Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-54/2025 29.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı ildə Cəlilabad rayonunun Ağdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonunun Ocaqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 8,462 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 01 mart 2025-ci il tarixdə saat 17:10 dəqiqədə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Tut bağı” adlanan şadlıq sarayının yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq üstü yoxlanılmış, həmin narkotik vasitə qurudulmuş marixuana 1 ədəd ağ rəngli “Keno” markalı siqaret qutusuna yerləşdirilmiş şəkildə olmaqla əynindəki qara rəngli qış gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, özü narkotik vasitə istifadəçisidir. O, 01 mart 2025-ci il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Qarazəncir kəndində piyada gəzən zaman yolun kənarında 1 ədəd ağ rəngli “Keno” markalı siqaret qutusu görmüş, aşağı əyilib həmin siqaret qutusunu maraq doğurduğu üçün götürmüş və içərisinə açıb baxan zaman içərisinə yerləşdirilmiş qurudulmuş marixuana kütləsi görmüş, həmin bükülünü gələcəkdə istifadə etmək üçün üzərində saxlamışdır. Həmin tarixdə saat 17 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Tut bağı” adlanan restoranın yaxınlığında piyada gəzdiyi zaman ona tərəf mülki geyimdə olan 3 nəfər ona yaxınlaşmış, mülki geyimdə olan şəxslər özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olmasını demişlər. Polis əməkdaşları ona demişlər ki, nə üçün özünü şübhəli aparırsan və üzərində narkotik vasitə vardırmı. O, polis əməkdaşlarına gələndə özüylə narkotik vasitə olan marixuana gətirməsini bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərində yoxlanış keçirilən zaman o, üzərindən bükülünü çıxardaraq təqdim etmişdir. Həmin kütlənin içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra onu Cəlilabad RPŞ-nə gətirmişlər. Şöbədə onun iştirakı ilə təhqiqatçı təqdim olunmuş bükülüyə baxış keçirmiş, həmin bükülüdə narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəni Qarazəncir kəndi ərazisində yolun kənarında yerdən tapmışdır. O, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitədən istifadə etməmişdir. Onun üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamış, bu barədə heç kimə deməmişdir. Həmin narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirmişdir. Tez-tez böyrəyində kəskin ağrılar olur, ağrıları kəsmək üçün istifadə edir marixuananı. Ona qarşı polis əməkdaşları heç bir zor tətbir etməmişlər. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 01 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 01 mart 2025-ci il tarixdə, saat 17:10 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Tut bağı” adlanan yerin yaxınlığında yolun kənarı ilə piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs onu nə üçün saxladıqlarını izah etmişlər, əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında üzərinə yoxlanış aparacaqlarını bildirmişlər. Ona həmçinin müdafiəçi ilə təmin olunmaq hüququnun olmasını izah etmişlər. Sonra həmin ərazidə onun üzərində yoxlama keçirilmişdir. Yoxlama keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. O, həmin bükülünü üzərindən çıxardıb təqdim etmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, çəkisi 8,88 qram olması müəyyən edilmişdir. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxslə birlikdə zərf RPŞ-nə gətirilmişdir. Şübhəli şəxs qismində saxlanılmış şəxsin üzərinin yoxlanılması və götürülmə barədə protokol tərtib olunmuş, hər bir iştirakçı həmin protokolu imza etmişlər. X3 şübhəli şəxs Təqsirləndirilən şəxs və içərisində narkotik vasitə qurudulmuş marixuana olan zərf təqdim edilmişdir. Həmin bükülüyə onun və Təqsirləndirilən şəxs iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həmin zərfin içərisində qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Yenidən həmin bükülü zərfə qoyularaq ekspertizaya təqdim olunmasından ötrü möhürlənmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 02 mart 2025-ci il tarixli, 19/95 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 8,462 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mrixuanadır (tədqiqata sərf edildi 0,01 qram, qalıq 8.362 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 126 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata götürülməsi məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, narkotik vasitənin növü və miqdarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir, lakin şəxsiyyətini xarakterizə edən hal kimi onun daha əvvəllər də CM-nin eyni maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyini də nəzərə alır və hesab edir ki, müvafiq cəza növü nisbətən yuxarı həddə seçilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:21də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdə, saat 12:00da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 8,362 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai istintaq zamanı 01 mart 2025-ci ildən 03 mart 2025-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Ocaqlı kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, bu məqsədlə hökmün surəti Cəlilabad Rayon Mərkəzi X2 Şəxsə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,362 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-54/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-54/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver