Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-64/2025 17.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Cəlilabad rayonunun Prişib şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 8.575 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 03 mart 2025-ci il tarixdə, saat 14 radələrində Cəlilabad RPŞ-nin əməkdaşlarının Göytəpə PB-nin əməkdaşları ilə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Göytəpə şəhərində yerləşən “Savalan Massivi” adlanan ərazidə saxlanılmış və üstü yoxlanılan zaman əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ay olar ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 03 mart 2025-ci il tarixdə, saat 11 radələrində yaşadığı küçənin yaxınlığında yolun kənarı ilə piyada hərəkətdə olduğu zaman yolun kənarında yerdə bir ədəd sellofan bükülü görmüş, həmin sellofan bükülü onun diqqətini cəlb etmiş və buna görə də həmin bükülünü yerdən götürmüşdür. Həmin sellofan bükülünü açıb içərisinə baxmış və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu müəyyən etmişdir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyinə görə həmin sellofan bükülünün içərisindəki maddəni tanıyıb narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Həmin sellofan bükülüdəki narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə istifadə etməkdən ötrü əynində olan qəhvəyi rəgli gödəkçənin sol iç cibinə qoyub üzərində saxlamışdır. Həmin gün təxminən saat 14 radələrində Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən “Savalan Massivi” adlanan ərazidə piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşı olduğunu bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində videoçəkiliş aparılmaqla yoxlama aparacaqlarını deyərək buna hər hansı bir etirazının olub-olmamasını ondan soruşmuşdur. Buna heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşlarının iştirakı ilə üzərində videçəkiliş aparılmaqla yoxlama aparılmağa başlanıb. Yoxlama zamanı ona deyiblər ki, üzərində narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükülü çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra üzərində olan mobil telefonu, bir ədəd alışqanı, bir ədəd 5 manatlıq və beş ədəd 1 manatlıq pul əskinazını təqdim etmişdir. Alışqan və pullar ona qaytarılmış, mobil telefonu isə araşdırma üçün əhəmiyyət kəsb etdiyi bildirirlərək götürülmüşdür. Daha sonra üzərini axtarıblar, üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməyib. Üzərindən aşkar edilmiş bir ədəd sellofan bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, həmin bükülüyə baxış keçirilmiş və qablaşdırılaraq götürülmüşdür. Sonra polis əməkdaşları onu Göytəpə polis bölməsinə dəvət etmiş və o, da polislərin dəvətinə etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində bir neçə sənəd tərtib edilmiş və həmin sənədlərə imza etmişdir. Sonra onu polis bölməsində olan otaqlardan birinə aparmışlar. Orada olan polis əməkdaşı özünü təqdim edərək təhqiqatçı olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən üstündə yoxlama aparılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir ədəd sellofan bükülüdə olan qurudulmuş marixuanaya baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, protokol tərtib edilmiş və protokola imza etmişdir. Əlavə suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmədiyini və həmin narkotik vasitə qurudulmuş marixuananın onun üzərində olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində bir azyaşlı uşağı vardır və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlər nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon, Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 03 mart 2025-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Göytəpə PB-nin rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin Göytəpə PBnin əməliyyat müvəkkili Şahid2 və Cəlilabad RPŞ-nin Göytəpə PB-nin sahə polis nəfəri X2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən olunmuşdur. 03 mart 2025-ci il tarixdə, təxminən saat 14 radələrində Əfqan Zülfqarovun olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu, Göytəpə şəhərində “Savalan Massivi” adlanan ərazidə piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra həmin ərazidə ona yaxınlaşıb özlərini təqdim ediblər. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan üstündə videoçəkilişlə yoxlama aparılacağını bildirib buna etirazı olub-olmamasını soruşmuşlar. Əfqan Zülfqarov buna heç bir etirazı olmadığını demişdir. Bundan sonra Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri X5 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən bir ədəd sellofan bükülü çıxarıb təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Əfqan Zülfqarov bundan başqa bir ədəd alışqan, bir ədəd Nokia markalı mobil telefon, bir ədəd 5 manatlıq pul əskinazı və beş ədəd 1 manatlıq pul əskinazı təqdim etmişdir. Mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, pul əskinazları və alışqan özünə qaytarılmışdır. Əfqan Zülfqarovun üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Əfqan Zülfqarovun təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və təqdim edilməsi üçün qablaşdırılmışdır. Bundan sonra X7 PB-nə dəvət olunmuş və o, polislərin dəvətinə etiraz etməyərək onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə müvafiq sənədələr tərtib edildikdən sonra Əfqan Zülfqarovu ondan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə təhqiqatçıya təqdim etmişdir. Cəlilabad RPŞ-nin KTQ-nin inspektoru X3 tərəfindən videoçəkiliş aparılmaqla Əfqan Zülfqarovun üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Əfqan Zülfqarovdan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Bununla yanaşı Təqsirləndirilən şəxs təqdim etdiyi Nokia markalı mobil telefonu da təhqiqatçıya təqdim etmiş və həmin mobil telefon da qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sol iç cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Lənkəran regional bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 19/96 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək narkotik vasitə olan marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -8.575 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (tədqiqata sərf edildi 0,05 qram, qalıq 8.525 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 139 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2023-cü ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 11 ay 28 gün il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(073)-14/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsə alınmanın əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8.525 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 03 mart 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 2023-cü ildən narkoloji kabinetdə “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 8.525 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-64/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-64/2025
17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver