Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-64/2023 11.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs, xx xxxx 1997-ci ildə Sabirabad rayonu, Nizami kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 1 az yaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 10,176 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 28 noyabr 2022-ci il tarixdə, saat 17 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, Qurtuluş prospektində sərnişin qismində əyləşdiyi Şahid4 qanuni əsaslarla idarə etdiyi “Toyota auris” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncu ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən üzərinə “Kent” yazılan siqaret qutusunun içərisindən bir ədəd ağ rəngli sellofana bükülmüş halda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 28 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində olmuşdur. Həmin prospektlə piyada hərəkət edən zaman köşklərin birinin yanında, yerdə ağ rəngli sellofan bükülü görmüş və bu onun diqqətini cəlb etmişdir. Həmin bükülünü yerdən götürüb içərisinə baxarkən, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüşdür. Özü narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitəni götürmək qərarına gəlmiş və narkotik vasitəni üzərində olan “Kent” markalı siqaret qutusunun içərisinə qoyaraq əynində olan gödəkçəsinin cibinə qoyaraq oradan uzaqlaşmışdır. Real şərait olmadığı üçün həmin narkotik vasitədən istifadə edə bilməmişdir. Həmin gün Lənkəran şəhərinə istirahət etmək üçün getmək qərarına gəlmişdir. Təxminən saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində yolun kənarına çıxmış və tanımadığı bir taksi sürücüsünə əl ilə işarə edərək saxlatdırmış və ona Lənkəran şəhərinə getmək istədiyini bildirmişdir. O isə məsafənin uzaq olduğunu deyərək, alınmayacağını bildirib oradan uzaqlaşmışdır. Sonra başqa taksiyə əl edib saxlatdırmış və onunla gedib qayıtmağı 90 manata razılaşmışlar. Onlar oradan adını sonradan bildiyi Zaur adlı şəxsin idarə etdiyi “Toyota auris” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə köhnə Bakı-Ələt- Astara yolu ilə Lənkəran rayonuna doğru hərəkət etməyə başlamışlar. Təxminən saat 17 radələrində Cəlilabad şəhərinə daxil olmuşlar. O, siqaret almaq üçün Cəlilabad şəhəri ərazisində adını bilmədiyi marketin yanında Zaurdan avtomobili saxlamağını bildirmişdir. Zaur avtomobili saxlamış və o, yerə düşmüşdür. Həmin vaxt mülki geyimli polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edərək üzərilərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. Zaur adlı taksi sürücüsü üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirsə də, o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onları şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməmiş və Zaur avtomobili idarə etməklə Cəlilabad RPŞ-yə gəlmişlər. Cəlilabad Polis şöbəsində ona hüquqları izah olunmuş və müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibində olan 1 ədəd “Kent” markalı siqaret qutusunun içərisindəki qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisi Müdafiəçi iştirakı ilə həmin maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılıb möhürlənmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Zaurun idarə etdiyi avtomobilə də baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Himayəsində 1 azyaşlı uşağı vardır, ilk dəfədir ki, cinayət törədir, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Sabirabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 28 noyabr 2022-ci il tarixdə, təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, sərnişin qismində əyləşdiyi “Toyota arius” markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri, Qurtuluş prospektində onlar tərəfindən müşahidəyə götürülmüşdür. Bir neçə dəqiqə həmin avtomobili müşahidə etdikdən sonra o, onlar tərəfindən saxlanılmışdır. Onlar ona yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomobildə sürücü olan özünü Şahid4 kimi təqdim edən şəxs də əyləşmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid4 isə taksi kimi Təqsirləndirilən şəxsla gəldiyini, sonuncuda narkotik vasitə olması barədə məlumatının olmadığını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından onları idarə etdikləri avtomobili ilə birlikdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi, həmçinin müvafiq sənədlərin tərtib olunması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti X2 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin bükülüyə onlar tərəfindən baxış keçirildikdən sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış vəşəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq olunmuş Şahid4 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsindən görünür ki ki, Bakı şəhərində özünə məxsus olan “Toyota arius” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi qaydada sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. 28 noyabr 2022-ci il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı müştərini düşürdükdən sonra tanımadığı başqa bir şəxs əl ilə işarə edərək avtomobili saxlatdırmışdır. Həmin şəxs ona Lənkəran şəhərinə getmək istədiyini bildirmişdir. O da gedə biləcəyini ona deyərək, onunla gedib qayıtmağı 90 manata razılaşmışdır. Onlar oradan adını sonradan bildiyi Cavid adlı şəxslə köhnə Bakı-Ələt-Astara yolu ilə Lənkəran rayonuna doğru hərəkət etməyə başlamışlar. Təxminən saat 17 radələrində Cəlilabad şəhərinə daxil olmuşlar. Cavid siqaret almaq üçün Cəlilabad şəhəri ərazisində adını bilmədiyi marketin yanında ondan avtomobili saxlamağını bildirmişdir. O, avtomobili saxlamış və Cavid yerə düşmüşdür. Həmin vaxt mülki geyimli polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edərək üzərilərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hərhansı bir əşya olub-olmamasını soruşmuşlar. O, üzərində və avtomobilində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirsə də, Cavid üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onları şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməmiş və o, avtomobili idarə etməklə Cəlilabad RPŞ-yə gəlmişlər. Cəlilabad Polis şöbəsində ona hüquqları izah olunmuş və müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə də baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, KTQ-nın inspektor kriminalisti X2 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 Şahid1lə anoloji ifadə verərək sonuncunun ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş “Şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokoldan və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən üzərinə “Kent” yazılan siqaret qutusunun içərisindən bir ədəd ağ rəngli sellofana bükülmüş halda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X4 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 19/1222 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs Maarif oğlunun üzərindən götürülmüş narkotik maddəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -10,176 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 10,176 qram olmuş, tədqiqata 0,02 qram sərf olunmuş və 10,156 qram qalıq qalmışdır). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 1273 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Nizami kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 20 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2021-ci il təvəllüdlü Cavidan Bayramov adında bir azyaşlı oğlu var və o,yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması və ailəsinin yeganə qazanc gətirəni olması Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 17:30-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad RayonPolis Şöbəsinin MSY-dən saat 16:30-da azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 10,156 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 28 noyabr 2022-ci il tarixdən 30 noyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sabirabad rayonu, Nizami kəndindəki fərdi yaşayış evini tərk etməmək, cəza çəkdiyi müddətdə Sabirabad rayonu,habelə müalicə olunduğu müddətdə müalicə olunacaq tibb müəssisəsinin olduğu yerin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Sabirabad rayonu üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə kursu keçmək vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmün icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 10,156 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-64/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-64/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver