Məhkəmə qərarları › İş №1(073)-57/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-57/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-57/2024 06.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 9,470 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü ilin oktyabr ayının 17-də saat 12:30-da, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Yamal yeməkxanasının qarşısında saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 9,470 qram həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə il əvvəl ara bir narkotik vasitə olan marixuananı papirosa dolduraraq qəbul etmişdir. 15 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində olarkən saat 13 radələrindən sonra Bakı şəhəri, H.Aslanov metro stansiyasının yaxınlığında bir nəfər tanımadığı şəxsi görərək söhbət əsnasında həminin şəxsin narkotik vasitə marixuana satdığını bilmiş, ona görə də həmin şəxsdən 10 qram marixuana verməsini demiş, həmin şəxs də ona 10 qram marixuana verməsi üçün ondan 25 manat pul istəmiş, sonra həmin şəxsə 25 manat pul verərək bir ədəd sellofan bükümdə 10 qram marixuana alıb cibinə qoymuş, elə həmin günü də Bakı şəhərindən Göytəpə şəhərində yaşadığı evə gəlmişdir. Almış olduğu marixuanadan istifadə etməyərək cibində saxlamışdır. 17 oktyabr 2023-cü il tairxdə saat 12:30 radələrində Cəlilabad rayonu Göytəpə şəhərində Yamal yeməkxanasının qarşısında olarkən marixuanada cibində olmuşdur. Həmin vaxt iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Sonra polis əməkdaşları ondan üzərində narkotik vasitə, gəzdirilməsi qadağan olunmuş hər-hansı bir əşya və predmet olub-olmadığını xəbər almış, o da cibində marixuana olduğunu demiş, bundan sonra polis əməkdaşları ona onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməsini demişlər. Ona görə də polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Daha sonra sənədləşmə aparılaraq ona təqdim olunmuş vəkilin iştirakı ilə video çəkliş vasitəsilə üzərində şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etməsini demişlər. O da əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə marixuananı çıxardıb təqdim etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O daxil olmuş məlumatı 17 oktyabr 2023-cü il tarixdə raportla şöbə rəisinə məruzə edərək sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra o, RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2lə birlikdə Təqsirləndirilən şəxs rayon ərazisində və Göytəpə şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüş, həmin günü saat 12:30 radələrində Təqsirləndirilən şəxs Göytəpə şəhərində yerləşən «Yamal» yeməkxanasının qarşısında piyada hərəkət etməsini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet olub-olmadığını xəbər almışlar. Təqsirləndirilən şəxs cibində bir büküm narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş, sonra Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlməsini demişlər. Ona görə də Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, sonra o, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyləri ilə əlaqədar şöbə rəisinə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində video çəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsini demişlər. Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan büküm çıxardıb təqdim edərək bükümün arasında narkotik vasitə marixuana olduğunu, həmin marixuananı 15 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, H.Aslanov metro stansiyasının yanında tanımadığı bir nəfər şəxsdən 25 manata özü qəbul etmək üçün aldığını və üzərində saxladığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxılarkən bükümün arasında ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğunu görmüşlər. Həmin kütlə ekspertizaya təqdim olunması üçün elektron tərəzidə çəkilərək zərfə qablaşdırılmış, zərfin ağzı möhürlənmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq narkotik vasitə və cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamış, qeyd olunanlar barədə təhqiqatçı Həbib Nəsirov tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif eedilmiş, Təqsirləndirilən şəxs də bu təklifdən sonra əynində olan əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 9,470 qram həmin qurudulmuş marixuananı çıxararaq təhvil vermişdir. İşdə olan, Azərbaycan Respublikası məhkəmə-bioloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 19/937 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 9,470 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanadan tədqiqatda 0,05 qram sərf edilərək 9,420 qram qalıq qalmışdır. İşdə olan, Azərbaycan Respublikası Məhkəmə-narkoloji ekspertizasının 16 yanvar 2024-cü il tarixli 28 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub, lakin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 17 oktyabr 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə saat 12:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə saat 11:30-da MSY-dən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 9,420 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 9,420 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar