Məhkəmə qərarları › İş №1(073)-53/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-53/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-53/2024 02.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1957-ci ildə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, İİ dərəcəli əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Daxili Qoşunlarda işləyən vəzifəli şəxsin yaxını kimi təqdim etməklə Masallı rayonu Çaxırlı kəndində yaşayan, əvvəlcədən tanıdığı Əkbərov X2 Əkbərlini Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi qulluqçu kimi işə düzəldəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2017-ci ilin iyul ayının ortalarında Cəlilabad rayonu, Göytəpə şəhəri, H.Əliyev parkının həyətində 1500 (bir min beş yüz) manat, 2017-ci ilin oktyabr ayının ortalarında eyni yerdə 2000 (iki min) manat, 2018-ci ilin yanvar ayının sonlarında Cəlilabad rayonu, Göytəpə şəhəri O.Eynullayev küçəsində yerləşən, hal-hazırda fəlaiyyət göstərməyən çayxanada 2000 (iki min) manat, 2019-cu ilin iyun ayının ortalarında eyni çayxanada 500 (beş yüz) manat, 2020-ci ilin yanvar ayının əvvələrində 1700 (bir min yeddi yüz) manat və sonuncu dəfə 2020-ci ilin fevral ayında həmin çayxanada 300 (üç yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 8000 (səkkiz min) manat pulu ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. 2017-ci ildə Zərərçəkmiş şəxs ona oğlu Şahid2 hərbidə işə düzəltmək istədiyini, lakin adam tapa bilmədiyini demişdir. O da Şəfayətə bu işdə ona köməklik edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs ondan oğlu Şahid2 işə düzəldəcəyi təqdirdə nə qədər pul lazım olacağını soruşmuşdur. O Zərərçəkmiş şəxs işin düzəlməsi üçün 3000 manat pul verəcəyini demiş, Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. 2017-ci ilin iyul ayının ortalarında Zərərçəkmiş şəxs Göytəpə şəhərində H.Əliyev parkında ona 1500 manat pul vermiş, o həmin pulu almış, lakin pul verilən zaman yanlarında heç kim olmamışdır. 2017-ci ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs Göytəpə şəhərində H.Əliyev parkında ona yenidən 2000 manat pul vermiş, pul verən zaman yanlarında heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs 8000 manat pul almamış, ondan sadəcə olaraq nəğd olaraq 3000 (üç min) manat pul, həmin işin alınması üçün işi görərəcək şəxslərə vermək məqsədi ilə zərərçəkmiş şəxsdən 500 (beş yüz) manat dəyərində hindquşu və xırda buynuzlu heyvan götürmüş və həmin şəxsə qonaqlıq vermişdir. Məhkəmə istintaqı zamanı həmin puldan 1000 (bir min) manatını Zərərçəkmiş şəxs qaytarmışdır. Maddi imkanı olmadığından 3500 (üç min beş yüz) manat pulu tam qaytara bilməmişdir. Qalan 2500 (iki min beş yüz) manatı isə gələcəkdə hissə-hissə qaytaracaqdır. Hazırda əməlindən səmimi peşmandır və ikinci dərəcəli əlildir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün qismən etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. O, Təqsirləndirilən şəxs Göytəpə şəhərində çayxana işlədən şəxs kimi tanıyır, bir neçə dəfə onun işlətdiyi çayxanaya gedib çay içib domino oynamışdır. 2017-ci ildə çayxanada olan zaman söhbət əsnasında Təqsirləndirilən şəxs ondan oğlu Şahid2 işləyib-işləmədiyini sorumuş, o da ona oğlu Şahid2 işləmədiyini və oğlunu münasib bir iş yerinə düzəltmək fikrinin olduğunu bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona tanışının oldğunu və ona bu işdə köməklik edə bilcəyini demişdir. O da Əyyuba «əgər tanışın varsa, köməklik et oğlumu işə düzəltsin» demişdir. Təqsirləndirilən şəxs ona oğlu Şahid2 hərbi qulluqçu kimi işə düzəldə biləcəyin bildirmişdir. O, Əyyub Allahverdyevdən oğlunu hərbi qulluqçu kimi işə düzəldəcəyi təqdirdə ondan nə qədər pul alacağını soruşmuşdur. Təqsirləndirilən şəxs də ondan buna görə 5000 manat pul alacağını bildirmiş, o da razılaşmışdır. İlk olaraq 2017-ci ilin iyul ayının ortalarında Cəlilabad rayonu, Göytəpə şəhəri, H.Əliyev parkından 1500 (bir min beş yüz) manat, 2017-ci ilin oktyabr ayının ortalarında həmin yerdə 2000 (iki min) manat, 2018-ci ilin oktyabr ayının sonlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən çayxanaların birində 1700 (bir min yeddi yüz) manat, 2018-ci ilin noyabr ayında 700 (yeddi yüz) manat, 2019-cu ilin iyun ayının ortalarında həmin çyaxanada 500 (beş yüz) manat və sonuncu dəfə 2020-ci ilin fevral ayında həmin çayxanada 300 (üç yüz) manat, cəmi 6700 (altı min yeddi yüz) manat pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin Təqsirləndirilən şəxs oğlunu nə hərbi qulluqçu kimi işə düzəltməmiş, nə də almış olduğu pulları ona geri qaytarmamışdır. 300 manat pulu Təqsirləndirilən şəxs verən zaman tanışı Şahid1 da onunla birlikdə olmuşdur. İşə məhkəmədən baxıldığı müddətdə təqsirləndirilən şəxs tərəfindən ona cəmi 1000 (bir min) manat ödəniş edilmişdir. İbtidai istintaq zaman o təqsirləndirilən şəxsə oğlu Şahid2 işə düzəlməsi müqabilində hissə-hissə olmaqla ümuilikdə 8000 (səkkiz min) manat pul verdiyini bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı bir daha dəqiqləşdirmə aparmış və oğlu Elçinin işinə görə təqsirləndirlən şəxsə cəmi 6700 (altı min yeddi yüz) manat pul verdiyini müəyyən etmişdir. Artıq göstərdiyi 1700 (bir min yeddi yüz) manat pulu oğlu Elçinin işinə görə deyil, başqa işə görə təqsirləndirilən şəxsə vermişdir. Qalan 5700 (beş min yeddi yüz) manat ziyanı tələb edir. Lakin təqsirləndirilən şəxsə ağır cəza verilməsini istəmir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmyerlisidir və Təqsirləndirilən şəxs də tanıyır. 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən çayxanaların birində Təqsirləndirilən şəxs oğlu Şahid2 işə düzəlməsi müqabilində 300 manat pul vermişdir. O, da həmin vaxt orada olmuşdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmışdır. Buna görə də o, Təqsirləndirilən şəxs danlamışdır. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, «narahat olma işi həll edəcək, oğlu Şahid2 hərbi qulluqçu kimi işə düzələcəkdir.» Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs isə atasının tanışıdır. Atası Zərərçəkmiş şəxs onu hərbi qulluqçu kimi işə düzəltmək istəmiş, buna görə Təqsirləndirilən şəxs atası ilə onu işə düzəldəcəyi barədə söhbətlər etmiş, atası Zərərçəkmiş şəxs da ona inanmışdır. Atası Zərərçəkmiş şəxs deməsindən ona məlum olmuşdur ki, həmin işlə bağlı atası tərəfindən Təqsirləndirilən şəxs 3000 (üç min) manatdan artıq pul verilmişdir. Lakin həmin pul verilən zaman o özü iştirak etməmiş və nə qədər pul verildiyini dəqiq bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin və digər sənədlərinin surətini atasından almışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 8000 (səkkiz min) manat deyil, 6700 (altı min yeddi yüz) manat pul almışdır. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən “məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə ittihamın həcmini təşkil edən 8000 (səkkiz min) manat deyil, 6700 (altı min yeddi yüz) manat qəbul edilib nəzərə alınmalıdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş və şahid ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs və ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan sosial arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlildir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, İİ dərəcəli əlil olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı qismən ödəməsini və 66 yaşının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah ediməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanında yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar