Məhkəmə qərarları › İş №1(073)-65/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-65/2025

18.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-65/2025 18.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hakim köməkçisi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4 iştirakı ilə, xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Ləkin kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 06 iyun 2025-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 27 oktyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbəğində alimentin tutulub Səmədova (Qəhramanova) Tünzalə Salaməddin qızına verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-977/2021 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsinin 3(073)-543/2021 nömrəli, xx.xx.2021ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə və həmin Məhkəmənin 3(073)-843/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək yenidən 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddət təyin edilərək xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək zərərçəkmiş şəxs Səmədova (Qəhramanova) Tünzalə Salaməddin qızına 5470 (beş min dörd yüz yetmiş) manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Səmədova (Qəhramanova) Tünzalə Salaməddin qızı ilə 13 dekabr 2011-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2012-ci ildə Zəhra doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışdır. Odur ki, Tünzalə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsinə əsasən 27 oktyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü Zəhra Qəhramanovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbəğində aliment tutularaq Səmədova (Qəhramanova) Tünzalə Salaməddin qızının xeyrinə ödənilməsi qət edilmişdir. Bu barədə icra sənədi Cəlilabad rayon icra və probasiya şöbəsinə icraya yönəldilmişdir. İcra Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fəhlə işləyir. Aylıq qazancı 500 (beş yüz) manat olur. Qazancını özünə xərcləyir. İcra müddətində aliment borcundan Tünzaləyə 1530 (min beş yüz otuz) manat ödəniş etmişdir. Aliment borcunu ödəmədiyindən məhkəmə qətnaməsini icra etməmişdir. Maddi imkanı olmadığndan və qalıq aliment borcunu ödəmədiyindən qətnaməni icra etməmişdir. Əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs Səmədova (Qəhramanova) Tünzalə Salaməddin qızı məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs bu günə kimi ona cinayət işində qeyd olunan aliment borcundan heç bir ödəniş etməmişdir. Aralarında barışıq olmamışdır. O, maddi imkansızlığından və xəstəliyi ilə əlaqədar olaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə baxışı iclasını onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsə ən ağır həddə cəza verilməsini xahiş xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Səmədova (Qəhramanova) Tünzalə Salaməddin qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 13 dekabr 2011-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2012-ci ildə Zəhra doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulduğundan ayrılmışdır. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Kamran uşağı ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Ona görə də o, nikahın pozulması və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbəğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs daş karxanasında fəhlə işləyir. Aylıq 1000 (min) manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşağın saxlanması üçün ona maddi yardım göstərmir. Uşaq böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Qəhamanov Kamran icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İcra müddətində Təqsirləndirilən şəxs aliment borcundan 1530 (min beş yüz otuz) manat ödəniş etmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs 5470 (beş min dörd yüz yetmiş) manat olan qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 verdiyi ifadəsində göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-977/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad rayon icra şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 8(073)-141/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə və xx.xx.2023cü il tarixdə yenidən 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Borclu icra sənədi üzrə təqdimat verilən xx.xx.2024-cü il tarixinə kimi yaranmış 7000 (yeddi min) manat borcundan 1530 (min beş yüz otuz) manat ödəmiş, 5470 (beş min dörd yüz yetmiş) manat borcu qalmışdır. Təqdimat verilən xx.xx.2024-cü il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 verdiyi ifadəsində göstərdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-977/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad rayon icra şəbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Cəlilabad Rayon Məhkəməsinin 8(073)-141/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə və xx.xx.2023-cü il tarixdə yenidən 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və məhkəmə qətnaməsini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Borclu icra sənədi üzrə təqdimat verilən xx.xx.2024-cü il tarixinə kimi yaranmış 7000 (yeddi min) manat borcundan 1530 (min beş yüz otuz) manat ödəmiş, 5470 (beş min dörd yüz yetmiş) manat borcu qalmışdır. Təqdimat verilən xx.xx.2024-cü il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. İşdə olan Bakı şəhəri Binəqəqdi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(001)-977/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh Təqsirləndirilən şəxs 14 yanvar 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 27 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlama haqqında qərarından və xx.xx.2021-ci il tarixli, 90467/30-10 saylı bildirişindən görünür ki, Bakı şəhəri Binəqəqdi Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(001)- 977/2021 nömrəli icra vərəqəsi icraata qəbul edilmiş və Təqsirləndirilən şəxs on gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3-(073)-543/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-(073)-843/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Cəlilabad rayon icra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 18 yanvar 2024-cü il tarixli, 90467/30-10 saylı bildirişdən görünür ki, icra orqanı tərəfindən Təqsirləndirilən şəxs yaranmış aliment borcunun 20 gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə cinayət işinin başlanması üçün müvafiq orqana təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Cəlilabad RİHB-nın Lənkəran kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-41/2-20-375/2023 saylı arayışdan və xasiyyətnamədən gorünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş, xx.xx.2024-cü il tarixli başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilərək o, Ədliyyə Nazirliyinin İstintaq İdarəsindən azad edilmişdir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisində tutulmuş və Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdim olunmuşdur. Cinayət işinə əlavə olunmuş, xx.xx.2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, Ədliyyə Nazirliyinin İstintaq İdarəsindən azad edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(073)-65/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən yayındığına görə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmişdir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu ərazisində tutulmuş və Cəlilabad RPŞ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə… Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 07 noyabr 2024-cü il tarixdən 09 noyabr 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və 06 mart 2025-ci il tarixədə tutulduğu 01 (bir) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) ay 27 (iyirmi yedd) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkmə müddətinin əvvəli 06 iyun 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar