Məhkəmə qərarları › İş №1(073)-62/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-62/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-62/2025 30.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu ildə Cəlilabad rayonunun Pornaim kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 iyul 1934-cü il təvəlüdlü anası X3 27 yanvar 2024-cü il vəfat etməsinə baxmayaraq aidiyyəti icra hakimiyyətinə məlumat təqdim etməyərək 01 fevral 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək Xanım Əzimovanın adına "xxxx" ASC-də olan AZ57AİİB******************** saylı kart hesabına köçürülmüş 4910 (dörd min doqquz yüz on) manat məbləğində pul vəsaitini "xxxx" ASC-yə məxsus “Birbank” mobil tətbiqi vasitəsilə ələ keçirərək zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dovlət Sosial Müdafiə Fonduna maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, ev 75A-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Onun hər hansı şəxslə ədavət və düşmənçiliyi yoxdur. X4 qardaşıdır, onunla anası vəfat etdikdən sonra münasibətləri yoxdur. X1 07 yanvar 2021-ci il tarixdə, anası X5 27 yanvar 2024-cü il tarixdə vəfat etmişdir. X9 ölən günədək bəzi vaxtlarda onunla və digər qohumları ilə birlikdə yaşamışdır. Onun, eləcə də ailə üzvlərinin anası ilə münasibətləri həmişə yaxşı olmuşdur. Anası vəfat etməmişdən əvvəl ona məxsus olan pensiya kartı oğlu Arif Mahmudovda olmuşdur, onun sağlığında Arif həmin pensiya kartına yüklənmiş pulu çıxardıb özünə təqdim etmişdir. X9 vəfat etdikdən sonra onun adına "xxxx" ASC-yə məxsus olan pensiya kartını oğlu Arif Mahmudov qırıb atmışdır. Bu barədə oğlu Arif Mahmudov ona məlumat vermişdir. X9 vəfat etməmişdən qabaq notarial qaydada bütün daşınar və danışmaz əmlaklarına sərəncam verilməsinə dair ona etibarnamə, eləcə də vəsiyyətnamə vermişdir. X9 27 yanvar 2024-cü il tarixdə vəfat etdikdən həmin ilin sonunadək ona məxsus olan pensiya kartına aylıq köçürülən təxminən 491 manat məbləğ onun istifadəsində olan telefondakı “Birbank” mobil tətbiqində olan X9nın adına olan plastik karta köçürülmüş və həmin pul məbləğləri tərəfindən istifadə olunaraq şəxsi ehtiyaclarına xərclənmişdir. O, sonradan həmin pulun X9nın təqaüdü olmasını bilmiş, əvvəllər həmin pulun anasının dəfn müavinəti və ya digər oxşar təyinatlı ödəniş olmasını hesab etmişdir. X9 27 yanvar 2024-cü il tarixdə vəfat etdikdən hazırki vaxtadək ona məxsus olan pensiya kartına aylıq köçürülən məbləği, yəni dəymiş maddi ziyanı bütöv şəkildə ödəmişdir. X9 27 yanvar 2024-cü il tarixdə beyninə qan sızması nəticəsində beyindaxili qanaxma səbəbindən yaşadıqları kənddə ata evində vəfat etmişdir. O vəfat etdikdən sonra onu həmin gün yaşadıqları kənd qəbiristanlığında dəfn etmişlər. Anası vəfat etməmişdən qabaq sol tərəfi iflic olmuşdur. Anasının ölümü ilə bağlı müvafiq qeydin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış sistemdə qeydiyyata alınaraq ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı hər hansı dövlət orqanına müraciət etməmişdir. Özünü təqsirli bilmir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi eyni məzmunlu çıxış edərək əməldə hər hansı cinayət tərkibinin olmadığını, məsələnin mülki xarakterli mübahisə olduğunu, habelə prokuror tərəfindən yanlışlıqla cinayət işi başlanılmasını əsas gətirərək təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Müdafiəçi bildirmişdir ki, təqsirləndirilən şəxsin qardaşı zərərçəkmiş şəxs deyildir, buna görə də onun ərizəsi əsasında cinayət işi başlanıla bilməzdi. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə verdiyi ifadəsində və məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayından 2024-cü ilin dekabr ayının sonlarınadək hər ay 491 manat olmaqla ümumilikdə 5396,49 manat pul əldə etmiş, həmin pul Xanım Əzimovanın kart hesabına köçmüşdür. Onun vəfat etməsi barədə həmin şəxslər hər hansı bir sənəd təqdim etməmişdir. Hazırda cinayət işi üzrə Fonda vurulmuş maddi ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxış iclaslarını onların iştirakı olmadan keçirilməsini və qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmənin verdiyi suallara cavab olaraq təqsirləndirilən şəxs eyni məzmunlu cavab verərək bildirmişdir ki, anasının pensiya kartına köçürülən pulların onun pensiyası olduğunu bilməmiş, bu ödənişlərin anasının dəfni ilə əlaqədar köçürülən müavinət və ya digər oxşar təyinatlı ödənişlər olduğunu zənn etmişdir. Pensiya kartı mövcud olmadığına görə (təqsirləndirilən şəxsin oğlu tərəfindən qırılmışdır) pullar onun mobil telefonunda olan proqram təminatına yüklənmişdir, o da həmin pulları özünə məxsus bank kartına köçürərək istifadə etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlində dələduzluq cinayət əməlinin tərkibi mövcuddur. Belə ki, o, aldatma yolu ilə, yəni həqiqi məlumatları gizlətməklə başqasına – dövlətə məxsus əmlakı ələ keçirmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxsin anası vəfat etdikdən sonra ona (anasına) hər hansı pensiya ödənilməli olmadığını, habelə təqsirləndirilən şəxsin anasının ölümündən müvafiq dövlət orqanının məlumatı olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin anasının öldüyü tarixdən – xx.xx.2024-cü ildən sonra ödənilən pensiya təqsirləndirilən şəxsin anasına məxsus olmamaqla dövlət vəsaiti hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarında müəyyən edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqularının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərara əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və ya keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə aradan qaldırmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur, lakin məhkəmə təqsirləndirilən şəxsin əvvəllər də dələduzluq cinayət əməlinə görə bir neçə dəfə cinayət məsuliyyətə cəlb edildiyini onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək ünvan 2 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar