Məhkəmə qərarları › İş №1(073)-54/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-54/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-54/2023 01.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Cəlilabad rayonunun Maşlıq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəl məhkum olunmamış, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə saat 14 radələrində yaşadıqları Cəlilabad rayonu Komanlı kəndindəki evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailəməişət münasibətləri zəminində yaranmış mübahisə zamanı, şillə və yumruqla arvadı Zərərçəkmiş şəxs baş və sifət nahiyəsinə qəsdən vurmuş, sonuncu zərbələrin təsirindən yıxıldığı zaman bədən nahiyəsi evdə olan divanın küncünə dəyməsi nəticəsində döş qəfəsinin sol yarısında qançır, 9-cu qabırğanın natamam sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, arvadı Zərərçəkmiş şəxs ilə 2005-ci ildə ailə qurmuşlar, birgə nikahdan bir övladları vardır. 20 yanvar 2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadıqları Cəlilabad rayonu Komanlı kəndindəki evdə olarkən elektrik kəsilmişdir. Onların evinə gələn elektirik xətti qonşuluqda yaşayan baldızı Şahsənəmin evinə aid sayğacdan çəkildiyi üçün gedib baxdıqda xəttin sayğacdan ayrılmış olduğunu görmüş və xətti qoşub evə qayıtmışdır. 10-15 dəqiqə sonra yenə də elektrik kəsilmiş, o yenə də evdən çıxmış və baldızı Şahsənəmin evinə aid elektrik sayğacına tərəf getmiş, bu zaman Şahsənəm onu görərək bildirmişdir ki, pulunu ödəmədiyi üçün xətti o, ayırmışdır. Evə qayıdaraq arvadı Naziləyə gileylənmişdir ki, «bacın bizim elektrik xəttimizi niyə ayırır?». Nazilə də cavab vermişdir ki, «İstifadə etdiyimiz elektrikin pulunu ödəməmişik, ona görə də ayırıb, əcəb eləyib». Bu zəmində aralarında mübahisə yaranmış, mübahisə zamanı Nazilə onun mərhum anasının ünvanına söymüş, buna görə o da şillə, yumruqla Nazilənin baş və sifət nahiyəsinə vurmuşdur. Zərbələrin təsirindən Nazilə yıxılaraq sol böyür nahiyəsi divanın küncünə dəymişdir. Oğlu Hamid gəlib onlara harayçılıq etmişdir. Hadisəni başqa heç kim görməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, arvadı Zərərçəkmiş şəxs ilə barışmışdır və bir yerdə yaşayırlar. Ona görə də bunları nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə ailə həyatı qurmuş və birgə evlilikdən bir övladları vardır, birlikdə yaşayırlar. 20 yanvar 2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadıqları Cəlilabad rayonu Komanlı kəndindəki evdə günorta yeməyi hazırlayarkən elektrik kəsilmiş, elektirik xətti qonşuluqda yaşayan bacısı Şahsənəmin evinə aid xəttdən çəkildiyi üçün evdə olan əri Təqsirləndirilən şəxs qalxıb xətti yoxlamağa getmiş və qayıdaraq avtomat açarın ayrıldığını bildirmişdir. Bundan 10-15 dəqiqə sonra yenə də elektrik kəsilmiş, əri Rahim yenə də xətti yoxlamağa getmiş və qayıdaraq «Şahsənəm bizim elektrik xəttimizi niyə ayırır?» deyə ondan soruşmuşdur. O da Rahimə «Bacım neçə vaxtdır bizə elektrik verir, pulunu ödəmirik» deyə cavab vermiş, bu zəmində aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs onu söyüb təhqir etmiş və o da cavab qaytardıqda Rahim şillə, yumruqla onun baş və sifət nahiyəsinə vurmuş, zərbələrin təsirindən yıxılaraq sol böyür nahiyəsi divanın küncünə dəymişdir. Oğlu Hamid gəlib onlara harayçılıq etmişdir. Hazırda həyat yoldaşı ilə barışmışdır və bir yerdə yaşayırlar. Ona heç bir maddi zərər dəyməmişdir. Əri Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, barışmalarının nəzərə alınmasını xahiş edir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 23 yanvar 2023-cü tarixli 45 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısında qançır və 9-cu qabırğanın natamam sınığı müəyyən olunmuş, muəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti 20 yanvar 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda əri Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmişin ondan heç bir şikayəti və tələbinin olmadığını göstərərək cinayət məsuliyyətindən azad olunub barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmış, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.5ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci madddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar