Məhkəmə qərarları › İş №1(073)-66/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-66/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-66/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:00 X3 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə 16 avqust 1997-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri, Ü.Hacıbəyov küçəsi ev 104-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 dekabr 2024-cü il tarixdə saat 10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ - yəni sürücülük vəsiqəsi olmadan, həmçinin nəqliyyat vasitəsini idarəetmə hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan idarə etdiyi “Vaz 21011” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçən 134,5-ci km\də Ələt qəsəbəsi istiqamətində saatda 70 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 ’’Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yolun əks hərəkət zolağına çıxmamalı, avtomobilin dayanıqlı hərəkətini təmin etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun əks hərəkət zolağına çıxmış, bu zaman Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olan Şahid1 idarə etdiyi “Vaz 21013” minik markali ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsizlıqdan sonuncu avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs1 döş qəfəsinin küt travması, qançırı, sağ tərəfli 3-4-5-6-ci qabırğaların, sol tərəfli 3-4-cü qabırğaların sınığı, ağciyərin hər iki payının aşağı hissəsinin əzilməsi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin digər sərnişin Zərərçəkmiş şəxs2 sağ mil sümüyünün yerinidəyişən qapalı sınığı, sağ sirkə kasası dibinin sınığı və sol bud nahiyyəsində cırılmış yara kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, onun “Vaz 21011” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. 30 dekabr 2024cü il tarixdə saat 10 radələrində idarə etdiyi “Vaz 21011” minik markalı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətində saatda 70 km/saat sürətlə hərəkətdə olmuşdur. Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçdikdə, idarə etdiyi “Vaz 21011” minik markalı avtomaşında texniki nasazlıq baş verməsi səbəbindən avtomobil ani olaraq sola istiqamətlənməklə yolun əks hərəkət zolağına çıxmış, bu zaman Astara rayonu istiqamətində hərəkətdə olan “Vaz 21013” minik markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşında iki sərnişin olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmış, onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayəti və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Bütün bu halların nəzərə alınıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, 30 dekabr 2024-cü ildə saat 10 radələrində oğlu Şahid1 idarə etdiyi “Vaz 21013” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə sağ zolaqla saatda 40 km/saat sürətlə hərəkətdə olmuşlar. Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçdikdə ani olaraq əks tərəfdən gələn sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21011” minik markalı avtomaşının əks yola çıxmaqla üzərlərinə gəldiyini görmüşdür. Həmin vaxtda Şahid1 idarə etdiyi “Vaz 21013” minik markalı avtomaşının sükanını sağa doğru istiqamətləndirməklə əyləci basmış, lakin avtomaşınlar toqquşmuşlar. Hadisə zamanı avtomaşında olan sərnişinlərlə birgə o da xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamış və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 30 dekabr 2024-cü ildə saat 10 radələrində qohumu Şahid1 idarə etdiyi “Vaz 21013” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Astara rayonu istiqamətində sağ zolaqla saatda 40 km/saat sürətlə hərəkətdə olmuşlar. Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçdikdə ani olaraq əks tərəfdən gələn “Vaz 21011” minik markalı avtomaşının əks yola çıxmaqla üzərlərinə gəldiyini görmüşdür. Həmin vaxtda qohumu Şahid1 “Vaz 21013” minik markalı avtomaşının sükanını sağa doğru istiqamətləndirməklə əyləci basmış, lakin avtomaşınlar toqquşmuşlar. Hadisə zamanı avtomaşında olan sərnişinlərlə birgə o da xəsarət almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onu bağışlamış və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 30 dekabr 2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “Vaz 21013” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə sağ zolaqla saatda 40 km sürətlə hərəkətdə olmuşdur. Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçdikdə ani olaraq əks tərəfdən gələn sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21011” minik markalı avtomaşının əks yola çıxmaqla üzərinə gəldiyini görmüşdür. Həmin vaxt avtomaşının sükanını sağa doğru istiqamətləndirməklə əyləci basmış, lakin hərəkət zolağında avtomaşınlar toqquşmuşdur. Hadisə zamanı avtomaşınında olan sərnişinlər xəsarət almışlar. Şahid - Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, qohumu Təqsirləndirilən şəxs “Vaz 21011” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşını var. 30 dekabr 2024-cü ildə saat 10 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21011” minik markalı avtomaşınla köhnə Ələt-Astara yolu ilə üzü Ələt qəsəbəsi istiqamətdə hərəkətdə olmuşlar. Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçdikdə, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21011” minik markalı avtomaşında nasazlıq olmuş və avtomaşın ani olaraq sola istiqamətlənməklə, yolun əks hərəkət zolağına çıxmışdır. Bu zaman Astara rayon istiqamətdə hərəkətdə olan “Vaz 21013” minik markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı avtomaşında olan digər sərnişin ilə birgə xəsarət almışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və protokola əlavə edilmiş sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş yer Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən 134,5-ci kilometrdir. Yolun hərəkət hissəsi düz və qurudur. Asfalt yolun ümumi eni 7 metrdir, yol 2 hərəkət istiqamətli olmaqla 2 hərəkət zolağı vardır, hər bir zolağın eni 3,5 metrdir. Hərəkət hissədə mərkəzdə hər hansı nişanlanma xətti yoxdur. Yolda maksimal sürət həddi 60 km/saatdır, 1.18.1 yolun daralması nişanı vardır. Hərəkət hissəsi sağdan və soldan 3 metr enində ehtiyat hissə, sonra hər iki tərəfdə yaşayış məntəqəsi yerləşir. Hadisə yerində tozmoz izləri yoxdur. Hər iki nəqliyyat vasitələri hadisə yerində əzilmiş və deformasiyaya uğramış vəziyyətdə dayanmışdır. Toqquşma yerində nəqliyyat vasitələrinə aid sınmış şüşə və plasmas qırıqları ətrafa səpələnmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1-Təcrübi və X4 X2 rayon şöbəsinin 07 yanvar 2025-ci il tarixli 06 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ mil sümüyünün yerinidəyişən qapalı sınığı, sağ sirkə kasası dibinin sınığı və sol bud nahiyyəsində cırılmış yara müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilər, törənmə müddəti 30 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1-Təcrübi və X4 X2 rayon şöbəsinin 07 yanvar 2025-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin küt travması, qançırı, sağ tərəfli 3-4-5-6-cı qabırğaların, sol tərəfli 3-4-cü qabırğaların sınığı, ağciyərin hər iki payının aşağı hissəsinin əzilməsi müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat qəzası zamanı əmələ gələ bilər, törənmə müddəti 30 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli 8/83 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Vaz 21011” minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km\saata qədər məhdudlaşdırılmış yolda 70 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 385 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman ayıq vəziyyətdə olmuşdur. (i.v 15) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYİ QİS-in 17 yanvar 2025-ci il tarixli, 3-13-16/2-11364/2025 nömrəli məktubundan görünür ki, 16 avqust 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, dəymiş zərəri könüllü olaraq ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın - qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış “VAZ 21011” minik markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və “VAZ 21013” minik markalı **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış “VAZ 21011” markalı **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və “VAZ 21013” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən. Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar