Məhkəmə qərarları › İş №1(073)-61/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-61/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-61/2025 03.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:20 X4 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Cəlilabad Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06 mart 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri Azərbaycan küçəsi ev 02də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 9,798 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yanvar 2025-ci il tarixdə saat 21:40-da Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən Cəlilabad şəhər Təhsil Şöbəsinin yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərinə yoxlama və götürmə keçirilərkən həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əynindəki qara rəngli gödəkçənin sol yan cibində olan 01 (bir) ədəd “Viceroy” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, mütəmadi olaraq narkotik vasitə istifadə edən deyil, lakin hərdən bir qurudulmuş marixuana istifadə edir. 17 yanvar 2025-ci il tarixdə saat 21 radələrində Cəlilabad şəhərində “Dairə” adlanan yerin yaxınlığında piyada gəzdiyi zaman yolun kənarında bir ədəd “Viceroy” markalı siqaret qutusu görmüşdür. Həmin siqaret qutusu diqqətini çəkdiyi üçün yerdən götürmüş və içərisinə baxan zaman həmin qutunun içərisində “nəşə” kimi deyilən qurudulmuş marixuana olduğunu görmüşdür və həmin kütləni götürüb gələcəkdə istifadə etmək məqsədilə üzərində saxlamışdır. 17 yanvar 2025ci il tarixdə, saat 22 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən Təhsil Şöbəsinin yaxınlığında piyada gəzdiyi zaman ona mülki geyimdə olan 3 nəfər şəxs yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində qanunla qadağan edilmiş narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra o, üzərində olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldıqda üzərindən başqa qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş qurudulmuş marixuana polis əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüş və bu barədə videoçəkiliş aparılmışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Cəlilabad RPŞ-nə gəlmişdir. Orada təhqiqatçı tərəfindən təqdim olunan videogörüntüyə və bir ədəd diskə baxış keçirilmişdir. Saxlanılan zaman polis əməkdaşlarına təqdim etdiyi “Viceroy” markalı siqaret qutusuna, yerləşdirilmiş “nəşə” adlanan narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirmiş, həmin qurudulmuş marixuanadan istifadə etməmiş və həmin qurudulmuş marixuananın onun üzərində olmasından heç kimin məlumatının olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı zor tətbiq edilməmiş və bu barədə heç bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 17 yanvar 2025-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və Cəlilabad RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 17 yanvar 2025-ci il tarixdə, təxminən saat 21:40 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğu zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan üstündə videoçəkilişlə yoxlama aparılacağını bildirib buna etirazı olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs buna heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra baş əməliyyat müvəkkili İsmayıl Mirzəyev tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Viceroy” markalı siqaret qutusunu çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusuna baxış keçirilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və təqdim edilməsi üçün qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni 10 fevral 2025-ci il tarixdə, səhər saatlarında Cəlilabad şəhərində yerləşən “İran bazarı” adlanan ərazidə yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Şöbədə müvafiq sənədələr tərtib edildikdən sonra Təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı İbrahim Əsədliyə təqdim etmişdir. Sonra videoçəkiliş aparılmaqla təhqiqatçı İbrahim Əsədli tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə və aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamış və ona qarşı heç bir zor və ya fiziki güc tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd “Viceroy” markalı siqaret qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş, Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin qablaşdırıldığı bir ədəd “Viceroy” markalı siqaret qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmiş, həmin maddəyə baxış keçirilmiş, elektron təzəridə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş məhkəmə-bialoji ekspertizasının 18 yanvar 2025-ci il tarixli, 19/19 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd siqaret qutusunda təmiz çəkisi - 9,798 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf olunmuş, 9,698 qram qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2025-ci il tarixli, 58 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 07 sentabr 2022-ci il tarixli 1(073)- 182/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 5 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 06 mart 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan, “Doğum haqqında” və “Atalığın müəyyən olunması haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 mart 2025-ci il tarixdə doğulmuş bir azyaşlı uşağı vardır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müxbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 17 yanvar 2025-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdə saat 21:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 19 yanvar 2025-ci il tarixli “Tutulmuş şəxsin azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2025-ci il tarixdə saat 15:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində 2022-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 9,698 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı 17 yanvar 2025-ci il tarixdən 19 yanvar 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 03 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində 2022-ci ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 9,698 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəyə minir, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən. Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar