Məhkəmə qərarları › İş №1(073)-68/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-68/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-68/2025 03.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Kövüzbulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq tanışı Şahid6 xeyli miqdarda 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülüdə təmiz çəkisi 1,108 qram olan psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 15 fevral 2025-ci il tarixdə saat 16 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Babək küçəsi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək həmin ərazidə saxlanılaraq üstü yoxlanılan zaman əynindəki boz rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülüdə həmin psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2-3 ay müddətdir psixotrop maddə istifadə edir. O, Bakı şəhərində yerləşən daş karxanasında fəhləlik edərək ailəsini dolandırır. Cəlilabad şəhər sakini Şahid6 onun doğma dayısı oğludur. Onunla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Rafəddin ilə 2 ay bundan əvvəl Bakı şəhərində görüşüb söhbət edən zaman psixotrop maddə istifadə etdiyini ona demişdir. O da Rafəddindən üzərində psixotrop maddə olub-olmamasını soruşmuşdur. Həmin vaxt Rafəddin cibində bir büküm psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və onlar onu çəkmək qərarına gəlmişdir. Bu məqsədlə onlar işlədikləri daş karxanasının yaxınlığında sahibsiz tikiliyə daxil olub orada həmin bükümü falqaya doldurub yandırıraq tüstü şəklində Rafəddin ilə birlikdə onu qəbul etmişlər. Daha sonra lazım olduqda onun üçün təşkil edib-etməyəcəyini soruşduqda Rafəddin ona lazım olduqda təşkil edə biləcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, təxminən 1 dəfə öz istifadəsi üçün 10 manat verib bir büküm psixotrop maddə olan metamfetamin əldə edib çəkmişdir. Rafəddin ona psixotrop maddə olan metamfetamini haradan əldə etməsini deməmişdir. Bu barədə ondan soruşsa da Rafəddin ona kimdən və necə əldə etdiyini heç vaxt deməmişdir. Təxminən 3-4 gün əvvəl daş karxanasında işləyib yaşadığı kəndə geri qayıtmışdır. 15 fevral 2025-ci il tarixdə saat 13 radələrində Rafəddin ona zəng edərək evinə gəlməyini istəmişdir. O da atasına məxsus VAZ 2106 markalı, **- CA-*** dövlət nömrə nişanlı avtomobillə onlara getmişdir. Həmin vaxt Rafəddinin psixotrop maddə istifadə etdiyini görmüş və ona qoşularaq həmin maddədən 1-2 tüstü istifadə etmişdir. Daha sonra masanın üzərində olan bükümdən bir bükümü daha sonra istifadə etmək üçün ondan istəmişdir. Rafəddin də ona bir bükümü pay vermişdir. Onlarda bir qədər oturduqdan sonra evə geri qayıtmaq üçün avtomobilə oturmuşdur. Təxminən saat 16 radələrində yaşadığı kəndə hərəkət edən zaman siqaret almaq istəmiş və avtomobili saxlamışdır. Bu zaman dörd nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt psixotrop maddə olan metamfetamin üzərində olduğuna görə o da onlara üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Həmin vaxt ondan təqdim etməyini istəmişlər. O da əynində olan boz rəngli gödəkçəsinin sol yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilən zaman onun kütlənin çəkisi 1,23 qram olması müəyyən edilmişdir. O, həmin bükülünü Cəlilabad şəhər sakini Şahid6 pay aldığını və ondan istifadə etmədiyini bildirmişdir. Həmin büküm zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmişlər və o da onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmamasını soruşmuşlar. O da onlara başqa qanunla qadağan olunmuş predmet olmadığını bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 15 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Kövüzbulaq sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞnin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin Cinayət Axtarışı Bölməsinin əməliyyat Şahid2 Rafail oğlu, həmin Bölmənin əməliyyat müvəkkili Şahid3, Cəlilabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid5 və Cəllabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid4 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 15 fevral 2025-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad şəhəri, Babək küçəsində VAZ 2106 markalı, **-CA-*** dövlət nömrə nişanlı avtomobili saxlayan zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Saməddinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması və götürmə keçirilməsi üçün şərait olduğundan həmin yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılacağını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri tərəfindən elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofanın içərisindəki bükülünü təqdim etmiş və həmin bükülüdə psixotrop maddə olan metamfetamin olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı psixotrop maddə tərəzidə çəkildikdə çəkisinin 1,23 qram olması müəyyən edilmişdir. Daha sonra müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması davam etdirilmişdir. Onun əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd cib dəsmalı, qara rəngli cins şalvarının sol yan cibində bir ədəd 5(beş) manatlıq və bir ədəd 1(bir) manatlıq pul əskinasları, sağ yan cibindən “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Digər əşyalar isə özünə geri qaytarılmışdır. Onun üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 15 fevral 2025-ci il tarixdə, günorta saatlarında Cəlilabad şəhər sakini Rafəddindən aldığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən Cəlilabad RPŞ-yə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçı, polis kapitanı Həbib Nəsirova təhvil verilmişdir. Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti polis baş leytenantı X1 tərəfindən videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X6 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə olan 1 ədəd bükümün qablaşdırıldığı bükümə baxış keçirilmişdir. Həmin bükümdə psixotrop maddəyə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 1,23 qram olması müəyyən edilmişdir. Həmin maddə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Yekunda təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və onlar həmin protokolu imzalarıyla təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən daş karxanasında fəhləliklə məşğul olaraq ailəsini dolandırır. O, uzun müddətdir ki, psixotrop maddə istifadə edir. Buna görə də 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasını 2 və 12 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Cəlilabad rayonu, Kövüzbulaq kənd sakinləri Təqsirləndirilən şəxs və Cəlilabad rayonu, Uzuntəpə kənd sakini X2 tanıyır, Saməddin onun bibisi oğlu, Ramin isə dayısı oğludur. Onlarla əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Onlar hər ikisi onun narkotik aludəçisi olduğunu bilirmişlər. Təxminən 1-2 ay əvvəl “İnstagram” sosial şəbəkəsində narkotik satışı ilə məşğul olan bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxs ona 40 manat qarşılığında Bilgəh-Mərdəkan qəsəbəsində gizlətdiyi psixotrop maddənin yerini deyəcəyini bildirmişdir. O da həmin şəxsin kartına 40 manat atdıqdan sonra onun dediyi yerə gedib həmin maddəni götürmüş və istifadə etmişdir. Bu minvalla 2-3 dəfə həmin şəxsdən psixotrop maddə əldə etmişdir. Sonuncu dəfə 13 fevral 2025-ci il tarixdə həmin şəxsdən psixotrop maddə əldə etmişdir. 15 fevral 2025-ci il tarixdə təxminən saat 13 radələrində Saməddinə zəng edərək onlara gəlməsini istəmişdir. Saməddin onlara gələn zaman onun psixotrop maddə istifadə etdiyini görmüş və ondan istəmişdir. O da Saməddinə etiraz etməmiş və stolun üzərində olan kiçik bir bükümü götürüb cibinə qoymuşdur. O, daha sonra Raminə də zəng edib avtomobilini düzəltməkdə ona kömək etməyini istəmişdir. Bir qədər keçdikdən sonra Ramin də onlara gəlmiş və küçədə avtomobili düzəltməyə başlamışlar. Saməddin isə bir qədər oturduqdan sonra öz evinə getdiyini bildirib onunla sağollaşdıqdan sonra çıxıb getmişdir. Təxminən saat 20 radələrində yaşadığı evin qarşısında Raminlə birlikdə olan zaman 4-5 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Onlara üzərində heç bir şey olmadığnı demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmiş və onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olubolmamasını soruşmuşlar. O da onlara üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadğını demiş və daha sonra üzərində şəxsi atarış aparılmışdır. Şəxsi axtarış zamanı verilən suallara cavab olaraq onlara yaşadığı evdə bir bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Onun iştirakıyla evinə getmişlər. Evin girişdən sol tərəfdə yerləşən otağa daxil olub orada olan kresolun altındakı bir büküm metamfetamini, onu istifadə etmək üçün olan şüşə borucuğu və elektron tərəzini onlara tədqim etmişdir. Həmin 1 ədəd bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilən zaman onun kütləsinin 1,65 qram olması müəyyən edilmişdir. O, həmin bükülünü Bakı şəhərindən tanımadığı şəxsdən aldığını, ondan istifadə etdiyini bildirmişdir. Həmin büküm və predmetlər zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 16 fevral 2025-ci il tarixli, 19/61 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -1,108 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir (tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,008 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 107 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan stimulyatorlardan istifadə halları olub. Lakin asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Fatimə və xx.xx.2014-cü il təvəllüdlü Həsən adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, narkotik vasitənin növü və miqdarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdə, saat 12:00da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,008 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki iş üzrə ibtidai istintaq zamanı 15 fevral 2025-ci ildən 17 fevral 2025-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Kövüzbulaq kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, bu məqsədlə hökmün surəti Cəlilabad Rayon Mərkəzi X4 Şəxsə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,008 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar