Məhkəmə qərarları › İş №1(073)-63/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-63/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-63/2023 16.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə 13 avqust 1999-cu ildə Cəlilabad rayonunun Kazımabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Kazımabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə saat 19 radələrində qanuni əsaslarla idarə etdiyi “VAZ-2107” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu Göytəpə şəhərinin ərazisində hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, maksimum sürətin məhdudlaşdırılması yol nişanının tələblərinə əməl etməli olduğu halda bunlara əməl etməyərək «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub, onunla eyni istiqamətdə yolun sağ çiyni ilə hərəkətdə olan piyadalar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ehtiyasızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurma əlamətlərinə malik, sol incik sümüyünün yerinidəyişməyən qapalı sınığı xəsarəti və Zərərçəkmiş şəxs1 dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik ağır qapalı kəllə-beyin travması, baş beyinin toxumalarına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, alının sağ yarısında, sağ və sol alın təpə nahiyəsində, sol gicgah-yanaq nahiyəsində və sol əlin arxa səthində sıyrıqları xəsarətlərini almış və nəticədə sonuncu ağır qapalı kəllə- beyin travması nəticəsində əmələ gələn baş beyin toxumalarına və yumşaq qişasına yayılmış qansızma səbəbindən 21 noyabr 2022-ci il tarixdə Cəlilabad rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər heç bir ruhi və ya əsəb xəstəlikləri keçirməmiş və bununla əlaqədar olaraq heç bir dispanserdə və ya xəstəxanada qeydiyyatda deyil. O, 2022-ci avqust ayında sürücülük hüququ əldə etdikdən sonra Bakı şəhərində yerləşən avtomobil bazarından “Vaz 2107” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobil almışdır. 20 noyabr 2022-ci il tarixdə saat 18 radələrində həmkəndlisi Şahid2 onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onu Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən “Yamal” şadlıq sarayına aparmağını istəmişdir. O da Coşquna etiraz etməmişdir. Bundan sonra Coşqunun yaşadığı ünvana gedib onu götürmüş və onlar yola düşmüşdür. Kənddən çıxdıqdan bir qədər sonra Göytəpə şəhərinə çatmağa az bir məsafə qalan zaman qarşıdan marka, model, rəngini və dövlət nişanını görmədiyi avtomobilin gəldiyini görmüşdür. Həmin avtomobil ona çatmağa 50 metr qalmış onun getdiyi istiqamətdə 3 nəfər şəxsin hərəkət etdiyini qəfil görmüşdür. O, əyləcdən istifadə edərək avtomobili sola doğru çəksə də həmin şəxslərdən ikisi onun avtomobilinin qabaq nahiyəsinə dəymişdir. O, dərhal avtomobili yolun sağma çəkərək saxlamış və Coşqunla birlikdə həmin şəxslərə yaxınlaşmışdır. Həmin şəxsləri birlikdə avtomobilin arxa oturacağına əyləşdirdikdən sonra Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada həmin şəxslərdən birinin baş nahiyəsinin, birin ayaq nahiyəsindən xəsarət aldığını, digər şəxsdə isə heç bir xəsarət olmadığını onlara bildirmişlər. Daha sonra orada polis əməkdaşına yaxınlaşaraq yol nəqliyyat hadisəsi törədiyini bildirmişdir. Həmin polis əməkdaşı Cəlilabad rayon polis şöbəsinə məlumat vermiş və bir qədər sonra polis əməkdaşları oraya gəlmişlər. O da onlara orada şifahi şəkildə törətdiyi cinayət əməli barədə məlumat vermişdir. Daha sonra onlar onu polis şöbəsinə dəvət etmişlər və o, şöbəyə gəlmişdir. O, idarə etdiyi “Vaz 2107” markalı, **-HZ- *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmçinin onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İdarə etdiyi avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə baş verən zaman avtomobili saatda təxminən 55-60 km/saat sürətlə idarə etmişdir. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində xəsarət alan şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1dur. Ehtiyatsızlıqdan avtomobili ilə vurduğu şəxslərdən Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən 21 noyabr 2022-ci il tarixdə xəstəxanada ölmüşdür. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə və digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur. 20 noyabr 2022-ci il tarixdə təxminən saat 07 radələrində digər oğlu Zərərçəkmiş şəxs2 özünə məxsus sahədə əkdiyi çiyələyə qardaşı Zərərçəkmiş şəxs1 və əmisi oğlu Şahid1 ilə birlikdə qulluq etdikdən sonra təxminən saat 17 radələrində yaşadıqları evə gəlib yemək yeyib çay içdikdən sonra siqaret almaq üçün evdən çıxaraq evdən təxminən 1 km aralıda olan marketə doğru getmişlər. Bundan təxminən 1 saat sonra Şahid1 ona zəng edərək oğlanları Orxan və Gündüzü avtomobil vurduğunu və xəstəxanada olduqlarını bildirmişdir. Bundan sonra o, küçəyə çıxaraq tanımadığı taksi ilə xəstəxanaya getmişdir. Orada oğlu Zərərçəkmiş şəxs2 ona ayaq nahiyəsindən xəsarət aldığını, Gündüzün isə baş nahiyəsindən xəsarət aldğını bildirmişdir. 21 noyabr 2022-ci il tarixdə təxminən saat 05 radələrində xəstəxanada olan zaman oğlu Gündüzün artıq vəfat etdiyini ona bildirmişlər. Daha sonra oğlu Zərərçəkmiş şəxs1 tibbi ekspertizası keçirildikdən sonra onu təhvil verilmişdir. Bundan sonra onlar oğlu Zərərçəkmiş şəxs1 yaşadığı ünvana apararaq qəbiristanlıqda dəfn etmişlər. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan şikayəti yoxdur. Həmçinin oğlu Zərərçəkmiş şəxs1 yol nəqliyyat hadisəsi nəticəsində ölməsi ilə əlaqədar sığorta şirkəti tərəfindən ona müəyyən məbləğdə pul ödəniləcəyinə görə, Təqsirləndirilən şəxs heç bir tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs yüngül cəzanın təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə notariat qaydada təsdiqlənmiş yazılı ərizə də təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun qardaşı olmuşdur. 20 noyabr 2022-ci il tarixdə təxminən saat 07 radələrində o, özünə məxsus sahədə əkdiyi çiyələyə qardaşı Zərərçəkmiş şəxs1 və əmisi oğlu Şahid1 ilə birlikdə qulluq etdikdən sonra təxminən saat 17 radələrində onlar yaşadığı evə gəlib yemək yeyib çay içdikdən sonra siqaretləri olmadığı üçün marketə getmək qərarına gəlmişlər. Bundan sonra, onlar yaşadığı evdən çıxaraq evdən təxminən 1 km aralıda olan marketə doğru getməyə başlamışlar. Onlar asfalt yolun kənarı ilə gədən zaman ondan sağda qardaşı Zərərçəkmiş şəxs1, solda isə əmisi oğlu Şahid1 hərəkət etmişdir. Onlar bir qədər yolun sağ hissəsi ilə hərəkət edən zaman ona nəyinsə sol tərəfdən dəydiyini hiss etmiş və yerə yıxılmışdır. Dərhal ətrafa baxdıqda qardaşı Zərərçəkmiş şəxs1 ondan təxminən 8 metr aralıda yerdə uzanmış halda xırıldadığını, əmisi oğlu Zahidin Kərimovun isə ayaq üstə olduğunu və əliylə onu tutaraq yerdən qalxmağına kömək etdiyini görmüşdür. Dərhal o, qardaşına yaxınlaşaraq onu yerdən qaldırmış və onları vuran avtomobilin sürücüsünə xəstəxanaya aparmasını istəmişdir. Daha sonra o, qardaşını avtomobilin arxa oturacağına mindirdikdən sonra əmisi oğlu Zahidlə birlikdə arxa oturcaqda oturmuşdur. Daha sonra avtomobilin sürücüsü və bir nəfər sərnişini qabaq oturacaqda əyləşdikdən sonra onlar Cəlilabad RMX-ya gəlmişdir. Həmin vaxt qardaşını reanimasiyaya yerləşdirmiş və ona tibbi yardım göstərilmişdir. 21 noyabr 2022-ci il tarixdə təxminən saat 05 radələrində xəstəxanada olan zaman qardaşı Zərərçəkmiş şəxs1 artıq vəfat etdiyini ona bildirmişlər. Qardaşının tibbi ekspertizası keçirildikdən sonra qardaşını onlara təhvil vermişlər. Bundan sonra, onlar qardaşını yaşadığı ünvana apararaq qəbiristanlıqda dəfn etmişlər. Sonradan bilmişdir ki, qardaşını və onu vuran “Vaz 2107” markalı **-HZ-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cəlilabad rayonu, Kazımabad kənd sakini Təqsirləndirilən şəxsdur. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayətləri yoxdur. Həmçinin onun yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə əlaqədar sığorta şirkəti tərəfindən ona müəyyən məbləğdə pul ödəniləcəyinə görə Təqsirləndirilən şəxs heç bir tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs yüngül cəzanın təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə də təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və mərhum Zərərçəkmiş şəxs1 onun əmisi oğlanlarıdır. 20 noyabr 2022-ci il tarixdə, saat 07 radələrində o, əmisi oğlu Zərərçəkmiş şəxs2 məxsus sahədə onun əkdiyi çiyələyə Gündüz və Orxanla birlikdə qulluq etdikdən sonra təxminən saat 17 radələrində üçü bir yerdə Orxangilin yaşadığı evə gəlib yemək yeyib çay içdikdən sonra, siqaretləri olmadığı üçün marketə getmək qərarına gəlmişlər. Bundan sonra, onlar evdən çıxaraq evdən təxminən 1 km aralıda olan marketə doğru getməyə başlamışlar. Onlar asfalt yolun kənarı ilə gədən zaman ondan solda əmisi oğlu Zərərçəkmiş şəxs2, Orxandan solda isə Zərərçəkmiş şəxs1 hərəkət etmişdir. Onlar bir qədər yolun sağ hissəsi ilə hərəkət edən zaman nəyinsə sol tərəfdən Gündüz və Orxana dəydiyini hiss etmiş və onlar yerə yıxılmışlar. Dərhal ətrafa baxdıqda Gündüzün ondan təxminən 8 metr aralıda yerdə uzanmış halda xırıldadığını görmüşdür. O, Orxana yaxınlaşıb əlindən tutaraq yerdən qalxmağına kömək etmişdir. Sonra isə dərhal Gündüzə yaxınlaşaraq onu yerdən qaldırmışlar və onları vuran avtomobilin sürücüsünə onları xəstəxanaya aparmasını bildirmişlər. Daha sonra, Orxanla birlikdə Gündüzü avtomobilin arxa oturacağına mindirdikdən sonra o da onlarla birlikdə arxa oturacaqda oturmuşdur. Avtomobilin sürücüsü və bir nəfər sərnişini qabaq oturacaqda əyləşdikdən sonra, birlikdə Cəlilabad RMX-ya gəlmişlər. Həmin vaxt Gündüzü reanimasiyaya yerləşdirdilər, Orxana isə tibbi yardım göstərdilər. Onun heç bir xəsarəti olmadığı üçün ona tibbi yardım göstərilməmişdir. 21 noyabr 2022-ci il tarixdə təxminən saat 05 radələrində Zərərçəkmiş şəxs1 artıq vəfat etdiyini ona bildirmişlər. Zərərçəkmiş şəxs1 tibbi ekspertizası keçirildikdən sonra onlara təhvil vermişlər. Bundan sonra, onlar Zərərçəkmiş şəxs1 yaşadıqları ünvana apararaq qəbiristanlıqda dəfn etmişlər. Cinayət işinin materiallarında olan, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sxemdən görünür ki, hadisə Cəlilabad rayon Kazımabad kəndində baş vermişdir. Hadisə yerində yolun hərəkət hissəsi ikitərəfli, asfalt örtüklü olmaqla quru, üfüqi olmuş, yolda nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir maneə olmamışdır. Hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsinin eni 6 metr, yolun hər iki tərəfi isə fərdi yaşayış evləridir. Hadisə yerində tormoz izi aşkar olunmamışdır. Hadisə baş verdiyi yerdən 50 metr məsafədə sürət həddini saatda 40 km müəyyən edən yol nişanı vardır. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin 20 noyabr 2022-ci il tarixli 979 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman ayıq vəziyyətdə olmuşdur. (i.v 13) Cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxsn «B1,B,C1,C» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. (i.v 32) Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli 1106 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 sol incik sümüyünün yerini dəyişməyən qapalı sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 20 noyabr 2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 16 dekabr 2022-ci il tarixli 46 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, 2000-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs1 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olunmuşdur: ağır qapalı kəllə-beyin travması, baş beyinin toxumalarına və yumşaq qişasına yayılmış qansızma, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, alının sağ yarısında, sağ və sol alın təpə nahiyəsində, sol gicgah-yanaq nahiyəsində və sol əlin arxa səthində sıyrıqlar. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilər, törənmə müddəti 21 noyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə ağır qapalı kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyin toxumalarının və yumşaq qişasına yayılmış qansızma səbəb olmuşdur. Ölüm Cəlilabad RMX-nın reanimasiya şöbəsində saat 06:20-də baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 fevral 2023-cü il tarixli 8/220 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “VAZ 21074” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 40 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 55-60 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması”) tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan, Cəlilabad rayonu İHB-nin Kazımabad kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və iş üzrə digər zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzalarının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda məhkəmə, qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi üçün əsas yoxdur, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimalının olmasına əsas görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar