Məhkəmə qərarları › İş №1(073)-56/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-56/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-56/2024 28.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri Ə.Rəhimov küçəsi ev 61-də qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs-yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını talamaq məqsədi ilə gizli olaraq 02 noyabr 2023-cü il tarixdə saat 19 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs məxsus tikinti materialları satılan dükana daxil olmaqla orada olan saxlanc yeri hesab olunan kassadan sonuncuya məxsus 6 ədəd 5 manatlıq pul əskinasını, 7 ədəd 10 manatlıq pul əskinasını, 5 ədəd 20 manatlıq pul əskinasını, 7 ədəd 100 manatlıq pul əskinasını, ümumilikdə 900 (doqquz yüz) manat nəğd pulu oğurlamaqla-qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində Cəlilabad şəhərində yerləşən “Bağ” adlanan əraziyə gəzməyə çıxmışdır. Təxminən saat 19 radələrində piyada evə getmək üçün yola düşmüşdür. O, H.Əliyev prospektində yerləşən tikinti malları satılan dükanın qarşısından keçən zaman orada heç kimin olmadığını görmüş və oraya girib pul götürmək qərarına gəlmişdir. Həmin dükana daxil olub orada olan kassaya yaxınlaşmışdır. Kassanı açdıqda orada 100 manat əskinaz olmaqla 7 ədəd, 20 manatlıq əskinaz olmaqla 5 ədəd, 10 manatlıq əskinaz olmaqla 7 ədəd və 5 manatlıq əskinaz olmaqla 6 ədəd manatlıq pul əskinası olduğunu görüb onları götürüb şalvarının sağ cibinə qoyaraq oranı tərk etmişdir. Yaşadığı evə gəlib həmin pulları sayan vaxt 900 (doqquz yüz) manat olduğunu müəyyən etmişdir. Daha sonra bu barədə heç kimə deməmişdir. Növbəti gün qapının döyüldüyünü eşitmişdir. Qapını açdıqda gələn şəxslərin polis əməkdaşları olduqlarını görmüşdür. Onlar onu polis şöbəsinə dəvət etmişlər və şifahi sorğu zamanı onlara törətdiyi cinayət əməlini etiraf etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, ona cəza verilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heş bir şikayət və tələbinin olmadığını göstərərək, işə onun iştirakı olmadan baxılmasını və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 02 noyabr 2023-cü il tarixdə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ərizəsi ilə bağlı bildirmişdir ki, Cəlilabad şəhəri, H.Əliyev prospektində tikinti materialları satılan dükanı vardır. O, oranı 2010-cu ildən işlədir. 02 noyabr 2023-cü il tarixdə təxminən saat 19 radələrində dükanda olan pulları sayıb orada 900 (doqquz yüz) manat olduğunu müəyyən etmişdir. Daha sonra həmin pulları orada olan kassaya qoymuş və onun yanında ərzaq məhsulları satan qardaşı Bəhruzun yanına getmişdir. Həmin dükanda 10 dəqiqə qardaşıyla söhbət etdikdən sonra dükana qayıtmışdır. Həmin vaxt o, kassanın açıq olduğunu və pulların yerində olmadığını müəyyən etmişdir. Daha sonra bu barədə ərizə ilə şikayət etmişdir. Həmin pullar 100 manat əskinaz olmaqla 7 ədəd, 20 manatlıq əskinaz olmaqla 5 ədəd, 10 manatlıq əskinaz olmaqla 7 ədəd və 5 manatlıq əskinaz olmaqla 6 ədəd kağız pullardan ibarət olmuşdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cəlilabad Dövlət Peşə Təhsil X3 Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Aqroservis mütəxəssisi” ixtisası üzrə əyani təhsil alır və təhsil müddəti 30.06.204-cü il tarixdə başa çatır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş həmin sübutlar mötəbər olmaqla təqsirləndirilən şəxsin təqsirinin təsdiq edilməsi üçün kifayət edir. Sübutlar arasında ziddiyyət müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə əhatə olunur. Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsə vurulmuş ziyanın aradan qaldırılması, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2006-cı ildə doğulmuş və yetkinlik yaşına çatmamışdır. Onun təqsirli bilindiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə əhatə olunur və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 348.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələri əsasında məhkəmə ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətmiş 18 yaşınadək olan şəxsi cinayət məsuliyyətinə cəlb etmədən islah edilməsinin mümkün olduğu qənaətinə gəldikdə, cinayət qanunu ilə nəzərdə tutulmuş tərbiyəvi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunmasını mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, yetkinlik yaşına çatmayaraq anasının öhdəsində yaşamasını, cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü, əvvəllər məhkum olunmamasını və işin digər hallarını nəzərə alıb Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsini və CM-in 88.2.1-ci maddəsinə əsasən ona xəbərdarlıq elan edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 87.1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət əməllərinin gələcəkdə təkrar törətməsinin onun üçün ağır nəticələr verə bilməsi izah edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-348, 349, 351-353, 356, 381, və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikasının CM-nin 88.2.1-ci maddəsinə əsasən ona gələcəkdə təkrar cinayət törətməsinin ağır nəticələr verə bilməsi izah edilməklə xəbərdarlıq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş valideyinin nəzarəti altına vermə qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar