Məhkəmə qərarları › İş №1(073)-6/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-6/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-6/2024 25.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X1 iştirakı ilə 05 avqust 1980-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (073)-202/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli blinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, Cəlilabad şəhəri, S.Axundov küçəsi ev 4-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, 05 yanvar 1975-ci ildə Cəlilabad rayonunun Ləkin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİ qrup əlil, fərdi əməklə məşğul olmuş, Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən Biləsuvar rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ona təyin edilmiş və həmin hökm üzrə çəkilməmiş qalan 6 ay 2 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə çəkilməmiş cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hər iki hökm üzrə məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 , 2023-cü ilin may ayının 20-də saat 18:30-da, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Seyrəngah» parkında tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,748 qram narkotik vasitə heroini 10 manata əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü ilin may ayının 23-də saat 15:10-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Cəlilabad şəhəri, 20 yanvar küçəsində saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə tiryəkdən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,748 qram narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə tiryəkdən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 1,603 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşımaqla saxlamış, 2023-cü ilin may ayının 20də saat 18:30-da, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən «Seyrəngah» parkında həmin narkotik vasitə olan heroinin 0,748 qramını bir ədəd sellofan kəsiyi bükümündə tanışı Təqsirləndirilən şəxs1 10 manata qanunsuz olaraq satmış, 2023-cü ilin may ayının 26-da yaşadığı, Cəlilabad şəhəri, 20 yanvar küçəsində yerləşən 106 nömrəli evinə Cəlilabad rayon məhkəməsinin qərarına əsasən axtarış keçirilərkən yataq otağında olan çarpayının üzərindəki döşəyin altından 3 ədəd bükümdə, döşəyin üstündən 2 ədəd bükümdə, qonaq otağındakı divanın altından isə 1 ədəd bükümdə, cəmi 6 ədəd kağız bükümdə qanunsuz olaraq saxladığı ayrı-ayrılıqda təmiz çəkisi 0,137 qram, 0,184 qram, 0,144 qram, 0,127 qram, 0,144 qram, 0,119 qram-ümumi təmiz çəkisi 0,855 qram qalan eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Cəlilabad şəhərində ailə üzvüləri ilə birlikdə yaşayır. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 tutulmamışdan bir neç ay əvvəldən tanımış, Nəsirin də əvvəllər narkotik vasitəyə görə məhkum olunduğunu və cəzaçəkmə yerindən çıxandan sonra yenə də narkotik vasitə qəbul etdiyini bilmişdir. Nəsirlə aralarında tanışlıq yarandıqdan sonra onunla münasibəti yaxşı olmuş, tanış olandan sonrakı vaxtlarda Nəsirdən narkotik vasitə heroin alıb qəbul etmişdir. 20 may 2023-cü il tarixdə Cəlilabad şəhərində «Seyrangəh» parkında çiyələk festifalı ilə əlaqədar konsert keçirilmiş, saat təxminən 17:30 radələrində evlərində olarkən Nəsirin mobil telefonuna zəng edib harada olduğunu xəbər almış, Nəsir də ona «Seyrangah» parkına gəldiyini demiş, o da həmin parka gələcəyini demişdir. Bundan bir neçə dəqiqə sonra o da parka gələrək orada Nəsirlə görüşərək narkotik vasitə heroini olub-olmadığını soruşmuş, Nəsir də ona 10 manat pul verərsə gedib ona heroin gətirəcəyini demişdir. Ona görə də Nəsirə 10 manat pul vermiş, Nəsir heroini kimdən alacağını deməmişdir. Nəsir pulu ondan alandan sonra çıxıb harasa getmiş o isə parkda qalmışdır. Təxminən saat 18:30-da Nəsir qayıdıb onun yanına gələrək cibindən sellofan kəsiyinə bükülmüş bir büküm heroini çıxardıb ona vermişdir. O, həmin heroini cibinə qoymuş, konsert başa çataraq çıxıb evlərinə gedəndən sonra Nəsirdən almış olduğu bir büküm heroindən az bir miqdarda istifadə etmiş, qalan heroini isə başqa vaxtı qəbul etmək üçün cibində saxlamışdır. 23 may 2023-cü il tarixdə saat təxminən 15:10 radələrində Cəlilabad şəhəri, 20 yanvar küçəsində piyada olduğu vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olduğlarını, polis əməkdaşdarı ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər-hansı bir əşya və predmet olubolmadığını xəbər almışlar. O da cibində narkotik vasitə heroin olduğunu və özü qəbul etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra polis əməkdaşları ona birlikdə polis şöbəsinə gəlmələrini demiş, ona görə də o polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində sənədləşmə aparılaraq ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşları bir daha ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etməsini demişlər. O, əynində olan cins şalvarının sağ qarşı cibində bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini 20 may 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 10 manata özü qəbul etmək üçün aldığını deyərək heroini çıxardıb təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi sellofan bükümü açıb baxaraq sonra onu elektron tərəzidə çəkib zərfə qablaşdıraraq üzərində şəxsi axtarış aparmışlar. Təqdim etdiyi bir büküm heroindən başqa onun üzərindən narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış, qeyd olunanlar barədə polis əməkdaşları protokol tərtib etmiş, protokolu ucadan oxumuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində 2 azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Cəlilabad şəhərində ailə üzvüləri ilə birlikdə yaşayır. Uzun müddətdir ki, narkotik vasitə aludəçisidir, ağrıları olduğundan narkotik vasitə qəbul edərək bədənindəki ağrılarını sakitləşdirir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 tutulmamışdan təxminən 2 ay əvvəldən tanımış, Vahidlə aralarında tanışlıq yarandıqdan sonra onunla münasibəti yaxşı olmuşdur. Vahidin də narkotik vasitə qəbul etdiyini bilmişdir. Tutulmamışdan təxminən 1 ay əvvəl Vahidə 7 manat pul verərək özü qəbul etmək üçün ondan bir büküm heroin alaraq istifadə etmişdir. Vahid heroini ona verərkən həmin heroini Cəlilabad şəhər sakini Azər adlı şəxsdən aldığını demişdir. O özü də Azəri tanıyaraq onun Xırdalan şəhərində yaşadığını bilmişdir. 20 may 2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı evlərində olarkən Vahid onun mobil telefonuna zəng edərək ondan hardansa narkotik vasitə heroin tapa biləcəyini xəbər almış, o da Vahidə onun əlaqələri daha çox olduğunu və özü heroin tapa biləcəyini demişdir. Vahid də telefonda ona əlaqələri olan şəxslərə zəng etdiyini və ona cavab vermədiklərini demişdir. Vahidin bu sözündən sonra ona zəng edib maraqlanacağını, lakin özünün pulu olmadığını demişdir. Vahid də öna özü pul verəcəyini demiş, o da heroin tapması üçün Vahidə razılıq vermişdir. Elə həmin günü Cəlilabad şəhərində «Seyrəngah» parkında çiyələk festifalı ilə əlaqədar konsert keçirilmiş, ona görə də axşam üstü Vahidlə zəngləşib həmin parka gələrək saat təxminən 18 radələrində onunla orada görüşmüşdür. Sonra Vahid ona 10 manat pul verərək heroin tapmasını demişdir. O özü də Vahidin verdiyi pulun üstünə 10 manat qoyaraq sonra Vahidlə bağ deyilən yerə getmişlər. Bundan sonra o, Azərin mobil telefon nömrəsinə zəng edib ona 20 manatlıq heroin lazım olduğunu demişdir. Azər də onun mobil telefonuna votçap vasitəsi ilə kart nömrəsi ataraq həmin karta pul atmasını və ona heroin təşkil edəcəyini, heroini də haradan götürməyini də ona deyəcəyini demişdir. Ona görə də o, Azərin atdığı kart nömrəsinə 20 manat pul göndərmiş, təxminən 30 dəqiqədən sonra Azər ona zəng edib orta yola, yəni göz xəstəxanasının qarşısındakı yola getməsini, orada yolun kənarında «Vinçestr» siqaret qutusu qoyulduğunu, həmin qutunun içərsindən heroini götürməsini demişdir. Ona görə də Vahidlə ora gedib həqiqətən də yolun kənarında siqaret qutusu olduğunu görüb qutunu götürüb baxarkən içərisində sellofana bükülü vəziyyətdə heroin olduğunu görmüşdür. Sonra Vahidlə birlikdə onlara gedərək həmin heroinin hamısını onların həyətində kağızın arasında yandırıb çəkmişlər. Bundan sonra Vahid evlərinə getmiş, o da öz evlərində qalmışdır. O, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmadığını, ümumiyyətlə bu işlə məşğul olmadığını, həmçinin evindən aşkar edilən 6 ədəd büküm heroinin ona məxsus olmadığını, həmin heroin bükümlərini polis əməkdaşlarının onun evinə özlərinin qoyduğunu, həmçinin həmin istintaq hərəkətində özünün və müdafiəçisinin iştirak etmədiyini bildirib barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli özünün etiraf edici ifadəsindən başqa şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və barəsində bəraət hökmünün çıxarılması barədə dediklərinə tənqidi yanaşır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı 23 may 2023-cü il tarixdə raportla şöbə rəisinə məruzə edərək sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra o, RPŞ-nin polis nəfəri Ruhin Əliyevlə birlikdə Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin günü saat 15:10-da Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri, 20 yanvar küçəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə, psixotrop maddə, saxlanılması və gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və predmet olub-olmadığını xəbər almışlar. Təqsirləndirilən şəxs1 cibində narkotik vasitə heroin olduğunu demiş, sonra onlar Vahidə onlarla birlikdə polis şöbəsinə gəlməsini demişlər. Ona görə də Təqsirləndirilən şəxs1 onlarla birlikdə polis şöbəsinə gəlmiş, Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirməkləri ilə əlaqədar şöbə rəisinə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq o, üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutularaq onun üzərində video çəkliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki şalvarının cibində bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu deyərək şalvarının sağ qarşı cibindən bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm açılıb baxılarkən bükümün arasında narkotik vasitə heroinə oxşar maddə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs1 həmin heroini 20 may 2023-cü il tarixdə Cəlilabad şəhərində tanışı Nəsir adlı şəxsdən özü qəbul etmək üçün 10 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfə qablaşdırılaraq Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə olaraq narkotik vasitə və cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamışdır. X5 tərəfindən qeyd olunanlar barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Elə həmin tarixdə X5 Nəsirin müəyyən olunub gətirilməsi üçün əməliyyat tapşırığı vermiş, əməliyyat tapşırığının icrası ona tapşırılmışdır. Elə həmin günü saat 20 radələrində o, RPŞ-nin PPXB-nün polis nəfəri Şahid4lə birlikdə Cəlilabad şəhəri, 20 yanvar küçəsində olarkən Təqsirləndirilən şəxs2 orada olduğunu görüb onu RPŞ-nə gətirdik və raportla şöbə rəisinə məruzə etmişdir. Sonra X5 tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə onun üzərində video çəkliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. X5 tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi protokolun doğruluğunu imza etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularkən onlara polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiq göstərilməmiş və fiziki zorakılıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin polis nəfəri Şahid4 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 oğlu ifadəsində göstərdi ki, 23 may 2023-cü il tarixdə Cəlilabad RPŞ-də Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunub götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini Cəlilabad şəhər sakini tanışı Təqsirləndirilən şəxs2 özü qəbul etmək üçün 10 manata aldığını bildirmişdir. Bununla əlaqədar 26 may 2023-cü il tarixdə Cəlilabad rayon məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, 20 yanvar küçəsində yerləşən 106 nömrəli evində video çəkiliş vasitəsi ilə axtarış keçirilərkən o da həmin axtarışda iştirak etmişdir. Axtarışda Təqsirləndirilən şəxs2 arvadı Mehparə Nəsirli də iştirak etmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 yataq otağındakı çarpayının üzərində olan döşəyin baş tərəfindən altından 3 ədəd, həmin döşəyin ayaq tərəfindən üzərində olan adyalın altından 2 ədəd kağız bükümlərdə, qonaq otaqlarındakı divanın altından isə 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 arvadı Mehparə həmin bükümdə olan maddələrin əri Nəsirə məxsus olduğunu bildirmiş, axtarış zamanı aşkar olunmuş 6 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddələr zərfə qablaşdırılmış, zərfin ağzı möhürlənərək bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi protokolun doğruluğunu imza etmişdir. Təqsirləndirilən şəxs2 müdaifəçisi X1 vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun əridir. Əri Təqsirləndirilən şəxs2 narkotik aludəçisi olsa da evdə heç vaxt narkotik vasitə qəbul etməmişdir. Əri Təqsirləndirilən şəxs2 heç vaxt kiməsə narkotik vasitə satmasını eşitməmiş və görməmişdir. Evdə oğlu Şahmur, əri və xəstə qaynatası ilə birlikdə yaşayırlar. 26 may 2023-cü il tarixdə Cəlilabad RPŞ-nin əməkdaşları yaşadıqları evə axtarış keçirərkən o da həmin axtarışda iştirak etmiş, belə ki, evlərində axtarış aparılacağı ilə əlaqədar Cəlilabad rayon məhkəməsinin qərarı ilə o tanış olduğdan sonra onun iştirakı ilə video çəkliş vasitəsi ilə axtarış keçirilməyə başlanılmışdır. Axtarış olmamışdan əvvəl videoda olan polislərdən əlavə Nəbi adında polisdə onun evində olmuşdur. Axtarış başlamamışdan əvvəl Nəbi onu və qaynatasını evdən çıxartmış və 15 dəqiqəyə yaxın müddətdə evin içərisində olmuşdur. Hesab edir ki, evdə tapılan narkotik vasitələr ərinə məxsus deyil və həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən qabaqcadan qoyulmuşdur. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə tiryəkdən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,748 qram narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotik vasitə olan heroini 20 may 2023-cü ildə tarixdə Təqsirləndirilən şəxs2 adlı şəxsdən 10 manata aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs2 yaşadığı evdə aparılmış axtarış-götürmə istintaq hərəkətinin aparılması ilə bağlı video çəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 26 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı, Cəlilabad şəhəri 20 yanvar küçəsi 106 nömrəli evdən yataq otağındakı çarpayının üzərindəki döşəyin baş tərəfinin altından 3 ədəd, həmin döşəyin ayaq tərəfindən üzərindəki adyalın altından 2 ədəd kağız bükümdə, qonaq otağındakı divanın altından isə 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar olunaraq kağız zərfə qablaşdırılaraq 141 nömrəli möhürlə möhürləndikdən sonra götürülmüşdür. Həmin video diskədəki görüntüdə ibtidai istintaqı aparan müstəntiq Şahin Abdulov tərəfindən axtarış aparılması barədə Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı Təqsirləndirilən şəxs2 arvadı Mehparə Nəsirliyə elan edərək həmin istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Mehparə Nəsirlinin iştirakı evdə axtarış aparılmışdır. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 23 may 2023-cü il tarixli, 19/572 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 götürülərək tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,748 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroindən tədqiqatda 0,05 qram sərf edilərək 0,698 qram qalıq qalmışdır. İşdə olan, Məhkəmə-kimyəvi kimyəvi ekspertizasının 26 may 2023-cü il tarixli, 19/583 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunub götürülmüş 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,137 qram, 0,184 qram, 0,144 qram, 0,127 qram, 0,144 qram, 0,119 qram, ümumi təmiz çəkisi 0,855 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Həmin herionlərdən tədqiqatda 0,24 qram (hər obyektdən 0,04 qram) sərf edilərək 0,615 qram qalıq qalmışdır. İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 22 iyun 2023-cü il tarixli, 667 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nun təqdim etdiyi 17042182 nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 06 iyul 2023-cü il tarixli, 695 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 243.1-ci maddəsində göstərilmişdir ki, axtarış və götürmə, bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 244.2-ci maddəsində göstərilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və ya götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müstəntiq tərəfindən ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 müdafiə etdiyi şəxsin evində məhkəmənin qərarı əsasında axtarış aparılmas barədə məlumat verilmişdir. Həmçinin işdə olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş məktubdan görünür ki, vəkil Müdafiəçi1 həmin axtarış istintaq hərəkəti barədə əvvəlcədən məlumatlandırılmış, lakin işlərinin çoxluğu ilə əlaqədar həmin istintaq hərəkətində iştirak edə bilməyəciyini bildirmişdir. Məhkəmə qeyd edilən sənədlərə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə evində aparılmış axtarış istintaq hərəkəti CPM-nin tələblərinə əməl edilməklə qanuni aparılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs2 yaşadığı evdən axtarış aparılarkən aşkar olunaraq götürülmüş 6 ədəd narkotik vasitə olan heroinin ona məxsus olmaması barədə dedikləri məsuliyyətdən yaxa qurtulmaq məqsədi daşıyır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmaması ilə göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı tam araşdırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, onun üzərindən aşkar edilmiş heroini o, 20 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 almışdır. Beləliklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, bu əməllər şahid ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli isə istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinib qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 25 yanvar 2024cü il tarixli, 106/2022-30-11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsin əsasən ona təyin olunmuş 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 25 yanvar 2024-cü il tarixə 9 ay 22 gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Nəsirli X4 rayon məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Biləsuvar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə çəkilməmiş qalan 6 ay 2 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə çəkilməmiş cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hər iki hökm üzrə məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 “sağ böyrəyin xərçəngi İİİ mərhələ, kolit” diaqnozlu xəstəlikdən əziyyət çəkir, İİ qrup əlildir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2009-cu il təvəllüdlü Aysu və xx.xx.2012-ci il təvəllüdlü Nahid adlı uşaqları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 -ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xərçəng xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2 -ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlinə qədər iki dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hər iki hökm üzrə məhkumluqları ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İşdə olan 23 may 2023-cü il tarixli şübhəli şəxs qismində tutulma haqqında protokoldan ki, Təqsirləndirilən şəxs1 23 may 2023-cü ildə saat 15:53-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, o, 25 may 2023-cü il tarixdə saat 12:30-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin 25 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona hökmlərin məcmusu ilə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir vəərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş tədqiqatlardan sonrakı çəkisi 0,648 qram qalan narkotik vasitə heroin, 26 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 evindən aşkar olunub götürülmüş 6 ədəd bükümdə tədqiqatdan sonrakı çəkisi 0,615 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəlilabad rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 9 (doqquz) ay 22 (iyirmi iki) günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 4 (dörd) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023cü ildən xx.xx.2023-cü il tarixə kimi həbsdə qaldığı 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş tədqiqatlardan sonrakı çəkisi 0,648 qram qalan narkotik vasitə heroin, 26 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 evindən aşkar olunub götürülmüş 6 ədəd bükümdə tədqiqatdan sonrakı çəkisi 0,615 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq ekspertiza mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar