Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-68/2024 02.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Cəlilabad rayonunun Buravar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Musalı kəndində qeydiyyatda olan, Cəlilabad rayonunun Fərzili kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 yanvar 2024cü il tarixdə saat 10:00-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Buravar kəndində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd şəffaf sellofana bükülmüş xeyli miqdarda, yəni təmiz çəkisi 1,743 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin əynində olan qəhvəyi rəgli gödəkçənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Cəlilabad rayonunun Fərzili kəndində yaşayır. O, əvvəllər başqa növ narkotik vasitələrdən də istifadə etmişdir. Bir müddət sonra isə narkotik vasitələrdən asılılıq yarandığı üçün istifadə etmədikdə bədənində müxtəlif dərəcəli ağrılar olmuşdur. Bu səbəbdən hər gün istifadə etməsə də hər həftədə azı bir dəfə istifadə etmişdir. Həmin narkotik vasitələri əvvəllər tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. 12 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində “Sil-silə” adlanan ərazidə piyada gəzməyə çıxmışdır. Həmin vaxt küçə ilə gedərkən yerdə 1 ədəd şəffaf sellofana bükülmüş bükülü görmüş, həmin bükülü ona şübhəli gəldiyi üçün yerdən götürüb içərisinə baxmış və bu zaman bükülünün içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra psixotrop maddəni əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibinə qoymuş və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Lakin həmin psixotrop maddədən istifadə etməmişdir. 13 yanvar 2024-cü il tarixdə saat 10 radələrində Cəlilabad rayonu, Buravar kəndində hava almaq məqsədilə piyada gəzməyə çıxmış və bu zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişdir. Onlar onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. O da həmin şəxslərə üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməyini bildirmişdir. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Cəlilabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Elnur Kazımov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Ona Cəlilabad rayon vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və razılığı ilə X2 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini istəməsi barədə təklif etmişdir. O, əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. X4 tərəfindən onun təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş, sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin maddənin nə olması və nə məqsədlə üzərində gəzdirməyi barədə ona şifahi sual vermişdir. O, həmin maddənin patı olduğunu, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Cəlilabad şəhərində “Sil-silə” adlanan ərazidə yerdən tapdığını, gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını, bundan 4-5 ay istifadə etdiyini və axırıncı dəfə 1 ay bundan əvvəl istifadə etdiyini demişdir. X4 üzərinə şəxsi axtarış apararkən əynində olan qəhvəyi rəngli gödəkçənin içəri cibindən 2 ədəd 5 manat pul, 2 ədəd 1 manatlıq “Azercellə” məxsus konturlar aşkar edilmişdir. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra üzərinə axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Narkotik istifadəçiləri arasında psixotrop maddə olan metamfetaminə patı deyildiyi üçün üzərində şəxsi axtarış aparılan zaman elə demişdir. Reallıqda onun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamindir. Onu polis əməkdaşları tutan zaman, üzərində şəxsi axtarış başlanmazdan əvvəl və həmçinin şəxsi axtarış aparılan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri, psixi təzyiq etməmişlər. Üzərindən aşkar olunan psixotrop maddədən heç kimin məlumatı olmamış, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Sadəcə olaraq istifadə etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 13 yanvar 2024-cü il tarixdə Cəlilabad rayonu, Buravar kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və güclü təsir edici maddələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə qrup üzvü kimi ondan və Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 yanvar 2024-cü il tarixdə saat 10:00-da Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Buravar kəndi ərazisində saxlayaraq, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etdikdən sonra birlikdə X4un xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkillər bürosunun vəkili X2 dəvət olunduqdan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülümüş bükülünü çıxardaraq, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirib təqdim etmişdir. Təhqiqatçı həmin bir ədəd bükülüdə aşkar olunan psixotrop maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda həmin maddənin patı olduğunu, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Cəlilabad şəhərində yerləşən “Sil-silə” adlanan yerdən tapdığını, bundan 4-5 ay istifadə etdiyini və axırıncı dəfə 1 ay bundan əvvəl istifadə etdiyini bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. X4 üzərinə şəxsi axtarış apararkən Surət Mehdiyevin əynində olan qəhvəyi rəngli gödəkçənin içəri cibindən 2 ədəd 5 manat pul, 2 ədəd 1 manatlıq “Azercellə” məxsus konturları aşkar etmişdir. Həmin əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Lakin onun üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisinə baxış keçirilən zaman psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş, sonra zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X3 tərəfindən verilmiş 13 yanvar 2024-cü il tarixli, 19/34 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində təmiz çəkisi 1,743 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir (tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,643 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 35 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Abdul və xx.xx.2023-cü il təvəllüdlü Məryəm adlı iki azyaşlı uşağı vardır. İşdə olan Cəlilabad rayon Astanlı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Fərzili kəndində yaşayır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə, saat 09:30-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1.643 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 13 yanvar 2024-cü ildən 15 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Fərzili kəndində yerləşən yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1.643 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-68/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-68/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver