Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-72/2023 19.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1991-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olan, Cəlilabad şəhəri Cavadxan küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5,899 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 23 dekabr 2022-ci il tarixdə saat 10:00-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri Cavadxan küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki sarı rəngli gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunun içərisindən həmin narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, fərdi əməklə məşğul olur. Əvvəllər narkotik vasitə istifadə etməmiş, lakin narkotik vasitənin nə olması barədə məlumatı olmuşdur. 21 deakbr 2022-ci il tarixdə Cəlilabad şəhəri Cavadxan küçəsi ərazisində yerləşən “İran Bazarı” yaxınlığında piyada hərəkət edən zaman yerdə bir ədəd kibrit qutusu tapmış və həmin qutunu yerdən götürüb içərisinə baxan zaman içərisində marixuanayaoxşar kütlə olduğunu görmüşdür. Bundan sonra o, həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. 23 dekabr 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxmış, Cəlilabad şəhəri Cavadxan küçəsi ərazisində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə həmin şəxslər ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə üzərində marixuana olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində onun üzərində hüquqlarını müdafiə etməsi üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman o, üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi bir ədəd kibrit qutusunda olan narkotik vasitə olan marixuananı təqdim etmişdir. Həmin narkotik vasitə onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, ilk dəfədir ki, cinayət törədir, himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 23 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq nakotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o və Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 23 dekabr 2022-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri Cavadxan küçəsi ərazisində əməliyyat müşahidəsinə götürülmüşdür. 5-10 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə - marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi üçün müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim edərək həmin qutusunun içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, həmin kütləni iki gün əvvəl, yəni 21 dekabr 2022-ci il tarixdə Cəlilabad şəhəri Cavadxan küçəsi ərazisində yerləşən “İran Bazarı” yaxınlığında piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan sarı rəngli gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş və qutusunun içərisindəki maddənin narkotik vasitə marixuana olduğunu, həmin kütləni iki gün əvvəl Cəlilabad şəhəri Cavadxan küçəsi ərazisində yerləşən “İran Bazarı”nın yaxınlığında piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli 19/1293 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd kibrit qutusunda qurudulmuş narkotik vasitə marixuanaya bənzər kütlə....” sözləri və imzalar olan bir ədəd zərfdəki təmiz çəkisi 5,899 qram maddə olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 5,879 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 31 yanvar 2023-cü il tarixli 105 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayon Sabirabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli 5- 41/2-xx-xx/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü İsmayıl Nəzərli adlı bir azyaşlı uşaqları vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması və ilk dəfə cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 23 dekabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə saat 10:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 24 dekabr 2022-ci il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 dekabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 17:10-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitnə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 5,879 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 23 dekabr 2022-ci il tarixdən 24 dekabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 5,879 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-72/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-72/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver