Məhkəmə qərarları › İş №1(073)-69/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-69/2024

28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-69/2024 28.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 17:40 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1973-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Sadatlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd siqaret qutusunda təmiz çəkisi 9,014 qram narkotik vasitə - qurudulmuş marixuana əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 04 oktyabr 2023-cü il tarixdə saat 16:30-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri Əhməd Cavad küçəsində saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sol qabaq yan cibində qanunsuz olaraq saxladığı bir ədəd siqaret qutusunda tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 9,014 qram olan həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Sadatlı kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Təxminən bir neçə il əvvəl bir dəfə narkotik vasitə olan marixuananı papirosa doldurub qəbul etmiş, narkotik vasitənin başqa növündən qəbul etməmişdir. 04 dekabr 2023-cü il tarixdə Cəlilabad şəhərinə gəlmiş, elə həmin günü saat 16 radələrində Cəlilabad şəhəri Əhməd Cavad küçəsindən piyada keçib gedərkən yerdə bir ədəd «LD» siqaret qutusu olduğunu və həmin qutunun içərisində nəsə olduğunu görmüşdür. Qutunu yerdən götürüb baxarkən qutunun içərsində narkotik vasitə - marixuana olduğunu görmüşdür. Həmin marixuananı özü istifadə etməsi üçün siqaret qutusunun içərsində əynində olan şalvarının sol qabaq yan cibinə qoyaraq həmin yerdən bir qədər aralandıqdan sonra iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Cəlilabad RPŞ-nin əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları ondan üzərində narkotik vasitə, gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər-hansı bir əşya və predmet olub-olmadığını soruşmuşlar. O da cibində marixuana olduğunu, marixuananı yerdən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını demişdir. Sonra polis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə gəlməsini demiş, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində sənədləşmə aparılaraq ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşları ondan bir daha üzərində narkotik vasitə, cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etməsini demişlər. O da əynində olan şalvarının qarşı sol yan cibində siqaret qutusunun içərsində olan marixuananı çıxardıb təqdim etmiş, polis əməkdaşları qutunun içərsində olan marixuanaya baxaraq elektron tərəzidə çəkib zərfə qablaşdıraraq zərfin ağzını möhürləmiş, üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi marixuanadan başqa onun üzərindən narkotik vasitə, cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Həmin marixuananı yerdən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını demişdir. Polis əməkdaşları protokol tərtib etmiş, protokolu ucadan oxumuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Əməlindən səmimi peşmandır. İlk dəfədir ki, cinayət törədir. X4 müharibə veteranı olmaqla Vətən müharibəsi iştirakçısıdır, «Ağdam və Xocavəndin azad olnmasına görə» medalları ilə təltif edilmişdir. Digər oğlu Adəm Kərimov da müharibə veteranı olmaqla Vətən müharibəsi iştirakçısıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş şahidin ifadəsi, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayonunun Sadatlı kəndində yaşayan Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə Cəlilabad RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 də daxil olmuş məlumatı 04 dekabr 2023-cü il tarixdə raportla şöbə rəisinə məruzə etmiş, sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra o, Şahid1lə birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 16:30-da Təqsirləndirilən şəxs Cəlilabad şəhəri Əhməd Cavad küçəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli hər hansı bir əşya və predmet olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs cibində narkotik vasitə marixuana olduğunu demişdir. Sonra Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlməsini demişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibində narkotik vasitə marixuana olduğunu, həmin marixuananı həmin günü Cəlilabad şəhəri Əhməd Cavad küçəsindən yerdən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını deyərək əynində olan cins şalvarının sol qabaq yan cibindən bir ədəd «LD» siqaret qutusu çıxarıb təqdim edərək qutunun içərisində marixuana olduğunu bildirmişdir. Siqaret qutusunun içərsinə baxılarkən qutunun içərisində ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğunu görmüşlər. Həmin marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfə qoyularaq zərfin ağzı möhürlənmiş, sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq narkotik vasitə və cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamışdır. Qeyd olunanlar barədə təhqiqatçı Rəvan Əliyev tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir ədəd «LD» markalı siqaret qutusunda narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlə götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 dekabr 2023-cü il tarixli 19/1028 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş siqaret qutusunun içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd siqaret qutusunda təmiz çəkisi 9,014 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf olunmuş, 8,964 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 18 dekabr 2023-cü il tarixli 1095 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmur. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu X2 vətən müharibəsi iştirakçısıdır, “Ağdamın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Həmçinin onun digər oğlu Adəm Kərimov da Vətən müharibəsi iştirakçısı olmaqla müharibə veteranıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsi və oğlanlarının Vətən müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 04 dekabr 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə saat 17:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 06 dekabr 2023-cü tarixli “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 dekabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 16:25-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 8,964 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 04 dekabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Sadatlı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 8,964 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar