Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-73/2023 12.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,924 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 27 dekabr 2022-ci il tarixdə, saat 18 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ildən etibarən narkotik vasitə istifadə etməyə başlamışdır. 2017-ci ildə də qanunsuz olarq narkotik vasitə əldə edib daşıdığına görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Həmin cinayət əməlinə görə məhkum olunduğu cəzanı icra edib bitirmişdir. 27 dekabr 2022-ci il tarixdə saat 18 radələrində Cəilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan yerdə piyada gəzən zaman yerdə şəffaf sellofana bükülmüş bükülü olduğunu görmüşdür. Həmin bükülünü açaraq içərisinə baxdıqda ilkin olaraq orada qara rəngli narkotik vasitə olan tiryəkə bənzər maddə olduğunu bilmişdir. Dərhal həmin narkotik vasitəni gələcəkdə istifadə etməkdən ötrü əynində olan şalvarın cibinə qoyaraq həmin yerdən uzaqlaşmışdır. Təxminən 40 dəqiqə sonra H.Əliyev prospekti ilə “Silsilə” adlanan yer istiqamətində hərəkətdə olan zaman ona üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək bununla bağlı onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. O da etiraz etməyərək polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan qara rəngli cins materialından olan şalvarın sağ yan cibindən həmin şəffaf sellofana bükülmüş halda olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Üzərindən aşkar edilmiş heroindən də istifadə etməmiş, nə də ki, hər hansı şəxsə verməmişdir. Həmin narkotik vasitənin üzərində olması barədə hər hansı şəxsin məlumatı olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə ekspertizaya təqdim edildikdən sonra ona məlum olmuşdur ki, həmin narkotik vasitə tiryək yox, heroindir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Anası və 3 bacısı ilə birlikdə yaşayır və ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o, CAB-ın əməliyyat müvəkkili Şahid1 və Cəlilabad RPŞ-nin PPXB-nın polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Silsilə” adlanan yerin yaxınlığı ilə piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsin əgötürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik maddə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı İbrahim Əsədli tərəfindən şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi məqsədi ilə ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nın inspektor-kriminalisti Valeh Abdullayev tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki həmin gün Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış vəşəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin zərfin üzərinə və protokola imza etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin KTQ-nın inspektor-kriminalisti X2 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 27 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində şöbə rəhbərliyi tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildiyi və sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilməklə onun da həmin şəxsi axtarış zamanı xidməti vəzifəsini icra edərək videoçəkiliş aparması tapşırılmışdır. Bundan sonra onun tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan tiryək olduğunu, həmin tiryəki həmin gün Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış vəşəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin zərfin üzərinə və protokola imza etmişdir İş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və PPXB-nın polis nəfəri Şahid2 Şahid3 ilə anoloji ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, o, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükülü narkotik vasitə olan heroinə bənzər kütlə çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə heroin olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin MEM tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 19/1302 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitəyə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,924 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,924 qram, cəmi tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,874 qramdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 51 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmaması nəzərə alınaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda durur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X4 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 01 (bir) ay 2 (iki) gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli 03/06 saylı arayışdan görünür ki, Məmmədov X4 şəhəri, M.Hüseyn küçəsi, ev 04 ünvanda qeydiyyatdadır və müsbət xarakteriza olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması və ailəsinin yeganə qazanc gətirəni olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 27 dekabr 2022-ci il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə saat 19:00-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 29 dekabr 2022-ci il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 dekabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 17:20-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyatda durmasını nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,874 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 27 dekabr 2022-ci il tarixdən 29 dekabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, ev 04, mənzil 13 ünvanda yerləşən evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata durması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,874 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-73/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-73/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver