Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-73/2025 19.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 10:55 X4 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun iştirakı ilə xx xxxxxx 1982-ci ildə Cəlilabad rayonunun Musalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Musalı kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri Səttərxan küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 0,969 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 25 fevral 2025ci il tarixdə saat 16:36-da Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “X5 Mərkəzinin” yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq həmin ünvanda onun üzərinə yoxlama və götürmə keçirilərkən, həmin psixotrop maddə metamfetamin üzərində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükülünün içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər psixotrop maddə metamfetamin istifadə etmişdir. Lakin uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə etmir. 25 fevral 2025-ci il tarixdə səhər saatlarında yaşadığı Cəlilabad şəhəri Səttərxan küçəsində piyada gəzdiyi zaman yolun kənarında bir ədəd şəffaf rəngli sellofan bükülü görmüşdür. Həmin bükülü diqqətini çəkdiyi üçün onu yerdən götürmüş və içərisinə baxan zaman həmin bükülünün içərisində “patı” kimi deyilən metamfetamin olduğunu görmüş və həmin kütləni götürüb gələcəkdə istifadə etmək məqsədilə üzərində saxlamışdır. 25 fevral 2025-ci il tarixdə saat 16:30 radələrində Cəlilabad şəhəri Qurtuluş prospektində “DAİM” idarəsinin yaxınlığında piyada gəzdiyi zaman ona mülki geyimdə olan 4 nəfər şəxs yaxınlaşmış, həmin şəxslər özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, narkotik vasitə və psixotrop maddə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə üzərində qanunla qadağan edilmiş psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra o, üzərində olan bir ədəd bükülüdə olan həmin psixotrop maddəni polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldıqda qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş “patı” deyilən psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən qablaşdırılıb götürülmüş və bu barədə videoçəkiliş aparılmışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Cəlilabad RPŞ-nə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən təqdim olunan videogörüntüyə və 1 ədəd diskə baxış keçirilmişdir. Saxlanılan zaman polis əməkdaşlarına təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükülüyə yerləşdirilmiş “patı” adlanan metamfetamin ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsinə gətirilərkən ona qarşı zor tətbiq edilməmiş, bu barədə heç bir şikayət və tələbi yoxdur. Törətdiyi cinayət əməlindən peşmandır, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir, daş karyerində əzildiyi üçün sağlamlığında ciddi problemləri vardır, daimi müalicəyə ehtiyacı vardır, bir də belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 25 fevral 2025-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin CAB-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. 25 fevral 2025-ci il tarixdə, təxminən saat 16:30 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən “X5 Mərkəzinin” yaxınlığında piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan üstündə videoçəkilişlə yoxlama aparılacağını bildirib buna etirazı olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs buna heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla tərəfindən Təqsirləndirilən şəxs üstündə yoxlama aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxsa təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirilmiş, içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və təqdim edilməsi üçün qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülünün içərisində olan psixotrop maddə metamfetaminə bənzər kütləni 25 fevral 2025-ci il tarixdə səhər saatlarında Cəlilabad şəhəri Səttərxan küçəsi ərazisində piyada gəzən zaman yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Cəlilabad RPŞ-nə dəvət etmişlər və Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəyə gəlmişdir. Şöbədə müvafiq sənədələr tərtib edildikdən sonra Təqsirləndirilən şəxs ondan aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə ilə birlikdə Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Şahin Abbasova təqdim etmişdir. Cəlilabad RPŞ-nin KTQ-nin inspektoru X1 tərəfindən videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxsa təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Şahin Abbasov tərəfindən Təqsirləndirilən şəxs Qulamhüseyn oğlundan üstünün yoxlanılmasının videoçəkilişinə baxış keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan 1 ədəd bükümün qablaşdırıldığı bağlamaya baxış keçirilmişdir. Həmin bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 26 fevral 2025-ci il tarixli 19/85 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə....” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,969 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,919 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 06 mart 2025-ci il tarixli, 125 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunda psixi və fiziki asılılıq olmadan metamfetamindən istifadə halları olub. Lakin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Ləkin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli, 541/2-20-135/25 arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun himayəsində 2009-cu il təvəllüdlü Murad Əlili, 2013-cü il təvəllüdlü Nuray Əlili və 2018-ci il təvəllüdlü Nihad Əlili adlı bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı vardır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Ləkin kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu yaşayış yerində müxbət xarakterizə olunur. İş materiallarında olan, xəstəlik tarixindən çıxarışdan və X6 tərəfindən verilmi KT müayinəsinin cavabından görünür ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunda oma sümüyünün sol qanadında xətti yerdəyişməyən sınığı, hər iki oturaq və qasıq sümüklərində yerdəyişmiş qəlpəli sınıqlar mövcud olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, aldığı xəsarətlərlə bağlı səhhətinin normal olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 25 fevral 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu 25 fevral 2025ci il tarixdə saat 17:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 26 fevral 2025-ci il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu 26 fevral 2025-ci il tarixdə saat 21:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,919 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Qulamhüseyn oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Onun hazırkı iş üzrə ibtidai istintaq zamanı 25 fevral 2025-ci il tarixdən 26 fevral 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri Səttərxan küçəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Qulamhüseyn oğlu yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,919 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Qulamhüseyn oğlunun üzərinə şübhəli şəxs qismində saxlanılarkən üzərinə baxış keçirilən və Cəlilabad RPŞ-də aşkar edilmiş kütələyə baxış keçirilən zaman aparılmış videoçəkilişlərin köçürüldüyü 2 (iki) ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Qulamhüseyn oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-73/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-73/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver