Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-69/2025 17.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 12:30 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1998-ci il tarixdə Cəlilabad rayonunun Qarazəncir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olan və Cəlilabad rayonu Ocaqlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 9,884 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 27 fevral 2025ci il tarixdə saat 18 radələrində Cəlilabad rayonu Ocaqlı kəndində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərinə yoxlama və götürmə keçirilərkən həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 1 (bir) ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində şəffaf sellofanda olmaqla əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir neçə ay olar ki, narkotik vasitə istifadə etməyə başlamışdır. Mütamadi olaraq parkotik vasitə qəbul etmir, aradabir narkotik vasitə olan qurudulmuş marixuana qəbul edir. 27 fevral 2025-ci il tarixdə təxminən saat 18 radələrində Cəlilabad rayonu Ocaqlı kəndində piyada hərəkət edən zaman mülki geyimdə 3 nəfər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları ona üzərində gəzdirilməsi qadağan olunmuş hər hansı predmetin və ya əşyanın, həmçinin narkotik vasitənin olduğunu soruşmuşlar, o isə onlara demişdir ki, üzərində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin narkotik vasitə olan qurudulmuş marixunanı 27 fevral 2025-cü il tarixdə saat 17 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisində yerdən tapdığını və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun üstünün yoxlanılması keçirilən zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd "Sobranie” markalı siqaret qutusunu çıxardaraq təqdim etmiş, həmin siqaret qutusunun içərisində şəffaf sellofana bükülmüş qurudulmuş marixuna olduğunu bildirmişdir. Həmin kütlə orada elektron tərəzidə çəkilərək 15.12 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin siqaret qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmış və daha sonra onu Cəlilabad RPŞ-yə gətirmişlər. Polis Şöbəsinin inzibati binasında ona hüquqları izah olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş və zərfə qablaşdırılmış bir ədəd büküm yenidən açılaraq baxış keçirilmişdir. Həmçinin kompüter vasitəsilə DVD diskə baxış keçirilmişdir. Nə saxlanılan zaman, nə də ki, üstünün yoxlanılması zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyilə həyata keçirilmişdir. Törətdiyi cinayət əməlindən peşmandır, ilk dəfədir cinayət törədir, bir də belə hərəkətlərə yol verməyəcək, həmçinin özü 44 günlük Qarabağ müharibəsi iştirakçısıdır. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 27 fevral 2025-ci il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Ocaqlı kənd sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 və Cəlilabad RPŞ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri Şahid2 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 27 fevral 2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Təqsirləndirilən şəxs Cəlilabad rayonu Ocaqlı kəndi ərazisində piyada hərəkət edərkən onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üzərində yoxlama və götürmə aparılacağını bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra yoxlama və götürmə zamanı videoçəkilişdən istifadə olunacağını bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd "Sobranie” markalı siqaret qutusunu təqdim etmiş və həmin qutuda narkotik vasitə qurudulmuş marixuana olduğunu qeyd etmiş, həmin siqaret qutusu açıldıqdan sonra içərisində şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb üzəri möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması davam etdirilmişdir. Lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuşdur. Təqsirləndirilən şəxsüzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni 27 fevral 2025-ci il tarixdə saat 17 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndi ərazisində yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Daha sonra Şərifov X2 RPŞ-nə dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana və yoxlama və götürmə aparılmasının özündə əks etdirən DVD disk ilə birlikdə təhqiqatçı, polis kapitanı Sabir Rəhimova təhvil verilmişdir. Videoçəkiliş aparılmaqla Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Yekunda təhqiqatçı tərəfindən təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisində narkotik vasitə olmasını bildirmiş, həmin qutuya baxış keçirilən zaman içərisində şəffaf sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş, Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin qablaşdırıldığı bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmiş, həmin maddəyə baxış keçirilmiş, elektron təzəridə çəkilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli 19/90 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər marixuanaya oxşar kütlə..." sözlər və imza olan bir ədəd zərfdəki, 1 ədəd siqaret qutusunda təmiz çəkisi 9,884 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 9,784 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 19 mart 2025-ci il tarixli, 156 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Kannabinoidlərdən istifadə halları olub. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə olunmuş “Fəxri Fərman”ın surətindən görünür ki, Şərifov X3 və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, ilk dəfə az ağır cinayət törətməsi, “Vətən müharibəsi iştirakçısı” olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 27 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixdə saat 18:23-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 01 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin MYSdən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdə saat 17:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 9,784 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 27 fevral 2025-ci il tarixdən 01 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 9,784 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən zaman və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-69/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-69/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver