Məhkəmə qərarları › İş №1(073)-62/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-62/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-62/2024 21.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu, Maşlıq kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -1.310 qram çəkidə ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış,06 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın kiçik sağ yan cibindən 01 ədəd sellofan bükülüdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, vətən müharibəsində iştirak etmişdir. Tutulmamışdan əvvəl 5 aya yaxındır ki, psixotrop maddə metamfetamin istifadə etmiş, lakin hazırda müalicə aldığından narkotik vasitəyə asılığı yoxdur. 06 dekabr 2023-cü il tarixdə təxminən saat 10 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Musabəyov” parkının yaxınlığında piyada hərəkətdə olduğu zaman yolun kənarında yerdə bir ədəd sellofan bükülü görmüş, həmin sellofan bükülü onun diqqətini cəlb etmiş və buna görə də həmin bükülünü yerdən götürmüşdür. Həmin sellofan bükülünü açıb içərisinə baxmış və içərisində psixotrop maddə metamfetamin olduğunu müəyyən etmişdir. Əvvəllər psixotrop maddə metamfetamin istifadə etdiyinə görə həmin sellofan bükülünün içərisindəki maddəni tanıyıb psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Həmin sellofan bükülüdə olan psixotrop maddə metamfetamini gələcəkdə istifadə etməkdən ötrü əynində olan qara rəngli cins şalvarın kiçik sağ yan cibinə qoyub üzərində saxlamışdır. Həmin gün təxminən saat 11 radələrində Bakı şəhəri, Qaradağ rayonunda Lökbatan dairəsi yaxınlığında tanımadığı bir taksi avtomobilinə əyləşib Cəlilabad rayonuna gəlmişdir. Həmin gün təxminən saat 20 radələrində şəxsi işi ilə əlaqədar yaşadığı Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində piyada hərəkətədə olduğu zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və polis əməkdaşı olduqlarını bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuşdur. Polis əməkdaşlarına üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş və bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. Onların dəvətinə etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Cəlilabad RPŞ-də ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra əynində olan qara rəngli cins şalvarın sol arxa cibindən 1 ədəd Samsung markalı mobil telefon, sağ arxa cibindən 1 ədəd Nokia markalı mobil telefon və kiçik sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi həmin sellofan bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan psixotrop maddə metamfetaminə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, daha sonra üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və həmin psixotrop maddə metamfetamindən başqa üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükülüdə olan psixotrop maddə metamfetamin ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, eləcə də vətən müharibəsi iştirakçısı olduğunu bildirmişdir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasıbarədə 06 dekabr 2023-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, və Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 06 dekabr 2023-cü il tarixdə, təxminən saat 20 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir. Ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarınsol arxa cibindən 1 ədəd “Samsung Duos” markalı mobil telefon, sağ arxa cibindən 1 ədəd “Nokia” markalı mobil telefon və kiçik sağ yan cibindən isə 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək həmin sellofan bükülünün içərisindəki maddənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirilərkən həmin bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı təqdim etdiyi həmin psixotrop maddə metamfetamini 06 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkının yaxınlığında yolun kənarında yerdən tapdığını, istifadə etmək məqəsədilə üzərində gəzdirdiyini, həmin psixotrop maddə metamfetaminin üzərində olmasından heç kimin məlumatının olmadığını və həmin psixotrop maddə metamfetamindən istifadə etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Samsung Duos” markalı mobil telefon və 1 ədəd “Nokia” markalı mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 06 dekabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın kiçik sağ yan cibindən 01 ədəd sellofan bükülüdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X3 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 19/1032 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1.310 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Qeyd: -metamfetaminin təmiz çəkisi –1.310 qr., cəmi tədqiqata sərf olundu - 0.05 qr, qalıq -1.260 qr. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının 28 dekabr 2023-cü il tarixli, 1121 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunması” medalı ilə təltif edilmişdir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və “Vətən Müharibəsi” iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 06 dekabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə saat 19:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 08 dekabr 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 dekabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 16:20-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut- Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,260 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 06 dekabr 2023-cü il tarixdən 08 dekabr 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,260 qram qalan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar