq məqsədilə şalvarının sağ cibində olan, açılıb-qatlanan və dəstəyi qara rəngli olmaqla tiyəsinin üzərində “222” rəqəmləri və qartal başı təsviri həkk edilmiş, təxminən 3-4 il bundan əvvəl İİR-da bazardan tanımadığı satıcıdan ümumi məişətdə istifadə etmək məqsədilə almış olduğu bıçağını çıxarıb, “yaxınlaşmayın”, “aman verin, çıxıb gedim”, “pis olacaq” kimi sözlər deyib, qışqıraraq hədələməyə başlamışdır. Aralarında təxminən 2-3 addım məsafə olan zaman isə hərbi qulluqçu xidməti silahının qundağı ilə onun bıçağı tutduğu sağ əlini itələmiş və bıçaq əlindən yerə düşmüşdür. Daha sonra isə tərki-silah edilmiş, bundan sonra, digər hərbi qulluqçuların da köməkliyi ilə saxlanılmışdır. “Dayan!” komandası verən hərbi qulluqçunu əvvəllər tanınamış və saxlanıldıqdan sonra aparılan araşdırma zamanı həmin hərbi qulluqçunun Zərərçəkmiş şəxs olması ona məlum olmuşdur. Saxlanılan zaman və saxlanıldıqdan sonra ona qarşı fiziki və ya psixoloji təzyiq göstərən, o cümlədən qanundankənar hərəkət edən olmamışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 noyabr 2024-cü il tarixdə, saat 00:00-dan saat 04:00-dək 12ci sərhəd zastavasında “Növbətçi operator” xidmətinə təyin edilmiş əsgər Şahid1 sahənin video müşahidəsini apardığı zaman həmin tarixdə, saat 02:28 radələrində zastavanın 16cı sahəsində mühəndis-texniki çəpərdən təqribən 250 metr məsafədə Cəlilabad rayonu, Kövüzbulaq kəndindən İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin hərəkət etdiyini aşkar edərək ona məruzə etmişdir. Dərhal 3-cü sərhəd komendantına məruzə etmiş və sonuncunun göstərişinə uyğun olaraq sərhəd zastavasını “Silaha!” komandası ilə qaldırmışdır. Həyəcan qrupunun başçısı qismində Cəlilabad rayonu, Kövüzbulaq kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının 16-cı sahəsinə doğru “UAZ HUNTER” markalı, G-119-SQ qeydiyyat nişanlı xidməti avtomobil vasitəsilə həyəcan qrupunun digər üzvləri – Şahid3, Şahid4 və Şahid2 ilə birlikdə hərəkətə başlamışdır. Sözügedən ərazidə axtarış zamanı 11 noyabr 2024-cü il tarixdə, saat 02:48 radələrində 12-ci sərhəd zastavasının 16-ci sahəsində bir nəfər naməlum şəxsin İran İslam Respublikasına doğru dövlət sərhəd xətti istiqamətində hərəkət etməsini, daha sonra isə kolluq əraziyə girərək gizləndiyini müşahidə etmiş və dərhal həmin şəxsə “Dayan!” çağırış komandası vermişdir. Lakin, sonuncu gizlənmiş olduğu kolluq ərazidən çıxıb onun bu komandasına məhəl qoymayaraq, şalvarının sağ cibində olan bıçağı çıxarıb dəstəyi yuxarı və uc hissəsi aşağı olmaqla üzərinə yaxınlaşmağa, eyni zamanda “yaxınlaşmayın”, “aman verin, çıxıb gedim”, “pis olacaq” kimi sözlər deyib, qışqıraraq hədələməyə başlamışdır. Xidməti silahı vasitəsilə özünümüdafiə tədbirləri görüb, həmin silahın qundağı ilə sərhəd pozucusunun bıçağı tutduğu sağ əlini itələmiş və bıçağı sonuncunun əlindən yerə salmışdır. Daha sonra sonuncunu tərki-silah edərək, həyəcan qrupunun digər üzvlərinin köməkliyi ilə 85/1 nömrəli dövlət sərhəd nişanından təxminən 350 metr sağda, mühəndistexniki çəpərindən təxminən 250 metr, dövlət sərhəd xəttindən təxminən 50 metr məsafədə saxlamışdır. Sərhəd pozucusu ilə aparılan sorğu-sual zamanı həmin şəxsin İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olması məlum olmuş və aidiyyəti üzrə dərhal məruzə etmişdir. Məhkəmə isintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 11 noyabr 2024-cü il tarixdə, saat 00:00-dan saat 04:00-dək 12-ci sərhəd zastavasında “Növbətçi operator” xidmətinə təyin olunmuşdur. Video müşahidə apardığı zaman həmin tarixdə, saat 02:28 radələrində zastavanın 16-cı sahəsində mühəndis-texniki çəpərdən təqribən 250 metr məsafədə Cəlilabad rayonu, Kövüzbulaq kəndindən İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin hərəkət etdiyini aşkar edərək zastava rəisi Zərərçəkmiş şəxs məruzə etmiş, bundan sonra Zərərçəkmiş şəxs tərəfindən zastava “Silaha!” komandası ilə qaldırılmışdır. Həyəcan qrupunun başçısı qismində Zərərçəkmiş şəxs olmaqla Cəlilabad rayonu, Kövüzbulaq kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının 16-cı sahəsinə doğru “UAZ HUNTER” markalı, G-119-SQ qeydiyyat nişanlı xidməti avtomobil vasitəsilə həyəcan qrupunun üzvləri – Şahid2, Şahid3 və Şahid4 hadisə yerinə yola düşmüşlər və o da öz növbəsində video müşahidəni davam etdirmişdir. Video müşahidəni davam etdirdiyi zaman 11 noyabr 2024-cü il tarixdə, saat 02:48 radələrində 12-ci sərhəd zastavasının 16-ci sahəsində həmin naməlum şəxsin İran İslam Respublikasına doğru dövlət sərhəd xətti istiqamətində hərəkət etməsini, daha sonra isə kolluq əraziyə girərək gizləndiyini müşahidə etmişdir. Monitorda həmin naməlum şəxsə yaxınlaşan hərəkətdə olan obyektləri gördükdə yəqin etmişdir ki, həmin obyektlər həyəcan qrupunun üzvləridir. Rabitə vasitəsilə naməlum şəxsin kolluq əraziyə girməsini Zərərçəkmiş şəxs bildirmiş, həyəcan qrupu kimi yəqin etdiyi, monitorda canlanan obyektlərin kolluq əraziyə yaxınlışdığını və bu zaman həmin ərazidən sözügedən naməlum şəxsin çıxdığını və çıxdıqdan bir neçə dəqiqə sonra ləngimə müşayiət olunmaqla saxlanılmasını müşahidə etmişdir. Sərhəd pozucusu zastavaya gətirildikdən sonra onunla aparılan sorğu-sual zamanı həmin şəxsin İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olması məlum olmuş və hadisə barədə Zərərçəkmiş şəxs aidiyyəti üzrə dərhal məruzə etmişdir. Verilmiş suallar cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman sərhəd zastavasında video müşahidə apardığından həyəcan qrupunun üzvü kimi iştirak edib, hadisə yerinə getməmişdir. Ona görə də Təqsirləndirilən şəxs saxlanılan zaman onun Zərərçəkmiş şəxs üzərinə bıçaqla irəliləməsi barədə heç bir məlumatım yoxdur. Belə ki, video müşahidəni apardığı monitorda texniki cəhətdən, habelə görüntü keyfiyyəti və kiçik həcmli əşyaların monitorda canlanma miqyası ilə əlaqədar bunu görməsi qeyri-mümkündür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 noyabr 2024-cü il tarixdə, saat 00:00-dan saat 04:00-dək 12-ci sərhəd zastavasında “Növbətçi operator” xidmətinə təyin edilmiş əsgər Şahid1 sahənin video müşahidəsini apardığı zaman həmin tarixdə, saat 02:28 radələrində zastavanın 16-cı sahəsində mühəndis-texniki çəpərdən təqribən 250 metr məsafədə Cəlilabad rayonu, Kövüzbulaq kəndindən İran İslam Respublikası istiqamətində 1 nəfər naməlum şəxsin hərəkət etdiyini aşkar edərək zastava rəisi Zərərçəkmiş şəxs məruzə etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs tərəfindən zastava “Silaha!” komandası ilə qaldırılmışdır. Həyəcan qrupunun başçısı qismində Zərərçəkmiş şəxs olmaqla Cəlilabad rayonu, Kövüzbulaq kəndi ərazisində yerləşən 12-ci sərhəd zastavasının 16-cı sahəsinə doğru “UAZ HUNTER” markalı, G-119- SQ qeydiyyat nişanlı xidməti avtomobil vasitəsilə o və həyəcan qrupunun digər üzvləri – Şahid3 və Şahid4 ilə birlikdə hərəkətə başlamışlar. Sözügedən ərazidə axtarış zamanı 11 noyabr 2024-cü il tarixdə, saat 02:48 radələrində 12-ci sərhəd zastavasının 16-ci sahəsində bir nəfər naməlum şəxsin İran İslam Respublikasına doğru dövlət sərhəd xətti istiqamətində hərəkət etməsini, daha sonra isə kolluq əraziyə girərək gizləndiyini müşahidə etmişlər və Zərərçəkmiş şəxs tərəfindən dərhal həmin şəxsə “Dayan!” çağırış komandası verilmişdir. Lakin, sərhəd pozucusu gizlənmiş olduğu kolluq ərazidən çıxıb Zərərçəkmiş şəxs bu komandasına məhəl qoymayaraq, şalvarının sağ cibində olan bıçağı çıxarıb dəstəyi yuxarı və uc hissəsi aşağı olmaqla sonuncunun üzərinə yaxınlaşmağa, eyni zamanda “yaxınlaşmayın”, “aman verin, çıxıb gedim”, “pis olacaq” kimi sözlər deyib, qışqıraraq hədələməyə başlamışdır. Zərərçəkmiş şəxs öz xidməti silahı vasitəsilə özünümüdafiə tədbirləri görüb, həmin silahın qundağı ilə sərhəd pozucusunun bıçağı tutduğu sağ əlini itələmiş və bıçağı sonuncunun əlindən yerə salmış, daha sonra tərkisilah edərək onun və həyəcan qrupunun digər üzvlərinin köməkliyi ilə sərhəd pozucusunu 85/1 nömrəli dövlət sərhəd nişanından təxminən 350 metr sağda, mühəndis-texniki çəpərindən təxminən 250 metr, dövlət sərhəd xəttindən təxminən 50 metr məsafədə saxlamışdır. Sərhəd pozucusu ilə aparılan sorğu-sual zamanı həmin şəxsin İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olması məlum olmuş və Zərərçəkmiş şəxs tərəfindən aidiyyəti üzrə dərhal məruzə etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistika və İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci ildə icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 12 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, 13 noyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandiri, polkovnik Rauf Abdullayevin 11 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, 11 noyabr 2024-cü il tarixdə saat 02:28 radələrində 12-ci sərhəd zastavasında “Növbətçi operator” xidmətinə təyin edilmiş sərhəd naryadı 12-ci sərhəd zastavasının 16-cı sahəsində mühəndis-texniki çəpərdən 250 metr içəridə Cəlilabad rayonu, Kövüzbulaq kəndi istiqamətindən İran İslam Respublikasına dövlət sərhəd xəttinə doğru hərəkət edən 1 nəfər naməlum şəxsi müşahidə etmişdir. Zastava dərhal “Silaha!” komandasına qaldırılmış, “Həyəcan qrupu” zastava rəisinin başçılığı altında zastavaya məxsus “UAZ HUNTER” markalı, G-119-SQ hərbi nömrə nişanlı xidməti avtomobillə həmin istiqamətə doğru hərəkət etmişdir. Həmin tarixdə, saat 02:48 radələrində hadisə yerinə çatdıqda zastava rəisi sərhəd pozucusuna “Dayan!” komandası vermiş, lakin sərhəd pozucusu zastava rəisinin qanuni əmrinə məhəl qoymayaraq cibində olan bıçağı çıxarıb onun üzərinə hücum etmiş və tərki-silah olunaraq saxlanılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, saxlanılan şəxs İran İslam Respublikasının vətəndaşı xx xxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə 13-cü sərhəd zastavasının 5-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz keçərək özü ilə gətirdiyi narkotik vasitəni Cəlilabad rayonu, Edişə kəndi ərazisində şəxsiyyəti məlum olmayan şəxsə təhvil vermiş və Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini qanunsuz keçməyə cəhd etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, özünün etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə də tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdarın halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə… Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 29, 318.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 11 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar