Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-56/2023 10.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Zərərçəkmiş şəxs X2 və onun nümayəndəsi (vəkili) X3, Təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlunun iştirakları ilə, xx.xx.1974-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri Azərbaycan küçəsi ev 6 mənzil 8-də qeydiyyatda olan və yaşayan, Cabbarov Rahil Mirtəhməz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlu yalan olduğunu bilə-bilə Cəlilabad RMX-nın PHŞ-in direktoru işləyən X6 ağır cinayətdə ittiham etməklə, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yaymaqla ona böhtan atmışdır. Belə ki, Cabbarov Rahil Mirtəhməz oğlu “YOUTUBE və FACEBOOK” sosial şəbəkələrdə “Mirrahil Cabbarov” səhifələrində video görüntü vasitəsi ilə ictimayət qarşısında Cəlilabad RMX-nın PHŞ-in direktoru işləyən X6 «rüşvətlə işə adam götürmək, koronavirus pandemiyası dövründə külli-miqdarda pul yeyintisi etməsi, mənimsəmə, imtiyazlı dərmanları xəstələrə pulla satmaq, insanları dövlətin üstünə qaldırmaq, kartlardan pulları mənimsəmə, ölmüş atasının pensiyasını yemək» kimi ağır cinayətlərdə ittiham etməklə, onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yaymaqla ona böhtan atmışdır. Bundan başqa, təqsirləndirilən şəxs Cabbarov X4 RMX-nın PHŞ-in direktoru işləyən X1 çıxışlarda və internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Belə ki, Cabbarov Rahil Mirtəhməz oğlu internet tv olan “KANAL 13” vasitəsi ilə “Youtube” sosial şəbəkədə X8 barəsində «şərəfsiz, şərəfsiz oğlu, qanı erməni» kimi ifadələr işlətməklə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etmişdir. Bununla da Cabbarov Rahil Mirtəhməz oğlu Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Xüsusi ittiham qaydasında şikayətin materiallarını və məhkəmə istintaqında toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlunun törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş və aşağıdakılarla təsdiq olunmuşdur. Belə ki, xüsusi ittihamçı X8 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin mart ayından Cəlilabad RMX PHŞ-in direktoru vəzifəsində işləyir. İşlədiyi müddət ərzində Cəlilabad rayon sakini Cabbarov Rahil Mirtəhməz oğlu müxtəlif sosial şəbəkələrdə ona qarşı böhtan ataraq ağır cinayətlərdə ittiham etmiş və hazırda da öz böhtan xarakterli əməlləri ilə onun şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzdan salan yalan və böhtan xarakterli məlumatlar yaymaqda davam edir. Belə ki, Rahil Cabbarov “YOUTUBE və FACEBOOK” sosial şəbəkələrdə “Mirrahil Cabbarov” səhifələrində video görüntü vasitəsi ilə ictimayət qarşısında onu Dövlət əmlakını talamaq, imtiyazlı dərmanların xəstələrə pulla satılması, rüşvət almaq və rüşvət verməklə və sair ağır cinayətlərdə ittiham etmişdir. Bundan başqa internet tv olan “KANAL 13” vasitəsi ilə “Youtube” sosial şəbəkədə onun ünvanına nalayiq sözlər, həmçinin «şərəfsiz oğlu» və digər ifadələr işlədərək onu təhqir etmişdir. Rahil Cabbarovun onu ağır cinayətdə ittiham etməsi, təhqir etməsi həmi sosial şəbəkələrdə etdiyi çıxışları ilə, həmi də şahid ifadələri ilə təsdiq olunur. İnsanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. O özünü Cabbarov Rahil Mirtəhməz oğlu tərəfindən təhqir edilmiş və şərəf və ləyaqətini alçaldılmış hesab edir. “Şərəf və X14 Qanunvericiliyin Məhkəmələr Tərəfindən X16 Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı qərarında göstərilir ki, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqətin onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə bir qayda olaraq qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfındən müdafıə olunur. Konstitusiya fıkir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Cabbarov Rahil Mirtəhməz oğlu isə onun qanunlarla və konstitusiya ilə müdafiə olunan hüquqlarını kobud şəkildə pozaraq, onu təhqir etmiş və onu ağır cinayətlərdə ittiham etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cabbarov Rahil Mirtəhməz oğlunun Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə məhkum edilərək azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X2 nümayəndəsi X9 verdiyi izahatında bildirdi ki, təqsirləndirilən şəxs Cabbarov X13 Azadxanovun barəsində əsassız və heç bir əsası olmayan böhtan xarakterli kütləvi çıxışlar edərək Elnur Azadxanovu ağır cinayətlər törətməkdə ittiham etməklə onu cəmiyyətdə nüfuzdan salmağa çalışmış, barəsində böhtan yaymaqla və insanlar arasında mənfi rəy yaratmaqla onun şərəf və ləyaqətini alçaltmış, həmçinin Elnur Azadxanovun ünvanına təhqiredici sözlər demişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cabbarov Rahil Mirtəhməz oğlunun Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə məhkum edilərək azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlu məhkəmə istintaqında özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilərək, 147.2-ci maddəsi ilə isə təqsirli bilməyərək veridyi ifadəsində göstərmişdir ki, Elnur Azadxanovun barəsində sosial şəbəkələrdə etdiyi çıxışlar hamısı tam həqiqətdir. O, Elnur Azadxanovun barəsində şər və böhtan xarakterli məlumatlar yaymamışdır, dediklərinin hamısı həqiqətə uyğundur. X7 həm özü barədə, həm də atası barədə işlətdiyi nalayiq ifadələri, həmçinin «Şərəfsiz oğlu» ifadəsini əsəbi olduğu üçün söyləmişdir, buna görə üzürxahlıq etməyə hazırdır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlunun ona istinad olunan cinayət əməlini törətməkdə təqsirli olması xüsusi ittihamçının, şahidlərin, həmçinin iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayından Cəlilabad RMX-da dəstək xidmətləri üzrə şöbə müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlunun sosial şəbəkələrdə etdiyi çıxışlarla tanışdır. Təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlunun etdiyi müraciətlərlə bağlı dəfələrlə xəstəxanada yoxlamalar aparılmış və heç bir qanun pozuntusu aşkarlanmamışdır. Bundan başqa, Cabbarov Rahil Mirtəhməz oğlu bir neçə dəfə xəstəxanaya gələrək, səs-küy yaratmış, xəstəxananın iş rejimini pozmuş və Elnur Azadxanovu ağır cinayətlər törətməkdə ittiham edərək, barəsində nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad RMX-da təhlükəsizlik xidmətinin bölmə müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlunun sosial şəbəkələrdə etdiyi çıxışlarla tanışdır. Təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlunun etdiyi müraciətlərlə bağlı dəfələrlə xəstəxanada yoxlamalar aparılmış və heç bir qanun pozuntusu aşkarlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 şahid X12 ifadəsinə uyğun ifadə vermidir. Məhkəmə iclasında Cabbarov Rahil Mirtəhməz oğlunun sosial şəbəkədə etdiyi çıxışları əks etdirən videodiskə baxış keçirilən zaman Rahil Cabbarovun çıxışlarında Elnur Azadxanovu «rüşvətlə işə adam götürməkdə, koronavirus pandemiyası dövründə külli-miqdarda pul yeyintisi etməsində, mənimsəmədə, imtiyazlı dərmanları xəstələrə pulla satmasında, insanları dövlətin üstünə qaldırmaqda, kartlardan pulları mənimsəmədə, ölmüş atasının pensiyasını yeməkdə və digər ağır cinayətlərdə» ittiham etdiyi, həmçinin Elnur Azadxanovun barəsində «şərəfsiz, şərəfsiz oğlu, qanı erməni» ifadələr işlətməklə onu təhqir etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlu törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 5-ci bəndində vurğulanmışdır ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmçinin qeyd olunmalıdır ki, Həmin qərarın 4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafıəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X10rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, məqbul olan tənqidin hüdudları fərdi şəxslə müqayisədə ictimai xadim, o cümlədən siyasətçi ilə bağlı daha genişdir. Birincidən fərqli olaraq ictimai və ya siyasi xadim sözlərinin və hərəkətlərinin jurnalistlər və ümumiyyətlə ictimaiyyət tərəfindən yoxlanılmasına qaçılmaz olaraq və bilə-bilə açıq edir və buna görə o, daha böyük dərəcədə dözümlülük nümayiş etdirməlidir (bax, Lingens Avstriyaya qarşı, § 42). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 7-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Yerlərdə seçilmiş nümayəndələr və ya vəzifəli şəxslər tərəfindən törədilməsi güman olunan cinayətlər barədə ictimaiyyəti xəbərdar etmək vəzifəsi mətbuata aid olsa da, müəyyən şəxslərin adlarını və vəzifələrini qeyd etməklə onları birbaşa ittiham etmə jurnalistləri öz iddiaları üçün kifayət qədər faktiki əsasları təqdim etmək öhdəliyini müəyyən edir (bax, Lesnik Slovakiyaya qarşı, §57). Göründüyü kimi, təqsirləndirilən şəxs Rahil Cabbarov xüsusi ittihamçı Elnur Azadxanovun barəsində şər və böhtan xarakterli məlumatları kütləvi çıxışlarda söyləməklə həmin məlumatların həqiqi olub-olmamasını araşdırmamış, məlumatların həqiqiliyi barədə kifayət qədər informasiyaya malik olmadığı halda həmin məlumatları qeyri-müəyyən şəxslərin dairəsinə yaymış, həmçinin onu nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmədə qeyd edir ki, təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlunun əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs Cabbarov Rahil Mirtəhməz oğlunun törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdarın halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, ədalətli və əsaslı hesab edir. Məhkəmə cəza təyini zamanı həm də onu nəzərə alır ki, barəsində böhtan xarakterli məlumat yayılan şəxs Cəlilabad RMX PHŞ-in direktoru işləyir, onun cəmiyyətdə kifayət qədər nüfuzu vardır, eyni zamanda onun barəsində yayılan böhtan xarakterli məlumatları etməkdə ittiham etməyə yönəldilmişdir. Azərbaycan Respublikasının CM-in 147.2-ci maddəsində göstərilir ki, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma sayılır. Azərbaycan Respublikasının CM-in 148-ci maddəsində göstərilir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi təqsirləndirilən şəxs Cabbarov X13 Azadxanova qarşı kütləvi çıxışlarda yaydığı böhtan xarakterli məlumatlarla onu ağır cinayət kateqoriyasına aid olan cinayətlərdə ittiham etmiş və onu təhqir etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş üzrə maddi sübut olan Cabbarov Rahil Mirtəhməz oğlunun sosial şəbəkələrdə etdiyi çıxışları özündə əks etdirən 1 ədəd CD disk iş mateirallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Cabbarov Rahil Mirtəhməz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə və Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cabbarov Rahil Mirtəhməz oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmənin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Cabbarov Rahil Mirtəhməz oğlunun sosial şəbəkələrdə etdiyi çıxışları özündə əks etdirən 1 ədəd CD disk iş mateirallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-56/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-56/2023
10.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver