Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-64/2024 04.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci ildə Cəlilabad rayonunun Kazımabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Kazımabad kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə saat 20 radələrində Cəlilabad rayonu Kazımabad kəndi ərazisinin çöl sahəsindən keçən topraq örtüklü avtomobil yolunda “Vaz 2104” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısında eyni istiqamətdə “Lada Niva” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan həmkəndlisi Zərərçəkmiş şəxs ona ötmə əməliyyatı aparması üçün yol vermədiyinə görə aralarında yaranmış mübahisəni aydınlaşdırmaqdan ötrü həmin gün saat 22 radələrində arxasınca əmisi X1 məxsus Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gələn Zərərçəkmiş şəxs onu və qohumlarını hədələyərək atası Şahid3 Sübhan oğlunu əlindəki stul ilə vurduğunu görüb istintaqla müəyyən edilməyən predmetlə qəsdən Zərərçəkmiş şəxs ənsə nahiyəsinə zərbə vuraraq onu yerə yıxıb təpiklə üz nahiyəsinə zərbə vurmaqla onun sağ gözyuvası ətrafında hematoma, sağ almacıq nahiyəsində əzilmiş yara, başın ənsə nahiyəsində və burun nahiyəsində qançır əmələ gəlməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır, Qoşqar onun həmkəndlisidir və onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 06 avqust 2023-cü il tarixdə atası Şahid3 məxsus “Vaz 2104” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayonu, Kazımabad kəndində yerləşən torpaq yol ilə əkin sahəsindən evinə qayıdarkən, arvadı X6 da onunla birlikdə avtomobildə olmuşdur. Qarşıda gedən Niva markalı avtomobilə yol verməsi üçün siqnal vermiş və işıqla işarə etmişdir. Lakin həmin avtomobilin sürücüsü ona yol verməmişdir. Təxminən 5 kilometr məsafə yol gedərkən həmin avtomobilin sürücüsünə işarə etsə də ona yol verməmişdir. Nəhayət sonda yolun kənarı ilə hərəkət edib həmin avtomobilə əl ilə işarə edib saxlamasını istəmiş, həmin sürücü avtomobili saxlamış və o, özü də avtomobilini saxlamışdır. Avtomobildən düşüb həmin avtomobilə tərəf getmişdir. Avtomobilin sürücüsü şüşəni açmış və həmin şəxsin həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu müəyyən etmişdir. Ona nə üçün yol verməməsini demiş, o, isə avtomobildən düşüb ona tərəf gəlmiş və onu sinə nahiyəsindən itələyib onu vurmayanın kişi olmadığını bildirmişdir. Qoşqarla mübahisəyə davam edərsə böyük problemlər yaranacağını hiss edib avtomobilinə əyləşmiş və avtomobilini işə salmışdır. Bu zaman Qoşqar gəlib avtomobilinin qarşısına keçmiş və kapotun üzərinə uzanıb telefonu ilə şəkillər çəkmiş və ondan polisə şikayət edəcəyini bildirmişdir. Buna görə avtomobilini geriyə doğru hərəkət etdirmiş və evinə doğru getməyə başlamışdır. Yolda əmisi Rauf Ağayevə zəng edib Qoşqarın polisə getməsinə icazə verməməsini və məsələnin öz aralarında yoluna qoymalarını istəmişdir. X7 ancaq digər əmisi Ehtiramın münasibətinin olduğunu və məsələni onun yoluna qoya biləcəyini demişdir. Evinə gedib arvadı Süsən Ağayevanı orada qoymuş və avtomobillə əmisi Ehtiram Ağayevin evinə getmişdir. Avtomobili yolda saxlayıb əmisi Ehtiramın həyətinə daxil olmuş və əmisi Ehtirama olanları danışmışdır. Bundan sonra əmisi Ehtiram Qoşqarın anası Afaqa zəng etmiş və ondan oğlunun polisə şikayət etməməsini istəmişdir. Afaq isə ona oraya gələcəklərini demişdir. Təxminən 5 dəqiqə sonra Afaq oğulları İlqar və Qoşqarla birlikdə həyətə daxil olmuş və səs-küy salıb onu çağırmışlar. O, isə həmin zaman əmisi Ehtiramın evinin ikinci mərtəbəsində otaqda olmuş və pəncərədən onları izləmişdir. Təxminən 20 dəqiqə sonra həyətdən atası Zahidin səsini eşitmişdir. Afaq və oğulları İlqar ilə Qoşqarın atası Zahidi hədələdiklərini eşidib qərara gəlmişdir ki, aşağı düşsün. Pəncərədən baxmış və Qoşqarın əlində olan stul ilə atasının üzərinə getdiyini görmüşdür. Dərhal pilləkən ilə aşağı düşmüş və atasına doğru getmişdir. Qoşqar bir dəfə atasına əlində olan stul ilə vurmağa çalışmış, atası isə sol əlini qabağa verib stulu ondan almaq istəmişdir. Həmin zaman stul atasının sol əlinə və üz nahiyəsinə dəymişdir. Onların yanına çatıb Qoşqarın əlindəki stuldan tutmuş və özünə doğru çəkmişdir ki, stulu onun əlindən alsın. Bu zaman Qoşqar müvazinətini itirib üzü üstə yerə yıxılmışdır. Bundan sonra anası Afaq və qardaşı İlqar Qoşqarı yerdən qaldırıb çölə çıxmış və avtomobillərinə əyləşib oradan getmişlər. O, Zərərçəkmiş şəxs heç vaxt vurmamış və hadisə baş verən zaman ətrafda insanlar toplaşmamışdır. Qeyd etdiklərinin nəzərə alınmasını və ona bəraət verilməsini xahiş emişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun ittiham olunduğu cinayəti törətməsi işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilir və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 06 avqust 2023-cü il tarixdə təxminən saat 20 radələrində Cəlilabad rayonu Kazımabad kəndində yerləşən əkin sahəsindən çıxıb qardaşı Şahid1 məxsus “Niva” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə torpaq yolla evə gəlirmiş. Bu zaman arxadan gələn avtomobilin işarə edib yol istədiyini görmüş, həmin avtomobilə yol vermək üçün avtomobili sağa çəkib həmin avtomobilə yol vermiş, lakin həmin avtomobil onu keçməmişdir. Daha sonra yenə də işarə edib yol istədiyindən idarə etdiyi avtomobili sağa çəkib həmin avtomobilə yol vermiş və həmin avtomobil onu keçib qarşıda dayanmışdır. Avtomobilin sürücüsü düşüb ona tərəf gəlməyə başlamışdır. Onun yanına çatdıqda o, görmüşdür ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Sübhan onu nalayiq söyüşlərlə təhqir etmiş və ondan niyə yol vermədiyini soruşmuşdur. O, isə az öncə ona yol verdiyini, lakin onu keçmədiyini demişdir. Bundan sonra Sübhan ona avtomobildən düşməsini deyib onunla işi olduğunu bildirmişdir. O, avtomobildən düşmüş və bu zaman Sübhan onun yaxasından tutub çənə nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, Sübhan isə avtomobilinə əyləşib oradan getmişdir. Daha sonra o, avtomobilə əyləşib evə getmişdir. Evdə ilk öncə baş vermiş hadisə barədə qardaşı İlqara məlumat vermiş, daha sonra anası Şahid2 ondan nə baş verdiyini soruşmuş və o, da baş verənləri anasına danışıb Sübhandan şikayət edəcəyini demişdir. Anası şikayət etməyinin doğru olmayacağını bildirib, Sübhanın əmisi Ehtiramın evinə gedib məsələni həll etməli olduqlarını demişdir. Anası Afaq ilə razılaşmış və onlar qardaşı İlqarın “Niva” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Ehtiram Ağayevin evinə getmişlər. Orada Sübhanın “Vaz” 2104 markalı avtomobilini görmüşdür. Həmin zaman Ehtiram Ağayev evinin darvazısının qarşısında dayanmışdır. Avtomobildən düşüb Ehtirama doğru getmiş və onunla salamlaşmışlar. Anası Sübhanın harada olduğunu soruşmuş, Ehtiram isə Sübhanın atası Zahidi çağırdığını və onları barışdıracağını demişdir. Daha sonra onlar Ehtiramın həyətinə keçib orada olan stullarda əyləşmişdir. Təxminən saat 22 radələrində Şahid3 oraya gəlmiş və onların yanında stulda əyləşmişdir. Bu zaman Sübhan Ehtiramın evindən çıxıb pilləkən ilə aşağı düşmüş və həyətdə olan stullardan birini götürüb onun üzərinə gəlmişdir. Bu zaman atası Zahid stulu onun əlindən almağa çalışmış, lakin ala bilməmişdir. Sübhan onun üzərinə gəlib ənsə nahiyəsindən bir dəfə stul ilə zərbə vurmuşdur. Bundan sonra o, yerə yıxılmış və yerdə olduğu zaman Sübhan onun üz nahiyəsinə iki dəfə təpiklə zərbə vurmuşdur. Həmin təpik zərbələri onun sağ göz nahiyəsinə və burnuna dəymişdir. Bundan sonra zərbələrin təsirindən baş verənləri xatırlamır. Göytəpə polis bölməsində özünə gəlmiş və orada təcili yardım xidmətinin əməkdaşları ona yardım göstərdikdən sonra onu Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışlar. Hal-hazırda Təqsirləndirilən şəxslə barışmamışdır, məhkəmədən ona qanuni cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 06 avqust 2023-cü il tarixdə təxminən saat 20 radələrində qardaşı X2 ona zəng edib Qoşqarın anasının onu gözlədyini deyib onun evinə gəlməsini istəmişdir. Daha sonra evdə oğlu Sübhanın arvadı Ağayeva Süsən ona demişdir ki, yolda Sübhan ilə Qoşqar mübahisə etmişdir. Bundan sonra Ehtirama, zəng edib gələcəyini demişdir. Evdən çıxıb piyada qardaşı Ehitramın evinə doğru getməyə başlamış, darvazanı açıb içəri girmiş və içəridən səs küy gəldiyini eşitmişdir. Həyətdə Zərərçəkmiş şəxs onun üzərinə gəlib onu nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin zaman Qoşqarın anası Afaqın həyətdə qardaşı Ehtiram ilə söhbət etdiyini görüb Afaqa yaxınlaşmış və demişdir ki, söhbət edib məsələni aydınlaşdırsınlar. Bu zaman Zərərçəkmiş şəxs həyətdə olan stulu götürüb onun üzərinə doğru gəlmiş və stulu qaldırıb onu vurmağa çalışmışdır. Özünü qorumaq üçün sol əlini yuxarı qaldırıb stulu tutmaq istəmiş, lakin tuta bilməmişdir. Stul onun əlinə və üz nahiyəsinə dəyib xəsarət yetirmişdir. Həmin zaman oğlu Sübhan onların yanına gəlib Qoşqarın əlindəki stulu tutub kənara çəkmiş və bu zaman Qoşqar üzü üstə yerə yıxılmışdır. Bundan sonra Afaq və digər oğlu İlqar Qoşqarı yerdən qaldırıb çölə çıxmış və avtomobillərinə əyləşib oradan getmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. 06 avqust 2023-cü il tarixdə təxminən saat 20 radələrində evdə olduğu zaman oğlu Qoşqar ilə İlqarın həyətdə mübahisə etdiklərini eşitmiş və pəncərəni açıb nə baş verdiyini soruşmuşdur. Oğlu Qoşqar evə gələrkən yolda Sübhan ilə mübahisə etdiyini və Sübhanın onu yumruqla vurmasını demişdir. Oğlu Qoşqara polisə şikayət etməməsini deyib, gedib Sübhanın əmisi Ehtirama demələrini bildirmişdir. Bu məqsədlə oğlu İlqarın “Niva” markalı avtomobilinə əyləşib Ehtiramın evinə getmişlər. Evin qarşısında Sübhanın “Vaz 2104’' markalı avtomobilini görmüşdür. Ehtiramın evinin darvazısının qarşısında dayandığını görüb Ehtirama doğru gedib onunla salamlaşmışlar. Ehtiramdan Sübhanın harada olduğunu soruşmuş, Ehtiram isə Sübhanın atası Zahidi çağıracağını və onları barışdıracağını demişdir. Daha sonra Ehtiramın həyətinə "keçib "həyətdə olan stullarda əyləşib Sübbanm atası Zahidi gözləməyə başlamışlar. Təxminən saat 22 radələrində Sübhanın atası Zahid də oraya gəlmiş və onlarla həyətdə oturmuşdur. Bu zaman Sübhan Ehtiramın evindən çıxıb pilləkən ilə aşağı düşüb onların yanına gəlmiş, onların yanında olan stullardan birini götürüb oğlu Qoşqarın üzərinə getmişdir. Bu zaman atası Zahid stulu onun əlindən almağa çalışmış, lakin ala bilməmişdir. Sübhan oğlu Qoşqarın üzərinə gəlib onun ənsə nahiyəsindən bir dəfə stul ilə zərbə vurmuşdur. Bundan sonra oğlu Qoşqar yerə yıxılmış və yerdə olduğu zaman Sübhan onun üz nahiyəsinə iki dəfə təpiklə zərbə vurmuşdur. Daha sonra Sübhanın əmisi Rafael Ağayev oraya gəlib Sübhanı oğlu Qoşqardan ayırmışdır. Bundan sonra onlar oradan çıxıb Göytəpə polis bölməsinə getmişdir. Oğlu Qoşqarın vəziyyəti yaxşı olmadığından polislər təcili yardım çağırmış, təcili yardım əməkdaşları oğluna yardım göstərdikdən sonra Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji X3 X5 rayon şöbəsi tərəfindən verilmiş 12 avqust 2023-cü il tarixli 777 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ gözyuvası ətrafında hematoma, sağ almacıq nahiyəsində əzilmiş yara, başın ənsə nahiyəsində və burun nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 06 avqust 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, eləcə də işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad RİHB-nin Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 dekabr 2012-ci ildə doğulmuş Leyla, 02 fevral 2014cü il tarixdə doğulmuş Nazlı və 01 iyul 2019-cu il tarixdə doğulmuş Musa adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan Cəlilabad RİHB-nin Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halı, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-64/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-64/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver